Hicab ve Hacı



Yüklə 23.46 Kb.
tarix22.10.2017
ölçüsü23.46 Kb.

Elementar etiket

(esse)

Akif ƏLİ

-----------------------

Yazıçı-publisist,

fəlsəfə doktoru

Bu elə bir mövzudur ki, min dəfə yazılıb, deyilib. Lakin təəssüf ki, hələ də gündəmdə qaldığı üçün bundan belə min dəfə və min səhifə də yazıla bilər. Ancaq biz bir-iki səhifə ilə kifayətlənək. Necə deyərlər, arifə bir işarə... Onsuz da arif olmayana min səhifə yazsan da təsiri yoxdur.

***
…Bəli, Allah təkdir.

Və cahilləri Doğru yola yönəltmək üçün göydən tək-tək Kitab endirib: Kilsə əhlinə də, Məscid əhlinə də.

Yerdəki milyon-milyon adam isə bu Kitabın ətrafında min bir qanun- qayda yaradıb. İslamın öz qanunları var, Xristianlığın öz qanunları. Məscidin öz qaydaları, Kilsənin öz qaydaları...
Məscidə ayaqqabı ilə girilməz. Kilsədə isə ayaqqabını soyunmurlar. Ancaq binaların hər ikisi tək olan o bir Allahın Evidir.

Tarixən Molla çiyninə əba salıb, saçını qırxdırıb, başına əmmamə qoyub, ələm qaldırıb. Keşiş saçını-saqqalını uzadıb, başını açıb, ətək geyib yaxasına xaç asıb. Ancaq hər ikisi əlində tək olan o bir Allahın Kitabını tutub.

Xristianlar İsa Peyğəmbərə “Allahın Oğlu” deyib yerdəki doğulanlara yaxınlaşdırıblar. Onun portretini yaradıb, heykəlini yapıb, haqqında kino çəkib, opera bəstələyiblər. Müsəlmanlar isə “Allah doğmur və doğulmur” inancı ilə Məhəmməd Peyğəmbəri ilahiləşdirib əlçatmaza ucaldıblar. Onun şəklini çəkmək günah sayılıb, heykəlini yapmaq yasaq, tamaşasını hazırlamaq qadağan. Ancaq hər iki Peyğəmbər tək olan o bir Allahın Elçisidir.
Özü gözəl olan və gözəlliyi sevən Ulu Tanrı insanlara məna göndərib, şəkil yox. Məzmun verib, forma yox. Mahiyyəti anladıb, görüntünü yox. Göydən gələn bu mənaya, məzmuna, mahiyyətə uyğun şəkillər, formalar, görüntülər sonradan yerdə yaranıb.

Zahiri qaydalar göydən gələn Kitab ayəsi deyil. Yerdəki din xadimlərinin təxəyyülündən gələn istəklərdir. Əsrlər boyu ürəklərə yeriyib, beyinlərdə bərkiyib, adətə çevrilib, ənənəvi nəsildən-nəsilə keçib.

Beləcə dindarlığın öz ayinləri formalaşıb. İnananlar oruc tutur, namaz qılır, ziyarətə gedir, qurban kəsir, Allaha ibadət edirlər... Və heç bir normal düşüncəli (dinli, ya dinsiz), yüksək mədəniyyətli adam bu ayinlərə, adətlərə, qaydalara qarşı çıxmır, dini dəyərlərə toxunmur, dindarların işinə müdaxilə etmir. Dünyada vicdan azadlığı deyilən bir anlayış var ki o mütləq gözlənilir.
***
İbtidai dövrdən başlayaraq yüksək sivilizasiya erasına doğru gedən bəşər övladı Dini inanclarla yanaşı, müxtəlif Mədəniyyət dəyərləri də yaradıb. Elm, bilik, təhsil, maarif sahəsində addımlar atıb. Cəmiyyətin istifadəsi üçün müvafiq qanun-qayda, norma, sistem yaradıb.

Beləliklə alimin, sənətkarın, müəllimin – cəmi ziyalıların həyatına da illər uzunu cilalanmış zəruri davranış qaydaları daxil olub. Elmin, incəsənətin, təhsilin, tədrisin, təlim-tərbiyənin effektliyi üçün onların fəaliyyəti bu zəruri normalar daxilində davam edib.


Elm-sənət-təhsil-tədris sisteminin qurulması bəşəriyyətin tərəqqisi üçündür. Xalqın tərəqqisi, ölkənin inkişafı isə ilk növbədə Dövlətin qayğısıdır.

Tərəqqi yolları ilə irəliləmək, möhkəm özüllü sabit cəmiyyət yaratmaq üçün Dövlətin iqtisadi, siyasi, hüquqi, sosial, mədəni institutları var. O cümlədən, yeni-yeni elm, təhsil ocaqları açılır, onlara qayğı göstərilir. Dövlət onları maliyyələşdirir, zəruri avadanlıqlarla təchiz edir, elmi əsaslarla hazırlanmış proqramlar verir və tədris prosesinə nəzarət mexanizmi yaradıb kadrlarla təmin edir. Hər adamın vicdan azadlığı olduğu kimi, təhsil hüququ da var və bu hüquq da qorunur.


***
Fasiləsiz elm-mədəniyyət-təhsil-tərbiyə prosesi illər uzunu davam edən alim - cahil mübarizəsindən keçib. Ölüm-itim, əzab-əziyyət, dözüm və məhrumiyyətlər hesabına ibtidai mərhələdən aliyə doğru inkişaf edib. Bu günkü tarazlı duruma gəlib.
Dünyanın gələcəyini düşünən ağıllı adamlar ona görə Dövlət institutu yaradıblar ki, xalqın taleyi hansısa cahil toplumdan, nadan kütlədən, yaxud ayrı-ayrı kəslərdən asılı olmasın. Milli istiqlala və tərəqqiyə aparan zəruri icra funksiyalarını məhz kollektiv təfəkkürün sistemli şəkildə, elmi əsaslarla hazırladığı ciddi konsepsiyalı Dövlət qurumları yerinə yetirsin. Dini, irqi, milli fərq qoymadan, sosial mənsubiyyətindən asılı olmadan hamının bərabərliyi qorunsun.

İnkişaf etmiş bütün müasir demokratik ölkələrdə təbii ki, Konstitusion dövlət quruluşu mövcuddur. Və bütün inkişaf etmiş demokratik ölkələrin Konstitusiyasına görə Din Dövlətdən ayrıdır. Yəni Dinlə Dövlət qarşılıqlı hörmət, dözüm, tolerant münasibətlər sistemi çərçivəsində bir-birinin daxili işinə qarışmadan birgə yanaşı yaşayır.

Bu münasibətlərdə ən önəmli şərt – Dövlət təhlükəsizliyi və Milli təhlükəsizliyin toxunulmazlığıdır! Hər iki mənafe qanunla qorunur, onlara qarşı hər hansı qərəzli, ziyanlı müdaxilə, təhdid halı müvafiq icra aparatı tərəfindən dəf olunur.
***
Din xadimlərinin idarəsində olan Məscidə ayaqqabı ilə girilmədiyi kimi, idarəçiliyi Dövlətdə olan Mədəniyyət institutlarına – Teatra, Muzeyə, Kitabxanaya, Məktəbə, Universitetə və s. - kənar atributlarla girilməz. Məsələn, təbii ki, uzun saqqal, gödək şalvar, çalma, qurşaq, təsbeh, çadra və s. məktəblik deyil.
İçəri girəndə qapını döymək, icazə istəmək, salam vermək kimi etika qaydaları yaxşı tərbiyə əlaməti sayıldığı kimi, hər hansı binaya, evə, otağa, içəriyə daxil olanda başdakı papağı, şapkanı, kepkanı, şlyapanı, örtüyü götürmək də mədəniyyət əlamətidir.

Ənənəvi olaraq Məsciddəki möhtərəm hacının, mollanın, axundun saqqalı ona inam yaradan zəruri görüntü elementi olduğu təkin, dediyimiz Mədəniyyət Ocaqları üçün də təmiz təraş olunmuş üz, səliqə ilə daranmış saç norma sayılır.

Audiyoriyada başında papaq, əlində təsbeh oynadan uzun saqqallı tələbənin görünməsi anormallıqdır. Ona görə yox ki bunlar pisdir, eybəcərdir, gülməlidir və s. Xeyr. Hər kəsin şəxsiyyəti toxunulmazdır. Sadəcə ona görə ki bu atributika Mədəniyyət məkanlarına, tədris ocaqlarına, təhsil sferasına uyğun deyil, kulturoloji, pedaqoji qaydalarla bir araya sığmır, mövcud standartlardan kənardır, vəssalam.
Mədəniyyət daha çox özünü yox, özgəsini düşünərək yaşamaq tərzidir. İnsan heç kimi və heç nəyi nəzərə almadan təkcə özünün şəxsi arzu-istəklərilə yaşamaz, yaşaya bilməz. Şəxsi istəklər ictimai qaydalara uyğun tənzimlənməsə, elliklə qəbul olunmuş normativlərin total pozuntusu baş versə, xaos cəmiyyəti dağıdar, insanlıq məhv olar.
Təbii, Məscidlərdə dindarlar əba taxıb əmmamə qoyduqları, üzü saqqallı, əli təsbehli, qalstuksuz, ayaqyalın, yaxası açıq gəzdikləri kimi, Teatrda, Muzeydə, Məktəbdə də yalnız müvafiq sivil geyim formaları – kostyum, qalstuk, dəsmal, corab, ayaqqabı və digər etik-estetik atributika keçərlidir.

Odur ki, Mədəniyyət işçisinin, incəsənət xadiminin, professor-müəllim və tələbə heyətinin səliqə-sahmanlı müvafiq geyim tələbi heç də qeyri-adilik deyil. Sadəcə zəruri etiketdir.


***
Allah hamınındır və hamı üçündür. O-nun göndərdiyi Kitab da eynən.

Din Allahla Fərd arasında kimsənin qarışa bilməyəcəyi özəl münasibətlər sistemidirsə, o zaman kim hansı səlahiyyətlə iddia edə bilər ki, Allahı o daha çox sevir, yaxud Allah onu hamıdan artıq sevir. Və bu səbəbdən Dinin yeganə təəssübkeşi odur...

Hər hansı Din xadiminin Müqəddəs Kitaba istədiyi kimi sərbəst şərh verməsi, özünü o Kitabın, o Dinin və hamının olan tək bir Allahın yeganə düzgün səlahiyyətlisi kimi qələmə verməsi anormallıqdır.

Eynən hər hansı ziyalı-pedaqoqun özünü təlim-tərbiyə-təhsil prosesinin yeganə düzgün bilicisi, daşıyıcısı və qoruyucusu sayaraq ümumi Dövlət proqramına sərbəst müdaxilə etməsi də yasaq və gülüncdür.

Bütün bunlar istər Dini qanun-qaydalara görə, istər Demokratik anlayışlara görə belədir.
***
Gəmidə oturub gəmiçi ilə dava etməzlər.

Bir alim, bir rəssam, bir yazar, bir pedaqoq bir molla ilə mübahisə edə bilər. Ancaq Din xadiminin oturduğu Məscidə girib məsciddəkilərə təcavüz etmədən, əxlaqsızlıq göstərmədən.

Eynən bir axund, bir molla, ya hansısa bir hacı Mədəniyyət xadiminə öz iradını bildirə bilər. Amma yenə də o Mədəniyyət (elm, təhsil, tədris) Ocağına daxil olub oradakılara təcavüz etmədən, içəri dartınıb etikanı pozmadan.
Məscidin içində səlahiyyət sahibi möhtərəm molladır, axunddur, hacdır. Mədəniyyət Ocağının içindəki səlahiyyətli şəxs hörmətli alimdir, müəllimdir, professordur.

Məscidi onlar idarə edir, Mədəniyyət Ocağını bunlar. Onun da Allahı var, bunun da. Quran həm ona aiddir, həm buna. Həmçinin Dövlət də həm onundur, həm bunun. Sadəcə hər birində ayrı-ayrı qanun-qaydalar mövcuddur.

Nə Dində zor var, nə Dövlətdə zora icazə. Odur ki hər iki tərəf təəssübkeş olmalı, bir-birinin və Ölkənin, Vətənin, Millətin, Xalqın təəssübünü çəkməlidir. Bütün mübahisələr sivil formada aparılmalıdır. Bir-birinin iç işlərinə müdaxilə etmədən, hörmət, nəzakət çərçivəsində, etiket qaydalarına əməl olunmaqla.
Amma bu qaydalar gözlənilməzsə baş verə biləcək zor tətbiqi təkcə dindən, əxlaqdan, etikadan uzaq yox, həm də cəmiyyətdə tarazlıq pozucusu kimi qanundan kənar olacaq. Qanundan kənar olmaq isə əlbəttə, bəlli nəticələrə aparan hüquqi məsulliyyət doğurur...

Belə.


***
Bir-birinin daxili işlərinə qarışmadan dinc yanaşı yaşamaq konsepsiyasının əsasında Mədəniyyət dayanır. Ünsiyyət mədəniyyəti, davranış mədəniyyəti, tolerantlıq mədəniyyəti, etiket, dözüm, səbr mədəniyyəti…

Başqa yozum yoxdur.

Tək olan o bir Allah da səbr edənləri sevər!

------------------------------



15 oktyabr 2010

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə