İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ Bİznesin təŞKİLİ VƏ menecment kafedrasi döVLƏt maliYYƏSİ FƏNNİNDƏN


Dövlət Sosial Müdafiə Fondu və onun mahiyyəti



Yüklə 50,34 Kb.
səhifə2/5
tarix26.11.2023
ölçüsü50,34 Kb.
#134997
1   2   3   4   5
Cəfərov Nicat. Dövlət maliyyəsi

2.Dövlət Sosial Müdafiə Fondu və onun mahiyyəti.


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun formalaşması tarixi ölkəmizdə iqtisadi münasibətlərin, eləcə də sosial sığorta və pensiya təminatı üzrə köklü dəyişikliklərin dinamikası ilə birbaşa əlaqəlidir. Məlum olduğu kimi, SSRİ dövründə Azərbaycanda sosial sığorta və pensiya məsələləri müstəqil respublika qanunvericiliyi çərçivəsində deyil, ümumittifaq qanunvericiliyi çərçivəsində inkişaf etmişdir. Sovet pensiya təminatı sistemi “haqqı ödənilmədən sığorta” prinsipi ilə qurulmuşdu. Zəruri maliyyə vəsaitləri yalnız dövlət büdcəsi və ya müəssisələrin ödənişlərindən götürülürdü. Bu tipli pensiya təminatının maliyyə modeli, habelə pensiyaçıların sayının müntəzəm olaraq artması mövcud pensiya sisteminin sabit fəaliyyətinə mənfi təsir göstərirdi. Ona görə də 1980-ci illərdə ölkədə təsərrüfat formalarının dəyişməsi, əksər müəssisələrin təsərrüfat hesabı və özünümaliyyələşməyə keçməsi onlarda çalışan işçilərin gələcək təminatını çətinləşdirirdi. Mövcud problemlərin həll edilməsi məqsədilə 1990-cı ildə SSRİ Sosial Sığorta Fondu yaradıldı və tabeçiliyindən asılı olmayaraq, bütün müəssisə, idarə, təşkilat, kooperativ, sovxoz, kolxoz və digər təşkilatların onun hesabına ayırmalar etməsi qərara alındı. Bundan sonra “Azərbaycan SSR-də sosial sığorta üzrə idarəçiliyin təkmilləşdirilməsi və maliyyələşdirmə qaydası haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin və Həmkarlar İttifaqlarının Azərbaycan Respublika Şurasının qərarı ilə (08. 05.1991) Həmkarlar İttifaqlarının Azərbaycan Respublikası Şurasının nəzdində Azərbaycan SSR Sosial Sığorta Fondu yaradıldı.
18 oktyabr 1991-ci il tarixdə Azərbaycan xalqının öz dövlət müstəqilliyini bətpa etməsi haqqında Konstitusiya aktı elan edildikdən sonra isə respublikanın dövlət təsisatlarının yenidən təşkilinə başlandı. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə (16.12.1991) SSRİ Pensiya Fondunun Azərbaycan şöbəsi Azərbaycan Respublikasının Pensiya Fonduna çevrildi. Həmin dövrdən, yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra sosial yönümlü büdcədənkənar dövlət fondları yaradıldı. Belə ki, “Sosial Sığortaya və Məşğulluq Fonduna normativ ayırmalar haqqında“ Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli Qanununun bəzi maddələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə 1 iyun 1992-ci il tarixdən sosial sığorta üzrə ayırmaların əməyin ödənişi fondunun 40%-ni təşkil etdiyi müəyyən olundu. Qeyd olunan məbləğin 85%-nin Respublika Pensiya Fonduna, 15%-inin isə Sosial Sığorta Fonduna daxil olması nəzərdə tutuldu.
Sosial sığorta və pensiya təminatının maliyyələşdirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında“ Fərmanı ilə Azərbaycan Respublikası Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaradıldı. Müstəqil maliyyə-bank sisteminə malik olan DSMF- yə Azərbaycan Respublikası ərazisində dövlət pensiya təminatının, müavinət və ödəniş xərclərinin maliyyələşdirilməsi başlıca vəzifə kimi həvalə olundu.
“Sosial sığorta haqqında“ Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli Qanununun qüvvəyə minməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqan kimi daha da təkmilləşdi. 1999-cu il 27 oktyabr tarixli Azərbaycan Respublikasının qanunu ilə DSMF-nin 2000-ci il büdcəsi ilk dəfə olaraq ayrıca təsdiq edildi.
“Sosial sığorta haqqında“ Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2001-ci il 16 noyabr tarixli Qanununa, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında“ qanunlarına edilən dəyişiklik və əlavələrə uyğun olaraq əlillərin sosial müdafiəsi və məşğulluq fondları ləğv edilir və 2002-ci ildən başlayaraq məşğulluq və əlillərin sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsi DSMF-nin büdcəsində nəzərə alınmaqla, məcburi dövlət sosial sığortası vəsaiti hesabına həyata keçirilməyə başlamışdır. Ölkədə sosial sığorta və pensiya təminatı məsələlərinin Avropa standartlarına uyğun qaydada tam formalaşmasını nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası“nın icrası məqsədilə 2001-2005-ci illərdə həyata keçirilən tədbirlər Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin keyfiyyətcə yenidən qurulmasını şərtləndirmişdir.
2001-ci il noyabrın 27-dən “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Fond dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərməkdədir. Konsepsiyanın müddəalarının yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” 04 avqust 2003-cü il tarixli 908 saylı Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyaları məcburi dövlət sosial sığortası və fərdi uçot sahəsində idarəetməni həyata keçirən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna verilmiş və bununla da İslahat Konsepsiyasında nəzərdə tutulan yeni sığorta-pensiya orqanının fəaliyyəti təşkil olunmuşdur. Ölkədə vahid sığorta-pensiya sisteminin qurulması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 22 dekabr 2006-cı il tarixli 498 və 499 saylı Fərmanlara əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin Dövlət Sosial Müdafiə Fondu vasitəsilə məcburi dövlət sosial sığortası ilə əhatə olunmasına və əmək pensiyaları ilə təminatına keçilmişdir. Bu əsasda Fondun Əsasnaməsinə bir sıra dəyişikliklər edilmiş, o cümlədən dövlətin əmək pensiyaları sahəsində siyasətinin istiqamətlərinə dair təkliflər hazırlanması və bu siyasətin həyata keçirilməsi əsas vəzifələrə aid edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun vəzifələri, funksiyaları, idarəetmə strukturu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında” Əsasnamə ilə müəyyən olunur. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasında məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavə olunan müavinətlər sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Dövlət Sosial Müdafiə Fondu müstəqil maliyyə-kredit idarəsidir. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının müvafiq qanun və qərarlarını, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında əsasnaməni rəhbər tutur. Bu fondun pul vəsaiti dövlət mülkiyyətidir, digər fondların büdcə tərkibinə daxil deyildir və götürülə bilməz. Fondun Naxçıvan Muxtar Respublikasında müvafiq idarəsi, Azərbaycan Respublikasının rayon və şəhərlərində isə şöbələri fəaliyyət göstərir. Fond öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli şəkildə həyata keçirir. Fondun və onun yerli orqanlarının məcburi dövlət sosial sığorta vəsaiti fondun vahid sistemində cəmləşdirilir. Fond və onun yerli orqanları müstəqil balansa, dövlət xəzinədarlığında hesablara malik olan hüquqi şəxsdir.
Fondun əsas vəzifələri aşağıdakılardır:
• fondun büdcə layihəsini və təsdiq olunmuş büdcənin icrasını təmin etmək;
• təşkilati-hüquqi fomıasından və mülkiyyət növündən asılı olmayaraq bütün hüquqi qanunvericiliklə müəyyən edilmiş miqdarda məcburi sosial sığorta haqlarının toplanmasını təşkil etmək;
• öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığortası, pensiyalar, müavinətlər sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə və vəsaitlərin təyinatı istifadəsinə təminatı həyata keçirmək;
• məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün pensiyaların və müavinətlərin maliyyələşdirilməsini həyata keçirmək.
Dövlət Sosial Müdafiə Fondu ona həvalə edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyala keçirir:
• fondun növbəti il üzrə təsdiq olunmuş büdcəsinin gəlir və xərclərinə uyğun olaraq yerli orqanların gəlir və xərclər proqnozunu təsdiq edir;
• məcburi dövlət sosial sığorta vəsaitini idarə edir, pensiyalar və müavinətlərin təyin edilməsi, maliyyələşdirilməsi və ödənilməsinə nəzarəti həyata keçirir;
• qanunvericilik çərçivəsində sığorta edənlərdə məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmasına, xərclənməsinə və ödənilməsinə nəzarət edir [1].



Yüklə 50,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin