Açar sözlər: tropik bitkilər, interyer, işıqlanma dərəcəsi, temperatur, nisbi rütubət, yaşıllaşdırma, Bromeliaceae, Orchidaceae.
Tarixi inkişafın müasir mərhələsində elmi-texniki inkişafın nailiyyətləri insanın təbiətdən asılığını nə qədər azaltmış olsa da ətraf mühitə göstərdiyi mənfi təsirlə bütün canlılar aləmi üçün real təhlükəli vəziyyət yaratmışdır. Ətraf mühitin çirklənməsi insanın öz gələcək həyatını fəlakət qarşısında qoymuşdur. Buna görə də insan təbiətin və onu əhatə edən ətraf mühitin qayğısına qalmalıdır.
XX əsr dünya tarixində görünməmiş dərəcədə əhali artımı ilə səciyyələnir. Yüz il əvvəl dünyada əhalinin sayı 1,5 milyard olduğu halda, 1960-cı ildə 3 milyard olmuşdur. Son 40 il ərzində isə ikiqat artaraq 2000-ci ildə 6 milyard nəfərə çatmışdır [15]. 1990-cı ildə dünya əhalisinin 51%-i şəhərlərdə yaşayırdı, 2000-ci ildən sonra isə 80-90% olacağı proqnozlaşdırılır. Belə artım, xüsusilə şəhərlərin böyüməsi və əhalisinin artması ətraf mühitə çox mənfi təsir göstərir.
Şəhərlərdə yaşayan əhali vaxtının 80%-ni evlərdə və örtülü istehsalat şəraitində keçirir ki, belə şəraitdə insan orqanizmi üçün olduqca zərərli olan hava qatışıqları (CO2, formaldehid, ağır metal birləşmələri və s.), xəstəliktörədən mikroorqanizmlər açıq havaya nisbətən 20 dəfə, bəzi hallarda isə 100 dəfədən də çox olir. Buna görə də tropik və subtropik bitkilərin daxili ekoloji şəraitin sağlamlaşdırılmasında əhəmiyyəti əvəzsizdir.
Yaşayış və ictimai binaların, eyni zamanda sənaye müəssisələrinin tikintisinin artan tempi ilə əlaqədar olaraq interyerlərin arxitekturaca-dekorativ tərtibatı məsələləri, xüsusilə onların yaşıllaşdırılması daima aktuallıq daşıyır.
Daxili interyerlərin (yaşayış, istehsalat və ictimai binaların) abadlaşdırılmasında, bədii-memarlıq tərtibatında və istehsalatda əmək şəraitinin sağlamlaşdırılmasında yaşıllaşdırma əsas elementlərdən biridir. Müasir dövrdə otaq şəraitində becərilən bitkilər təkcə dekorativ memarlıq baxımından deyil, həm də sanitar-gigiyenik cəhətdən böyük maraq kəsb edir [2,8,9,12].
Bizim ölkədə aparılan böyük sayda ictimai, sosial və yaşayış binalarının geniş kompleks şəkildə tikintisi və onların yaşıllaşdırılması ümumi abadlıq işlərinin ayrılmaz hissəsi olub insanların əhval-ruhiyyəsunə, əmək şəraitinin yaxşılaşdırılmasına, istirahət etməsinə kömək edir.
Daxili interyerlərin yaşıllaşdırılması üçün seçilən bitkilər özündə dekorativ effektivliklə uzunmüddətli inkişaf fəaliyyətini birləşdirməklə ətraf mühitə sağlamlaşdırıcı təsir göstərməklə memarlıq elementlərinin bir hissəsinə çevrilməlidir [10,11,14].
Hamıya məlumdur ki, bitkilərin bacarıqla seçilərək interiyerlərə yerləşdirilməsinin böyük emosional və estetik təsiri var. Bitkilər, açıq şəraitlə (0,03%) müqayisədə 23 dəfə çox (0,7%) karbon qazı toplanan bina və otaqların havasını təmizləyir. Onlardan bəziləri özündən zərərli mikroblara məhvedici təsir göstərən fitonsidlər ayırırlar. Nəhayət, məlumdur ki, yaşıl rəngin özü əsəb sisteminə sakitləşdirici təsir edərək, insanların iş qabiliyətinə və ümumi tonusuna yaxşı təsir edir və bununla müsbət emosiyaya səbəb olur.
Son zamanlar Mərkəzi Nəbatat Bağında interyerlərin yaşıllaşdırılmasının elmi əsaslarının işlənib hazırlanması sahəsində elmi tədqiqat işləri aparılır [5].
Daxili yaşıllaşdırmada istifadə olunan əsas bitki növləri tropik və subtropik iqlim şəraiti olan ölkələrdən çıxıblar. Tropik və subtropik bitkilərin introduksiyası və onlardan istifadə edilməsi müasir dövrdə dünya florasının bitki ehtiyatlarının mənimsənilməsinin əsas problemlərindən biridir. Azərbaycanda isə yeni tropik bitki assortimentlərinin sayı çox deyil və onların seçilməsi, becərilməsi təsadüfi xarakter daşıyır. Buna görə də bir çox xarici ölkələrdə geniş istifadə olunan və Mərkəzi Nəbatat Bağının kolleksiyasında toplanmış tropik və subtropik fəsilələrin (Bromeliaceae, Orchidaceae) nümayəndələri daxili yaşıllaşdırmada geniş tətbiq edilkərək öyrənilir [1,3,4,5,6,7].
Yaşıllaşdırma zamanı bitkilər də daxil olmaqla interyerlərin ekoloji xüsusiyyətlərinə və ekoloji funksional prinsiplərinə görə təsnifat bölgüsü aparılmışdır [5]. Aparılmış bölgü əsasında interyerlər aşağıdakı tiplərə ayrılmışdır: 1. Parad; 2. Sağlamlaşdırıcı; 3. Məişət; 4. Xidməti; 5. İstehsalat; 6. İdman-tamaşa; 7. Oranjereya; 8. Qapalı bioloji sistemlər.
İnteryerlərdə ekoloji vəziyyət əsas ekoloji faktor (işıq, temperatur və havanın nisbi rütubəti) göstəriciləri ilə xarakterizə olunur. Bizim işlətdiyimiz interyerlərin təsnifatından görünür ki, sağlamlaşdırıcı, məişət, xidməti və idman-tamaşa interyer tipləri əsas ekoloji faktor parametrlərinə görə cüzi fərqlənirlər. Onlar arasında fərq əsasən funksional və sanitar-gigiyenik vəzifəcə olur. Bununla əlaqədar olaraq bitkilər fitogigiyenik və tibbi-bioloji xüsusiyyətlərinə görə seçilirlər.
İnteryerin istehsalat tipi isə daha mürəkkəbdir. Burada bitkilərə bəzi hallarda ekstremal təsir göstərən bir çox spesifik faktorlar mövcüddyr. Oranjereya tipli interyerlərdə isə bütün ekoloji parametrlər bitkilərin təbii bitdiyi ərazilərin göstəricilərinə yaxındır. Parad tipli interyerlərdə isə təbii işığın intensivliyi yetərincə olmadığından qısa vaxt dövrü üçün yüksək dekorativlik effekti tələb olunan bitkilər seçilir.
İnteryer şəraitində bitkilərin böyümə və inkişafı üçün optimal şərait şərti olaraq beş qrupa bölünmüşdür [5]: 1. Optimal zona; 2. Əlverişli zona; 3. Qənaətbəxş zona; 4. Dözümlü zona; 5. Dözülməz zona (bura qapalı tipli interyerlər daxildir).
Aparılmış tədqiqatlar və araşdırmalar zamanı öyrənilmişdir ki, 10 m2 sahəsi olan otaqda yerləşdirilmiş 4-5 ədəd bitki havanı müxtəlif zərərli qarışıqlardan 70-80% təmizləyir. Bitkilər təkcə havanı təmizləmirlər, onlar həm də özlərindən fitonsidlər buraxırlar ki, bu da daxili interyerlərin zərərli mikroflorasına öldürücü təsir göstərməklə havanı sağlamlaşdırır [13]. Bu bizim apardığımız təcrübələrdə də öz təsdiqini tapmışdır. Belə ki, tətqiq edilən tropik və subtropik bitkilər Staphylococcus aureus, S. saprophyticus, Pseudomonas seruginosa, Streptococcus β–haemolit və Sarcius kimi zərərli mikroorqanizmlərə qarşı antimikrob aktivliyə malikdir və havada olan həmin mikroorqanizmlərin 60-80% -ini məhv edirlər.
Qeyid etmək lazımdır ki, otaq bitkilərinin onların təbii yerlərdə bitməsinin ekologiyasının və biologiyasının öyrənilməsi bizə assortimentlərin seçilməsində tam müvəffəqiyyət qazanmağa təminat vermir. Belə ki, bitkilərin yeni mühit şəraitinə introduksiyası zamanı müxtəlif uyğunlaşma qabiliyyəti aşkar edilir. Bununla əlaqədar olaraq bitkilərin interyerin mikroiqliminə olan tələbatını bilmək çox vacibdir. Belə şəraitdə becərilən bitkilərin biologiyası və ekologiyası haqqında ədəbiyyat məlumatları çox azdır. Bununla belə görünür ki, interyerlər bitki orqanizminin bütün tərəflərinə təsirini özündə ifadə edəın xüsusi biotopa malikdir. Məhz buna görə sənaye müəssisələri və ictimai binalar üçün xarakterik olan və bitkilərin uyğunlaşması üçün lazım olan mühit faktorlarının məlum olmaması yaşıllaşdırma üçün bitkilərin ən uğurlu seçiminin müvəffəqiyyətinə belə təminat vermir.
İnteryerdə mikroiqlim rejiminin səciyyələndirilməsi üçün havanın nisbi rütubəti, temperatur rejimi və işıqlanma dərəcəsi araşdırılmalıdır [16]. Yaşıllaşdırmada istifadə edilən bitkilərin bitmə şəraiti haqqında təsəvvür əldə etmək üçün bu faktorların hər birini gözdən keçirmək lazımdır.
Dostları ilə paylaş: |