Humanitar fənər



Yüklə 269,93 Kb.
səhifə110/161
tarix31.12.2021
ölçüsü269,93 Kb.
#112885
1   ...   106   107   108   109   110   111   112   113   ...   161
ADİAK dərs vəsaiti

Yoluxdurma - şəxsiyyət tərəfindən müəyyən psixoloji vəziyyə­tin təbii şəkildə və qeyri-iradi qəbul edilməsidir.

Təlqinetmə- bir subyektin başqasına fəal surətdə təsir göstərməsidir. Təlqinetmə təlqin mənbəyinin nüfuzlu olması, həmin mənbəyə inamın güclülüyü və təlqinedici təsirə müqavimətin ol­maması şəraitində baş verir.

Təqlidetmə- bir insan tərəfindən başqa insanın müəyyən davra­nış nümunəsinin, danışıq tərzinin və s. təqlid edilməsidir. Təqlidin ən kütləvi təzahürü dəbə uyğunlaşma, xüsusilə, geyim, danışıq tərzinin düşünmədən təkrarlanması və özünü cəmiyyətin pərəstiş etdiyi ən müxtəlif insanlar kimi aparmaqdır.

İnandırma - bir insanın dünyagörüşünün başqa birisinin ba­xışlar sisteminə köçürmək üçün edilən məqsədyönlü təsir olub, şəxsiyyətin şüur sahəsinə təsirin əsas üsuludur. Onun məqsədi in­formasiyanın mənimsənilməsi zamanı şəxsiyyyətin təfəkkürünü fəallaşdırmaq, inamım formalaşdırmaqdır. İnandırma metodu həm adi, həm də nəzəri təfəkkürə təsir gös­tərir. Adi təfəkkür səviyyəsində bu təsir nəticəsində anlama yaranır. Bu təfəkkür formasında nə haqdasa anlayışlar, ötürülən informa­siyaya inam mövcuddur. Bütün bunlar sadə dərketmə xarakterinə malikdir. Yalnız şəxsiyyət adi dərketmə sərhədlərini aşaraq, hansısa hadisənin əsaslı, məzmunlu dərk edilməsi səviyyəsinə yüksəldikdə, onun şüurunda inamlar, yəni şəxsi mövqe yaranır. İnandırma insanlara təsir göstərmənin metodu kimi nadir hallarda ayrıca tətbiq olur. O, daim təqlid və təlqinetmə ilə qarşılıq­lı fəaliyyət göstərir. Bu anlayışlar arasında fərq ondan ibarətdir ki, inandırma insanların onlara ünvanlanan informasiyanı şüurlu surətdə dərk etməsini, təqlid və təlqinetmə isə onların bu informa­siyanı düşünmədən, yalnız onu ötürən insanın nüfuzuna, auditori­yanın əhval-ruhiyyəsinə əsaslanaraq, yaxud ictimai fikrin təzyiqi, şəxsi dəyərlər sistemi əsasında qəbul etməsini nəzərdə tutur. Bu cür psixoloji təsiri mühazirə dinləyərkən, kütləvi teatr, id­man tədbirləri keçirilərkən müşahidə etmək mümkündür.

Təqlid və təlqinin yüksək nəticələrə malik olmasını göstərən ən parlaq nümunələr dəb və şayələrdir. Təlqinetmə daha mürəkkəb metoddur. Bu, insanın iradəsinin ziddinə onun söz, yaxud digər bir vasitə ilə lazım olan psixoloji vəziyyətə (əhval-ruhiyyə, təəssürat, fəaliyyət) gətirilməsidir. Təlqinetmənin təqlidetmədən fərqi ondan ibarətdir ki, təqlidetmə zamanı məqsədə nail olma informasiya mənbəyinin əyaniliyi, yaxud ondan gələn informasiyanın yüksək cazibədarlığı ilə əldə olunur. Bu­rada obraz ( daha dəqiqi - obyekt) informasiyanın dərk edilməsində əsas rol oynayır. Təlqinetmə zamanı isə məqsədə çatma bilavasitə emosional təsirlə müəyyən edilir ki, onun da əsas qüvvəsi sözdür.

Məcburetmə - əvvəlki metodlarla müqayisədə insanlara təsirin ən zorakı üsuludur, çünki insanları öz arzu və inamlarının əksinə getməyə məcbur etməyi nəzərdə tutur. Məcburetmənin əsasında cəzalandırma və s. kimi fərd üçün ar­zuolunmaz nəticələrdən qorxmaq dayanır. Etik baxımdan məcburetməni yalnız müstəsna hallarda, məsələn, hüquqi qaydaların, yaxud cəmiyyətin əxlaq normalarının pozulmasına qədər gedib çatdığı halda haqlı saymaq olar.

Ünsiyyət prosesində inandırma, təlqinetmə, təqlidetmə və məcburetmə bir-biri ilə qarşılıqlı əlaqədə olan metodlar sistemi ki­mi tətbiq olunur. Rəhbər işçi yığıncaqların, müxtəlif kütləvi gö­rüş və müşavirələrin keçirilməsi zamanı onlardan ağılla istifadə etməyi bacarmalıdır.



Nitq fəaliyyətinə, daha dəqiqi, şifahi və yazılı nitq mədəniyyətinə aid olan bi­lik, bacarıq və vərdişlər kommunikasiya mədəniyyətinin mühüm tərkib hissəsidir. Nitq fəaliyyətində üç istiqaməti göstərmək olar: məzmun, ifadəlilik və sövqedici (təhrikedici).

  1. Nitqin məzmun istiqaməti fikirlərin zənginliyi, əhəmiyyətliliyi və əsaslandırılmış olması ilə xarakterizə edilir.

  2. Nitqin ifadəliliyi onun emosional çalarlan ilə bağlıdır: nitq parlaq, obrazlı, təsirli, yaxud quru, ölgün, tutqun ola bilər.

  3. Nitq fəaliyyətinin sövqedici istiqaməti onun insanların fikir, duyğu və iradəsinə təsirindən ibarətdir. Nitqin dinləyicilər tərəfindən qavranılma dərəcəsi onun məzmun, ifadəlilik və sövqedicilik isti­ qamətlərini əhatə edən nitq mədəniyyətinin səviyyəsindən asılıdır.

İşgüzar ünsiyyətdə şifahi və yazılı nitqin əsas göstəriciləri sıra­sına aşağıdakıları aid etmək mümkündür:

    • Lüğət tərkibini (dinləyiciləri təhqir edən (ədəbsiz) ifadələr, jarqon sözlər və dialektizmlər istisna edilir);

    • Söz ehtiyatını(o nə qədər zəngin olarsa, nitq o qədər cəlbedici və ifadəli, əlvan olur və dinləyiciləri az yorur, çox təsir edir, yadda qalır və cəlb edir);

    • Tələffüzü (Müasir Azərbaycan dilində norma Azərbaycan ədəbi dili hesab edilir);

    • Qrammatikanı (işgüzar nitq qrammatikanın ümumi qay­dalarına əməl edilməsini, həmçinin bəzi spesifik xüsusiyyətlərin nəzərə alınmasını tələb edir, məs., işgüzar nitqdə əsas yeri feillər yox, isimlər tutmalıdır);

    • Üslubiyyatı (yaxşı nitq üslubuna artıq sözlərə yol verilmə­məsi, düzgün söz sırası, standart, çeynənmiş ifadələrdən çəkinmək kimi tələblər verilir).

İşgüzar ünsiyyət zamanı sosial iş üzrə mütəxəssislər, sosial menecerlər, xidmət sahə­sində müxtəlif səviyyəli rəhbər vəzifə tutanlar üçün mürəkkəb şi­fahi nitq ünsiyyəti sistemində daha çətin olan- şifahi monoloji nit­qin əsaslarına yiyələnmək çox mühümdür. Məlumdur ki, idarəetmə sahəsində və işgüzar aləmdə daha bö­yük uğurlar çox zaman öz peşə bilikləri ilə yanaşı həm də yaxşı da­nışmaq, insanları inandırmaq, öz tərəfinə çəkmək, özünü və ideya­larını reklam etmək bacarığına malik olan şəxslərin payına düşür.

İşgüzar e-mail və digər daxili elektron yazışmalar; sosial şəbəkələrdən istifadə qaydaları və bu sahədə diqqət edilməsi lazım olan məqamlara aid tapşırıqlar və nümunələr üzərində praktik işlər.

Yüklə 269,93 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin