Təqvanın geniş cəhətləri
Mən təqva barədə bir cümlə qeyd etmişəm. Çox vaxt təqva deyəndə şəriətin zahiri məsələlərinə, haram və vaciblərə əməl etmək yada düşür; yəni namaz qılaq, şəriət ödənclərimizi verək, oruc tutaq, yalan danışmayaq. Sözsüz ki, bunlar mühüm məsələlərdir, lakin təqvanın bizim çox zaman diqqət yetirmədiyimiz digər cəhətləri də var. Şərafətli "Məkarim əl-əxlaq" duasının bir hissəsində bu cəhətlər izah edilmişdir. Allah-Taaladan istəyir ki, İlahi, məni salehlərin zinəti ilə bəzə və təqvalıların libasına bürü. Təqvalıların libası nədir? Bu zaman maraqlı şərh gəlir: "(Təqvalıların libası) ədaləti yaymaq, qəzəbi udmaq, (insanlar arasında ixtilaf) alovunu söndürmək və ayrılanları birləşdirməkdir".2 Bunlar Səhifeyi-Səccadiyyənin iyirminci duası olan şərafətli "Məkarim əl-əxlaq" duasında göstərilən təqva nümunələridir. Bu dua çox mühüm duadır. Mən təklif edirəm ki, hamı, xüsusən də vəzifəli şəxslər bu duanı oxuyub, məzmununa diqqət yetirsinlər. Ardınca buyurur ki, ara vurmaq, xəbər aparmaq, bunu onun canına, onu bunun canına salmaq əvəzinə münasibətləri yaxşılaşdırsınlar, mömin və müsəlman qardaşlar arasında ülfət yaratsınlar. Bunlar təqvadır.
Baxın, bunların hamısı bizim bugünkü məsələlərimizdir. Ədaləti bərqərar etmək - məhkəmə ədaləti, iqtisadi ədalət, seçkilərdə ədalət, ölkənin sərvət və imkanlarını qruplar arasında bölməkdə ədalət, coğrafi ədalət – bunlar çox mühüm məsələlərdir. Bizim bunların hamısına ehtiyacımız var. Ədaləti bərqərar etmək təqvanın ən üstün cəhətidir. Bu, yaxşı bir namazdan, isti yay günlərində bir orucdan da üstündür. Hədisdə deyilir ki, hər hansı bir əmirin ədalətlə hökm etdiyi bir gün yetmiş il ibadət kimidir. Əmir sizlərsiniz - yəni fərmanınız altında bir təşkilat var və orada sözünüz keçir. Çox mühüm olan bu məsələlər ədalətin və ədalətli rəftarın əhəmiyyətini bizə göstərir.
Başqa bir məsələ dostlar qarşısında qəzəbi udmaqdır. Burada söhbət dostlardan gedir. Düşmənlər qarşısında əlbəttə ki, qeyzli olmaq lazımdır: "Və onların (müşriklərin əlindən əziyyət çəkən müsəlmanların) qəlblərindən qəzəbi silib aparsın"1. Sizin kimliyinizlə və varlığınızla müxalif olan düşmənə qarşı qəzəb müqəddəs qəzəbdir, onun eybi yoxdur. Möminlərə, müsəlman kimi rəftar etməyə əmr olunduğumuz insanlara qarşı qəzəb və əsəbilik isə yolverilməzdir. Qəzəb insana ziyan vurur. Qəzəblə qərar vermək zərərlidir, danışmaq zərərlidir, işləmək zərərlidir və çox zaman səhvlə nəticələnir. Bizdə təəssüf ki, belə hallar çox görünür. Yayınmaya, düşüncə və əməldə səhvə bais olan qəzəbin qarşısını almaq təqva nümunələrindən biridir.
Başqa bir məsələ alovu söndürməkdir. Bəzi adamlar siyasi və cinah ixtilafları yaradırlar. Bəzi adamlar sanki bu işə təyin olunmuşlar. Mən görürəm ki, öz ölkəmiz daxilində bəzi adamlar ümumiyyətlə müxtəlif qüvvələri, müxtəlif cinahları, onların hər birindən olan insanları bir-birinin canına salıb ixtilaf yaratmağa çalışır və sanki bundan xoşlanırlar. Bu, təqvanın ziddinədir. Təqva ixtilafları yatırtmağı tələb edir. Siz fiziki alovları söndürdüyünüz kimi, insani, mənəvi və əxlaqi alovları da söndürməlisiniz.
Başqa bir cəhət də ayrılanları cəlb etməkdir. Biz dedik ki, maksimum cəzb, minimum dəf etmək lazımdır. Əlbəttə, bu işdə meyar prinsip və dəyərlərdir. İnsanlar iman baxımından eyni deyillər. Bizim aramızda imanı zəif olanlar var, güclü olanlar var. Gərək yola gedək. İmanı zəif olanı dəf etmək və yalnız imanı güclü olanlara göz dikmək olmaz. Xeyr! Zəifləri də nəzərə almaq lazımdır. Özlərini güclü bilən şəxslər zəif hesab etdiklərini nəzərə alsınlar, özlərindən uzaqlaşdırmasınlar. Xətdə olan, lakin səhv və diqqətsizlik səbəbindən kənara çəkilib ayrılan şəxsləri özlərinə gətirsinlər, onlara nəsihət versinlər, istiqamət və yol göstərsinlər və geri qaytarsınlar. Bunlar mühüm məsələlərdir.
Bunlar təqvadır, tövbə yollarıdır. Bu ay tövbə və Allaha qayıdış ayıdır. Maraqlı burasıdır ki, oruc tutmaq və bu aydan istifadə ümumi məsələlərdir, fərdi məsələlər deyil. Yəni hamımız orucuq, hamımız bu aya daxil olmuşuq, hamımız bu süfrə başında əyləşmişik; İslam cəmiyyətinin və İslam ümmətinin bütün fərdləri. Əgər bu nəsihətlərə, kitab və sünnənin bu mühüm tövsiyələrinə əməl etsək, hamı özünü onun müraciət tərəfi bilsə, görün İslam dünyasında necə möhtəşəm hadisə baş verər; daha məhdud dairə olan ölkədə necə möhtəşəm hadisə baş verər. Bu ayın qədrini bilmək lazımdır. Qədrini bilmək odur ki, bu ayı həqiqətən tövbə ayı, Allaha qayıdış ayı, paklanma və saflaşma ayı edək və belə işlərlə məşğul olaq. Bu məclis üçün bizim əsas sözümüz bunlardır.
Quruluşun məsul şəxsləri ilə görüşdə çıxışından: 2010.
Dostları ilə paylaş: |