DAVAMLI İNKİŞAF.
Əhalinin sayı artdıqca təbii ehtiyatlara olan tələbat da artır. Lakin təbii ehtiyatlar tükənməz deyil və yaxın vaxtlarda onların bəzilərinin tamamilə qurtarmaq ehtimalı vardır. insanlar yaşadıqları dövrdə təbii ehtiyatların tükənə biləcəyini dərk etmirlər və yalnız o tükəndikdən sonra böyük problemlərlə qarşılaşırlar.
Dünya əhalisinin getdikcə artan tələbatı təbii ehtiyatların tükənməsi, iqtisadi böhranlar, ekoloji gərginliklər, siyasi və sosial problemlərlə nəticələnə bilər. Bunların baş verməməsi üçün hər bir ölkə öz inkişaf strategiyasını müəyyənləşdirməli və ehtiyatların gələcək nəsillər üçün saxlanılması yollarını araşdırmalıdır. Mütəxəssislər yaranmış vəziyyətdən çıxış yolunu davamlı inkişafın təmin edilməsində görürlər. Davamlı inkişaf modeli tarazlaşdırılmış, dayanıqlı və dinamik bir inkişaf modelidir. Bu model gələcək nəsillərin tələbatlarını tam ödəməyi təhlükə altında qoymayan inkişaf kimi qiymətləndirilir.
1992-ci ildə BMT-nin təşəbbüsü ilə Braziliyanın Rio-de-Janeyro şəhərində 172 dövlət başçısının iştirakı ilə keçirilmiş beynəlxalq konfransda “Davamlı inkişaf’ konsepsiyası qəbul edilmişdir.
Davamlı inkişaf təbii ehtiyatlardan səmərəli istifadəni, enerji istehsalında alternativ enerji (tükənməyən) mənbələrinə keçməyi, istehsalda tullantıların azaldılmasını, innovasiya texnologiyalarının tətbiqini, yüksəkixtisaslı kadrların hazırlanmasını, əhali məşğulluğunun təmin edilməsini, ətraf mühitin qorunmasını və s.-ni nəzərdə tutur. Davamlı inkişaf konsepsiyasına görə, regionlardakı (ölkə, şəhər) iqtisadi, sosial və ekoloji problemlər kompleks şəkildə öyrənilməli, gələcəkdə yarana biləcək təhlükəli hallar qiymətləndirilməlidir. Davamlı inkişaf Norveç, İsveç, Almaniya, ABŞ, Yaponiya və s. İEÖ-lər üçün xarakterikdir.
Siyasi sabitliyin pozulması, sosial gərginlik, iqtisadi böhran və ekoloji problemlər davamlı inkişafın təminatına mənfi təsir göstərə bilər. Məsələn, 1986-cı ildə Çer- nobıl AES-də baş verən qəza nəticəsində Ukrayna və qonşu ölkələrin inkişafı ciddi fəsadlarla üzləşdi.
Dostları ilə paylaş: |