Yer kürəsinin yalnız müəyyən bir rayonunda yayılan, digər yerlərdə təsadüf edilməyən növlər endem bitkilər adlanırlar. Endemik bitkilər müxtəlif mənşəli ola bilir
Yer kürəsinin yalnız müəyyən bir rayonunda yayılan, digər yerlərdə təsadüf edilməyən növlər ENDEM bitkilər adlanırlar. Endemik bitkilər müxtəlif mənşəli ola bilir. Onlardan bəziləri arealın məhdudlaşması, növlərin ixtisar olması və bəzən də yeni növlərin yaranması nəticəsində meydana gəlir. Birinci halda relikt endemik adlanır, məsələn,sekvoya növünün arealı keçmişdə Yer kürəsində geniş yayıldığı halda, hazırda yabanı halda yalnız Kaliforniyada qalmışdır. Cavan növün arealı neoendem adlanır. Bunların arealı çox kiçik olmaqla yeni geoloji dövrlərdə əmələ gəlmişdir. Beləliklə, endem növləri qədim və cavan ola bilər. Dağlar və adalar endem növlərin saxlanılması üçün çox əlverişlidir . Məhz buna görə Qafqaz dağlarinda 1153 endemik növlərə təsadüf edilir.
Azərbaycan flora növlərinin ümumi sayına görə Cənubi Qafqazın ən zəngin ölkəsidir. Burada rast gəlinən bitki növləri Cənubi Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Azərbaycanda yayılmış 4500 ali bitki növündən 240 növü Azərbaycan (ümumi floranın 6%-nə qədəri), 920 növü isə Qafqaz üçün endem növlərdir. Endemik növlər yerləşdiyi regionun ekoloji şəraitinə uyğunlaşaraq, həmin ərazi üçün səciyyəvi olan və dünyanın başqa yerində yayılma ehtimalı olmayan bitki növləridir. Endemik bitkilər azsaylı olub, məhdud areala sahibdirlər. Bu növlərin çoxu nadir və nəsli kəsilməkdə olan növlər kimi Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil ediliblər. Qarabağ dağ laləsi, Eldar şamı, Bakı gəvəni, Azərbaycan itburnu və s. endemik bitkilərdir. Respublikamızın təbiəti Üçüncü dövrə aid olan relikt (qədim) cinslərlə də zəngindir ki, bunların nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonasında daha çox rast gəlinir. Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş yayılmışdır. Xüsusilə onlar 600-1600 m mütləq yüksəkliklərdə çox yerdə vahid qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır.
Endem bitki növləri:
Azərbaycan endemləri: Radde ayıdöşəyi (Dryopteris raddeana)
Eldar şamı (Pinus eldarica)
Ağaran danaqıran (Merendera candidissima)
İriçiçək laləvər (Fritillaria grandiflora)
Qarabağ tülpanı (Tulipa karabachensis)
Qafqaz endemləri: Ledebur zanbağı (Lilium ledebourii)
Eyxler tülpanı (Tulipa eichleri)
Yulia tülpanı (Tulipa julia)
Florenski tülpanı (Tulipa florenskyi)
Qəşəng qayışləçək (Himantoglossum formosum)
Xəzər endemləri: Xəzər ektokarpusu (Ectocarpus caspicus)