Humanitar fənər



Yüklə 269,93 Kb.
səhifə77/161
tarix31.12.2021
ölçüsü269,93 Kb.
#112885
1   ...   73   74   75   76   77   78   79   80   ...   161
ADİAK dərs vəsaiti

Tapşırıq. Nitq milli səciyyəlidir, hər bir xalqın, millətin özünə məxsus nitqi, danışığı, tələffüz forması vardır. Xalqın psixoloji xarakteri, maddi yaşayış tərzi və mədəniyyəti dil ümumiliyi ilə bağlıdır. Məhz bu cəhət hər bir xalqı, o cümlədən də bizim xalqımızı, onun mədəniyyətini, eləcə də nitq mədəniyyətini başqa xalqlardakından fərqləndirir. İşgüzar ünsiyyətin ayrılmaz hissəsi olan nitq mədəniyyətinin milli mədəniyyətlə qarşılıqlı əlaqəsinə diqqət edin.
NİTQ MƏDƏNİYYƏTİ MİLLİ MƏDƏNİYYƏTİN TƏRKİB HİSSƏSİDİR.
Müasir Azərbaycan mədəniyyəti mükəmməl genetipi olan mədəniyyətdir. Azərbaycan mədəniyyəti tipologiyası baxımından ümumtürk mədəniyyətidir. Müxtəlif dövrlərdə dünya mədəniyyətinin təsirinə məruz qalmış, dünya mədəniyyətinin tərkib hissəsinə çevrilmiş, məzmun etibarı ilə Azərbaycan, türk-müsəlman mədəniyyəti kimi özünü təsdiq etmişdir. Azərbavcan xalqının mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edir. Təbii ki Azərbaycan mədəniyyətinin əsasında türk mədəniyyəti durur. Azərbaycanda yaşayan qeyri-türk mənşəli xalqlar, etnoslar yalnız Azərbaycan dili əsasında deyil, eyni zamanda Azərbaycan türklərinin tarixi birləşdirici missiyası əsasında ünsiyyətə girib Azərbaycan xalqını, Azərbaycan cəmiyyətini təşkil edirlər.

Azərbaycan xalqı öz varlığını ortaya qoyana qədər formalaşmış və öz dilini də formalaşdırmışdır. Dövrdən asılı olaraq ərəb-fars sözləri ilə nə qədər yüklənsə də IX-XI əsrlərdə meydana gələn "Dədə Qorqud kitabı”, XIII əsrdə Həsənoğlunun qəzəlləri göstərir ki, ortaq əlifbadan, ərəb-fars söz və ifadələrindən istifadə etsək də, fərq özünü bütün dil qatlarında göstərir, nitqin ahəngi, ritmi, tempi, intensivliyi, məntiqi vurğusu, tembri, sintaktik mənaların ifadəsinə xidmət edən intonasiyası dilimizin özünə məxsusluğunu bu gün bütün dünyaya nümayiş etdirir. Mədəniyyətin göstəricilərindən olan gözəl nitq dilin səlisliyindən, onun ifadə imkanlarından düzgün faydalanmaq vərdişləri ilə şərtləşir. Dil və mədəniyyət arasında qarşılıqlı əlaqə vardır. Bu bağlılıq hesabına dil mədəniyyətə, mədəniyyət də dilin inkişafına öz təsirini göstərir. Dil olmadan mədəniyyəti, mədəniyyət olmadan da dilin varlığını təsəvvür etmək çətindir. Maddi mədəniyyət abidələri, ədəbiyyat və incəsənət əsərləri, cəmiyyət, din, dövlət quruculuğu, sosial münasibətlər ümumbəşəri mədəniyyətin əlamətləridir. Odur ki, mədəniyyəti insanların əsrlər boyu ictimai əmək prosesində yaratmış olduğu maddi və mənəvi sərvətlərin toplusu hesab etmək olar. Bütövlükdə götürdükdə mədəniyyət insanların maddi və mənəvi fəaliyyətinin nəticəsi kimi təzahür edir. Bu təkamülün nəticəsi olaraq insan həm özü, həm də onun əqli, zehni fəaliyyəti fiziki bacarığı və iş qabiliyyəti ilə qovuşmuş, inkişaf etmiş yaratdığı maddi və mənəvi sərvətlər də təkmilləşmiş, özündən sonra gələn nəsillərə ötürülmüşdür. Təsadüfi deyildir ki, əcdadlarımızın ovçuluq, dənizçilik, maldarlıq və s. sahələrində yaratdıqları ibtidai, elementar, sadə əmək alətləri və onların divarlara, qəbirüstü daşlara, görünən böyük qaya-daş üzərinə (məs; Qobustan təsvirləri) nəqş edilmiş yazıları indi müasir dövrün müxtəlif ölçülü, tutumlu gəmiləri, balıq, quş və ya heyvan ovlamaq üçün hazırlanmış alətlər, silahlar, maşınlarla, neft və qaz sahəsində bütün dünyaya nümayiş etdirdiyimiz layihə, təklif və əməli işlərimizlə, öz süni peykimizə qədər əsrimizin tələb etdiyi elmi araşdırmalarla əvəzlənir. Bütün bu tətbiqi işlər, elm və texnika sahəsindəki yeniliklərlə birgə Azərbaycan xalqı da, onun oğul-qız övladlarının mənəvi-əxlaqi həyatı da dəyişir. Azərbaycan vətəndaşı maddi və mənəvi sərvətlər yaratdığı kimi, ümumbəşəri qanunauyğunluqlar əsasında özünü də dəyişdirir. Mədəniyyətdə xalq yaddaşı, xalqın özü yaşayır, yaratdığı mədəniyyətlə özünü soydaşlarına, dünyanın bugünkü və gələcək nəsillərinə təqdim edir, sanki özünün pasportunu bəşəriyyətə nümayiş etdirir. İnsan zəkası və əli ilə yaradılmış mədəniyyət onun yaradıcı əməyinin məhsuludur. Lakin mədəniyyət bir şəxsin deyil, bir neçə nəslin təcrübəsinin toplanması, onların maddi və mənəvi fəaliyyətinin nəticəsi kimi formalaşır. Deməli, mədəniyyət insanın (insanların) təbiətə, cəmiyyətə və eyni zamanda özünə, öz təfəkkürünə münasibətdə yaranır. Nəzakətli və ədəbli olmağı, gözəl davranış normalarına əməl etməyi, savadlanmağı, ədəbiyyat və incəsənət əsərlərini başa düşüb anlamağı və onları təhlil etməyi, öz ixtisasına dərindən yiyələnməyi də mədəniyyət adlandırırlar. Bu mənada deyirlər ki, mədəniyyət insanların maddi və mənəvi tələbatını ödəmək üçün fiziki və zehni əmək prosesində yaradılmış nailiyyətlərin (sərvətlərin) toplusudur. Mədəniyyət sözü insan fəaliyyətinin müxtəlif sahələrini özündə ehtiva edir: xalq mədəniyyəti, milli mədəniyyət, nitq mədəniyyəti, yazı mədəniyyəti, ziyalı mədəniyyəti, müəllim mədəniyyəti, idmançı mədəniyyəti, həkim mədəniyyəti, yazıçı (şair) mədəniyyəti, musiqi mədəniyyəti, ticarət mədəniyyəti, ailə mədəniyyəti, qərb mədəniyyəti, şərq mədəniyyəti, əmək mədəniyyəti, iş mədəniyyəti, istirahət mədəniyyəti, məişət mədəniyyəti, tələbə mədəniyyəti, siyasi mədəniyyət, dövlətçilik mədəniyyəti, teatr mədəniyyəti, idman mədəniyyəti, demokratik mədəniyyət, müraciət mədəniyyəti, dil mədəniyyəti və s. və ilaxır.

Dil mədəniyyətin tərkib hissəsidir. Mədəniyyət kimi dil də millətin, milli mədəniyyətin ən mühüm əlaməti, həm də xalqın milli mədəniyyətinin, eləcə də nitq mədəniyyətinin ifadəçisidir. Dil və mədəniyyət xalqın etnik birliyinin fərqləndirilməsində əsas ölçü vahididir. Elə buna görə də biz qədim Yunanıstan mədəniyyəti, qədim Roma mədəniyyəti, Fransa mədəniyyəti, Amerika mədəniyyəti, Azərbaycan mədəniyyəti və s. ifadələrini işlədirik.

Mədəniyyət cəmiyyətlə, təsərrüfatla, ictimai, siyasi, iqtisadi və ideoloji həyatla sıx bağlı olduğundan insanların ictimai şüurunda, onların əxlaq və hərəkətlərində, fiziki və zehni fəaliyyətində öz əksini tapır. Mədəniyyət maddi və mənəvi formada özünü göstərir, yəni həm zehni, həm də fiziki əmək nəticəsində yaradıldığından biz onları gözlə görüb, müşahidə edirik. Onlar insanların həm mənəvi ehtiyaclarının, həm də gündəlik qayğılarının ödənilməsinə xildmət edir. Buraya əmək alətləri, ev əşyaları, geyim, bəzək əşyaları, döyüş silahları, idman ləvazimatı, incəsənət əsərləri, ədəbiyyat nümunələri, yazılı sənədlər, din, etik və estetik qayda-qanunlar daxildir. Mənəvi mədəniyyətin tərkib hissəsi olan nitq mədəniyyəti təfəkkür mədəniyyətidir. Hər bir xalqın yaratdığı maddi və mənəvi sərvətlər o xalqın milli mədəniyyəti sayılır. Milli mədəniyyətdə hər bir xalqın özünəməxsus təfəkkür tərzi, mənəvi dəyərləri, özünü və həyatı dərketmə-anlama şüuru, bədii-estetik duyumu, dünyagörüşü öz əksini tapır. Bu silsilədə dilin özünəməxsus yeri vardır. Dil mədəni, əxlaqi, dini, estetik normaların saxlanılması və gələcək nəsillərə ötürülməsində yeganə olmasa da, aparıcı və əsas vasitələrdəndir. Azərbaycan mədəniyyəti ümumbəşəri mədəniyyətin tərkib hissəsidir. O, milli çərçivədə məhdudlaşıb qalmır, başqa millətlərin mədəniyyətindən bəhrələnir və başqa xalqların mədəniyyətinə təsir edərək onların formalaşması və inkişafına əvəzsiz xidmət göstərir. Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyovun musiqisinin bütün Şərq xalqlarına örnək olması, Azərbaycan dilinin ətrafımızda yaşayan xalqların- gürcü, çeçen, avar, ləzgi, kürd, talış və s.-lərin dilinə təsiri danılmazdır. Qarşılıqlı mədəni əlaqələr milli mədəniyyətimizin inkişafına da öz müsbət təsirini hiss etdirir. Qərb və rus simfonik və balet musiqisinin, rəssamlıq, boyakarlıq, heykəltəraşlıq nümunələrinin Azərbaycan incəsənətinə təsiri çox böyükdür. Belə münasibətlərin nəticəsidir ki, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun musiqisi, Tahir Salahovun rəsm əsərləri dünya incəsənətinə dəyərli töhfədir. Biz dünya sivilizasiyasına inteqrasiya etməklə mədəniyyətlərarası əlaqələri genişləndiririk.

Milli mədəniyyətin göstəricilərindən biri olan gözəl nitq (şifahi və yazılı) dilin səlisliyini, ifadə imkanlarını bütün məziyyətləri ilə çatdıra bilən yazıçılardan, söz ustalarından, natiqlərdən çox asılıdır. "Dədə Qorqud kitabı"nı, Nəsimini, Füzulini, M.F.Axundovu, C.Məmmədquluzadəni, M.Ə.Sabiri, Ü.Hacıbəyovu və onlarla digər söz-sənət korifeylərini dünyaya bəxş etmiş Azərbaycan xalqı bu dahi sənətkarların söz incilərində zəngin nitq mədəniyyətinin varlığını nümayiş etdirmişdir.


Mövzu 12



  1. Yüklə 269,93 Kb.

    Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin