Yoluxdurma - şəxsiyyət tərəfindən müəyyən psixoloji vəziyyətin təbii şəkildə və qeyri-iradi qəbul edilməsidir.
Təlqinetmə- bir subyektin başqasına fəal surətdə təsir göstərməsidir. Təlqinetmə təlqin mənbəyinin nüfuzlu olması, həmin mənbəyə inamın güclülüyü və təlqinedici təsirə müqavimətin olmaması şəraitində baş verir.
Təqlidetmə- bir insan tərəfindən başqa insanın müəyyən davranış nümunəsinin, danışıq tərzinin və s. təqlid edilməsidir. Təqlidin ən kütləvi təzahürü dəbə uyğunlaşma, xüsusilə, geyim, danışıq tərzinin düşünmədən təkrarlanması və özünü cəmiyyətin pərəstiş etdiyi ən müxtəlif insanlar kimi aparmaqdır.
İnandırma - bir insanın dünyagörüşünün başqa birisinin baxışlar sisteminə köçürmək üçün edilən məqsədyönlü təsir olub, şəxsiyyətin şüur sahəsinə təsirin əsas üsuludur. Onun məqsədi informasiyanın mənimsənilməsi zamanı şəxsiyyyətin təfəkkürünü fəallaşdırmaq, inamım formalaşdırmaqdır. İnandırma metodu həm adi, həm də nəzəri təfəkkürə təsir göstərir. Adi təfəkkür səviyyəsində bu təsir nəticəsində anlama yaranır. Bu təfəkkür formasında nə haqdasa anlayışlar, ötürülən informasiyaya inam mövcuddur. Bütün bunlar sadə dərketmə xarakterinə malikdir. Yalnız şəxsiyyət adi dərketmə sərhədlərini aşaraq, hansısa hadisənin əsaslı, məzmunlu dərk edilməsi səviyyəsinə yüksəldikdə, onun şüurunda inamlar, yəni şəxsi mövqe yaranır. İnandırma insanlara təsir göstərmənin metodu kimi nadir hallarda ayrıca tətbiq olur. O, daim təqlid və təlqinetmə ilə qarşılıqlı fəaliyyət göstərir. Bu anlayışlar arasında fərq ondan ibarətdir ki, inandırma insanların onlara ünvanlanan informasiyanı şüurlu surətdə dərk etməsini, təqlid və təlqinetmə isə onların bu informasiyanı düşünmədən, yalnız onu ötürən insanın nüfuzuna, auditoriyanın əhval-ruhiyyəsinə əsaslanaraq, yaxud ictimai fikrin təzyiqi, şəxsi dəyərlər sistemi əsasında qəbul etməsini nəzərdə tutur. Bu cür psixoloji təsiri mühazirə dinləyərkən, kütləvi teatr, idman tədbirləri keçirilərkən müşahidə etmək mümkündür.
Təqlid və təlqinin yüksək nəticələrə malik olmasını göstərən ən parlaq nümunələr dəb və şayələrdir. Təlqinetmə daha mürəkkəb metoddur. Bu, insanın iradəsinin ziddinə onun söz, yaxud digər bir vasitə ilə lazım olan psixoloji vəziyyətə (əhval-ruhiyyə, təəssürat, fəaliyyət) gətirilməsidir. Təlqinetmənin təqlidetmədən fərqi ondan ibarətdir ki, təqlidetmə zamanı məqsədə nail olma informasiya mənbəyinin əyaniliyi, yaxud ondan gələn informasiyanın yüksək cazibədarlığı ilə əldə olunur. Burada obraz ( daha dəqiqi - obyekt) informasiyanın dərk edilməsində əsas rol oynayır. Təlqinetmə zamanı isə məqsədə çatma bilavasitə emosional təsirlə müəyyən edilir ki, onun da əsas qüvvəsi sözdür.
Məcburetmə - əvvəlki metodlarla müqayisədə insanlara təsirin ən zorakı üsuludur, çünki insanları öz arzu və inamlarının əksinə getməyə məcbur etməyi nəzərdə tutur. Məcburetmənin əsasında cəzalandırma və s. kimi fərd üçün arzuolunmaz nəticələrdən qorxmaq dayanır. Etik baxımdan məcburetməni yalnız müstəsna hallarda, məsələn, hüquqi qaydaların, yaxud cəmiyyətin əxlaq normalarının pozulmasına qədər gedib çatdığı halda haqlı saymaq olar.
Ünsiyyət prosesində inandırma, təlqinetmə, təqlidetmə və məcburetmə bir-biri ilə qarşılıqlı əlaqədə olan metodlar sistemi kimi tətbiq olunur. Rəhbər işçi yığıncaqların, müxtəlif kütləvi görüş və müşavirələrin keçirilməsi zamanı onlardan ağılla istifadə etməyi bacarmalıdır.
Nitq fəaliyyətinə, daha dəqiqi, şifahi və yazılı nitq mədəniyyətinə aid olan bilik, bacarıq və vərdişlər kommunikasiya mədəniyyətinin mühüm tərkib hissəsidir. Nitq fəaliyyətində üç istiqaməti göstərmək olar: məzmun, ifadəlilik və sövqedici (təhrikedici).
Nitqin məzmun istiqaməti fikirlərin zənginliyi, əhəmiyyətliliyi və əsaslandırılmış olması ilə xarakterizə edilir.
Nitqin ifadəliliyi onun emosional çalarlan ilə bağlıdır: nitq parlaq, obrazlı, təsirli, yaxud quru, ölgün, tutqun ola bilər.
Nitq fəaliyyətinin sövqedici istiqaməti onun insanların fikir, duyğu və iradəsinə təsirindən ibarətdir. Nitqin dinləyicilər tərəfindən qavranılma dərəcəsi onun məzmun, ifadəlilik və sövqedicilik isti qamətlərini əhatə edən nitq mədəniyyətinin səviyyəsindən asılıdır.
İşgüzar ünsiyyətdə şifahi və yazılı nitqin əsas göstəriciləri sırasına aşağıdakıları aid etmək mümkündür:
Lüğət tərkibini (dinləyiciləri təhqir edən (ədəbsiz) ifadələr, jarqon sözlər və dialektizmlər istisna edilir);
Söz ehtiyatını(o nə qədər zəngin olarsa, nitq o qədər cəlbedici və ifadəli, əlvan olur və dinləyiciləri az yorur, çox təsir edir, yadda qalır və cəlb edir);
Tələffüzü (Müasir Azərbaycan dilində norma Azərbaycan ədəbi dili hesab edilir);
Qrammatikanı (işgüzar nitq qrammatikanın ümumi qaydalarına əməl edilməsini, həmçinin bəzi spesifik xüsusiyyətlərin nəzərə alınmasını tələb edir, məs., işgüzar nitqdə əsas yeri feillər yox, isimlər tutmalıdır);
Üslubiyyatı (yaxşı nitq üslubuna artıq sözlərə yol verilməməsi, düzgün söz sırası, standart, çeynənmiş ifadələrdən çəkinmək kimi tələblər verilir).
İşgüzar ünsiyyət zamanı sosial iş üzrə mütəxəssislər, sosial menecerlər, xidmət sahəsində müxtəlif səviyyəli rəhbər vəzifə tutanlar üçün mürəkkəb şifahi nitq ünsiyyəti sistemində daha çətin olan- şifahi monoloji nitqin əsaslarına yiyələnmək çox mühümdür. Məlumdur ki, idarəetmə sahəsində və işgüzar aləmdə daha böyük uğurlar çox zaman öz peşə bilikləri ilə yanaşı həm də yaxşı danışmaq, insanları inandırmaq, öz tərəfinə çəkmək, özünü və ideyalarını reklam etmək bacarığına malik olan şəxslərin payına düşür.
İşgüzar e-mail və digər daxili elektron yazışmalar; sosial şəbəkələrdən istifadə qaydaları və bu sahədə diqqət edilməsi lazım olan məqamlara aid tapşırıqlar və nümunələr üzərində praktik işlər.
Dostları ilə paylaş: |