1.3. İnvestisiya fəaliyyətinin obyektləri və subyektləri
Bazar iqtisadiyyatının inkişafı təsərrüfat subyektlərindən və onların rəqabət qabiliyyətinin artmasından digər tərəfdən isə binamik dəyişən iqtisadiyyat şəraitində onların fəaliyyətinin sabitliyinin və sarsılmazlığının təmin olunmasını tələb edir. Bütövlükdə cəmiyyətin və onun ayrı-ayrı təsərrüfat obyektlərinin inkişafı maddi nemətlərin geniş təkrar istehsalına əsaslanır ki, bu da milli məhsulun və gəlirLərin artırılmasını təmin edir. Bu artımın təmin olunması üçün əsas vasitələrdən biri investisiya fəaliyyətidir ki, bu da özündə investisiya qoyuluşu prinsiplərini, həmçinin investisiyanın reallaşdırılması üzrə praktiki fəaliyyəti əks etdirir.
Bazar iqtisadiyyatının formalaşmasında, onun inkişafında düzgün və səmərəli investisiya siyasətinin həyata keçirilməsində onun obyekt və subyektlərinin müəyyənləşdirilməsi mühüm rol oynayır. Onu da qeyd etmək lazımdır ki, ölkədə investisiya qoyuluşları üçün bütün istehsal və sosial sahələr obyektlər hesab edilə bilər. Lakin investisiya qoyuluşunda başlıca məqsəd Respublikada strateji əhəmiyyət kəsb edən istehsal sahələrinə və bununla bağlı xidmət sferasının, xüsusilə də, ümumilikdə sosial infrastrukturun yaradılması və son nəticədə lazımi mənfəətin əldə edilməsidir. Odur ki, investisiya fəaliyyətinin obyekti dedikdə, iqtisadiyyatla bağlı bütün sahələrdə əmlak, o cümlədən əsas fondlar, dövriyyə vəsaiti, qiymətli kağızlar, məqsədli pul əmanətləri, intellektual sərvətlər, elmi-texniki məhsullar və digər mülkiyyət obyektləri, habelə, əmlak hüquqları və s. investisiya fəaliyyətinin obyekti hesab edilə bilər. Bununla belə, cəmiyyətdə ölkənin qanunvericilik aktları ilə nəzərdə tutulmuş ekoloji, sanitariya-gigiyena və s. normaların tələblərinə uyğun olmayan, vətəndaşların, hüquqi şəxslərin mənafelərini pozan obyektlərə investisiya qoyuluşu qadağandır. Beləliklə, cəmiyyətdə investisiya qoyuluşlarının obyektləri konkret olaraq ölkənin qarşısında duran ictimai-iqtisadi və sosial vəzifələrdən asılı olaraq müəyyənləşdirilir. İnvestisiya qoyuluşlarının müxtəlif obyektlərə sərf edilməsinin nəzərdə tutulması maraqlı tərəflərin mənafelərinə tam uyğun formada həyata keçirilir. Öz mahiyyəti etibarı ilə investisiya qoyuluşları qarşıda duran strateji problemlərin həcmindən, miqyasından asılı olaraq müəyyən müddətlərə nəzərədə tutulur. Respublikamızda yeraltı və yerüstü sərvətlərdən tam və səmərəli istifadə edilməsi məqsədilə müxtəlif müddətə, əsasən uzun dövr üçün (30 və daha çox ilə), xarici investisiya qoyuluşları sahəsində, xüsusilə, neft-qaz hasilatı üzrə ikitərəfli müqavilə imzalanmışdır. Bu da ölkədə nəinki neft-qaz hasilatının güclü inkişafına və habelə, ümumilikdə iqtisadiyyatın strukturunda əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olacaqdır.
Deməli, respublikamızda xarici investisiya qoyuluşlarının əsas obyektləri düzgün olaraq neft-qaz sənayesi hesab edilmişdir. Xarici investorlar Azərbaycan ərazisində aşağıdakı istiqamətlər üzrə investisiya qoymaq hüququna malikdirlər:
- Azərbaycan Respublikasında müvafiq filialların yaradılması;
- müəssisələrin, binaların, qurğuların, müəssisələrdə iştirak payının, səhmlərin, istiqrazların və digər qiymətli kağızların və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər əmlakın alınması;
- torpaqdan və digər təbii resurslardan istifadə etmək hüququnun alınması;
- borc, kredit, əmlak və digər əmlak hüququnun verilməsi.
Azərbaycan ərazisində fəaliyyət göstərən qanunvericiliklə müəyyən edilmiş digər normaların tələblərinə cavab verməyən və dövlətin hüquq və mənafelərinə zidd olan obyektlərin yaradılması və istifadəsinin investisiyalaşdırılması qanunla qadağan edilir.
İnvestisiya prosesi, investisiya bazarında həyata keçirilir ki, bu da öz növbəsində kapital qoyuluşu bazarını (əsas fondların təkrar istehsalı üçün), əmlak bazarını, qiymətli kağızlar bazarını, intellektual mülkiyyət və hüquqlar bazarını, investisiya layihələri bazarını özündə birləşdirən bir sıra müstəqil seqmentlərə bölünür. İnvestisiya fəaliyyətinin ümumi prinsiplərində bu bazarlar investisiyaların obyektlərinə görə fərqlənirlər. Bu isə aparılan təhlilin forma və metodlarının iqtisadi səmərəliliyinin qiymətləndirilməsini, investisiyanın risklik səviyyəsini və etibarlığını müəyyən edir.
İnvestisiya fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində subyektlərin də düzgün seçilməsi həlledici amilə malikdir. Məhz buna görə də Azərbaycan Respublikasının «İnvestisiya fəaliyyəti haqqında» Qanununda qeyd edilmişdir ki, xarici ölkələrin vətəndaşları və hüquqi şəxslər, vətəndaşlığı olmayan şəxslər, dövlətlər investisiya fəaliyyətinin subyektləri hesab edilə bilər. Məlum olduğu kimi, investisiya obyektlərinə cəlb edilən maliyyə, maddi və intellektual sərvətlərin istifadə olunmasına yönəldilməsi üçün müvafiq qərar qəbul edən və həmin qərarlara tam əməl edilməsini təmin edən subyektlər investorlar hesab edilir. İnvestorlar, investisiya fəaliyyəti ilə əlaqədar olan əmanətçi, kreditor və alıcı qismində çıxış etməkdə investisiya fəaliyətinin iştirakçısının funksiyalarını yerinə yetirirlər. Mülkiyyət formasından və təsərrüfat fəaliyyətinin növündən asılı olmayaraq investisiya fəaliyyətinin həyata keçirilməsi sahəsində bütün investorlar eyni və bərabər hüquqlara malikdirlər. Azərbaycan Respublikasının ərazisində investisiya prosesinin həyata keçirilməsi zamanı yaranan münasibətlər «İnvestisiya fəaliyyəti» haqqında Azərbaycan Respublikasının 13 yanvar 1995-ci il tarixli Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.
Bütün investisiya fəaliyyəti Azərbaycan Respublikasının qanunvericilik aktları çərçivəsində dövlət tərəfindən tənzimlənir. Hər bir investor müstəqil olaraq investisiya qoyuluşlarının məqsədini, istiqamətini və həcmini müəyyənləşdirir və onun həyata keçirilməsində nəzərdə tutulmuş müqavilələr əsasında fəaliyyət aparır. Adətən, müsabiqə (tender) və hərrac yolu ilə fiziki və hüquqi şəxslər investisiya fəaliyyətinə cəlb edilə bilərlər
Ölkələrin müvafiq qanunvericilik aktlarına tam uyğun olaraq hər bir investor investisiya obyektlərinə, onların nəticələrinə sahiblik etməklə bərabər, sərəncam vermək, ticarət əməliyyatları həyata keçirmək hüququna malikdirlər. Eyni zamanda, «İnvestisiya fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanunda və onun nəticələrinə sahib olmaq, istifadə etmək hüququnun, həmçinin, digər hüquqi və fiziki şəxslərə verilməsi göstərilmişdir. İnvestorun belə hərəkəti müstəqil qaydada qarşılıqlı müqavilə əsasında həyata keçirilir.
İnvestisiya fəaliyyətində subyektlərin də üzərinə bir sıra mühüm vəzifələr düşür. Bu vəzifələrə əsasən aşağıdakıları aid etmək olar:
- nəzarətdə tutulmuş maliyyə vəsaiti, maddi sərvətlər əsasında həyata keçirilən investisiyanın həcmi və onun maliyyələşdirilmə mənbəyi bəradə yerli banklara və ya maliyyə orqanlarına vaxtaşırı arayış təqdim etmək;
- əsaslı tikinti və icazə tələb edən obyektlər üçün müvafiq dövlət orqanlarından razılıq əldə etmək;
- respublika qanunvericilik aktlarında nəzərdə tutulmuş standartlara əməl etmək;
- investisiya layihələri üçün texnoloji, sanitariya-gigiyena, radiasiya, ekologiya və arxitektura tələblərinə düzgün əməl edilməsi baxımından ekspertiza rəyi almaq, nəzərdə tutulmuş qaydada mühasibat və statistika hesabatları təqdim etmək, haqsız rəqabətə yol verməmək və antiinhisar tənzimlənməsinin tələblərinə əməl etmək;
- xüsusi attestasiya tələb edən iş növlərinin yerinə yetirilməsi üçün investisiya fəaliyyətinin iştirakçıları lizensiya almalıdırlar.
Qanunvericilik aktlarına tam uyğun olaraq bu cür işlərin siyahısı Respublikanın Milli Məclisi tərəfindən müəyyənləşməklə, onlara lisenziya verilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Bütün bunlarla yanaşı, investisiya fəaliyyətinin hər bir subyektləri arasında münasibətlərin tənzimlənməsi müqavilələr əsasında həyata keçirilir.
İnvestisiya fəaliyyəti subyektlərinin müstəsna səlahiyyətinə müqavilənin bağlanması, tərəflərin seçilməsi, öhdəliklərin müəyyənləşdirilməsi və s. daxildir.
Məlum olduğu kimi, investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinə, onun subyektlərinin hüquqlarının və qanuni mənafelərinin təminatçısı dövlət hesab edilir. İnvestisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilənin şərtlərinin dəyişdirilməsinə hər iki tərəfin razılığı olmalıdır. İnvestisiya fəaliyyəti subyektlərinin işinə dövlət orqanları və onların vəzifəli şəxsləri nəzərdə tutulmuş səlahiyyətlərindən kənar həddə müdaxilə edə bilməzlər. İnvestisiya qoyulan obyektlərin seçilməsində investorların hüquqlarını məhdudlaşdırmaq olmaz (qanunla müəyyənləşdirilmiş hallardan başqa). Bununla əlaqədar olaraq, «İnvestisiya fəaliyyəti haqqında" Qanunda göstərilir ki, dövlət və başqa orqanlar investorlar və investisiya fəaliyyətinin digər subyektlərinin hüquqlarını pozan aktlar qəbul etdikdə, investisiya fəaliyyəti subyektlərinə dəyən zərəri bu orqanlar tam həcmdə ödəməlidirlər. Əks halda, onlar zərərin ödənilməsi barədə müvafiq orqanlara müraciət etmək hüququna malikdirlər.
Beləliklə, investisiya qoyuluşunun obyekt və subyektləri arasında sıx qarşılıqlı əlaqələr mövcuddur. Başlıca və həlledici amil hər iki cəhəti düzgün qiymətləndirməklə investisiya qoyuluşlarının iqtisadi səmərəliliyinin yüksəldilməsini təmin etməkdən ibarətdir.
İnvestisiya prosesinin subyektləri investorlar, sifarişçilər, işləri icra edənlər, investisiya proseslərinin obyektlərindən istifadə edənlər, həmçinin tədarükçülər, hüquqi şəxslər (banklar, sığorta şirkətləri, vasitəçi təşkilatlar, investisiya birjaları) və investisiya prosesinin digər iştirakçıları ola bilər. İnvestisiya prosesinin obyektləri kimi fiziki və hüquqi şəxslər (o cümlədən xarici), həmçinin dövlətlər və beynəlxalq təşkilatlar da çıxış edə bilər.
İnvestisiya prosesinin əsas subyektləri olan investor, xüsusi borc almış və ya cəlb olunmuş vəsaitlərin investisiya şəklində qoyuluşunu həyata keçirir və onların məqsədli istifadəsini təmin edir.
İnvestor simasında aşağıdakılar çıxış edə bilər:
- dövlət və bələdiyyə əmlakını və ya əmlak hüququnu idarə etmək səlahiyyəti olan orqanlar;
- yerli fiziki və hüquqi şəxslər, sahibkarlıq birlikləri və digər hüquqi şəxslər;
- xarici fiziki və hüquqi şəxslər, dövlət və beynəlxalq təşkilatlar.
İnvestisiya prosesinin obyektlərindən istifadə edənlər, investorlar habelə, digər fiziki və hüquqi şəxslər, dövlət və bələdiyyə orqanları, xarici dövlətlər və beynəlxalq təşkilatlar ola bilər. İnvestorlar, investisiya prosesini həyata keçirmək üçün hüquqi və fiziki şəxsləri müqavilə (tender) əsasında cəlb edir. İnvestisiya prosesinin subyektləri arasında istehsal, təsərrüfat və digər qarşılıqlı əlaqəni tənzimləyən əsas hüquqi sənəd onlar arasında bağlanan müqavilədir.
Müqavilələrin bağlanması, partnyorların seçilməsi, təsərrüfat əlaqələrinin hər hansı digər şərtləri və öhdəliklərinin müəyyən edilməsi yalnız investisiya prosesinin subyektinin ixtiyarındadır.
İnvestisiya prosesinin subyektlərinin iki və daha çox iştirakçıların funksiyalarını birləşdirmək hüquqi vardır. Birgə investisiya qoyuluşunu həyata keçirmək məqsədilə investorların vəsaitlərinin birləşdirilməsinə də yol verilir. İnvestorlar, eyni zamanda əmanətçi, sifarişçi, kreditor və alıcı rolunda çıxış edə bilər, həmçinin investisiya prosesinin hər hansı bir iştirakçısının funksiyalarını yerinə yetirə bilərlər.
İnvestisiya prosesinin həyata keçirilməsində bütün investorlar bərabər hüquqa malikdirlər. İnvestisiya prosesinin obyekti olan əmlak və əmlak hüquqlarına investisiya qoyuluşu investorun toxunulmaz hüququdur və o qanunla müdafiə olunur. İnvestor investisiyaların həcmini, istiqamətini, səmərəliliyini müstəqil formada müəyyən edir. İnvestorun investisiya obyektlərinə sahib olmaq, onlardan istifadə etmək və onlar üzərində sərəncam vermək, o cümlədən ticarət əməliyyatları və təkrar investisiya qoyuluşlarını həyata keçirmək hüququ var.
Qeyd etmək lazımdır ki, dövlət, mülkiyyət formalarından asılı olmayaraq, bütün investisiyaların, o cümlədən, xarici investisiyaların müdafiə olunmasına zəmanət verir. Bu zaman investorlar üçün (o cümlədən xarici) investisiyanın idarə olunmasına nail ola biləcək hüquq bərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin edilir.
FƏSİL 2. İQTİSADİ VƏ SOSİAL İNKİŞAFDA İNVESTİSİYA QOYULUŞLARININ ROLU VƏ ƏHƏMİYYƏTİ
2.1. Makroiqtisadi inkişafda investisiya qoyuluşlarının
rolu və əhəmiyyəti
Cəmiyyətin tələbatından asılı olaraq istehsalın getdikcə genişləndirilməsi və iqtisadiyyatda yeni struktur dəyişikliklərinin həyata keçirilməsi investisiya qoyuluşlarının həcmindən xeyli asılıdır. Ölkədə iqtisadi-sosial inkişafın əsas makro-iqtisadi göstəricilərinin getdikcə yüksəldilməsi, əhalinin maddi-mənəvi həyat səviyyəsinin yaxşılaşdırılması iqtisadiyyatın artım tempi ilə bağlıdır. Ümumi daxili milli məhsulun strukturunda aparıcı sahələrin rolu və əhəmiyyəti getdikcə artırılmalıdır. Bu baxımdan investisiya qoyuluşunun başlıca cəhətlərindən biri maddi istehsal sahələrində münasib proporsionallığı təmin edilməli və bu əsasda sənaye məhsullarının ümumi daxili məhsuldakı xüsusi çəkisi getdikcə artırılmalıdır. Araşdırmalar göstərir ki, ümumi daxili milli məhsulun strukturunda sənaye istehsalı 1997-ci ildə 24,8 faizdən 1998-ci ildə 22,7 faizə, kənd təsərrüfatı istehsalının xüsusi çəkisi isə müvafiq olaraq 20,0 faizdən 19,0 faizə enmişdir. Tikintiyə gəldikdə isə onun payı ümumi daxili milli məhsulda 1994-cü ildə 13,8 faiz, 1998-ci ildə 19,7 faiz olmuş və ya 5,9 faiz artmışdır. Ümumi daxili milli məhsulun 20,9 faizi tədarükün, kommunal təsərrüfatın, səhiyyənin, əlavə dəyər vergisinin, aksizin və s. sferalarının payına düşür. Aydındır ki, ümumi daxili milli məhsulun formalaşmasında aparıcı iki mühüm sahənin, yəni sənaye və kənd təsərrüfatının payı azdır (cədvəl 3).
Cədvəl 3.
Azərbbaycan Respublikasının sosial-iqtisadi inkişaf göstəriciləri
|
İ L L Ə R
|
1995
|
1996
|
1997
|
1998
|
Ümumi daxili milli məhsul, mlrd. man.
|
10669
|
13663
|
15711
|
15930
|
Əvvəlki ilə nisbətən, faizlə
|
88,0
|
108,0
|
115,5
|
100,8
|
Hər nəfərə düşən ümumi daxili milli məhsul, min.man.
|
1430
|
1806
|
2017
|
2145
|
Sənaye məhsulu, mlrd.man.
|
8856
|
11316
|
12490
|
11620
|
Əvvəlki ilə nisbətən, faizlə
|
78,6
|
127,7
|
110,3
|
93,0
|
Kənd təsərrüfatı məhsulu, mlrd. man.
|
3567
|
4518
|
4122
|
4326
|
Əvvəlki ilə nisbətən, faizlə
|
93,0
|
126,6
|
91,2
|
104,9
|
Xarici investisiyalar, mln. ABŞ dolları
|
375
|
621
|
1307
|
1472
|
Pərakəndə əmtəə dövriyyəsinin həcmi, mlrd.man
|
5293
|
7339
|
8485
|
9239
|
Əvvəlki ilə nisbətən, faizlə
|
102,3
|
138,6
|
115,6
|
108,8
|
Əhaliyə pullu xidmətlər, mlrd. man
|
583,6
|
965,0
|
1152
|
1391
|
Əvvəlki ilə nisbətən, faizlə
|
75,6
|
165,5
|
119,3
|
120,7
|
Əhalinin pul gəlirləri, mlrd.man.
|
6703
|
9526
|
12367
|
14245
|
Əvvəlki ilə nisbətən, faizlə
|
5,5
|
142,1
|
130,0
|
115,1
|
Ənənəvi bazar iqtisadiyyatlı ölkələrin təcrübəsi göstərir ki, ümumi daxili milli məhsulun 65 faizdən çoxu sənaye və kənd təsərrüfatının payına düşür. Məhz buna görə də investisiya qoyuluşlarının istiqamətində lazımi dəyişikliklər nəzərdə tutulmalı, sənaye istehsalında neft-qaz hasilatı ilə yanı aqrar bölmənin sürətli inkişafını təmin etmək məqsədilə, bu sahayə də müvafiq investisiya qoyuluşu da yönəltmək lazımdır. Respublikanın ümumi daxili milli məhsulun dinamik inkişafını təmin etmək üçün ölkəmiz zəngin yeraltı və yerüstü sərvətlərə malik olmaqlabərabər aqrar iqtisadiyyatın sürətli inkişafını təmin etmək üçün əlverişli təbii-iqlim şəraitinə malikdir. Makro-iqtisadi inkişafda neft kimyası və onunla bağlı digər sənaye sahələrinin qarşılıqlı inkişafının təmin edilməsi zəruri şərt hesab edilir. Neft hasilatının genişləndirilməsi, xüsusilə Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən «Azəri», «Çıraq» və «Günəşli» neft yataqlarının səmərəli fəaliyyətini təmin etmək, respublikanın iqtisadiyyatını dirçəltmək məqsədilə müvafiq şərait yaradılmış və bununla xarici investorların ölkəmizə olan marağı xeyli artmışdır.
Belə ki, 1994-cü ildən başlayaraq indiyə qədər Respublika dünyanın ən məşhur 33 iri şirkəti ilə müqavilələr əsasında geniş investisiya fəaliyyəti həyata keçirməyə başlamışdır. Araşdırmalar göstərir ki, neft-qaz hasilatı ilə əlaqədar indiyə kimi ölkəyə 2,4 mlrd. ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur.
Belə ki, Respublikanın iqtisadiyyatına qoyulmuş xarici investisiyanın həcmi 1995-ci ildə 375 mln. ABŞ dolları, 1996-cı ildə 621 mln. ABŞ dolları, 1997-ci ildə 1307 mln. ABŞ dolları və 1998-ci ildə isə 1472 mln. ABŞ dolları təşkil etmişdir. Təkcə bunu göstərmək kifayətdir ki, xarici investisiya qoyuluşunun həcmi 1995-ci ilə nisbətən 1998-ci ildə 3,9 dəfə artmışdır. Maraqlı cəhət ondan ibarətdir ki, qoyulan investisiya vəsaitinin 60-65 faizi neft-qaz sənayesinin inkişafına yönəldilmişdir. Bunu aşağıdakı sxemdən daha aydın görmək olar.
Sxem7.
Respublikamızın sosial-iqtisadi inkişafında neft-qaz sənayesi mühüm əhəmiyyətə malikdir. Belə ki, bu sahə ölkə iqtisadiyyatının əsas sahələrindən biri olmaqla, dövlət büdcəsində valyuta daxilolmalarının ən mühüm mənbəyi hesab edilir. Neft sənayesində bağlanan beynəlxalq müqavilələr ölkənin dünya neft və neft məhsulları bazarında rəqabət qabiliyyətinin yüksəldilməsinə gətirib çıxarmaqla bərabər, investisiya rəqabətinə qoyulmaq imkanı verməklə mövcud bazarda mövqeylərin həm strateji, həm də taktiki planda möhkəmləndirilməsinə imkan yaradır.
Bu barədə geniş və ətraflı məlumata malik olmaq üçün orta hesabla hər nəfər hesabına düşən xarici investisiya məbləğinə nəzər salmaq lazımdır (bax sxem 8).
Sxem 8.
Sxemin məlumatından göründüyü kimi adambaşına düşən xarici investisiya qoyuluşu Azərbaycan Respublikasında - 267 dollar, Macarıstanda – 1470, Sloveniyada – 800, Çexiyada – 699, Estoniyada – 400, Polşada – 362, Bolqarıstanda – 95, Rusiyada – 44 dollardır.
Qeyd etmək lazımdır ki, 1994-1998-ci illər ərzində respublikamızın iqtisadiyyatına 3 milyard ABŞ dolları həcmində vəsait qoyulmuşdur və onun da 69,0 faizi xarici investisiyaların payına düşür.
Milli iqtisadiyyatın formalaşmasında və onun dinamik inkişafının təmin edilməsində maliyyə-kredit sistemi əsaslı surətdə təkmilləşdirilməlidir. Hər şeydən əvvəl, daxili bazarı əsasən yerli istehsal hesabına ödəmək məqsədilə ölkədə yeni texnika və texnologiya əsasında dünya standartlarına uyğun gələn, yüksək keyfiyyətli xalq istehlakı mallarının istehsalı təmin edilməlidir. Problemin bu istiqamətdə həlli makroiqtisadi səviyyədə işsizlik probleminin həllinə də müsbət təsir göstərə bilər.
Cəmiyyətin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsini tələb edir. Bu baxımdan, xarici investisiya qoyuluşlarının rolu və əhəmiyyəti daha da yüksəlmiş olur.
Respublikada makroiqtisadi göstəricilərin artım tempinin yüksəldilməsi xüsusi ilə iqtisadiyyatın strukturunda strateji sahələrin rol və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir. Bu cəhətdən, ölkədə xarici investisiya qoyuluşlarının artırılması xalq təsərrüfatı sahələrinin inkişafında münasib proporsiyaların və tarazlığın təmin edilməsində ən zəruri şərtləndən biri hesab olunur. Müstəqil dövlət kimi, Azərbaycan Respublikası öz təbii sərvətlərindən tam və səmərəli istifadə etmək məqsədilə xarici ölkə investorlarının ölkəmizə olan marağını və digər tərəfdən, respublikamızda lazımi maliyyə ehtiyatları olmamasını nəzərə alaraq, bu prosesin reallaşmasına və sürətləndirilməsinə önəmli əhəmiyyət verir. Ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi son illərdə (1988-1993-cü illərdə) xeyli zəifləməklə, böhran vəziyyətinə salınmışdır. Belə bir şəraitdə ilk növbədə, daxili imkanlardan maksimum istifadə etməklə, milli iqtisadiyyatın dirçəlməsinə və daha sonra isə onun inkişafına nail olmaq lazımdır. Odur ki, xarici ölkələrin Azərbaycana olan marağını nəzərə alaraq neft-qaz istehsalı sahəsində investisiya qoyuluşlarının güclü axınını təmin etmək obyektiv zəruriyyətə çevrilmişdir. Bu problem öz real əksini xarici ölkələrin şirkətləri ilə birgə müəssisələrin yaradılmasında, xüsusi ilə zəngin yeraltı sərvətlərin istifadəsinə iri miqyaslı investisiyaların cəlb edilməsində tapır.
Qeyd etmək lazımdır ki, respublikada birgə müəssisələr və xarici firmalar tərəfindən investisiya qoyuluşları da yüksək templə artmaqdadır. Bununla yanaşı, göstərmək lazımdır ki, xarici ölkələrin firmaları tərəfindən sərf edilən investisiyaların miqyası genişlənməklə, eyni zamanda onların məbləği də xeyli artmışdır. Xarici firmalar arasında Türkiyə, ABŞ, Böyük Britaniya və İran firmaları investisiya qoyuluşunda əsas rol oynayırlar. Xarici investisiya fəaliyyətini tənzimləmək, stimullaşdırmaq məqsədilə normativ hüquqi aktları beynəlxalq dünya standartlarına uyğun olaraq təkmilləşdirmək lazımdır. Bu istiqamətdə respublika hökuməti lazımi tədbirlər həyata keçirmişdir. Belə ki, xarici iqtisadi əlaqələrin inkişafı və tənzimlənməsi üzrə respublikaya xarici investisiyaların cəlb edilməsinə, ölkələrarası sərbəst mal mübadiləsinin həyata keçirilməsinə dair tədbirlər sistemi işlənib hazırlanmışdır. Bütün bu tədbirlər nəticəsində respublikaya xarici ölkələrin marağı daha da artmışdır. Lakin investorların normal fəaliyyətini tənzimləmək üçün daha geniş tədbirlər həyata keçirilməlidir. Daha doğrusu, geniş investisiya fəaliyyətinin stimullaşdırılması sahəsində dövlət iqtisadi mexanizmdən xüsusilə güzəştli vergi sisteminin, süərtli amortizasiya, qiymətqoyma siyasətinin həyata keçirilməsi və s. iqtisadi vasitələrdən daha fəal və çevik istifadə edilməsini təmin etməlidir.
Xarici investisiya fəaliyyətinin rolu və əhəmiyyəti keçid iqtisadiyyatı şəraitində xüsusi yer tutur. Belə ki, iqtisadiyyatda aparıcı strateji mövqeyə malik olan və eyni zamanda, xarici investorların marağı ilə bilavasitə əlaqədar olan neft-qaz hasilatı sahəsində daha çox investisiya qoyuluşları nəzərdə tutulur. Bu aktivlik son illərdə bir daha öz əksini xarici investorların Azərbaycana olan maraqlarında əyani surətdə tapmışdır.
Belə ki, 1998-ci ildən respublikamızda 85% müştərək (birgə) müəssisələr fəaliyyət göstərir. Bunlarda 12,6 min nəfər çalışırlar, o cümlədən əsas fəaliyyət növü üzrə 11.8 min nəfər və bunun da 11 min nəfərini Azərbaycan vətəndaşları təşkil edir. Ancaq, qeyd etmək lazımdır ki, müştərək müəssisələrin yerləşdirilməsində baş verən disproporsionnallıq öz əksini məhsuldar qüvvələrin inkişafında da göstərir.
Belə ki, xarici investisiyalı müəssisələrin regional bölgüsü respublikanın sosial-iqtisadi problemlərinin həlli baxımından məqsədəuyğun hesab edilə bilməz. Çünki, xarici kapitalın iştirakı ilə yaradılan müəssisələrin 95%-i Bakıda fəaliyyət göstərir. Bu isə ölkənin depressiv rayonlarında dərin kök salmış olan sosial-iqtisadi problemlərin konservasiyasına şərait yaradır. Xarici investisiya qoyuluşlarından əldə edilən gəlirlər ilk növbədə respublikanın sosial-iqtisadi inkişaf səviyyəsinə görə geri qalmış regionlarına yönəldilməlidir. Bu, bir tərəfdən respublikanın zəif inkişaf etmiş regionlarında mövcud iqtisadi potensialdan səmərəli istifadə edilməsinə, digər tərəfdən isə yeni iş yerlərinin açılmasına şərait yarada bilər.
Azərbaycan Respublikası birbaşa xarici investisiya qoyuluşlarına görə bir sıra inkişaf etmiş ölkələri ötüb keçmişdir. Belə ki, bu ölkələrin arasında Filippin və Tayvandan sonra Azərbaycan Respublikası 3-cü yer tutur (sxem 9).
Sxem 9.
Dostları ilə paylaş: |