Ramazan - ruhi və mənəvi xəstəliklərin müalicə ayı
Ramazan ayı çox əlverişli bir aydır. Allah-Taala özümüzü islah etmək üçün mənə və sizə belə bir imkan yaradıb. Bu ayın saatları çox faydalı və qənimətli saatlardır. Sizin bu ayda bir rükət namazınız, bir "subhanəllah" zikriniz, bir qədər sədəqə verməniz, qohumları ziyarət etməniz eyni işləri ramazandan başqa bir ayda görmənizdən dəfələrlə üstündür. Bu, çox gözəl fürsətdir. Bu ayda insanın öz qeydinə qalması üçün yaxşı şərait yaranır. Sanki bir həkim bir xəstəyə rast gəlir. O xəstənin müxtəlif xəstəlikləri var; şəkər xəstəliyi var, qan təzyiqi var, qanında yağlılıq var, sümük ağrısı var, revmatizm var, mədə yarası var, xülasə, çoxlu xətəliklər var. Onun xəstəliklərini və müalicə yolunu bilən mahir həkim bu xəstəyə nə edər? Əvvəl onun xəstəliklərini bir-bir kağız üzərinə yazmalıdır. Əgər həkim onun bəzi xəstəliklərini bilməsə və hansısa xəstəliyə zərərli olan bir dərman yazsa, müalicə etmək yerinə yazığı digər xəstəliklərə də düçar edər. Məsələn, mədə yarasının olduğunu bilmir və onun revmatizmini müalicə etmək üçün aspirin verir. Düzdür, aspirin revmatizmin dərmanıdır, amma mədə yarası üçün çox ziyandır. Əgər həkim bu xəstəlikdən xəbərsiz olsa, yaxud xəstənin buna düçar olduğunu bilməsə, onu müalicə etmək yerinə yazığı mədə qanaxmasına yoluxdura bilər. Deməli, əvvəlcə diqqətlə baxmalı, qayğıkeşliklə xəstəlikləri tapmalı və yazmalıdır. Sonra onların hansının daha mühüm, daha təcili və daha dərin olmasına baxmalıdır. Mədəsində narahatlıq olan şəxsin bədəni hər bir dərmanı götürmür. Yaxud bağırsağı xəstədirsə, hər bir gücləndirici qidadan istifadə edə bilməz. Yolu budur ki, əvvəlcə mənfi təsiri digərlərindən çox olan və sağaldığı təqdirdə şəfasının müsbət təsiri daha böyük olan xəstəliyi təyin etsin.
Siz özünüzə həkim olun. Əziz qardaş! İnsanın özü kimi başqa heç bir kəs onun xəstəliklərini görə bilməz. İnsanda bəzi xəstəliklər var. Məsələn, siz mənə "Sən bu xəstəliyə tutulmusan" - desəniz, əsəbiləşər və inciyərəm. Əgər kiməsə "Siz paxıl adamsınız" - desələr, məgər buna dözər?! Deyər ki, paxıl özünsən, niyə təhqir edirsən, nə üçün boş-boş danışırsan. Biz bu sözləri digərindən qəbul etmirik, lakin özümüzə müraciət etdikdə görürük ki, bəli, acı da olsa, bizdə bu xəstəliklər var. İnsan kimi aldatsa da, kimdən gizlətsə də, özündən gizlədə bilməz. Deməli, xəstəliyimizi təyin edən ən yaxşı adam özümüzük. Siz bunları yazın; yazın həsəd, yazın xəsislik, yazın digərlərinə bədxahlıq; yazın ki, digərinə bir xeyir çatanda biz narahat oluruq; yazın işdə tənbəllik, yazın yaxşı və saleh insanlara bədbinlik, yazın vəzifələrə etinasızlıq, yazın xudpəsəndlik; yazın ki, biz özümüzü çox sevirik.
Hansı xəstəliyə tutulmuşuqsa, onu kağız üzərinə yazaq. Ramazan ayı bu xəstəlikləri mümkün həddə bir-bir müalicə etmək üçün yaxşı fürsətdir. Əgər müalicə etməsək, bunlar təhlükəli olacaq, bizi mənəvi və həqiqi cəhətdən məhv edəcək. Fiziki cəhətdən məhvolma çox da mühüm deyil. Əgər bizdə ölümcül bir xəstəlik olsa, yaxud buna ehtimal verilsə, nə qədər əl-ayağa düşərik, gecə yata bilmərik, ən yaxşı həkimləri tapıb deyərik ki, birdən mənim bədənimdə, əlimdə, dərimdə olan bu vəzi xərçəng olar. Bunu təsəvvür etməyə də çox qorxuruq. Sonu nədir? Sonu ölməkdir. İndi olmasa, bir ildən sonra, iki ildən sonra, on ildən sonra bu baş verəcək. Nizami Gəncəvi yaxşı deyir:
İstər bir gün yaşa, istər yüz il, onsuz da bu dünyadan köçəsisən!
Qalası deyilik, bir neçə günlükdür; ya bir qədər çox, ya bir qədər az, axırı bitəcək. Fiziki məhvolma belədir, amma ondan bu qədər qorxuruq. Mənəvi məhvolma isə əbədi olaraq ilahi əzaba düçar olmaqdır; yəni əbədi həyatda Allahın bizdən ötrü yaratdığı bütün nemət və ləzzətlərdən məhrum olmaq. İnsan qiyamətdə baxıb görəcək ki, Allah-Taala ünsiyyətdə olduğumuz, küçə və məhəllədə gördüyümüz bəzi bəndələrinə, iş yoldaşımıza, tələbəlik dostumuza və yaxud oturub-durduğumuz bir adama bu dünyada gördüyü bəzi işlərə, çəkdiyi bəzi zəhmətlərə görə uca məqamlar verir, onları cənnətə aparır, əzabdan qurtarır, qiyamətin əziyyətlərindən xilas edir, biz isə tənbəlliyə görə, öz qeydimizə qalmamağa və bir anlıq diqqətsizliyə görə onların hamısından məhrum olmuşuq. O zaman həsrət insanı yandırıb-yaxar: "Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut!"1 Daha iş işdən keçmişdir və həsrətin faydası yoxdur. Bu, mənəvi cəhətdən məhvolmadır.
Qardaş və bacılar! Əgər öz qeydimizə qalmasaq, bunun sonu bədbəxtlik, üzüqaralıq, məhrumluq, Allahın gözündən düşmək, mənəvi məqamlardan və Allahın əbədi nemətindən məhrumluq olacaq. Deməli, öz qeydimizə qalmalıyıq. Ramazan ayı yaxşı fürsətdir. Əxlaq kitabları da xoşbəxtlikdən, çoxdur. Lakin insanın kompleks şəkildə anladığı mühüm məsələ budur ki, insan öz nəfsinə nəzarət etsin, onu cilovlasın. Əsas məsələ budur.
Dostları ilə paylaş: |