Əmirəlmömininin (ə) kəlamında cismin və ruhun orucu
Əmirəlmöminin (ə) bir hədisdə orucu cisim və ruh oruclarına bölür. Cismin orucu haqda buyurur: "Cismin orucu əzab qorxusundan, savab və əcrə rəğbət üzündən iradə və ixtiyarla qidalardan çəkinməkdir".1 Bu, cismin orucudur. Davamında buyurur ki, ruhun orucu isə beş hiss orqanını bütün günahlardan saxlamaq və qəlbi şər amillərindən uzaqlaşdırmaqdır. Bu, ruhun orucudur. Bəs şər amilləri hansılardır? Beş hiss orqanını günahlardan saxlamaq asandır, qəlbi şər amillərindən uzaqlaşdırmaq isə çox çətindir. Bunun üçün çalışmaq lazımdır. Əziz dostlar! Bu fərman mənə və sizə verilmişdir. Bu mübarizə bizim öhdəmizə düşür. Bizim etdiyimiz günahla cəmiyyətdə yüksək vəzifəsi olmayan adi bir insanın günahının təsiri eyni deyil. Biz həm ürək günahlarına, həm də digər günahlara qarşı çox ehtiyatlı olmalıyıq. Şər səbəbkarı olan günahlar paxıllıq, tamahkarlıq - dünyaya tamahkarlıq, mal toplamağa və maddiyyata tamahkarlıq, digərlərinə qarşı bədxahlıq, bədgümanlıq, qürur, təkəbbür, özünü üstün, digərlərini isə kiçik bilmək, təhqir etmək və xalqı kiçik saymaqdır. Dünyada yaranan şərlər bunlardan hasil olur. Bəzi insanların qüruru, təkəbbürü, tamahkarlığı, paxıllığı, xəsisliyi və şəhvətpərəstliyi onları bəzi hərəkətlərə sövq edir. Əvvəldə bu hərəkətlərin təsiri çox da görünmür, lakin tədricən insani və tarixi faciələrə çevrilir. Böyük tarixi faciələrə baxdığımızda və bu fəsadların mənşəyini axtardıqda bir insanda və bir şəxsdə mövcud olan belə xüsusiyyətlərə çatırıq. Bir insanda, yaxud müəyyən bir qrupda olan tamahkarlıq, dünyagirlik, xəsislik və ehtiras böyük faciələrə səbəb olur. Riyakarlıq, onun qarşı tərəfi olan əhəmiyyətsizlik, laqeydlik və həyasızlıq da şər amillərindəndir. İnsan qəlbini bunlardan təmizləməlidir.
Ramazan ayı bu işlər üçün təlim və bizim tərbiyə ayımızdır. Biz bu yola qədəm qoymalı, bu yolla hərəkət etməliyik. Məmurların üzərinə düşən məsuliyyət ağır, lakin çox şərəfli məsuliyyətdir. İslam Respublikası quruluşu toplumların xoşbəxtliyini tarix boyu peyğəmbərlərin gətirdiyi və bəşərə çatdırdığı mesajlarla təmin etməyə çalışan bir quruluşdur. Bu quruluş tağutların mesajı qarşısında peyğəmbərlərin mesajını əməli surətdə təsdiq edir. Bu gün də mövcud olan tağutlar bundan xoşlanmır, bununla mübarizə aparırlar. Bu qarşıdurmada qələbənin yolu da yalnız imanla, özünəi və öz yoluna inamla yanaşı, müqavimət göstərməkdir. Gərək yola inamımız olsun: "Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha iman gətirmişlər"2. Yəni bu yola inananların hamısı əl-ələ verib möhkəm dayansınlar və müqavimət göstərsinlər. Bu, inkişaf və qələbə yoludur. Əgər bu işi görsələr, qələbə qətidir. Biz bu iyirmi yeddi il boyu bunu təcrübə etmişik. Müxtəlif məsələlərdə harada öz sözümüzə inanmışıqsa, onun üstündə möhkəm dayanmışıqsa, uğur qazanmışıq. Müqəddəs müdafiədə bu məsələ qarşıya çıxdı, bu müqəddəs quruluşun əsasını qorumaqda qarşıya çıxdı, ölkənin müxtəlif sahələrdə günbəgün və hətta saatbasaat inkişafında qarşıya çıxdı. Biz bu gün ölkəmizin inkişaf göstəricilərinə baxıb onları inqilabın əvvəli ilə müqayisə edəndə görürük ki, ümumiyyətlə müqayisəolunası deyil. O zaman təxmin olunmurdu ki, bütün problemlərə rəğmən, bu mərhələyə çatmaq mümkün olsun. Amma Allahın yardımı ilə çatdıq. Bu, inamla yanaşı olan müqavimətin təsiridir. Yol budur. Əgər məmurlar səhlənkarlıq etsələr, onun məhvedici təsiri yalnız özlərinə yox, bütün xalqa toxunacaq.
Məmurların adi insanlara məxsus günahlardan əlavə, özlərinə məxsus günahları da var. Onlardan biri səhlənkarlıq - görə bildiyi və görməli olduğu işi göməməkdir. Bizim günahlarımızdan başqa birisi ümumi əmlaka əl uzatmaqdır. Yəni bu günahı mən və siz edə bilərik, adi camaat edə bilməz. Onun təsiri də adi bir adamın etdiyi oğurluğa nisbətən dəfələrlə artıqdır. Ümidsizlik yaratmaq və ölkənin ümumi hərəkətini zəiflətmək bizim günahlarımızdan başqa birisidir. Xalqı, fəal qüvvələri məyus etmək, həvəs və ümidlə hərəkət etməli olan şəxsləri həvəsdən salmaq xalqın hərəkətini zəiflətməkdir. Bu, böyük günahdır. Ölkənin hərəkətini zəiflədən amillərdən biri təfriqə, ixtilaf və intriqadır. İxtilaf yaratmaq, yaxud ixtilafı dərinləşdirmək biz məmur və siyasətçilər zümrəsinə məxsus günahlardandır. İqtisadi fəsad - istər iqtisadi fəsadda rolunun olması, istər iqtisadi fəsada göz yummaq da ölkənin ümumi hərəkətini zəiflədən amillərdəndir. İqtisadi fəsadın özü həm fəsad kimi ölkənin ümumi maliyyə durumunda problem yaratdığından hərəkəti zəiflədən amildir, həm də xalqdakı mənfi təsirinə görə başqa bir cəhətdən fəsada səbəb olur və ümidsizlik yaradır. Buna görə istər Allah eləməmiş, bir fəsadda iştirak etmək, istərsə də bir fəsadı görüb ona göz yummaq, yaxud xalqı fəsada çəkmək, fəsada cürətləndirən sözlər danışmaq və işlər görmək ölkənin hərəkətini zəiflədən və bizə məxsus olan günahlardandır. Bu cəhətdən fəsadın növləri arasında fərq yoxdur.
Dostları ilə paylaş: |