İmam Səccadın (ə) istəkləri
Bu gün fitr bayramı münasibəti ilə və Əmirəlmömininin (ə) nurlu kəlamlarından sonra bir əxlaqi məsələ haqda qısaca danışmaq istəyirəm. İmam Səccad (ə) Səhifeyi-Səccadiyyənin sübh namazı ilə onun nafiləsi arasında oxunan duanın sonunda Allah-Taaladan altı istək diləyir. Deyir ki, İlahi, mənə kamil ağıl, güclü iradə, dərin məzmun – mən bu üçüncü istək üzərində dayanacağam – təmiz qəlb, çoxlu elm, gözəl və parlaq ədəb-ərkan bəxş et.
Üçüncü istək dərin məzmundur. Bunun mənası odur ki, işimin məğzi və məzmunu onun zahirindən və formasından çox olsun. Görün İmam Səccad (ə) Allahdan nə istəyir! Mən siz möminlərə, böyük İran xalqına, qəlbləri iman nuru ilə işıqlanmış, öz sözləri və əməlləri ilə bir dünyanı işıqlandırmış insanlara bunu təkrarlamaq istəyirəm: dərin məzmun!
İnsanlar iki qisimdir: Bir qisim insanların nəyi varsa, zahirindədir; zahiri gözəl, gözoxşayan və bəzən heyranedici, daxili isə boş və puçdur, içində heç bir şey yoxdur. Bu, böyük işlər görmək istəyən ən pis insan qismidir. Bundan Allaha sığınırıq! Başqa bir qisim isə daxili zahirindən üstün olandır; zahiri necədirsə, daxili daha yaxşı və daha dərindir. İmam Səccad (ə) bizə öyrədir ki, Allahdan belə insan olmağı istəyək.
Bilirik ki, dualar yalnız Allahdan istəmək deyil, onlarda bizim üçün dərslər də vardır. Riyakarlıq, puçluq və məzmunsuzluq birinci qisim insanlara məxsusdur. Belə bir insan nə müharibədə işə yarayır, nə çətinlikdə köməyi toxunur, nə ağır vəzifələri qəbul edə bilir. Nəyi varsa, yalnız zahirindədir. İslam tərbiyəsi isə belə deyil. İslam tərbiyəsi deyir ki, zahirini qorumalısan, amma daxilin zahirindən yaxşı olmalıdır. Kimsə düşünməsin ki, zahir necə olur-olsun, əsas daxildir. Bəli, əsas daxildir, amma zahir daxilin göstəricisi olmalıdır: "Zahir daxilin sərlövhəsidir". Zahiri də düzəltmək lazımdır. Heç kəs zahirdə yanlış işlərə təmayül nümayiş etdirməməlidir. Bir insanın zahirində və simasında Allaha ibadət əlamətləri görünsə, çox yaxşı təsir buraxar. Lakin eyni zamanda daxil zahirdən daha yaxşı və daha ağır olmalıdır.
Fitr bayramı namazının xütbələrindən: 1994.
Dostları ilə paylaş: |