Qapalılığın və avamlığın İslam cəmiyyətinin ən böyük bəlalarından biri olması
Əgər ibadətdə diqqət olmasa, ibadətin bəndəlikdən, Allahla ünsiyyətdən və Onun qarşısında təslimçilikdən ibarət olan ruhuna diqqət yetirilməsə, insanın qarşısında müxtəlif təhlükələr yaranacaq. Onların biri qapalılıqdır. Bu günlərdə adlarını çox eşitdiyiniz Xəvaric qruplaşmasının bəzi üzvləri elə ibadət edir, Quran ayələrini elə oxuyur və elə gözəl namaz qılırdılar ki, hətta Əmirəlmömininin (ə) səhabələri də təsir altına düşürdülər. Döyüş ərəfəsində Əmirəlmömininin (ə) tərəfdarlarından biri gecə yarısı onların birinin ibadət etdiyini və bu ayələri gözəl səslə oxuduğunu gördü: "Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?!"1 O bundan təsirlənib Əmirəlmömininin (ə) yanına gəldi. Hətta Əmirəlmömininin (ə) yaxın səhabələri olan ayıq və məlumatlı insanlar da çox zaman belə səhvlərə düşürdülər.
Əbəs deyil ki, Əmirəlmöminin (ə) belə buyurmuşdur: "Heç kim bu işi (Xəvaricin darmadağın edilməsi işini) görə bilməz, bu fitnəni yatırmağı bacarmazdı". Bu iş üçün həqiqətən həzrət Əlinin (ə) xəncəri, ayıqlığı, özünə güvənməsi və öz yoluna inamı lazım idi. Hətta bəzən aparıcı adamlar da təsirlənirdilər. Əmirəlmöminin (ə) həmin səhabəsinə buyurdu ki, sabah sənə deyəcəyəm. Ertəsi gün müharibə bitəndə və Xəvaric qruplaşmasından on nəfərdən də azı sağ qalanda, digərləri döyüşdə öldürüləndə həzrət öz tərəfdarlarına və səhabələrinə nəsihət vermək və onların ibrət alması üçün ölülərin arasında gəzir, onların bəzisi ilə danışırdı. Arxası üstə uzanmış bu ölülərin birinə çatanda imam onu qaldırmalarını istədi. Bəlkə də buyurdu ki, onu oturdun və oturtdular. Sonra yaxın səhabələrindən olan həmin şəxsə buyurdu ki, bunu tanıyırsanmı? Dedi ki, xeyr, ey Əmirəlmöminin. Buyurdu ki, bu ötən gecə Quran oxuması ilə səni valeh edən şəxsdir.
Bu necə Quran oxumaqdır?! Bu necə ibadət etməkdir?! Bu, ibadət ruhundan uzaqlaşmaqdır. Əgər insan ibadət, namaz və Quran ruhu ilə tanış olsa, İslamın həqiqətinin və məğzinin təcəssüm olunduğu Əli ibn Əbu Talibin (ə) bir tərəfdə durduğunu görərkən bütün şübhələrdən çıxıb ona qoşular. Bunu təyin etməmək və nəticədə Əliyə (ə) xəncər çəkmək Qurandan və dindən uzaqlaşmaqdır.
Deməli, məsələnin bir tərəfi sözügedən qapalılıq, düşüncəsizlik, bizim Bəni-Üməyyə və Bəni-Abbas xilafəti zamanı müşahidə etdiyimiz böyük və əsaslı səhvlərdir. Bəziləri dindar, ibadətçi və zahid insanlar idilər, kitablarda adları abidlərin, zahidlərin, əxlaqlı və düzgün insanların sırasında qeyd olunmuşdur, amma səhv edirdilər; haqq cəbhəsini batil cəbhəsi ilə qarışdırmaq kimi böyük bir səhv. Ən böyük səhv budur. Kiçik səhvlər bağışlana bilər. Bağışlanmaz səhv isə kiminsə haqq cəbhəsini batil cəbhəsi ilə səhv salması və haqqı ayırd edə bilməməsidir.
Dostları ilə paylaş: |