QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə
İşçi Qrupunun
Aylıq
İnformasiya
Bülleteni
№2
31 may 2010-cu il
İçindəkilər:
-
İşçi Qrupunun fəaliyyət xronologiyası: aprel və may
-
İşçi Qrupunun istək və tələbləri dəyişməzdir
-
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin monitorinqi (may ayı üçün)
-
QHT Şurası informasiya portalının (qhtxeber.az) monitorinqi
-
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətnin monitorinqi (may ayı üçün)
-
KİV Fondunun veb-səhifəsinin (kivdf.gov.az) monitorinqi
-
İşçi Qrupu 2009 və 2010-cu illərdə qalib elan edilmiş hansı layihə və büdcələri istəyir? – TAM SİYAHI
-
Arayış: Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda kimlər təmsil olunur?
-
Faydalı: İşçi Qrupunun Aylıq İnformasiya Bülleteninin ilk sayında (28 aprel 2010) əksini tapan xəbər və məqalə başlıqları
* İşçi Qrupunun fəaliyyət xronologiyası: aprel və may
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə İşçi Qrupu (bundan sonra qısaca – İşçi Qrupu) 2010-cu il aprelin 7-də elan olunub. Qrupa aşağıdakı şəxslər və onların rəhbərlik etdikləri təşkilatlar daxildir:
İdrak Abbasov, “Ekstremal Jurnalistika İnstitutu”,
Esmira Orucova, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyii,
Üzeyir Cəfərov, “Hərbi Jurnalistlər” İctimai Birliyi, milaz.info saytının baş redaktoru,
Tərlan Eyvazov, “Silahlı Qüvvələrə İctimai Nəzarət” Mərkəzi,
Etibar Əliyev,“21-ci Əsr” Təhsil Mərkəz),
Cəsur Məmmədov, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi, İşçi Qrupunun əlaqləndiricisi.
-
Aprelin 7-də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə İşçi Qrupu təsis olunub.
-
Aprein 15-də İşçi Qrupu Hesablama Palatasına müraciət edərək hər iki qurumda təcili maliyyə yoxlamasının aparılmasını istəyib.
-
Aprelin 15-də mövcud olan çoxsaylı şübhələrə aydınlıq gətirilməsi məqsədilə 2010-cu ildə qalib elan olunmuş bir sıra layihələrin müstəqil şəkildə monitorinqinin aparılması və qiymətləndirilməsi üçün donor qurumların rəhbərləri Azay Quliyev və Vüqar Səfərliyə müraciət edilib. Müraciətdə bu qurumlar tərəfindən maliyyə ayrılmış 16 layihənin Layihə təklifi və Büdcə Forması istənilib.
-
Aprelin 15-də İşçi Qrupu QHT-lərə dövlət dəstəyi Şurasının qalib elan etdiyi layihələr çərçivəsində yaradılmış 20 saytdan cəmisi 3-nün aktiv olduğunu bəyan edib. İşçi Qrupu hesab edir ki, bu faktik olaraq dövlət vəsaitinin səmərəsiz istifadə olunmasının göstəricisidir.
-
Aprelin 15-də proses barədə prezident İlham Əliyevə məlumat məktubu göndərilib.
-
Aprelin 22-də isə İşçi Qrupu "Proqram və layihələrin monitorinq və qiymətləndirilməsinin metodologiyası" adlı sənədin təqdimat mərasimini keçirib.
-
Aprelin 22-də İşçi Qrupu hər iki qurum tərəfindən 2009-cu ildə qalib elan olunmuş 23 layihənin Layihə təklifi və Büdcə Formasının əldə edilməsi üçün yenidən Azay Quliyev və Vüqar Səfərliyə müraciət edilib. Işçi Qrupunda bu layihələrin səmərəlliyinə dair ciddi şübhələr mövcuddur.
-
Aprelin 22-də Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edilərək hər iki qurumda qeyd edilən layihələrin vəziyyəti və digər məsələlərlə bağlı yoxlamalar aparılması istənilib.
-
Aprelin 22-28-i İşçi Qrupu tərəfindən “qrant saxtakarlığına son – virtual məlumatlandırma həftəsi” elan olunub. Həftə ərzində hər iki qurumun fəaliyyətində müşahidə edilən qanunsuzluqlar, İşçi Qrupunun istək və tələbləri, qrup tərəfindən QHT və KİV-ə dövlət dəstəyi qurumlarından istənilən layihələrin adlarının, perspektiv fəaliyyətin əks olunduğu məlumat bulletenləri davamlı olaraq ölkədəki rəsmi və qeyri-rəsmi orqanlara, KİV və QHT-lərə, eyni zamanda xarici dillərə çevrilərək beynəlxalq təşkilatlara, donorlara, özəl şirkətlərə, KİV-ə və QHT-lərə dəstək üzrə anoloji qurumlara və s. göndərilib.
-
Aprelin 28-də İşçi Qrupu tərəfindən hazırlanmış “Aylıq İnformasiya Bülleteni”nin ilk ssyı (elektron formada) oxucuların ixtiyarına verilib.
-
Mayın 13-də İşçi Qrupu QHT və KİV-ə dövlət dəstəyi qurumlarının rəhbərləri Azay Quliyev və Vüqar Səfərliyə ünvanlanmış məktubları taleyi, onlara verilən cavablara dair mətbuat konfransı keçirib. Tədbirdə bəyan edilib ki, QHT Şurası rəhbərliyinin cavabı qanedici deyil və qurumda korrupsiyanın olması ehtimallarını gücləndirir. KİV fondu isə ümumiyyətlə məktublara cavab verməyib. Eyni zamanda Hesablama Palatası, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Prezidentə ünvanlanmış məktublara da bu günə qədər hər hansı şəkildə cavab verilməyib.
-
Mayın 13-də İşçi Qrupu QHT və KİV-ə dövlət dəstəyi qurumlarının fəaliyyətinin monitorinqinə dair ilkin sənədi KİV-ə açıqlayıb.
-
Mayın 13-də İşçi Qrupu bir sıra beynəlxalq təşkilatlar və donorlarla bağlı QHT Şurasının informasiya portalı olan qhtxeber.az saytında əksini tapan “qara piar” xarakterli məlumatlarla ictimaiyyət tanış edib və bunun təhlükəli xarakter daşıdığını bəyan edib.
-
Mayın 18-də İşçi Qrupu QHT və KİV-ə dövlət dəstəyi qurumlarının rəhbərlərinə yeni məktublar ünvanlayıb. Bu məktublarda 2009-2010-cu illərdə qalib elan olunmuş 39 layihənin hər birinə dair 6 sənəd istənilir.
-
Mayın 20-də İşçi Qrupu ona daxil olan QHT nümayəndələrinə hədə-qorxularla əlaqədar bəyanat yayıb. Sənəddə bildirilib ki, bir sıra şəxslər İşçi Qrupuna daxil olan QHT-lərə hədə-qorxu gələrək qanunsuzluqlarla mübarizəni dayandırmağı tələb edirlər. İşçi Qrupu bəyan edib ki, baş verəcək hər hansı neqativ hadisəyə görə, məsuliyyət QHT və KİV-ə dövlət dəstəyi qurumlarının rəhbərləti Azay Quliyev və Vüqar Səfərlinin üzərinə düşəcək.
-
Mayın 24-də Baş Prokurorluq İşçi Qrupuna cavab məktubu göndərib. İşçi Qrupu bu cavabı QHT və KİV-ə dövlət dəstəyi qurumlarının fəaliyyətlərində ehtimal olunan korrupsiya hallarını ört-basdır etmək cəhdi kimi qiymətləndirib.
-
Mayın 31-də İşçi Qrupu tərəfindən hazırlanmış “Aylıq İnformasiya Bülleteni”nin 2-ci sayı (elektron formada) oxucuların ixtiyarına verilib.
*İşçi Qrupunun istək və tələbləri dəyişməzdir
İşçi Qrupu hesab edir ki, KİV və QHT-lərə dövlət dəstəyi qurumlarına indiyədək ayrılmış milyonlarla manat vəsait əksərən səmərəsiz istifadə olunur. İşçi Qrupunun sözügedən qurumların fəaliyyətlərində korrupsiya elementlərinin olmasına dair şübhələri var. Araşdırmalar göstərir ki, 2008-ci ildən bu yana hər iki dövlət qurumunun fəaliyyətinə dövlət büdcəsindən 8 milyon manata yaxın vəsait ayrılıb. İşçi Qrupu hesab edirik ki, bu vəsaitin 90 faizi səmərəsiz istifadə olunur. Eyni zamanda Qrupun vəsaitin 40 fazinin korrupsiya hədəfinə çevrilməsi barədə şübhələri var. Bu az rəqəm deyil – 3 milyon manatdan artıq bir göstəricidir.
İşçi Qrupu KİV-ə və QHT-lərə dövlət dəstəyi qurumlarının fəaliyyətindəki qanunsuzluqların aradan qaldırılması üçün aşağıdakı tələb və təklifləri irəli sürür:
1. Azərbaycan Respublikası Hesablama Palatası və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə tərəfindən QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda maliyyə yoxlamalarına başlanılmalıdır. Bu yoxlama zamanı dövlət maliyyəsinin bölüşdürülməsi vəziyyəti və səmərəlilik meyarları diqqətlə araşdırılmalıdır.
2. Hər iki qurumun rəhbərliyində təmsil olunanların dəyişdirilməsi prosesinə başlanılmalıdır. Müşahidələr göstərir ki, onların faəliyyətinə ictimai inam getdikcə itir.
3. QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda çalışanların özlərinə, onların qohumlarına, yaxınlarına aid QHT və KİV-lərin müsabiqələrdə iştirakı mexanizmləri və qaydaları dəyişdirilməlidir. Araşdırmalar göstərir ki, keçirilən müsabiqələrdə qalib gələnlərin təxminən 40 faizi qurumlarda təmsil olanların özlərinə və yaxınlarına aid olan QHT və KİV-lərdir. Bu baxımdan hər iki dövlət qurumuna bu və digər QHT və KİV-lə bağlılığı olmayan müstəqil şəxslərin seçilməsi vacibdir. Eyni zamanda layihələrin qiymətləndirilməsində vaxtaşırı dəyişən ekspertlərin əməyindən istifadə edilməlidir. Eyni zamanda ictimai şəffaflıq üçün qalib elan olunan layihələrin tam mətnləri və onların büdcələri ictimaiyyətə təqdim olunmalıdır.
4. Müsabiqələrin keçirildiyi istiqamətlər və onlar üzrə təklif edilən mövzular Azərbaycanın bu günkü reallıqlarına cavab olaraq, problemlərin aradan qaldırılmasına töhfə verməlidir. QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyət göstərdikləri müddətdə ölkə QHT-lərinin və KİV-lərinin Azərbaycan üçün əsas sahələrdə: 1. Qarabağ münaqişəsinin nizamlanmasına töhfənin verilməsi, 2. Ölkədə demokratiyanın bərqərar olması, 3. Azad bazar iqtisadiyyatının təşəkkül tapması, 4. Ordu islahatlarının uğurla həyata keçirilməsi, 5. Elmi biliklərin inkişafı və ekoloji təhlükəsizliyin qorunmasında səmərəli fəaliyyətinə nail olunmamışdır. Əksinə, Qarabağ münaqişəsinin həlli ilə bağlı ictimai passivlik davam edir, ölkədə demokratik təsisatların qurulması gecikir, rəqabətli bazar iqtisadiyyatı hələ də qurulmayıb, ordu islahatları geri qalır, elmin inkişafında ciddi problemlər nəzərə çarpır. Bunlarla bağlı qalib elan olunan layihələrdə hər hansı real, ictimai maraq kəsb edən təkliflər yoxdur. Deməli layihələr səmərəsizdir..
5. Hər iki qurumun KİV və QHT-lər üzrə elan etdiyi müsabiqə istiqamətlərindən biri Azərbaycanın NATO, Avropa Birliyi, Avropa Şurası və ATƏT-lə əməkdaşlığının monitorinqi məsələləri olmalıdır, bu istiqamətdə xüsusi diqqət Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) reallaşmasına və ölkəmizin Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsi prosesinə yönəlməlidir,
6. Müsabiqələrin keçirilmə qaydaları təkmilləşdirilməli, sərt qaydalar tətbiq olunmalıdır, bu islahatlar reallıqda ictimai fayda verən, dövlətçiliyin möhkəmlənməsinə, ümummilli maraqlara xidmət edən layihələrin qəlib elan olunması yollarını açmalıdır,
7. Dövlətin ayrı-ayrı qurumları tərəfindən dəstəklənən, siyasi partiyaların rəsmi təbliğat orqanı olan KİV-ə yardım ayrılması prosesi dayandırılmalıdır, QHT və KİV-ə dəstək qurumları tərəfindən xeyriyyə tədbirlərinə vəsait ayrılması dayandırılmalıdır. Ümumilikdə xeyriyyə fəaliyyətlərinə maliyyə yardımının fərqli forması işlənilməlidir.
İşçi Qrupuna daxil olan KİV və QHT-lər bəyan edir ki, irəli sürülən təklif və tələblər dəyərləndirilməyincə, QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdikləri müsabiqəyə qatılmayacaqlar.
*Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin monitorinqi (may ayı üçün)
May ayı ərzində İşçi Qrupu tərəfindən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin monitorinqi bir sıra nəticələrə gəlməyə əsas verir.
-
İşçi Qrupu tərəfindən QHT Şurasının rəhbərliyinə göndərilmiş məktuba bu günə qədər cavab verilməməsi bir sıra layihələrin reallaşmasında həqiqətən də ciddi problemlərin mövcud olması anlamına gələ bilər. Gerçək görünən odur ki, QHT Şurası rəhbərliyi şübhəli hesab edilərək layihə təklifi, büdcə forması və digər sənədləri (ümumilikdə 6) istənilən 16 layihə ilə bağlı şəffaflıq məsələlərindən qaçır;
-
aprel ayı ilə müqayisədə may ayında Şuranın qalib elan etdiyi bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı məlumatların yayılması işi (PR) diqqətçəkən dərəcədə artıb. Əgər aprel ayında xüsusilə də qhtxeber.az saytında layihə tədbirləri ilə bağlı orta hesabla 60-a yaxın məlumat dərc olunmuşdusa, may ayında bu tip məlumatların sayı 100-ü keçib.
-
QHT Şurası rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən sədr Azay Quliyevin açıqlamalarından görünür ki, layihələrin səmərəsizliyi ilə bağlı İşçi Qrupunun qaldırdığı məsələlər onları narahat edib. May ayı ərzində QHT Şurası rəhbərliyi dövlət vəsaitinin səmərəliliyi və Qarabağ məsələsi ilə bağlı 4 əlavə iclas keçirib və bu iclaslarda şura rəhbərliyi qeyd edilən məsələlərdən ciddi şəkildə danışıb.
-
Görünür ki, QHT Şurası layihələrin davamlılığı prinsipinə diqqət yetirməyə başlayıb və Şura qalib elan olunmuş bir sıra QHT-lərin layihədənkənar tədbirlər keçirməsinə mənəvi dəstək olmağa başlayıb.
-
Əldə olan məlumatlardan görünür ki, QHT Şurası QHT-lər arasında növbəti qrant müsabiqəsini elan etməyə bir qədər tərəddüd edir. Əgər əvvəlki açıqlamalarda bu müsabiqənin apreldə elan olunacağı bildirilirdisə, sonradan bunun may ayında baş verəcəyinə dair qhtxeber.az saytında anonslar dərc olundu. Bir qədərdən sonra Azay Quliyev müsabiqənin iyun ayında elan ediləcəyini vəd etdi. Amma iyunda da bu müsabiqənin baş-tutub-tutmayacağı sual altındadır.
-
Müşahidələr göstərir ki, QHT Şurası Azərbaycanın beynəlxalq təşkilatlarla (ATƏT, Avropa Şurası, NATO, BMT və s.) əməkdaşlıqlarından irəli gələn öhdəliklərinin (söz azadlığı, azad seçkilər, sərbəst toplaşma azadlığı, siyasi məhbuslar, müdafiə və təhlükəsizlik sektorunda islahatlar və s.) yerinə yetirilməsinə yönəlik layihələri dəstəkləmir. Diqqətçəkən fikirlərdən biri QHT Şurasının Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən NATO standartlarının monitorinqinə aid layihələri dəstəkləməməsi ilə bağlı İşçi Qrupunun iddiasına Şuranın informasiya portalında (qhtxeber.az) verilən cavabdır. Saytda NATO standartları “körpə uşaqları qırmaq” anlamında izah edilir. Bunu Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (İPAP) əksini tapmış bir mühüm öhdəliyə - Silahlı Qüvvələrdə islahatlar prosesində ictimai təşkilatların yaxından iştirakı prosesinin ziddinə olan bir fikir kimi qiymətləndirmək olar. Halbuki NATO standartlarının tətbiq olunması istiqamətində ictimai fəallığın təmin olunmasında QHT Şurasının üzərinə böyük məsuliyyət düşür. Amma məsələ bununla bitmir. Şura ordudakı vəziyyətlə bağlı müstəqil QHT-lərin araşdırma aparmaq prosesini əngəlləmək niyyətində olduğunu aşkar nümayiş etdirir. www.qhtxeber.az saytında dərc olunan fikirlərdən biri İşçi Qrupunun anti-korrupsiya səylərini “Azərbaycan ordusunda olan neqativ halları ermənilərə çatdırmaq” kimi yozulmasıdır. Bu saytda “ATƏT-in Azərbaycanda casus şəbəkəsi yaratmaq niyyətində olması”na dair rəylər əksini tapır. Güya bu qurum bununla da “Azərbaycan ordusunda olan neqativ halları ermənilərə çatdırmaq” məqsədi güdür.
-
Şura rəhbərliyinin qərarı ilə qalib elan olunmuş layihələr çərçivəsində yaradılmış 20 saytdan mayın 31-nə olan məlumata görə, yalnız 4-ü aktivdir. 4 sayt ümumiyyətlə internet məkanında yoxdur, 12 sayt isə aktiv deyil.
May ayı üzrə Şuranın fəaliyyətinin araşdırılması bir sıra nəticələrə gəlməyə imkan yaradıb. Araşdırmalar göstərir ki, Şura rəhbərliyi bir sıra hallarda “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin mühüm müddəalarını pozub. İlk olaraq nəzərə alınmalıdır ki, 2008-ci ilin aprelin 21-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ilk iclasında Milli QHT Forumunun prezidenti, deputat Azay Quliyev bu qurumun sədri seçilib. Şuranın Əsasnaməsinin IV bəndində isə deyilir ki, Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə 2 il müddətinə Şuranın sədrini, sədrin müavinini və Şuranın katibini seçirlər. Beləliklə, artıq 2 il müddət başa çatıb. Monitorinq göstərir ki, vəziyyətin bu şəkildə davam etməsi Şuranın fəaliyyətinə mənfi mənada ciddi təsir göstərir.
Eyni zamanda Şura rəhbərliyi qalib elan edilmiş bir sıra layihələri cəmiyyətə açıqlamamaqla Əsasnamənin 1.4. müddəasını pozur. Şura rəhbərliyində təmsil olunanlar səsləndirdikləri İşçi Qrupunun əleyhinə yönəlik bəyanatları ilə qeyd ediulən müddada təsbit olunan qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik prinsiplərinin əksinə gedirlər.
Şura rəhbərliyi həmçinin Əsasnamənin 1.5. maddəsində təsbit olunmuş bir sıra vəzifələri yerinə yetirmir. Bu maddədə qeyd olunur ki, Şura öz fəaliyyətində müstəqildir və vəzifələrini yerinə yetirərkən dövlət və yerli özünüidarə orqanları, yerli, xarici və beynəlxalq Qeyri-Hökumət Təşkilatları ilə tərəfdaşlıq əsasında qarşılıqlı fəaliyyət göstərir. Amma may ayında Şura rəhbərliynin açıqlamaları və eyni zamanda qhtxeber.az saytı üzrəində aparılmış monitorinq hər şeyin əksinə olduğunu göstərdi. Xüsusilə də Şuranın informasiya portalı olan www.qhtxeber.az saytında yerli və xarici QHT-lər və eyni zamanda beynəlxalq təşkilatlar əleyhinə təhqiramiz tənqidlər yerləşdirilib (http://www.qhtxeber.az/news/print-2316.html) Halbuki Şura 2.4.20. müddəaya uyğun olaraq Qeyri-Hökumət Təşkilatlarının beynəlxalq əlaqələrinin genişləndirilməsini təşviq etməlidir. Qeyd edilən saytla bağlı may ayında aparılmış monitorinq maraqlı nəticələr ortaya çıxarıb. Bu saytda Açıq Cəmiyyət İnstitutu – Yardım Fonduna (Soros Fondu) qarşı kəskin ittihamlar əks olunub. Bu fikirlər ona istiqamətlənir ki, guya ölkədə fəaliyyət göstərən bir sıra “müharibə təbliğatını aparan” QHT-lər Soros fondu tərəfindən dəstəklənmir, “onlar heç vaxt müharibə insanlarını qəbul etməyiblər”. QHT Şurası rəhbərliyi Şuraya qarşı yönəlik tənqidi fəaliyyətin Soros Fondu tərəfindən maliyyələşdirilməsinə dair fikirlərə dəstək verir və bunları qhtxeber.az saytında yerləşdirirlər. Fikirlərin birində xüsusi olaraq qeyd olunur ki, guya ATƏT və Soros Fondu Azərbaycan xalqının və dövlətinin əleyhinə yönəlik xain layihələri dəstəkləyirlər. Maraqlıdır ki, QHT Şurası eyni zamanda “Sorosun maliyyələşdirdiyi layihələri monitorinq etmək” niyyətinə dəstək verir (http://www.qhtxeber.az/news/print-2316.html).
Şura rəhbərliyinin Əsasnamənin 1.7. maddəsinin əleyhinə olan fikirlərə də dəstək verdikləri müşahidə olunur. Həmin maddədə bildirilir ki, Şura tərəfindən Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyinin həyata keçirilməsi dövlət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən Qeyri-Hökumət Təşkilatlarına yardımın göstərilməsi imkanlarını məhdudlaşdırmır. Amma İşçi Qrupunda təmsil olunan bir sıra QHT-lərin “xarici donorların sifarişini yerinə yetirməsi” kimi qhtxeber.az saytında olan iddialar həmin QHT-lərin qrant almaq imkanlarının məhdudlaşdırılması kimi də yozula bilər.
Aparılmış monitorinq göstərir ki, Şuranın vəzifələrinə dair Əsasnamədə əksini tapmış bir sıra vacib müddəalar yerinə yetirilməmiş qalır. Misal üçün:
Müddəa: 2.2.1. vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək. Fəaliyyət göstərdiyi 3 il müddətində Şura bu istiqamətdə səmərəli fəaliyyət göstərə bilməmişdir. Xüsusilə də layihələri qalib elan olunan bir çox QHT-lərin fəaliyyətinin səmərəsizliyi, yüz min manatlarla dövlət vəsaitinin təyinatı üzrə istifadə edilmədiyinə dair şübhələr Şuranın vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində nə dərəcədə fəal olduğuna şübhələr yaradır.
Müddəa: 2.2.2. Qeyri-Hökumət Təşkilatlarını dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin həllinə cəlb etmək. Bu məsələnin araşdırılması xüsusi olaraq İşçi Qrupunun hədəfindədir: müşahidələr göstərir ki, ötən 3 il müddətində QHT-ləri dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin həllinə cəlb etmək mümkün olmayıb. Azərbaycan üçün əsas problemlərin həlli ilə bağlı real ciddi təkliflər hazırlanmayıb.
Müddəa: 2.2.3. Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətini, dövlət orqanları ilə Qeyri-Hökumət Təşkilatlarının münasibətlərini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə təkliflər vermək. Son 1 il ərzində QHT haqqında qanunvericiliyə edilmiş qeyri-demokratik dəyişikliklər, QHT-lərin dövlət qeydiyyatına alınması prosesinin çətinləşdirilməsi, cərimələrin artması, yeni hesabat növlərinin yaranması və s. QHT-lərlə dövlət orqanları arasında münasibətlərin getdikcə kəskinləşdiyini göstərir və bu prosesdə Şuranın rolu hiss edilmir.
Müddəa: 2.2.4. dövlət orqanları ilə Qeyri-Hökumət Təşkilatları arasında müasir münasibətlər modelinin formalaşdırılması məqsədilə sabit və effektiv tərəfdaşlıq sisteminin yaradılmasını dəstəkləmək. Bununla bağlı hər hansı müsbət məqamları qeyd etmək çətindir. Müşahidələr göstərir ki, dövlət orqanları ilə QHT-lər arasında müasir münasibətlər modelinin formalaşdırılması istiqamətində hər hansı ciddi işlər görülmür. QHT-lərin getdikcə daha çox dövlət orqanlarından asılılığı ortaya çıxır və təəssüflər olsun ki, Şura rəhbərliyi bu prosesin qarşısının alınmasında aciz görünür.
Müddəa: 2.2.5. Qeyri-Hökumət Təşkilatlarının inkişafı proseslərini müşahidə, təhlil və təşviq etmək. Monitorinq göstərir ki, Şura yarandıqdan sonra Azərbaycanda QHT-lərin təbii şəkildə deyil, hansısa maraqlar çərçivəsində yaradılması prosesinə start verilib. Təkcə 2009-cu ildə Ədliyyə Nazirliyində 160-dan artıq yeni QHT-nin qeydə alınması proseslərin hansı istiqamətdə cərəyan etdiyini təxmin etməyə imkan verir. Halbuki 30-a yaxın müstəqil düşüncəli insanları birləşdirən QHT-lər bu günə qədər Ədliyyə Nazirliyindən qeydiyyatdan keçə bilmir. Monitorinq göstərir ki, hökumət ölkədə idarə oluna bilən QHT sistemini formalaşdırır ki, bu siyasətə QHT Şurasının dəstək verdiyi aşkar görünür. Çünki, QHT Şurasının dəstəklədiyi layihələr özlərində hökumətin siyasətini ciddi tənqid elementlərini birləşdirmir. Əslində əksinə olmalı idi, QHT layihələri mövcud boşluqları, problemləri aşkarlamaq və onların həlli ilə bağlı təkliflər verməli idi.
Müddəa: 2.2.6. “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın prioritet istiqamətlərini rəhbər tutaraq Qeyri-Hökumət Təşkilatlarına dövlət yardımı proqramlarını və layihələrini hazırlayıb həyata keçirmək. Monitorinq göstərir ki, ümumilikdə bu istiqamətdə ciddi problemlər mövcuddur. Qeyd edək ki, QHT-lərə dövlət dəstəyinin prioritet sahələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi; qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə edilməsi; qaçqın, məcburi köçkün, əlil və veteranların problemlərinin həlledilməsi; azərbaycançılıq ideyasının təşviq olunması; Azərbaycanın dünya birliyinə inteqrasiya olunması; beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi; siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması; vətəndaşların hüquqi biliklərinin inkişaf etdirilməsi: insan, hüquq və azadlıqlarının təmin edilməsi; söz, fikir və ifadə azadlığının genişlənməsi; regionların sosial-iqtisadi inkişafının təmin edilməsi; təhsil, elm texnika, mədəniyyətin və incəsənətin inkişaf etdirilməsi; ətraf mühitin mühafizəsi; uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafı; əhalinin sağlamlığının qorunmasıdır. Şuranın bu istiqamətlr üzrə elan etdiyi mövzular bir çox hallarda bəsitliyi və mücərrədliyi ilə seçilir. Əksər hallarda bəyan edilən mövzular üzrə qalib elan olunmuş layihələrin effektliliyi və davamlılığı ortada olmur.
Monitorinq may ayı ərzində ölkə mətbuatında, xüsusilə də qhtxeber.az saytında yerləşdirilən layihələrin reallaşmasına dair məqalələri də hədəf götürüb. Bəlli olub ki, bu tədbirlərin tam əksəriyyəti tədbir naminə tədbir üçün keçirilib və onların demək olar ki hamısı standart struktur çərçivəsində qələmə alınıb. May ayı ərzində qhtxeber.az saytında əksini tapan layihə məqalələrində demək olar ki hər hansı bir problem barədə sərt tənqidlər və təkliflər əksini tapmayıb. Bu məqalələr layihələrin doğrudan da reallaşmasına və onların səmərəliliyinə ciddi şübhələr yaradır.
*Şuranın informasiya portalının (qhtxeber.az) monitorinqi
May ayı ərzində Şuranın informasiya portalı olan www.qhtxeber.az saytı ilə bağlı aparılmış araşdırmalar göstərir ki, Şura rəhbərliyi bu saytdan istifadə etməklə QHT-lər arasında ayrı-seçkilik, düşmənçilik salır. Qeyd edək ki, İşçi Qrupunun fəaliyyəti ilə bağlı portalın qhtxeber@gmail.com ünvanına indiyə qədər 20-dən artıq məlumat göndərilsə də heç biri saytda əksini tapmayıb. Lakin təkcə ötən iki həftə ərzində sözügedən saytda İşçi Qrupuna qarşı 10-dək “qara piar” xarakterli xəbər və məqalə əksini tapıb.
www.qhtxeber.az saytında yerləşdirilən məqalələrdən görünür ki, QHT Şurasının rəhbərliyində təmsil olunan şəxslər Şurada milyonlarla manatlıq korrupsiya ehtimalının mövcudluğu ilə bağlı şübhələrdən ciddi ehtiyat edirlər. Saytda yerləşdirilən mövqelərə görə, Şura bu məsələdə geri çəkilmək niyyətində deyil – yəni qalib elan etdiyi layihələri və onların büdcə formalarını İşçi Qrupuna vermək, bununla da şəffaflığa nail olmaq niyyətində deyil. www.qhtxeber.az saytında bununla bağlı açıq ismarıclar göndərilir: “onların (yəni İşçi Qrupunun) qarşılarına qoyduqları məqsəd düşmən dəyirmanına su tökmək və dövlət tərəfindən dəstəklənən bu layihələrin qarşısın almaqdır” və yaxud “bu insanlar heç nəyə nail ola bilməyəcəklər”. Saytda yerləşdirilən fikirlərə görə, İşçi Qrupunun bu fəaliyyəti “mərkəzləşmiş qaydada QHT-lərə Dövlət Dəstəyi Şurasını gözdən salmaq üçün təşkil olunub”.
Müşahidələr göstərir ki, Şurada dövlət tərəfindən QHT-lərə maliyyə dəstəyinin verilməsini “Qarabağ əlillərinə, müharibədə canını qoymuş insanlara, qaçqınlar və məcburi köçkünlərə dövlətin pul yardımı kimi” yanaşanlar mövcuddur. www.qhtxeber.az saytında əksini tapan bir sıra məqalələr də bunu sübut edir.
Eyni zamanda Şura rəhbərliyi İşçi Qrupunun mübarizəsini “qalib gəlmiş layihələrə qarşı qara piar kampaniyası” kimi fikirlərə dəstək verir.
Şura rəhbərliyi qurumda korrupsiyaya dair iddialardan yayınaraq bütün bu mübarizənin “Qarabağ münaqişəsinin nizamlanmasına maneçilik hərəkətləri” adlandıran fikirlərə dəstək verir. Eyni zamanda İşçi Qrupunun layihələrin şübhəliliyinə dair iddiaları ayrı-ayrı layihə rəhbərlərinə qarşı yönəldilir. İşçi Qrupunun KİV və QHT-yə dövlət dəstəyi qurumlarından tələb etdiyi 39 layihə arasında yalnız 8-nin müharibə veteranları və məcburi köçkünlərlə bağlı olmasına baxmayaraq QHT Şurasının saytında əks olunan fikirlər ictimai fikri həqiqətdən yayındırmağa yönəlib və belə bir görüntü yaradılır ki, sənədləri istənilən bütün layihələr yalnız Qarabağ və Qarabağ əlilləri və ya ordu ilə bağlıdır.
Eyni zamanda may ayı ərzində həm www.qhtxeber.az saytında, həm də ölkə mətbuatında Şura sədri Azay Quliyevə istinadən Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müsahibələr dərc olunub. Ümumilikdə son günlər sözügedən saytda A.Quliyevin təbliğinə yönəlmiş onlarla məqalə dərc olunub. Müşahidələr göstərir ki, bu saytda 2010-cu il parlament seçkiləri üçün seçki təbliğat kampaniyasının elementləri hiss edilir. İşçi Qrupu bununla bağlı monitorinqi davam etdirəcək.
Şura rəhbərliyi İşçi Qrupuna dair təhqiramiz ifadələri səsləndirən şəxsləri dəstəkləyir və onlara qhtxeber.az saytında geniş yer verir. Son 2 həftə ərzində qhtxeber.az saytında İşçi Qrupunda təmsil olunan QHT rəhbərlərinə dair aşağıdakı təhqiramiz ifadələr yer alıb: “mənəviyyatsız”, “xain”, “cinayətkar”, “it hürər, karvan keçər”, “bu itlər nə qədər hürsə də”, “ermənilərə işləyirlər”, “beş-on manat qranta görə quyruq bulamaqla məşğuldurlar”,. “ünsür”, “düşmən”, “əqidəsiz” və s.
QHT Şurası İşçi Qrupuna yönəlik təhdidlərə də dəstək verir. 2 həftə ərzində qhtxeber.az saytında yerləşdirilən bəzi təhdidləri diqqətinizə çatdırırıq: “Gəlsinlər onların bir barmağını kəsək, görək onlar buna dözə biləcəklərmi”, “bizi monitorinq etmək istəyənlərin buna nə mənəvi, nə də ki, hüquqi haqqı çatmır” və yaxud “biz Sorosun onlara ayırdığı qrantı gedib onların əlindən alacağıq. Bir qazi olaraq, döyüşçü olaraq, azərbaycanlı olaraq əllərindən alacağıq. Nə hüquqi, nə qanuni yolla, dədə-baba qaydasıyla alacağıq”, “çox acıqlıyıq, kişilikləri çatırsa, gəlsinlər monitorinq aparsınlar”.
www.qhtxeber.az saytında həmçinin İşçi Qrupunun fəaliyyətinin, maliyyə mənbəyinin araşdırlması üçün MTN-ə müraciət edildiyinə dair fikir də əksini tapıb.
*KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətnin monitorinqi (may ayı üçün)
May ayı ərzində Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin monitorinqi bir sıra nəticələrə gəlməyə əsas verir.
-
İşçi Qrupu tərəfindən KİV Fondunun rəhbərliyinə göndərilmiş məktuba bu günə qədər cavab verilməməsi bir sıra layihələrin reallaşmasında həqiqətən də ciddi problemlərin mövcud olması anlamına gələ bilər. Əldə edilən məlumatlara görə, KİV Fondu rəhbərliyi şübhəli hesab edilərək layihə təklifi, büdcə forması və digər sənədləri (ümumilikdə 6) istənilən 23 layihə ilə bağlı şəffaflıq məsələlərindən qaçır;
-
aprel ayı ilə müqayisədə KİV Fondunun qalib elan etdiyi bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı məlumatların yayılması işi (PR) diqqətçəkən dərəcədə artıb. Bu proses may ayının ortalarından etibarən xüsusilə sürətlənib. Əgər aprel ayında KİV Fondunun qalib elan etdiyi layihələrlə bağlı ölkə mətbuatında cəmisi 30-a yaxın məlumat dərc olunmuşdusa, may ayında bu tip məlumatların sayı 50-ni keçib.
-
KİV Fondun rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən icraçı direktor Vüqar Səfərlinin açıqlamalarından görünür ki, layihələrin səmərəsizliyi ilə bağlı İşçi Qrupunun qaldırdığı məsələlər onları müəyyən qədər narahat edib. May ayı ərzində bir sıra layihələrlə bağlı diqqətçəkən fəallaşma bunu düşünməyə əsas verir.
-
Monitorinq göstərir ki, Fond rəhbərliyi ölkədəki KİV və media QHT-lərini idarəolunan səviyyəyə gətirməkdə maraqlıdır. Hökumətin yürütdüyü siyasəti tənqid edən, problemlərin həlli ilə bağlı real təkliflərə malik layihələrin qalib gəlmək şansı minimuma bərabərdir.
-
Müşahidələr göstərir ki, KİV Fondu Azərbaycanın beynəlxalq təşkilatlarla (ATƏT, Avropa Şurası, NATO, BMT və s.) əməkdaşlıqlarından irəli gələn öhdəliklərinin (söz azadlığı, azad seçkilər, sərbəst toplaşma azadlığı, siyasi məhbuslar, müdafiə və təhlükəsizlik sektorunda islahatlar və s.) yerinə yetirilməsinə yönəlik layihələri dəstəkləmir.
May ayı üzrə Fondun fəaliyyətinin araşdırılması bir sıra nəticələrə gəlməyə imkan yaradıb. Araşdırmalar göstərir ki, Fond rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamədən irəli gələn vir sıra müddəaları pozur.
Fond rəhbərliyi qalib elan edilmiş bir sıra layihələrin məğzini cəmiyyətə açıqlamamaqla Nizamnamənin 1.5 müddəasını pozur. Bununla Fond rəhbərliyi qeyd olunan müddəada əksini tapmış qanunçuluq, şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsiplərini pozur.
Müddəa: 2.1. Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra - layihələr) və digər tədbirləri maliyyələşdirməkdir. Monitorinq göstərir ki, Fondun qalb elan etdiyi layihələrin əksəriyyəti qeyd edilən istiqamətlərdə səmərəli fəaliyyətə nail ola bilməyiblər.
Nizamnamədə əksini tapan müddəaya görə (2.2.1.) fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək Fondun əsas vəzifələrindən biridir. Müşahidələr göstərir ki, yarandığı dövrdə Fondun bu istiqamətdə hər hansı köməyi olmayib. Azərbaycanda jurnalistlərə qarşı basqıların artması, bu istiqamətdə qanunvericiliyin təkmil olmaması davam edir, jurnalistlərin həbsxanaya salınmasına səbəb olan məqamlar hələ də mövcuddur. Fond bu istiqamətdə hər hansı səmərəli işlər görməyib və ya onun qalib elan etdiyi layihələrdə bununla bağlı hər hansı effektiv təkliflər yoxdur.
Eyni zamanda KİV Fondunun rəhbərliyi bir sıra müddalarda əksini tapan məqamların yerinə yetirilməsi istiqamətində ciddi nailiyyətlərə nail olmayıblar. Xüsusilə də Fond 2.2.2. müddəaya uyğun olaraq kütləvi informasiya vasitələrinin inkişafına maliyyə təminatı yaratmaq üçün səmərəli tədbirlər görməyib.
KİV Fondu 2.2.4 müddəaya uyğun olaraq kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirməlidir. Bu istiqamətdə səmərəli tədbirlər hələlik ortada yoxdur. Başqa bir müddəaya görə isə (2.2.5.) KİV Fondu fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərlə çıxış etməlidir. Monitorinq göstərir ki, Fond hələlik belə bi təkliflərlə çıxış etməyib. Ən azından fond rəhbərliyi tərəfindən belə təklifin irəli sürüldüyü ictimaiyyətə açıqlanmayıb.
KİV Fondu rəhbərliyinin pozduğu müddəaldrdan biri də 2.2.7.-dir: öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək. İctimaiyyətin Fondun fəaliyyəti ilə bağlı xəbər tutacağı yeganə ünvan kivdf.gov.az bu baxımdan çox bəsitdir.“Mövqe” qəzetinin sonuncu tədbirini çıxsaq Fondla bağlı sonuncu məlumat aprelin 29-da yerləşdirilib, bu məlumat da jurnalist müsabiqəsi barədədir.
Monitorinq göstərir ki, KİV Fondu 3.1.1. müddəada əksini tapmış funksiyasını səmərəli yerinə yetirmir. Bu maddədə qeyd olunur ki, Fond kütləvi informasiya vasitələrinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilmiş, həmçinin Konsepsiyaya uyğun olaraq dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil edir. Qeyd edək ki, Konsepsiyaya əsasən Dövlət əsasən, aşağıdakı sahələr üzrə proqram və layihələrin həyata keçirilməsini dəstəkləyir: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu; fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi; insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması; ictimai və dövlət maraqlarının müdafiəsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği; azərbaycançılıq ideyasının təbliği; gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi; regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi; informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi; diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi; dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi; elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması; ekologiya və ətraf mühitin mühafizəsi; gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması; uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
QHT Şurasında olduğu kimi Fondun bu istiqamətlər üzrə elan etdiyi mövzular bir çox hallarda bəsitliyi və mücərrədliyi ilə seçilir. Əksər hallarda bəyan edilən mövzular üzrə qalib elan olunmuş layihələrin effektliliyi və davamlılığı ortada olmur.
Monitorinq may ayı ərzində ölkə mətbuatında yerləşdirilən layihələrin reallaşmasına dair məqalələri də hədəf götürüb. Bəlli olub ki, bu tədbirlərin tam əksəriyyəti tədbir naminə tədbir üçün keçirilib. May ayı ərzində KİV Fondunun qalib elan etdiyi layihələrə həsr olunmuş məqalələrdə demək olar ki hər hansı bir ciddi problem barədə danışılmır, hansısa məmur tənqid edilmir. Bu məqalələrdə problemlərdən çıxış üçün konkret olaraq təkliflər əksini tapmayıb. Bu məqalələrin məzmunu həmin layihələrin doğrudan da reallaşmasına və onların səmərəliliyinə ciddi şübhələr yaradır.
*KİV Fondunun veb-səhifəsinin (kivdf.gov.az) monitorinqi
Diqqətçəkən məqamlardan biri Fondun rəsmi veb səhifəsi olan kivdf.gov.az saytında yerləşdirilən məqalə ilə bağlıdır. Saytda (http://kivdf.gov.az/news.php?newsID=101 ünvanında) “Şirvan Milli Parkında görüş” adlı məqalədə KİV Fondunun maliyyə dəstəyi ilə "Mövqe" qəzetinin həyata keçirdiyi "Ətraf mühitin mühafizəsi ilə bağlı ekoloji maarifləndirmədə KİV-lərin rolunun artırılması" layihəsinin icrası çərçivəsində təşkil olunan görüşdən bəhs edilir. Digər layihələr bu saytda işıqlandırılmır – bu isə Fondun QHT-lər arasında ayrı-seçkilik qoyduğu anlamına gələ bilər.
Nəzərə alınmalıdır ki, “Mövqe” qəzetinin baş redaktoru KİV Fondunun rəhbəri Vüqar Səfərlidir.
*İşçi Qrupu 2009 və 2010-cu illərdə qalib elan edilmiş hansı layihə və büdcələri istəyir? – TAM SİYAHI
QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə İşçi Qrupu mövcud olan çoxsaylı şübhələrə aydınlıq gətirilməsi məqsədilə 2009 və 2010-cu illərdə qalib elan edilmiş 39 layihənin müstəqil şəkildə monitorinqinin aparılması və qiymətləndirilməsi üçün donor qurumların rəhbərləri Azay Quliyev və Vüqar Səfərliyə müraciət edib. Sonuncu dəfə may ayının 18-də edilmiş müraciətdə qalib elan edilmiş 39 layihənin hər birinə aid 6 sənəd tələb olunur.
1. Layihə Təklifi
2. Layihənin Büdcəsi
3. Layihənin İcra Planı
4. Layihənin qalib olmasına səs verən ekspertlərin adları və verdikləri xallar
5. Layihələrin yoxlanılmasında Şuranın istifadə etdiyi metodologiya və qaliblərin Şura tərəfindən əsaslandırılmasının meyarları,
6. Şura rəhbərliyinin qalib elan olunan layihələrlə bağlı indiyədək həyata keçirdiyi monitorinqlərin nəticələri.
Qeyd edilməlidir ki, sözü gedən layihələrə dövlət büdcəsindən 500 min manatdan artıq vəsait sərf olunub.
KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlidən istənilən 23 layihə və büdcələri
İlk qrant müsabiqəsində (01.09.2009) qalib gələn aşağıdakı təşkilatların layihələrini və büdcələri
1. Beynəlxalq Avrasiya Mətbuat Fondu
2. Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası
3. Zərdabi Mətbuat Mərkəzi İctimai Birliyi
4. Jurnalistlərin Həmkarlar İttifaqı
5. "Mövqe" qəzeti
6. "Təzadlar" qəzeti
7. "Ülfət" qəzeti
8. "Vətən uğrunda" qəzeti
9. "Oxu məni" qəzeti
10. "Hərbi and" qəzeti
11. "Addım" qəzeti
12. Hüquqi Tədqiqatlar Mərkəzi İctimai Birliyi
13. İctimaiyyətlə Əlaqələrin İnkişafı İctimai Birliyi
14. "Sən tək deyilsən" İctimai Birliyi
15. Müstəqil Hüquq Mərkəzi İctimai Birliyi
16. Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi
2010-cu il 1-ci maliyyə yardımı müsabiqəsinin qalibi elan edilən aşağıdakı təşkilatların layihələri və büdcələri:
1. "Mövqe" qəzeti. Ətraf mühitin mühafizəsi ilə bağlı ekoloji maarifləndirmədə KİV-lərin rolunun artırılması. 5ay. 12 000 AZN.
2..Jurnalistlərin Həmkarlar İttifaqı. İnformasiya əldə etmək və yaymaq hüququnu məhdudlaşdıran qanunvericilik aktları barədə jurnalistlərin məlumatlandırılması. 4 ay -7000 AZN.
3. Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası. Erməni diaspora mətbuatının Azərbaycana qarşı təxribatçı fəaliyyətlərinin qarşısının alınması tədbirləri. 6 ay. - 5000 AZN
4. Beynəlxalq Mətbuat Klubu.. Mərkəzi və yerliicra hakimiyyəti orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi. 6 ay - 7000 AZN.
5. "Oxu məni" qəzeti. Azərbaycan xalqının milli adət-ənənələrinin və mədəniyyətinin təbliği. 6 ay - 12000 AZN.
6. Azərbaycan Müstəqil Jurnalistlər Liqası. Fikir, söz və məlumat azadlığının dərinləşməsində ictimai təşəbbüslərin rolu. 5 ay - 7000 AZN.
7. «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyi. İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım. 4 ay - 5000 AZN.
QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyevdən istənilən 16 layihə və büdcələri
2009-cu il qrant müsabiqəsində qalibelan edilən aşağıdakı layihələri və büdcələri:
1.“Mülk” İctimai Assosiyasiyası – Vəliyeva Dilarə Hatəm qızı -“Daşınmaz əmlak bazarının tədqiqat və təhsil mərkəzinin yaradılması, gənclər üçün rieltor tədris kurslarının təşkili”- 12.900 manat.
2. “Elitar Gənc Biznesmenlər” İB - Əliyev Tural Rufan oğlu -“Turizm sahəsində mehmanxana və mehmanxana tipli müəssisələr üçün qeydiyyatçı (resepsionist) peşəsinin tədrisi” - 9.300 manat.
3. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası – Məmmədov Sahib Məlik oğlu –“Əmək hüquqlarının təmin olunması məqsədi ilə hüquqi maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi” 16.930 manat.
4. Azərbaycan Qaçqın və Məcburi Köçkün Gəınclər Təşkilatı - Qədirov Vüqar Kərim oğlu-“Məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədilə tikiş sexinin açılnması ” 11.900 manat.
5. “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB- Qasımov Ramil Abdul oğlu –“Şirvan şəhərində yas mərasimlərinin keçirilməsinə kömək məqsədilə xüsusi çadırların hazırlanması”-13.820 manat.
6. “Təkamül və İnteqrasiya” Beynəlxalq İB-Mösümov Şirin Əfqan – 149 saylı Ağdam köçkün məktəbində “Avanqard” ictimai – fəal məktəbin təşkil olunması-10.420 manat.
7. “” Azərbaycan – Sklandinaviya Əməkdaşlığı İctimai Birliyi, Şərifli Rasim “QHT-nin İnstitusional İnkişafına və peşəkarlığının artırılmasına yardim” 9.050 manat.
2010-cu il 1-ci maliyyə yardımı müsabiqəsinin nəticələrinə görə qalib élan edilən aşağıdakı təşkilatların layihələri və büdcələri:
1. “Turan” Vətəndaş Cəmiyyətinə Yardım İctimai Birliyi (Babayev Yaqub Aydın oğlu) - “Kənddaxili yolların təmiri və bərpası” - 6.000,0
2. “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi (Süleymanova Yaqut Hidayət qızı) –“İmişli regionlararası aqroservis mərkəzinin yaradılması” -5.500,0
3. “Əsgər ailəsi” Cəmiyyəti (Hüseynova Roza Əli qızı) –“1992-1993-cü illərdə məskunlaşan məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması zamanı yaranmış sosial ədalətsizliklə mübarizə” - 6.000,0
4. Kənd Qadınlarının Problemlərinin Həllinə Dayaq İctimai Birliyi (Qurbanova Kəklik Yunis qızı) – “Quba rayon Pirvahid kəndinin yolunun bərpası” - 3.000,0
5. Azərbaycan Ağsaqqallar Şurası (Budaqov Budaq Əbdüləli oğlu) - “Xeyir-şər məclislərində ifratçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu” - 7.000,0
6. “Qarabağ qaziləri” İctimai Birliyi (Əsədov Etimad Savalan oğlu) –“Qarabağ əlilləri üçün xeyir-şər çadır komplektinin (mağarların) təşkil olunması” - 6.000,0
7. Tərxis Olunmuş Gəncləri Maarifləndirmə İctimai Birliyi (Həsənli Emin Əlyar oğlu) –“Əlil, veteran və şəhid ailələrinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən dövlət siyasətinin təbliği” - 6.000,0.
8. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (Rzaquliyev Füzuli Ədəb oğlu) - Müharibə veteranları, əlilləri və şəhid ailələrinin işsizlik problemlərinin həllinə kömək məqsədilə tikiş sexinin hazırlanması - 6.500,0
9. Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti (Yusifova Növrəstə Ağakərim qızı) – “Qarabağ əlilləri və veteranlarının sosial problemlərinin həllinə dəstək” - 5.000,0
*Arayış: Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda kimlər təmsil olunur?
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2008-ci ilin aprelində yaradılıb. Dövlət başçısı İlham Əliyevin 2007-ci il 13 dekabr tarixli fərmanı ilə təsdiq edilən «Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə»yə uyğun olaraq 11 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcək şura üzvlərindən 3-ü dövlət orqanları nümayəndələrindən, 8-i isə qeyri-hökumət təşkilatlarının irəli sürdüyü namizədlərdən təyin edilib. Dövlət orqanlarından: Tahir Süleymanov (Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi təşkilatlarla iş sektorunun müdiri), İlqar Məmmədov (Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi), Vüqar Məcidli (Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini), qeyri-hökumət təşkilatlarından isə: Gülnarə Hüseynova (Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti), Vüqar Qədirov (Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri), Azay Quliyev (Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti), Sahib Məmmədov (Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri), Rəna Mirzəzadə (Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri), Əliməmməd Nuriyev («Konstitusiya» Araşdırmalar Fondunun prezidenti), Ceyhun Osmanlı (Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti), Dilarə Vəliyeva («Mülk» İctimai Assosiasiyasının prezidenti) şura üzvü təyin olunublar. Az sonra Azay Quliyev qurumun sədri seçilib. Şura sədrinin müavini postunu Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi təşkilatlarla iş sektorunun müdiri Tahir Süleymanov, katib vəzifəsini Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Vüqar Məcidli tutub.
2009-cu ilin mayında isə prezident İ.Əliyev Prezident yanında və KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna icraçı direktoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Səfərli Vüqar Müzəffər oğlu Fondun icraçı direktoru təyin olunub. Prezidentin digər sərəncamı ilə fondun Müşahidə Şurasının üzvləri müəyyənləşib. Dövlət qurumlarından Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin aparıcı məsləhətçisi Zöhrə Əliyeva, KİV-lərdən - “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov, jurnalist təşkilatlarından - Mətbuat Şurasının sədri Əflatun Amaşov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunu sədri Umud Mirzəyev fondun Müşahidə Şurasının üzvləri təyin edilib.
*Faydalı: İşçi Qrupunun Aylıq İnformasiya Bülleteninin ilk sayında (28 aprel 2010) əksini tapan xəbər və məqalə başlıqları:
* İşçi Qrupu nə zaman yaranıb və kimlərdən ibarətdir? Missiyası nədir?
*İşçi Qrupu hansı istək və tələblər irəli sürür?
*QHT-lərə və KİV-ə dövlət dəstəyi qurumlarında niyə yoxlamalar aparılmalıdır?
* Şübhəli və diqqətçəkən qalib layihələr hansılardır?
* Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə hesabına yaradılmış saytların səmərəliliyi ortada deyil
* Donor qurumlarının fəaliyyəti Azərbaycanın Avroatlantik məkana inteqrasiya siyasətinə ziddir
* İşçi Qrupu 2009 və 2010-cu illərdə qalib elan edilmiş hansı layihə və büdəcələrini istəyir?
* Layihələr necə yoxlanılacaq? İşçi Qrupunun hazırladığı "Proqram və layihələrin monitorinq və qiymətləndirilməsinin metodologiyası"
“Qrant saxtakarlığına son! - virtual məlumatlandırma həftəsi” nə deməkdir?
* Qarşıda nə işlər görüləcək? İşçi Qrupunun taktiki planları
*Arayış: Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda kimlər təmsil olunur?
Bu xəbər və məqalələrin məzmunu ilə www.milaz.info saytından aşağıdakı ünvanda tanış ola bilərsiniz
http://www.milaz.info/news.php?id=11187
əlavə məlumat almaq üçün cesursumer@mail.ru ünvanına yazmağınız xahiş olunur.
Dostları ilə paylaş: |