Sənətkar ilk mahnısını 31 yaşında Məmməd Rahimin "Yalan ha deyil" şeirinə bəstələyir. Əsərin ilk ifaçısı isə Şövkət Ələkbərova olur. İbrahimovanın yaradıcılığı təkcə estrada janrı ilə məhdudlaşmır. O, diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.
Yeri gəlmişkən, yazının davamında İbrahimovanın "Yanan laylalar"ının Akademik Opera və Balet Teatrının səhnəsinə niyə yol tapa bilmədiyi haqda biləcəksiniz.
Elza xanımın rəfiqəlik, dostluq etdiyi insanların sayı elə də çox olmayıb. Ömrünün son günlərinə qədər yalnız Flora Kərimova və Ruhəngiz Qasımovayla rəfiqəlik edib. Bu arada qeyd edək ki, onun mahnı janrında yazdıqlarının böyük əksəriyyətinin ilk ifaçısı da Kərimova olub. Hətta qardaşı Çingiz İbrahimovun sözlərinə görə, bu, 90-95 faiz təşkil edir.
Sənətkarın ailə həyatı təəssüf ki, yaradıcılığı qədər parlaq olmayıb. O, 24 yaşında Dövlət Neft Akademiyasının professoru (aralarında xeyli yaş fərqi olub) Adil Ələkbərovla ailə qurur. Bir il sonra cütlüyün Zəhra adlı qız övladları dünyaya gəlir. Ancaq uşağın bir yaşı tamam olmamış qəhrəmanım ər evini tərk edir.
Dostları ilə paylaş: |