Allah yolunda malla, canla və dillə cihad etmək
"Allah yolunda malla, canla və dillə cihad etməyi sizə vəsiyyət edirəm". Bu işi tərk etməyin. Bu həmin cihaddır ki, İslam ümməti onu etdiyi zaman dünyanın nümunəvi xalqı idi, əldən verəndən sonra isə xar oldu. Məsihi yazıçılar İncil kitablarında Məsihin dilindən belə yazmışlar: "Əgər bir üzünə sillə vursalar, o birini gətir"; "Biz əsla müharibə tərəfdarı deyilik, mütləq şəkildə barış və mehribanlıq tərəfdarıyıq". Bu onların şüarıdır. Hələ də deyirlər. Hələ də utanmadan müsəlmanları məzəmmət edirlər ki, siz cihad, müharibə və xəncər tərəfdarısınız. Bunu o qədər dedilər ki, axırda müsəlmanlar utandılar; müsəlman yazıçı və alimlər dedilər ki, bizdə cihad yoxdur, bizim cihadımız əslində müdafiədir. Allah-Taala deyir ki, cihad et, müsəlman alim isə deyir ki, cihad müdafiədir. Allah buyurur: "Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!"1 Onlara arxa çevrməyin, onlarla vuruşun: "Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun!"2 Müsəlman yazıçı deyir ki, Allah yolunda cihad əslində cihad deyil, hücum deyil, müdafiədir. Bütün bunlar məsihilərin təbliğatının təsiridir. Sülh və barışdan o qədər danışdılar, o qədər "Müharibə pisdir, döyüş pisdir, heç kimə hücum etməyin" – dedilər ki, cihad tərəfdarı olan və cihadla izzətlənmiş müsəlmanları təcrid etdilər. Lakin sülh tərəfdarı olan o cənabların özləri harada imkan tapdılarsa, müsəlmanların günlərini qara etdilər. Bu gün Bosniya-Herseqovinada və işğal olunmuş Fələstinin Xəlil ər-Rəhman məscidində müsəlmanları qırmaqda olanlar Amerika və Avropadan gələnlərdir. Həmin avropalılar, amerikalılar və qərblilər bir ömür müsəlmanlara dedilər ki, siz cihad tərəfdarısınız və cihad pisdir. Eyni zamanda xaç yürüşlərindən bu yana məsihilər bir formada, o birilər də başqa formada bacardıqları qədər müsəlmanlara qarşı mübarizə apardılar, vuruşdular və öldürdülər.
Bu hadisələri biz burada deməli deyilik. Xülasə, qəribə hadisələrdir. Tarixi oxuyan və bilən şəxs belə hadisələrdən ötrü qan ağlayar; həm edilən zülmlərə görə, həm də ikiüzlülüklərə görə. Sülhdən bu qədər dəm vururlar, eyni zamanda bu qədər gizli və aşkar xəncərləri var.
Sözsüz ki, müəyyən həddi-hüdudu olan İslam cihadı isə zülm deyil. Cihadda insanların hüquqlarına zülm və təcavüz yoxdur. Cihadda yeri gəldi-gəlmədi onu-bunu öldürmək yoxdur. Cihadda müsəlman olmayan hər bir kəsi öldürmək yoxdur. Cihad – Allahın çox möhtəşəm bir hökmüdür. Əgər cihad olsa, xalqlar başıuca olarlar.
Sonra buyurur ki, bir-birinizlə əlaqəniz olsun, bir-birinizə kömək edin, əl tutun, bir-birinizə arxa çevirməyin, əlaqələrinizi kəsməyin. Buyurur ki, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək əməlini heç vaxt tərk etməyin. Əgər tərk etsəniz, yaxşı işlərə dəvət edən və pis işlərdən çəkindirən olmasa, pislər iş başına gələr, hakim olarlar. Əgər insanlar pisləri və pislikləri məzəmmət etməyə adət etməsələr, pislər hakimiyyətə gələrlər. Sonra siz yaxşılar "İlahi! Bizi bu pislərin şərindən qoru!" – deyə dua edərsiniz, amma duanız qəbul olunmaz.
Əmirəlmöminin (ə) bu vəsiyyətində təxminən iyirmi ən mühüm mövzunu bəyan etmişdir. Sonra da əsaslı və həssas bi məsələyə toxunur. O əsas məsələ nədir? İntiqam almaq məsələsidir. Buyurdu ki, ey Əbdülmüttəlib övladları! Ey özlərini qisas sahibi bilən qohumlarım! Məndən sonra onun-bunun canına düşməyin, möminlərin əmiri öldürülüb deyə, kiminlə haqq-hesabınız varsa, ortaya atıb insanları məhv etməyə çalışmayın. Əgər ölsəm, məndən sonra yalnız qatilimi öldürün. Əgər bu yaradan dünyamı dəyişsəm, ona yalnız bir zərbə vurub qisas alın; bir zərbəyə qarşı yalnız bir zərbə.
Bədbəxt və xəbis İbn Mülcəmin üstünə düşüb, onu tikə-tikə etmək qorxusu vardı. Buna görə allahşünas, Allahı axtaran və diqqətli insan olan Əmirəlmöminin (ə) camaatın qəzəb və qisas hissi ilə düşməni parçalamasından ehtiyatlanıb buyurdu: "Onun bədən üzvlərini kəsməyin. Mən Allah Rəsulunun belə dediyini eşitmişəm: "Hətta quduz iti də parçalamayın!"
Bu, Əmirəlmömininin (ə) son vəsiyyətidir və onun müraciət tərəfi bizik. Biz bu vəsiyyətə əməl etməliyik.
Tehranın cümə namazı xütbələrindən: 1994.
Dostları ilə paylaş: |