informasiyalaşdırma - informasiya ehtiyatlarının formalaş-dırılması, təqdim edilməsi, istifadə olunması əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının və bu sahədəki hüquqlarının tə`min edilməsinin optimal şəraitinin yaradılması üçün təşkilati, sosial-iqtisadi və elmi-texniki proses.
1948-ci ildə Amerikalı alim və mühəndis Klod Şennon rabitənin riyazi nəzəriyyəsinin əsasları- informasiya nəzəriyyəsi haqqında elmi işini dərc etdirəndən sonra, həmin nəzəriyyə informasiyanın ötürülməsinin önəm daşıdığı bütün elm sahələrində tətbiq edilməyə başladı. Təxminən həmin illərdə, sonradan informasiyanın işlənməsi üçün universal vasitəyə çevrilən ilk kompüterlər meydana çıxdı. Tədricən informasiya haqqında bu təlim kibernetika və informatikadan fizikaya, kimyaya, biologiyaya, fəlsəfəyə, məntiqə və digər elm sahələrinə keçməyə başladı. “İnformasiya” anlayışı artıq elmin fundamental anlayışlarından birinə çevrilib və alimlərin çoxsaylı elmi işlərində bu anlayışa müxtəlif baxışlar var, ona müxtəlif təriflər verilir.
“İnformasiya-insanlar arasında, insanla avtomat arasında, avtomatla avtomat arasında məlumat mübadiləsini ; heyvanlar və bitkilər aləmində siqnalların mübadiləsini; hüceyrədən hüceyrəyə, orqanizmdən orqanizmə ələmətlərin ötürülməsini ( genetik informasiyanı) özündə əks etdirən ümumi elmi anlayışdır”.