ZƏNCƏFİL
Zəncəfil fəsiləsindən çoxillik kökümsov gövdəli qədim ədviyyat bitkisidir. Zəncəfil bitkinin qurudulmuş ana kökündən ibarətdir. Becərilməsindən asılı olaraq zəncəfil bir neçə növə ayrılır: Yamay zəncəfili (keyfiyyətcə ən aşağı sort sayılır), Hindistan zəncəfili (Malabar və Benqaliya), Çin zəncəfili (Koxinxin), Yaponiya və Afrika zəncəfili (ən aşağı keyfiyyətli zəncəfil). Əmtəə çeşidinə görə zəncəfil ağ, qara və ağardılmış zəncəfil sortlarına ayrılır.
Hazırda zəncəfildən ədviyyat kimi dünyanın əksər xalqlarının mətbəxində hazırlanan xörəklərin tamını, ətrini və keyfiyyətini yaxşılaşdırmaq üçün işlədilir. Ədviyyat kimi ən çox qənnadı, çörək-kökə, spirtsiz içkilər, pivə istehsalında, ətriyyat sənayesində geniş istifadə olunur. Zəncəfildən ədviyyatın bir növü kimi kulinariyada və yeyinti sənayesində geniş istifadə edilir.
Bundan əlavə, Azərbaycanda bir çox milli məhsullar (ədavalı halva, quymaq) və içkilər (səhləb) zəncəfillə hazırlanır.
Zəncəfilin tərkibi faizlə aşağıdakı kimidir: su – 8-16; azotlu maddələr – 5-8; yağ – 2-8; nişasta – 40-60; pentozanlar – 5-7; sellüloza – 3-8; efir yağları – 1,5-3,5; kül – 3-7.
Zəncəfilin tünd xoş ətri tərkibindəki efir yağlarından, yandırıcı dadı isə fenolabənzər qinqeral (C17H26O4) maddəsinin olmasından irəli gəlir. Zəncəfil efir yağlarında ən çox sinqiberol (C15H24), kamfen (terpen), fellandren və sinqiberol spirti vardır. Zəncəfilin nəmliyi 12%-ə, külü 5%-ə, efir yağı isə 1,4%-ə qədər olmalıdır. Zəncəfil toz halında da satışa buraxılır.
Xalq təbabətində zəncəfildən qantəzyiqini aşağı salmaq məqsıdilə, sakitləşdirici, tonuslandırıcı, istilikgətirici vasitə kimi istifadə olunur.
Dostları ilə paylaş: |