Allaha ehtiyacsızlıq hissinin təhlükələri
İnsan üçün təhlükəli olan bu ehtiyacsızlıq, öz qüdrət və biliyinə arxalanmaq hissidir. Qurani-kərim Qarunun əhvalatını danışarkən deyir ki, ona nəsihət verəndə belə cavab verirdi: "Mən onu elmlə əldə etmişəm".1 Mən bu sərvəti öz elm və biliyimlə əldə etmişəm və bunlar özümə məxsusdur. Bu qürur, fəxr, təkəbbür, insanın malik olduğu, böyük və çox sandığı dəyərsiz sərvətə güvənmək ən böyük bəladır.
İslam Respublikasında bütün təbəqələr - istər quruluşda vəzifə tutanlar - əlbəttə ki, bu şəxslərin vəzifəsi daha ağır, daha təcili və daha vacibdir - istərsə də adi camaat çalışıb özlərində bu təvazökarlıq hissini yaratsınlar, azğınlığa səbəb olan təkəbbürlülüyü məhv etsinlər. Belə olsa, çoxlu problemlər həll olunacaq və cəmiyyət həqiqətən müsəlman cəmiyyəti olacaq. Biz bu işləri görməliyik. Nə gözləyirik? Bizim daxilimizdə olan o hiss və vəsvəsə daim bizə deyir ki, digərlərindən üstünük, bizim sözümüz digər sözlərdən daha məqbuldur, bizim məqamımız ayrılarının məqamından ucadır. Bu, İslam quruluşunda fəsada, ixtilafa və hər şeyin qırılmasına bais olur. Bunu məhv etmək lazımdır. Əgər biz öz vücudumuzda və cəmiyyət səviyyəsində bu şeytani xisləti məhv etsək, qardaşlıq və həmkarlıq, daha yaxşı və daha güclü birlik yaranacaq və cəmiyyət özünün ilahi şəfasını tapacaq.
Əmirəlmöminin (ə) şərafətli Nəhcül-bəlağə kitabında təkəbbürlülük xüsusiyyəti və onun müalicəsi barədə gözəl sözlər buyurmuş, bu haqda o həzrətdən dürlü kəlamlar nəql olunmuşdur. O həzrətin həyatı da Allah üçün və Allah yolunda bəndəliyin timsalıdır. Bəlkə də insan vücudundakı təkəbbürlülük və qürur hissinin qarşı tərəfini ilahi hökmləri qəbul etməklə yanaşı olan bəndəlik və Allah qarşısında mütləq təslimçilik hesab etmək olar.
Bu, Allah övliyalarının xüsusiyyətidir və Əmirəlmöminin (ə) buna hər kəsdən daha çox yiyələnmişdi. O həzrət ömrünün və İslam yolunda mübarizələrinin əvvəlindən xəlifə seçildiyi zamana qədər, eləcə də xilafət və hökuməti dövründə, siyasət meydanının tağutları, təkəbbürlüləri və hegemonları ilə mübarizə zamanı insanların daxilində olan həmin hegemon ruhiyyə ilə də mübarizə aparırdı. Onun fərdi əməli belə idi. O həzrətin öz vücudunda olan təvazökarlıq və Allah qarşısında kiçilmə hissi möhtəşəm və müstəsna bir hiss idi və o digərlərində də bu hissi yaradırdı.
Ümidvarıq ki, Allah-Taala Quranın kəramətli ayələri və təqvalılar ağasının sözləri sayəsində o həzrətə aid olan bu günlərdə bizə ilahi bəndəlik yoluna qədəm qoyub özümüzü Allahın layiqli bəndəsi etmək səadətini nəsib etsin!
Dostları ilə paylaş: |