2.4. Ceyn Ostin yaradıcılığında ironiyanın mətnyaratma xüsusiyyətləri
Bədii mətndə ədəbi və linqvistik hadisə kimi aşkara çıxan ironiya real gerçəklikdə şəxslərarası münasibətin, insan hərəkətinin, fəaliyyətinin, xarakterinin neqativ qiymətləndirilməsi və belə qiymətləndirməni qismən implisit formada ifadə olunmasıdır. Bədii əsərdə müxtəlif surətlər, obrazlar, xarakterlər yaradılır. Müəllif fərqli xarakterləri, obrazları, personajları oxucuya təqdim edərkən onların daxili aləmini, səciyyəvi xarakter xüsusiyyətlərini açmağa çalışır, bir çox hallarda öz münasibətini də aydınlaşdırır. Obrazın xarakterinə aid bəzi cəhətlər diqqəti cəlb edən yumoristik formada ironiya vasitəsilə verilir. Bu baxımdan ironiya yumora, satiraya, ümumiyyətlə komizmə yaxınlaşır.
C.Ostin yaradıcılığı ironiya ilə bağlı geniş tədqiq edilmişdir. Onun bütün əsərlərinə, eləcə də konkret bir əsərə bu problemə aid işlərdə müraciət edilmişdir [Bax: 159; 163; 168; 171; 172; 176; 54].
İroniya yalnız müəllif nitqində deyil, personajların da nitqində yer alır. Bu da təbiidir. Çünki bədii əsərdə baş verən, cərəyan edən hadiələrin iştirakçılarının bir-birinə münasibəti də mətnin ümumi məzmununun açılmasında həlledici rol oynayır. Elə bədii əsərlər vardır ki, onlarda müəllif müəyyən obrazlar qalereyası yaradır və bu obrazların xarakterini açmaqla, surətin daxili aləminə nüfuz etməyə, qəhrəmanların bir-birinə münasibətini daha dərindən açmağa cəhd edir. İngilis yazıçısı Ceyn Ostinin romanları qeyd edilən cəhətdən böyük maraq kəsb edir. Bu romanların surətlərinin daha çox müzakirə etdiyi, qiymətləndirmək istədiyi subyektlər elə onların özləridir. Daha dəqiq desək, bu əsərlərdə hər bir personaj digər personajların bütün hərəkət və fəaliyyəytləri haqqında düşünür, onları öz nöqteyi-nəzərindən qiymətləndirir. C.Ostinin romanlarında əsas inkişaf xətti bir yerə toplanmış, yaxud bir yerdə olanların başqaları haqqındakı söhbətlərindən keçib gedir. Doğrudur, belə söhbətlərdə tərəflərin bir-birinə münasibəti də diqqətdən kənarda qalmır.
Aydındır ki, bədii əsərlərdə sujet xətti baş qəhrəmanların ətrafında yazılır və onlar hadisələrin əsas iştirakçıları olurlar. Müəllif bədii mətn yaradıcılığı prosesində məhz qəhrəmanların xarakterini təqdim etməyə çalışır, onların səciyyəvi cəhətlərini açır və bu zaman ironiyadan da istifadə edir.
İroniya estetik kateqoriya olub “gizli gülüş”, “ritorik məcaz”, “nitq fiquru” kimi izah edilir. Bununla belə, ironiyanı təyin etmək üçün dəqiq meyarlar yoxdur. Dil hadisəsi kimi ironiyanı dilçilikdə müxtəlif tədqiqatçılar öyrənmişlər [54; 77; 99; 124]. Ayrı-ayrı müəlliflərin, o cümlədən də Ceyn Ostinin əsərlərində ironiya məsələsi müəyyən səviyyədə tədqiq edilmişdir. Tədqiqatçılar ironiyaya həqiqi və gizli məna arasında ziddiyyət, həmçinin müəllifin təqdim etdiyi hadisəyə münasibətini implisit şəkildə verməsi kimi baxmışlar [Bax: 159; 173].
Bədii ədəbiyyatda ironiyanın iki fərqli növünü ayırmaq mümkündür. Bunlardan birincisi üslubi vasitə kimi dəyərləndirilir. İkinci növ ironiya daha çox dramatik əsərlərdə istifadə olunur və oxucuya (tamaşaçıya) təsir effektini gücləndirməyə xidmət edir.
Bədii mətndə ironiyanın leksik, sintaktik və mətn vasitələri ilə ifadə olunmasından istifadə edilir. İroniyanın leksik vasitələrini çoxmənalı sözlər, sərbəst və sabit söz birləşmələri, müəllif neologizmləri təşkil edir. Sintaktik vasitələr kimi xüsusiləşmələrdən istifadə olunur. İroniyanın mətn vasitələri sistemli daha genişdir. Bura təkrarlar, situasiyalar, alluziya, parodiya və s. daxildir.
Ceyn Ostinin romanlarında ironiyanın ifadəsi üçün epitet, təkrar, hiperbola, anafora, qəlib ifradələr, ritorik suallardan geniş istifadə olunmuşdur. Yazıçının yaratdığı obrazlar qalereyası zəngindir. Təbii ki, müəllif bütün obrazların ironiyaya hədəf etmir. Elə obrazlar vardır ki, yazıçı ona bütün əsərdə pozitiv istiqamətdən yanaşır, onun hərəkətlərini, davranışını gülüş obyektinə çevirmir, əksinə, oxucuda da bu obraza qarşı müsbət münasibət formalaşdırmağa çalışır.
C.Ostin kiçik əyalət cəmiyyətini, onun üzvlərini, onların həyat və davranış tərzlərini təsvir etdikdə diqqətini yalınız yaratdığı obrazlar üzərində cəmləşdirir, eyni zamanda əxlaqi və mənəvi dəyərlərə təsir göstərən davranış və məişət qaydalarını, maraq sferasını da təhlil sferasına salır. Bu cəhət yazıçının bütün əsərlərində həmişə diqqət mərkəzindədir. Bu baxımdan “Qürur və qərəz” romanı daha böyük maraq kəsb edir. Müəllif romanın əsas mövzu, kompozisiya və sujet dairəsini ustalıqla sıxaraq təsvir etdiyi hadisələrin episentrini həmişə fokusda saxlamışdır. Əyalətdə mövcud olan kübar cəmiyyətinin üzvləri atalar, analar, qohumlar, dostlar, qonşular və gənclərdir. Qeyd olunan kübar cəmiyyətinin həqiqi üzvü olmağın birinci vacib şərti mülkiyyətdir və bu mülkiyyət özünün həm indiki, həm də gələcək sahiblərinə eyni həyat və məişət təzində yaşamağı təmin etməlidir. Təsadüfi deyil ki, romanda malikanə konseptləşir. Onun səbəbi mülkiyyət amilinin malikanənin mövcudluğu ilə təsdiqini tapmasındadır. Yazıçının təsvir və təqdim etdiyi adamların hər biri üçün malikanə, eləcə də mülk vacib şərtdir. Bu olmazsa, fərd mövcud kübar cəmiyyətindən kənarda qalır. C.Ostin qeyd edilən məsələni açmaqla təsvir etdiyi cəmiyyətə də ironiya ilə yanaşır. Çünki bu cəmiyyət insanlar, daha dəqiq desək, öz üzvləri üçün müəyyən məhdud bir dairəni cızır, onları öz həyatlarını bu dairədən çıxmamaq üzərində qurmağa məcbur edir. Göstərilən aspekt “Qürur və qərəz” romanının başlanğıcında personaj və müəllif nitqində təqdim olunur.
Əsərin başlanğıcında müəllif nitqinin ilk cümləsində irəli sürülən fikir sonrakı abzasda inkişaf etdirilir və məlum olur ki, yeni bir əraziyə, özünün mülkü olan malikanəyə köçən gənc arvad axtarışındadırsa, həmin ərazidə yaşayan qızlar, eləcə də valideynlər qızlarına məhz belə bir ər ovundadırlar.
Əsər bundan sonra missis Bennet ilə əri arasında dialoqla davam edir və onun aşağıdakı hissəsi ironiya baxımından diqqəti cəlb edir:
“- İs he married or single?
|