DÜNYA MALINDAN BƏHRƏLƏNMƏYİN ME’YARI
Müttəqilər imamı Əli (ə) bu hissədə buyurur: «Haram yolla əldə olunan təam pis təamdır ...» Bu cümləni iki cür təfsir etmək olar:
a) İlkin olaraq deyə bilərik ki, bir insan, adətən, dünya işlərini dəyərləndirmək, onlardan bəhrələnmək və ya pəhriz etmək üçün ölçüdən istifadə edir. Həmin ölçü əsasında işləri qiymətləndirir və bu işlərə münasibətdə vəzifəsini müəyyənləşdirir. Məsələn, bir şəxs özünə deyə bilər ki, mənim təbimə uyğun gələn nə varsa, yaxşıdır, təbimə uyğun gəlməyənlər isə pisdir. Ya da insan belə bir me’yarı əsas götürür ki, nədən ki ləzzət alıram yaxşıdır, nədən ki ləzzət almıram pisdir və bütün dünyəvi işlərini bu me’yar əsasında tənzimləyir.
Həzrət Əlinin (ə) nəzərində isə bu sırf maddi me’yarın heç biri düzgün deyil. Əksinə, mə’nəvi və ruhani me’yar nəzərdə tutulmalıdır. Hər xoşa gələn qidanın yaxşı, hər xoşa gəlməyən qidanın pis sayılması düzgün fikir deyil. Ləzzət və tamsızlıq, təbəuyğunluq və qeyri-uyğunluqdan əlavə mə’nəvi me’yar da nəzərdə tutulmalıdır. O qida yaxşıdır ki, dadsız da olsa halal olsun. O qida pisdir ki, şirin və dadlı da olsa, haram olsun. Bu təfsirə əsasən, təkcə zahiri me’yarlarla kifayətlənməməli, mə’nəvi dəyərlərə də diqqət yetirilməlidir. Bu cəhətə görə deyə bilərik ki, Həzrətin (ə) «haram yolla əldə olunan təam pis təamdır» cümləsini bəyan etməkdə məqsədi, həqiqətən, dünyəvi ləzzətlərin mə’nəvi tərəfinə diqqət yetirilməsidir.
b) Uyğun kəlam üçün verilə biləcək digər bir təfsir budur ki, Həzrətin (ə) məqsədi mütləq haramdır. Yə’ni Həzrətin (ə) kəlamı bu mə’naya işarə edir ki, bizim gördüyümüz işlərin hamısı ruhumuzun formalaşmasına tə’sir göstərir. Bu dünyada qəbul etdiyimiz qidalar bədənimizdə əsər qoyur. Faydalı və sağlam qida bədənimizi inkişaf etdirir, bədənin sağlamlığını və enerjisini tə’min edir. Qida zəhərli olsa bədən xəstələnər, növbənöv mikroblara yoluxar, bə’zən də ölümlə çarpışmalı olar. Anoloji olaraq, insanın ruhu da onun dünyadakı yaxşı və pis əməllərinin nəticəsində sağlam və ya xəstə, diri və ya ölü ola bilər. Gördüyümüz işlər əslində ruhumuza təqdim etdiyimiz qidalardır. Pis, zəhərli qidalar orqanizmimizi xəstələndirdiyi kimi, günah və haram işlər də ruhumuzu xəstəliyə düçar edir. Ruhumuza tə’sir göstərən həmin bu əməllərimiz və rəftarlarımızdır. Necə ki, yediyimiz qidalar bədənə tə’sir göstərir, əməl və rəftarlar da ruhumuzda tə’sir qoyur. Bu təfsirə əsasən, Həzrətin (ə) kəlamının mə’nası budur ki, haram iş insan ruhunun pis qidasıdır. Bu izah əvvəlki izahdan daha əhatəli və yetərlidir.
Dostları ilə paylaş: |