"Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən ayrilmayin! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam) ilə birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz."1
"Əgər camaat Əli ibn Əbu Talibin məhəbbəti ilə onun başına toplaşsaydı, Allah-təala cəhənnəm odunu yaratmazdı."2
İslam dünyada ən çox tanınan müqəddəs bir dindir. Bu din öz ətrafında milyonlarla insanı birləşdirir. Məhəbbət və əxlaq dini olan İslam hamını birliyə çağırır. Quran insanları birliyə, sülhə, əmin-amanlığa doğru istiqamətləndirir. Buna misal Quranda onlarla surə və ayələrdə tövsiyələr vardır. Bu ilahi idealogiya Rəsuli Əkrəmin dili ilə insanlara belə öyrədilir:
Əgər gün batanda bir müsəlmanın başı ağrayırsa, gün çıxanda bir müsəlman bu ağrını duymalı, bu dərdə şərik olmalıdır. Çünki İslam dünyası bir bədəni xatırladır. Bədənin hər hansı bir əzası ağrayırsa, bütün bədən o əzanın ağrısını duyur.
Həzrət Əli (ə) son vəsiyyətində İmam Həsən (ə) və İmam Hüseynə (ə) belə buyurur: Hamınız birlikdə Allahın ipindən yapışın. İman və Allahşünaslıq əsasında müttəfiq olun və bir-birinizdən ayrılmayın. Peyğəmbər (s) buyurub: Xalqın arasını düzəltmək, daimi namaz və orucdan üstündür. Dini məhv edən amil fəsad və ixtilafdır.
Nə böyük söz, nə böyük qüvvə! Amma heyhat, biz nə görürük? İslam dünyası parçalanmışdır. Tarix boyu müsəlmanlar əzab çəkmiş, əzilmiş, düşmənlərin tapdağına məruz qalmış, min bir əziyyətə düçar olmuşlar. Nədir buna səbəb? Nədən bir əzanın ağrısını o biri əzalar duymur?
Allah Hud surəsi 112-ci ayədə buyurur: Ya Məhəmməd! Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gələnlər) də düz (yolda) olsunlar. Allahın əmrlərini pozub həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görəndir.
Təfsir alimlərimiz yuxarıda göstərdiyimiz ayəni şərh edərək bir çox mətləbləri bəyan edirlər.
Buyurublar ki, insanın doğru, düzgün, müstəqil olması üçün 10 istiqamət vardır ki, biri Allah ilə bəndənin öz arasında olan düzgünlükdür. Digərləri ağıl, bədən, nəbatat, qohum-əqraba, qonşular, ailə, möminlər və bütün müsəlmanlar ilə öz arasında bərpa etdiyi düzgünlüklər. Yəni yuxarıda sadaladıqlarımızlarla bahəm, insan gərək özü ilə bütün müsəlmanlar arasında düzgün ola. Bütün məzhəb ixtilaflarını bir kənara qoyub bütün müsəlmanlar ilə mehriban olmalı, məzhəblər arasında birlik yaratmalıdır. Bütün bu müsbət tövsiyələr Həzrət Əli (ə)-ın ömür yolunda öz əksini tapmışdır. Belə ki, Həzrət Əli (ə) 25 il öz haqlı hakimiyyətindən kənarda qalmasına baxmayaraq İslamda birliyi və vəhdəti qorumaqdan ötəri 3 xəlifənin dövründə İslamın çətin və müşkül işlərini həll etmiş, bir çox məsələlərdə onlara yardımçı olmuşdur. Bu barədə qədərincə geniş və sanballı əsərlərimiz mövcuddur.
Şərq ədəbiyyatının görkəmli nümayəndələri də vəhdət, birlik haqqında qiymətli sənət əsərləri yazmışlar. Belələrinə misal olaraq, dahi söz ustadlarından sayılan S.Ə.Şirvani bu sahədə öz nəsihətli kəlamları ilə tələbələrinə, övladlarına dəyərli və hikmətli tövsiyələr etmişdir. Şair öz oğlu Mir Cəfərə nəsihətində özünün şiə olduğunu bildirmiş və başqa təriqətlərə pis baxmağı, onları təhqiri qadağan etmişdir. Hər bir təriqətə hörmətlə yanaşmağı təbliğ edən şair İslamın əzəmət və qüdrətini məhz birlikdə görmüşdür.
Dostları ilə paylaş: |