TƏBİİ MEYVƏ-GİLƏMEYVƏ ŞİRƏSİ Təbii şirəni moruq, çiyələk, üzüm, gavalı, albalı və digər meyvə-giləmeyvələrdən almaq olar. Meyvə-giləmeyvə tam yetişmiş, hətta yetişib ötmüş olmalı, çürük və kiflənmiş olmamalıdır. Təmizlənib yuyulmuş meyvə-giləmeyvə qazana və ya üçlitrlik balona yığılır. İri qazana su tökülüb dibinə taxta şəbəkə və ya 2–3 qat əski qoyulur, üzərinə meyvə-giləmeyvə dolu qazan və ya balon yerləşdirilib qapağı örtülür. Qazan qızdırılır və meyvə-giləmeyvə öz şirəsini buraxaraq həcmi azalır. Üzərinə dolanadək meyvə-giləmeyvə əlavə edilir və yenidən qızdırılır. Meyvə-giləmeyvədən şirə tamamilə ayrıldıqdan sonra başqa təmiz və quru bankaya ikiqat tənzifdən süzülür, yarımlitrlik bankalar 5 dəq., litrlik bankalar 10 dəq. qaynayan suda pasterizə edilir və germetik bağlanılır. Saxlanma dövründə belə şirədə çöküntü çox olur. Şirəni içərkən zövqünüzdən asılı olaraq onu qarışdıra, yaxud da üst hissəni ehmalca boşaldıb alt hissəni ikiqat tənzifdən süzə bilərsiniz.
Təbii meyvə-giləmeyvə şirəsini tumu çıxarılmış albalı, üzüm və gavalıdan hazırladıqda onu süzmədən də germetik bağlayıb konservləşdirmək mümkündür.
MUST Must tam yetişmiş üzümün Avropa və hibrid sortlarından alınan sıxılmış təbii üzüm şirəsidir. Must əsasən üzüm şirəsi kimi hazırlanır, lakin şəffaflaşdırılmır, təzə halda içilir və ya pasterizə edilib izotermiki sisternlərə tökülür. Ev şəraitində onu tutumu 3–5 litr olan termoslarda saxlayırlar. Uzun müddət qalır. Must desert içki kimi süfrəyə verilir. Müalicəvi qidalanmada geniş tətbiq edilir. Mustun rəngi və dadı yaxşı hiss olunmalı və hazırlandığı üzümün sortuna uyğun gəlməlidir. Quru maddələrin miqdarı 14%-dən az, turşuluğu (şərab turşusuna görə hesablanmış) 1,0%-dən çox olmamalıdır.