ÜÇÜNCÜ HİSSƏ ƏBU-HƏMZƏ SOMALİ DUASINDAN SEMƏLƏRİN ŞƏRHİ
(1)
“Həmd olsun Allaha ki, Ondan başqasını çağırmaram. Əgər Ondan başqasını çağırsam, duam qəbul olmaz. Həmd olsun Allaha ki, Ondan başqasına ümidim yoxdur. Əgər başqasına ümidvar olsam, ümidim doğrulmaz”.
“Əbu-Həmzə Somali” duası adı ilə tanınan və ramazan ayının səhərləri oxunan bu dua imam Əliyyibnil Hüseyndən nəql olunmuş şərafətli və dəyərli dualardandır.
Bu duanı imam Səccad (ə), imam Baqir və imam Sadiqin (ə) səhabələrindən olan Əbu-Həmzə imam Səccaddan nəql etmişdir. Əbu-Həmzə zəmanəsinin böyüklərindən olmuşdur. Ona zəmanənin Salmanı deyirdilər. Elə bu böyük dua özü onun şəxsiyyət və mə`rifətini göstərir.
Mərhum Məclisi “Biharul-ənvar”da (98-ci cild, səh.82, 2-ci rəvayət) bu duanın sənədi haqda belə nəql edir: Həsən ibn Məhbuba istinad edən Əbu Məhəmməd Harun ibn Musa (hər ikisi böyük rəvayətçilərdəndir) Əbu-Həmzə Somalidən belə nəql edirlər: Həzrət Əli ibn Hüseyn (ə) ramazan gecələrində bütün gecəni namaz qılar və səhər açıldıqda bu duanı oxuyardı.
Bu duanın “Əbu-Həmzə” adı ilə tanınmasının səbəbi onu Əbu-Həmzənin nəql etməsi, ya da onu imam Səccadın (ə) Əbu-Həmzəyə öyrətməsidir.
Əbu-Həmzə kimdir? Əbu-Həmzə Sabit ibn Dinar Kufə əhli və Somalə qəbiləsindən idi. Bə`ziləri deyirlər ki, o Bəni-Səl qəbiləsindən idi, lakin Bəni-Somali arasında evi olduğu üçün Somali kimi tanınmışdı. Əbu-Həmzə imam Səccad (ə), imam Baqir (ə) və imam Sadiqin (ə) müasiri olmuş və onlardan rəvayət nəql etmişdir. Bə`zilərinin fikrincə, o imam Kazimin (ə) də xidmətinə yetişmişdir. Onlardan nəql olunub ki, o, səhabələrin yaxşılarından və hədis nəql etməkdə e`tibarlı şəxslərdən idi. Həmçinin nəql olunur ki, imam Sadiq (ə) buyurdu: “Salman öz dövründə necə idisə Əbu-Həmzə də öz dövründə elə idi.”1
Maməğaninin “Rical”ında Davud Rəqqidən nəql olunur: Əmirəl-mö`mininin (ə) qəbrinin ziyarətinə gəlmiş xorasanlı bir nəfər deyir: Əmirəl-mö`mininin (ə) ziyarətindən sonra Kufəyə gedib, qoca bir kişinin ətrafında cəmləşib onu dinləyən bir dəstə gördüm. Yaxınlaşdıqda onların şiə olduğunu anladım. Qoca kişinin kimliyini soruşdum. Dedilər: “Əbu-Həmzədir”. Mən də oturdum. O danışdığı vaxt bir ərəb dedi: “Mədinədən gəlmişəm, Cə`fər Sadiqin (ə) dünyasını dəyişdiyini gördüm”. Əbu-Həmzə bu sözləri eşidib ah çəkdi və təəssüf etdi. Sonra soruşdu: “Vəsiyyət etdimi?” Ərəb dedi: “O oğlu Abdullah, Musa və Mənsur haqqında vəsiyyət etdi”. Əbu-Həmzə dedi: “Şükür olsun Allaha ki, bizi çaşqın vəziyyətdə qoymadı. Bizi kiçiyə yönəltdi, böyüyü tanıtdırdı, böyük işi örtülü saxladı”. Sonra Əmirəl-mö`mininin (ə) qəbri kənarında namaz qıldı. Mən ona yaxınlaşıb dediyi sözlərin mə`nasını soruşdum. Dedi: “Böyüyün bədən eybi var (ona görə imam ola bilməz), kiçiyin adını ona görə çəkir ki, onu özünə canişin seçmişdir . . . “ Sonra xorasanlı kişi Mədinəyə gedib İmam Kazimin (ə) hüzuruna yetişir. Məsələni ondan soruşur. Həzrət buyurur: “Məgər Əbu-Həmzə Əmirəl-mö`mininin (ə) qəbri kənarında sizə demədimi? Qəlbi Allah nuru ilə işıqlanan mö`minin əməli kamildir”.
Bu hədislər Əbu-Həmzənin məqamını göstərir. Ümumi şəkildə imamlar səhabələrin tutumunu nəzərə alaraq onlara göstəriş vermişlər. Bu duanın əhəmiyyət və əzəmətini dərk edən kəs Əbu-Həmzənin məqam və kamalından xəbər tutar.
(Biz bu duanı mərhum Hacı Şeyx Abbas Qumminin “Məfatihul-cinan” kitabından nəql edirik.)
ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ
İmamlardan nəql olunmuş dualar çox sadə şəkildə bəyan olunsa da, üstün mətləbləri bəyan edir. İnsan bu dualar haqda düşünməli və onlardan faydalanmalıdır. İnsanın halı hər nə qədər münasib olarsa, duadan daha çox istifadə edib bəhrələnə bilər. Bə`zi dualar bə`zi Qur`an ayələri kimi bizim dərk edə bilməyəcəyimiz məzmuna malikdir. Lakin bə`zən bu sayaq dualara diqqət yetirmək insan üçün faydalı olur; məsələn, “İftitah” duasında oxuyuruq:
“Həmd olsun o Allaha ki, səma və sakinləri Onun qorxusundan ildırım kimi fəryad çəkirlər; yer və əhli Onun qorxusundan lərzəyə gəlir; dəryalar və Onun dərinliyində üzən hər nə varsa, Onun qorxusundan cuşa gəlib, fəryad qoparmaqdadır”.
Qur`anda deyilir: “İlıdırm və bütün mələklər Allahın qorxusundan Onu təsbih edirlər.”1 “Göylərdə yerdə nə varsa, hamısı Allahı təsbih edir.”2 “Onu təsbih və sitayiş etməyən heç bir mövcud yoxdur. Lakin siz onların təsbihini anlamırsınız.”3
Bunlar bizim tam surətdə dərk etməkdə aciz olduğumuz hallardır. Təfsirçilər də adətən bu növ ayə və duaların mütəşabeh olduqlarını bildirirlər. Bə`ziləri isə öz düşüncələri qədərində izah verirlər. Lakin bu mətnlər məxluq ilə Allah arasında olan bir həqiqətdən danışır. Bu əlaqəni güclü bir cazibəyə oxşatmaq olar. Allah bəndələrini təkvini şəkildə özünə tərəf çəkir. Hər bir mövcud öz nuru, elm və idrakı həddində Allah ilə öz arasında olan əlaqəni təkvini şəkildə dərk edir. İnsanın təkvini rabitədən xəbər tutması onu başqa varlıqlardan fərqləndirən ilahi imtiyazdır. O ixtiyari olaraq bu əlaqəni gücləndirib Allaha doğru hərəkət edə bilər.
ƏYLƏNCƏLƏR TƏKVİNİ RABİTƏNİ DƏRK ETMƏK ÜÇÜN MANEƏDİR
İnsanlar, adətən, öz maddi və dünyəvi əyləncələri səbəbindən onların vücudunun dəyrinliyində kök atmış təkvini rabitəni unudurlar. İl boyu fərdi və ictimai çətinliklər və məşğuliyyətlər səbəbindən bu rabitəyə diqqət yetirmək üçün tövfiq tapmırıq. Mübarək ramazan ayında isə dua və münacat üçün daha çox tövfiq olduğundan insanın bir qədər maddi həyatdan çəkinib Allahı düşünməsi üçün fürsət yaranır. Beləcə, insan öz zatı səfası həddində ilahi əzəmət cilvəsini müşahidə edir, onun adlarını camal və kamal sifətlərini anlayır.
Allahın camal və cəlal sifətlərini dərk etməyin xüsusi cazibəsi var. İnsan Allahla ünsiyyət tapır və bu halın ondan uzaqlaşmasını istəmir. Allahın əzəmətini dərk edir və ixtiyarsız olaraq səcdəyə düşür, haqqın qarşısında kiçilir. Bu halı əldə etməklə (müəyyən mə`rifət mərhələsinə çatmaqla) insan elə bir ləzzət duyur ki, onun qarşısında dünyəvi və maddi ləzzətlər heç nədir. Bu cür ləzzətlərə çatmış şəxslər keçmişdə çox olub, indi də az deyil.
İnsan öz diqqətini maddiyyatdan Allaha doğru yönəldərsə, vəsfolunmaz dərəcədə özü ilə Allah arasında cazibə hiss edər. Bu zaman özünü Allaha və Allahı özünə yaxın görər. Allah bizdən uzaqda deyil. Allah Qur`anda buyurur: “Biz insana boyun damarından da yaxınıq.”1 Lakin pis əməllərimiz ilə Allahdan uzaq düşməyimiz üçün səbəb yaradırıq. İnsan pis əməlləri, şeytani və nəfsani arzularından əl çəkib dünyəvi və qeyri-ilahi həvəsləri özündən uzaqlaşdırarsa, Allaha yaxınlaşar.
İmam Səccad (ə) həmin Əbu-Həmzə duasında buyurur: “İlahi, bilirəm ki, Sən bəndələrindən gizli deyilsən. Onlar öz əməlləri ilə Səninlə öz aralarında hicab yaradıblar”.
Dostları ilə paylaş: |