13.12.07 | İmmun çatışmazlığı və QİÇS–ə qarşı mübarizə
2006–ci ilin sonunda statistik hesabata əsasən dünyada İİV (insan immune çatışmazlığı virusu) və
QİÇS–ə yoluxmuş 40 milyon insan vardır. İndiyə kimi bu epidemiya (böyük ərazilərdə yayılmış yoluxucu xəstəlik) 25 milyon insanın həyatına son qoymuşdur. Hesablamalara görə, daha 6 milyon insan növbəti 1–2 ildə, müalicəsini vaxtında ala bilməməsindən dünyasını dəyişə bilər.
Azərbaycanda Milli QİÇS Mərkəzinin 1 aprel 2007–ci il tarixli hesablamalarına görə, xəstələrin sayı 1030 nəfərdir. Lakin qeyri–rəsmi məlumatlara görə, onların sayı 10 dəfə çoxdur.
QİÇS qazanılmış immun çatışmazlığı sindromudur. Yəni immun sistemin zəifləməsi ilə gedən xəstəlikdır. Bu xəstəlik inkişaf etdikcə insanda bir çox fəsadlar baş qaldırır və insan bu xəstəlikdən zəifləyərək tələf olur.
İmmun çatışmazlığı virusuna yoluxmuş insanlar iki qrupa bölünür. Birincisi, daşıyıcılardır ki, bu insanlar hər hansı yolla İİV–ə yoluxmuş olur, lakin onlarda xəstəliyin heç bir əlaməti olmur. Onlar uzun müddət özlərini sağlam hiss edirlər, oxuyurlar, işləyirlər. İİV–yə yoluxmuş olduqlarını çox vaxt təsadüfən hər hansı proses üçün müayinə olunduqda (məsələn, qadınlar hamiləliklə əlaqədar qadın məsləhətxanalarına getdikdə, xarici səfərə getmək üçün sağlamlıq arayışı lazım olduqda, donor kimi qan vermək istədikdə və ya təsadüfi, qoruyucusuz cinsi əlaqədə olduqdan bir müddət sonra və s. hallarda) öyrənirlər. Əgər bu insanlar sağlam həyat tərzi qaydalarını gözləsələr, sağlam şəraitdə yaşasalar, onlar uzun müddət sağlam qalırlar.
İkincisi, QİÇS–lə xəstə olanlar bir müddət İİV ilə yaşadıqdan sonra belə insanlarda immun sistemi zəifləyir və onlarda müxtəlif infeksiyalar baş qaldırır. Orqanizm bu infeksiyalarla bacara bilmir, buna görə də onda xəstəlik toplusu əmələ gəlir. Vərəm, müxtəlif iltihabi proseslər, göbələk xəstəlikləri və hətta bədxassəli şişlər insanı getdikcə əldən salır və tələf edir.
İnsan orqanizmində immun sistemin rolu orqanizmi xarici ziyanverici amillərdən və daxildə əmələ gələn bədxassəli şiş hüceyrələrini məlum edərək qorumaqdır. Çox mürəkkəb prosesləri idarə edən bu sistemin səyi nəticəsində orqanizm xəstəliklərdən sağalır, yad və zərərli maddələrə qarşı mübarizə aparır, təhlükəyə vaxtında lazımi reaksiya verir. İmmun sistemi orqanizmin müdafiəçisidir, ordusudur və bu ordunun əsgərləri immun hüceyrələridir.
Hər bir virus növünün orqanizmdə sevdiyi toxuma vardır. Məsələn, hepatit virusları qara ciyəri zədələyir, qrip virusları udlağı və burunun selikli qişasını, İİV–in isə ən çox sevdiyi toxuma T–limfositləridir.
Müəyyən edilmişdir ki, İİV insanın bütün maye mühitlərində tapılır. Amma bunlardan yalnız 5–də onun konsentrasiyası o qədər çoxdur ki, o, bu mayelər vasitəsilə yoluxa bilər. Bunlara aiddir: qan, sperma, qadın cinsiyyət üzvünün mayesi, ana südü, yaralarda olan ifrazat (irin, eksudet və s.) İnsanlar İİV–ə əlsıxmaq, öpüşərkən (ağız suyu ilə) tərlə və ya göz yaşları ilə, öskürmə və asqırma zamanı, ümumi qab–qacaqdan və ya yataqdan, hamam və tualetdən istifadə etdikdə, birgə idmanla məşqul olduqda heyvanlar və ya həşəratlar vasitəsilə yoluxurlar. Yeniyetmə gənclər ailə həyatına kamillik dövrünə başlayarkən, cinsi yolla keçən xəstəlilklər, o cümlədən İİV və QİÇS haqqında məlumatlanmalıdırlar. İşlənmiş iynə, şpris və digər tibb alətlərindən istifadə edilməməli, manikür alətləri birdəfəlik olmalıdır. İnsanlar İİV və QİÇS–ə yoluxmuş olduqlarını bilmək üçün xüsusi testlərdən anonim olaraq keçə bilər. Əgər birinci dəfədən testin cavabı “müsbət” olubsa, o insanın ən azı 3 ay yoluxmuş olduğu hesab olunur. Müasir zamanda İİV və QİÇS–ə qarşı nə peyvənd, nə də müalicə sağaltma üsulu tapılmayıb. Sağlam həyat tərzi ilə yaşamaq, bədəni möhkəmlətmək infeksiyaya qarşı davamlı olmağa kömək edir. İİV və QİÇS olan insana düzgün qidalanma, yatmaq, istirahət etmək və mütəmadi olaraq idmanla məşğul olmaq məsləhət görülür.
Salamat NƏCƏFOV, Azərbaycan Respublikasının İnsanHüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad RegionalMərkəzinin baş məsləhətçisi.
Mənbə: http://respublica.news.az/2007/12/13/2044/ (mütərcim)