İnformasiya sistemləri vasitəsilə həll edilən məsələlərin rəngarəngliyi çoxlu sayda müxtəlif növ sistemlərin yaranması ilə nəticələnmişdir. Bu sistemlər həm quruluş prinsipləri, həm də informasiyanın emalı qaydaları baxımından bir-birindən fərqlənir. Ona görə də informasiya sistemlərini bir sıra fərqli əlamətlərə görə təsnif etmək olar; məsələn: arxitekturaya, avtomatlaşdırma dərəcəsinə, tətbiq sahəsinə və başqa əlamətlərə görə.
Gəlin bu təsnifatlardan biri — informasiya sistemlərinin tətbiq sahəsi, yaxud təyinat üzrə növləri ilə yaxından tanış olaq.
İnformasiya və ölçü sistemləri (information and measurement systems) — araşdırılan obyektin durumu və parametrləri haqqmda informasiyanın xüsusi sensorlar vasitəsilə toplanması üçün istifadə edilir. Bu sistemlər olmadan atom-elektrik stansiyaları, insan sağlamlığı üçün ziyanlı olan kimyəvi istehsalat kimi sahələrin işini təsəvvür etmək belə çətindir. İnformasiya və ölçü sistemləri təbabət, meteorologiya, seysmologiya, kosmik uçuşlar və başqa sahələrdə geniş tətbiq edilir.
İnformasiya əldəetmə sistemləri, informasiya sistemləriyaxud informasiya-axtarış sistemləri (information retrieval systems, IRS) — bu növə cürbəcür elektron lüğətlər, elektron ensiklopediyalar, normativ-hüquqi sənədlərin saxlandığı informasiya sistemləri, eləcə də, sadəcə, informasiya mənbəyi rolunu oynayan və əlverişli axtarış imkanlarına malik sistemlər aiddir.