Əşhədü billahi -əliyyül əzim,
Sahibi imanəm, a şirvanlılar!
Yox yeni bir dinə yəqinim mənim,
Köhnə müsəlmanam, a şirvanlılar!
Şiəyəm əmma nə bu əşkaldən,
Sünniyəm, əmma nə bu əmsaldən,
Sufiyəm əmma nə bu əbdaldan,
Həqq sevən insanəm, a şirvanlılar!
Qaili-Quranəm, a şirvanlılar!
Mətləb odur ki, Mirzə Ələkbər Sabir kimi xalqın başqa gözü açıq oğulları da həmişə bu ayrılığa mənfi münasibət bəsləyiblər. Düşmən isə bu ayrılıqdan məharətlə istifadə edib.
Tarixdən məlumdur ki, Bəni Üməyyə və Bəni Abbasilərin xilafəti dövründə Həzrət Əli (ə) və onun övladlarına düşmən olan bir çox xəlifələr onu nəyin bahasına olursa-olsun xalqın gözündən salmağa çalışırdılar. Bunun üçün minbərlərdən yalançı alimlər Əli (ə)-a Allah deyir və bununla da böyük günaha batırdılar.
Ş.İ.Xətai ilk dəfə olaraq, rəsmi surətdə bu gün Azərbaycan və İran ərazisində azanda Əliyyən-vəliyyullah deyilməsini əmr verdi. Bu kəlmə ilə o, həm düşmən iftiralarına son qoydu, həm də Əli (ə)-a Allah deyənlərin günahkar olduğunu sübut etdi. Şah İsmayılın bu baxımdan bütün iş və fikirləri tarixdə öz əksini tapıb. Bütün bunlar şair və yazıçılarmızın əsərlərində dəfələrlə istifadə olunub. Şeyx Səfiəddin də sünni-şiəliyə fərq qoymur və öz təriqətində hamısını (Şafei, Hənəfi, Hənbəli, Maliki) birləşdirirdi. Tarixi araşdırmalar göstərir ki, dünyanın hər bir yerindən müxtəlif məzhəblərdən olan dəstə-dəstə adamlar Ərdəbilə gəlib Şeyx Səfiəddinin təriqətində birləşirdilər. Çünki onun təriqətində heç bir dini ayrı-seçkilik yox idi. O cümlədən, Şah İsmail Xətai də müxtəlif məzhəbləri öz təriqətində birləşdirib bədii yaradıcılığında onları tərənnüm edirdi.
Məsələn batiniyyə, hurufilik, bəktaşılər, mövləvilər, abdallar, axilər, məvalilər, qələndərlər və s. buna misal göstərmək olar. Bu da Səfaviyyə təriqətində Şeyx Şəfinin və Xətainin təbliğ etdikləri "Vəhdəti-vücud" və "vəhdəti-üqudu" (yəni əqidələrin birliyini) təşkil edirdi.
İslamın böyük nümayəndələrinin bir qisminin vəhdət haqqında da buyurduğu fikirləri oxuculara təqdim edirəm.
Dostları ilə paylaş: |