Büdcə dövlətin gələcək bir dönəm üçün gəlir və xərc tarazlığını göstərən və parlamentar demokratik idarə sistemi ilə idarə edilən ölkələrdə idarə orqanının, idarəetmə orqanına dövlət xərci etmək və dövlət gəlirlərini toplamaq işində verdiyi səlahiyyəti göstərən sənəddir.
Büdcə iqtisadiyyata təsir etmək üçün dövlətin əlində əsas maliyyə vasitəsidir. Büdcə gəlir və xərcləri mexanizmi vasitəsilə dövlət iqtisadi inkişafı, məşğulluğu, istehsalın lazımi həcmini həyata keçirmək məqsədilə iqtisadiyyata təsir edir. Büdcə Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir. Büdcə dövlətin maliyyə vəziyyətini əks etdirir və buna əsasən ölkədə vergi siyasətini müəyyən edir.
Büdcənin həyata keçirdiyi əsas funksiyalar aşağıdakılardır:
1. Ümumi daxili məhsulun yenidən bölüşdürülməsi;
2. İqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi;
3. Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı;
4. Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzərində nəzarət.
Hazırda dövlət büdcəsi vasitəsilə ÜDM-un 20-25%-ə qədəri yenidən bölüşdürülür. Büdcə xərclər və vergilər vasitəsilə iqtisadiyyat və investisiyanın tənzimlənməsi və stimullaşdırılmasının, istehsalın səmərəliliyinin yüksəldilməsinin mühüm aləti kimi çıxış edir. İqtisadiyyatı tənzimləmək üçün müvafiq vergi mexanizmi tətbiq etməklə vergi siyasətindən istifadə edilir.
Müasir büdcə sistemindəki inkişafların 1929- cu il Dünya İqtisadi Böhranından sonra və xüsusən, İkinci Dünya Müharibəsindən sonra sürətləndiyini söyləmək olar. Müasir büdcə sistemləri ilə xərclərin maya dəyərini, xidmətlərin faydalarını ölçmək barəsində biliklər inkişaf etdirilmişdir. Müasir büdcə sistemləri ümumi olaraq ,”milli iqtisadi büdcələr”, “investisiya büdcələri”, “performans büdcə sistemi”, “proqram büdcə sistemi”, “planlama, proqramlama büdcə sistemi” və “sıfır əsaslı büdcə sistemi” şəklində bölünürlər.
1. Ümumi büdcə sistemi İngiltərədə istifadə olunmağa başlamış, daha sonra Fransa və digər ölkələr tərəfindən bir az fərqli olaraq qəbul edilən sadə bir sistemdir. Bu sistemdə dövlət xidmətlərinin keyfiyyət və kəmiyyətindən daha çox, idari təşkilatların ehtiyaclarına diqqət verilir.
2. Milli iqtisadi büdcələr Dövlət anlayışındakı sürətli müxtəlifliklər nəticəsində dövlətə cəmiyyətin iqtisadi fəaliyyətlərini düzəltməsi ilə yanaşı bu fəaliyyətlərin sövq, idarə və yoxlanması ilə əlaqəli məsuliyyəti də verilmişdir. Bu yöndə, milli iqtisadi büdcə və ya “milli büdcə”, “iqtisadi büdcə” anlayışları İkinci Dünya Müharibəsindən sonra ortaya çıxmışdır. Dövlətin iqtisadi həyatda böyük bir rolu və məsuliyyəti üzərinə götürməsinin nəticəsi olaraq, büdcə, ümumiyyətlə, iqtisadi siyasətin həyata keçirilməsində əsas bir vasitəyə çevrilmişdir. Bu sistemin əsas xüsusiyyəti qısamüddətli olması və bəlli bir hesab sisteminə söykənmiş olmasıdır. Dar mənada və həyata keçmə baxımından milli iqtisadi büdcə; büdcə fəaliyyətlərini asanlaşdırmaq, dövlətin iqtisadi qərarlarının təsirini ölçmək və bu qərarlara yol açmaq üçün büdcəyə əlavə edilən bir raport şəklində ortaya qoyula bilər. Bu məqsədlə milli iqtisadi büdcələr, büdcə hazırlama, həyata keçirmə və həyata keçirmənin yoxlanılması işlərində baş vurulan əsas bir mənbə rolu daşımaqdadır. Milli iqtisadiyyatın dövlət və özəl sektorlarını əhatə edəcək bir şəkildə hazırlanan milli mühasibat göstəricilərinin gələcək il üçün ətraflı təxmin edilməsinə əsaslanan milli iqtisadi büdcələr, İngiltərədə “Economic Survey”, ABD-də Nazirin “Bücə Mesajları” və Fransada “Milli İqtisadi Büdcə Raportları” adı ilə hazırlanmaqdadır. Milli iqtisadi büdcələr, bir cəmiyyətin gəlir qaynaqlarının idarəsi ilə əlaqədar və vacib hökmləri üçün olan büdcələrdir. Bunlar dövlətin mövcud olduğu konjektura uyğun bir fəaliyyət proqramı təsbit etməsinə kömək edəcəklər.
3. Performans büdcə sistemi Bu büdcələr geniş mənada dövlət dairələri tərəfindən bir maliyyə ili ərzində edilən xərclərlə nə ediləcəyini, başqa sözlə, büdcənin fəaliyyəti ilə çatmaq istənilən hədəfi göstərən bir büdcə olaraq tərifləndirilməkdədir.
4. Proqram büdcə sistemi Proqram büdcə bir maliyyə ili ərzində dövlət dairələri tərəfindən yerinə yetirilən əsas funksiyaları və bu funksiyaların həyata keçməsi ilə çatmaq istənilən hədəfləri göstərən bir büdcə sinifləndirməsidir. Proqram büdcə ilk olaraq 1960-cı ilin əvvəllərinə qədər ABŞ-da tətbiq edilmişdir. ABŞ xaricində Skandinaviya ölkələrində və Qərbi Avropa ölkələrində sürətli bir şəkildə yayılmışdır
5. Planlama-proqramlama büdcə sistemi Planlama-proqramlama büdcə sistemi dövlətin mövcud olan qaynaqlarının hədəflərə uyğun şəkildə hazırlanan, göstərilən proqramlara ödənməsində idarəçilər tərəfindən lazımlı qərarların verilməsinə imkan verən və beləliklə, dövlət idarəsinin göstərilən hədəflərə çatmasını həyata keçirən bir idari və büdcə sistemidir.
6. İnvestisiya büdcələri Dövlətin iqtisadi həyata getdikcə daha çox müdaxilə etməsi və xərclərin müxtəlifləşməsi qarşısında, investisiya xərcləmələrinin ayrı bir büdcə içində hazırlan ması məcburiyyəti meydana gəlmişdir. Bu büdcə növü klassik iqtisadçı-maliyyəçilərin qəbul etdiyi, fövqəladə büdcələrin yenidən canlanan bir şəkli olaraq qəbul edilir. Fövqəladə büdcə anlayışında fövqəladə xərcləri normal xərclərdən ayıraraq borc almağı müvafiq görərək büdcə kəsirinin qarşısını almaq, parlament nəzarətindən qaçmaq və bəzi xərclərin borc yolu ilə qarşılanmasını təmin etmək kimi nəzəriyyələrə yer verə bilmişdir. İnvestisiya büdcələri lehinə və əleyhinə müxtəlif fikirlər söylənilmişdir. Lehinə fikirlərə görə, bu büdcələr dövlət fəaliyyətlərinin iqtisadi analizə uyğun tutulmasını, xalqın büdcəni daha yaxşı başa düşməyini təmin etmək üçün faydalıdır. Ayrıca, bu büdcələr iqtisadi qaynaqları daha çox hərəkətə keçirəcək dövlət nəzarətinin çatışmazlıqlarını əvəz edəcək. İnvestisiya büdcələrinin ən əsas maliyyə qaynağı borcdur. İnvestisiya büdcələrinin əleyhinə isə büdcədə birlik prinsipini pozacağı, büdcə kəsirlərinin gizlənməsinə yol açacağı, maliyyə qaydalarını və iqtisadi sabitliyi təhdid edəcəyi kimi fikirlər irəli sürülür. Bu büdcələr cəmiyyətin sonsuz olan ehtiyaclarını tükənən ehtiyatlarla ödəmək və iqtisadi inkişaf üçün böyük investisiyalar qoymaq məcburiyyətində olan dövlətin bu investisiyaları həyata keçirməli olan büdcəsidir.
7. Sıfır əsaslı büdcə sistemi Sıfır əsaslı büdcə sistemində keçmiş illərdəki xərcləmələr diqqətə alınmaz və hər il bu xərcləmələr sıfır qəbul edilər. “Sıfır əsaslılıq” bütün fəaliyyət və xərclərin yenidən həyata keçirilməsi məqsədindədir [7].
Ədəbiyyat siyahısı
B.Ataşov, N.Novruzov,E.İbrahimov “ Maliyyə nəzəriyyəsi”, Bakı-2014.
Şamxal Kərimov. Mühazirə mətni. «Azərbaycan Respublikasında maliyyə nəzarəti və onun hüquqi tənzimlənməsi». Bakı, 2017.
Dos. M.C.Hüseynov, Maliyyə, pul tədavülü və kredit. Mühazirə mətnləri.
S.Məmmədov - Maliyyə, Bakı – 1997
Hüseynov Ə.M. Maliyyə nəzarətinin hüquqi əsasları, Bakı-2009
Menecment- Mühazirə mətnləri. Bakı, 2008.
Cihan Bulut, Elçin Süleymanov Dövlət maliyyəsi, Bakı-2013