İxtisas: 5706. 01‒Azərbaycan dili İstiqamət: Filologiya elmləri ‒ dilçilik


Feildən feil düzəldən qeyri-məhsuldar şəkilçilər



Yüklə 349,49 Kb.
səhifə16/21
tarix02.02.2022
ölçüsü349,49 Kb.
#114056
1   ...   13   14   15   16   17   18   19   20   21
2.2. Feildən feil düzəldən qeyri-məhsuldar şəkilçilər
Əvvəl bəhs etdiyimiz qeyri-məhsuldar şəkilçilərlə müqayisədə feildən feil düzəldən qeyri-məhsuldar şəkilçilər, onların işlənmə cəhətləri, funksional keyfiyyətləri, etimoloji strukturu haqqında daha dolğun danışmaq mümkündür. Azərbaycan dilində bu qrupa daxil olan leksik şəkilçilər əsasən CV, VC, CVC heca tipində olan sözlərə qoşulub yeni mənalı sözlər gətirir. Bu budaq morfemlər milli-Azərbaycan mənşəli olmaqla yanaşı, eyni zamanda hamısı son şəkilçidir, bir, iki və dörd cür yazılır. Feildən feil düzəldən və bir cür yazılan qeyri-məhsuldar şəkilçilərin işlənməsində bir cəhət diqqəti xüsusi ilə çəkir. Belə ki, bunlar adlardan ad düzəldən milli və alınma mənşəli bir cür yazılan şəkilçilərdən fərqli olaraq, qoşulduğu sözdə ahəng qanununa tabe olur. Bu da ondan irəli gəlir ki, həmin şəkilçilərin özləri də iki və dörd cür yazılan feil düzəldən şəkilçilərin əsasında əmələ gəlmiş, onların bir fonetik variantına çevrilmişdir. Bu qrupa aid budaq morfemlər əlavə olunduğu sözdə əsasən hal-vəziyyət, hərəkət çaları yaradır. Əmələ gətirdiyi feillər əksəriyyət etibarilə dinamik feillərdən ibarətdir. Müasir Azərbaycan ədəbi dilində rast gəlinən feildən feil əmələ gətirən budaq morfemlər aşağıdakılardan ibarətdir:

-sa,-sə. Bu şəkilçi qeyri-məhsuldar olsa da, demək olar ki, dil tarixinin bütün dövrlərində söz yaradıcılığı prosesində iştirak etmişdir. Lakin şəkilçinin sözdüzəldicilik funksiyası bütün dövrlərdə eyni dərəcədə olmamışdır. Bu mənada -sa,-sə şəkilçisinin diaxronik və sinxronik aspektdə işlənməsində müəyyən fərqlər özünü göstərir. Hətta erkən orta əsrlərə aid mətnlərdə feil düzəldən -sa,-sə şəkilçisinin işlənmə tezliyi daha intensiv olmuş və morfoloji yolla söz yaradıcılığı prosesində olduqca məhsuldar iştirak etmişdir. Bundan əlavə, bu şəkilçinin etimologiyası haqqında digər feil düzəldən, xüsusən də qeyri-məhsuldar feil düzəldən şəkiçilərdən fərqli olaraq, qədim mənbə və abidələrin, dastanların, türk dillərinin dil materiallarına istinad etməklə dəqiq fikir söyləmək mümkündür. -sa,-sə şəkilçisi qoşulduğu sözdə daha çox arzu, istək çaları yaradır. Bu da onun semantikasından qaynaqlanır. Belə ki, bu şəkilçi qədimdə işlək bir söz olub sonradan lüğəvi mənasının daralması nəticəsində işləkliyini itirmiş, yalnız ümumiləşmiş qrammatik mənaya malik olan və öz ilkin leksik mənasını qismən də olsa, sıxılmış halda özündə əks etdirən bir sözdüzəldici şəkilçiyə çevrilmişdir. M.Kaşğari “Divani-lüğat-it türk” əsərində “sa” sözünün üç işlənmə xüsusiyyətini göstərmişdir. Türkoloji dilçilikdə də -sa,-sə şəkilçisinin arzulamaq, arzu etmək, istəmək mənasını ifadə edən “sa” praformasından törəmə olduğu qeyd edilir. M.Erdal qədim türk dilində bu şəkilçi vasitəsilə düzəlmiş 15 söz göstərmişdir. E.Teres isə şəkilçinin türk dillərində qeyri-məhsuldar olduğunu qeyd etməklə yanaşı, Orxon kitabələri və qədim uyğur dilində işlənmədiyini qənaətində olmuşdur. [172, s.177] F.Zeynalov da -sa,-sə şəkilçisini deziderativ məna yaratmağa xidmət edən şəkilçi kimi qəbul edir. [152, s.196]

Bu semantik çalar hətta -sa,-sə şəkilçisinin -ümsə,-imsə;-msın,-msin,-msun,-msün,-sın,-sin,-sun,-sün;-sət,-sən;-sı,-si,-su,-sü kimi derivatlarında da özünü göstərir.

“Divan”da şəkilçinin etimologiyası belə izah edilir: “Arzu etmək mənası verən bu ... [-sa/sə] şəkilçisi türklərin «bir şey saydı» demək olan «......sadı nənqi» sözündən alınmışdır. Sanki istəyən adam o şeyi öz arzuları arasında sayaraq onu diləmiş, istəmişdir. Məsələn, «......ər suwsadı» ifadəsi «adam susadı» demək olub «su o adamın diləkləri sırasında sayılmışdır» deməkdir.” [94, c.1, s.306]

Bəzi dilçilər -sı,-si,-su,-sü şəkilçisini -sa,-sə şəkilçisinin qapalı saitli fonovariantı kimi izah edir. Bir qrup dilçilər isə şəkilçini müstəqil şəkilçi kimi tədqiq edirlər. Yeri gəlmişkən, bir məqamı da qeyd edək ki, -sı,-si,-su,-sü şəkilçisini -sa,-sə şəkilçisinin dialekt və şivələrdə işlənən bir forması kimi qəbul edən dilçilər də vardır. Güman olunur ki, -sı,-si,-su,-sü şəkilçisi sınamaq feilinin praforması olan “sı” feilindən törəmişdir. Əslində, həm -sa,-sə şəkilçisi, həm də -sə,-si,-su,-sü şəkilçisi eyni söz yuvasında yerləşir. “Divani-lüğat-it türk” də “-sa,-sə”nin qapalı forması haqqında belə bir fikir var: ... [sa/sə] ədatındakı.......i-yə çevrilsə [yəni -sa yerinə -si olsa], məna dəyişir və o özündə nisbət olunan nəsnənin halını, təbiətini alır, bulunduğu haldan başqa hala keçdiyini göstərir... Mayelərdə və bir haldan başqa hala keçən şeylərdə, axıcı maddələrdə bu qayda hər zaman beləcə söylənilir. Bu məna birinin bir şeyi qırdığı zaman deyilən «....... sıdı nənqi» sözündən alınmışdır.” [94, c.1, s.307]

Müasir Azərbaycan dilində -sı,-si,-su,-sü əsasən qeyri-məhsuldar şəkilçi kimi adlardan təsirsiz feil əmələ gətirir. Məs.: tamahsımaq, quraqsımaq, kifsimək, qəribsimək, qarsımaq, çiysimək, qaxsımaq və s.

-sa,-sə şəkilçisi və onun derivatları qoşulduğu sözün semantikasında əsasən, arzu, istək, yamsılama, təqlid çaları əmələ gətirir. Müasir Azərbaycan ədəbi dilində -sa,-sə şəkilçisini susamaq, qəribsəmək sözlərinin quruluşuna əsaslanmaqla daha çox adlardan feil düzəldən leksik şəkilçi kimi təqdim edirlər. Ancaq tarixən bu şəkilçi feillərin də sonuna artırılıb yeni sözlər əmələ gətirmişdir. -sa,-sə şəkilçisi və onun fonovariantlarının işlənmə xüsusiyyətlərinə nəzər salaq:

Məlumdur ki, bu şəkilçi qeyri-məhsuldar olsa da, dilimizdə, o cümlədən türk dillərində işlənmə tarixi qədimdir. Hətta “Orxon‒Yenisey” kitabələrində də rast gəlinir. N.Xudiyev [69, s.121] və Ə.Şükürlü -sa,-sə şəkilçisinin təkcə uyğur yazılı abidələrində rast gəlindiyi qənaətindədirlər: “-sa,-sä şəkilçisi adlardan arzu, istək mənalı təsirli feil əmələ gətirir. Bu şəkilçiyə yalnız qədim uyğur yazılı abidələrində rast gəlmək mümkündür: körüksä (Man. 1. 10,11) görməyi arzu etmək; suvsa (MK III 28, I) su içməyi arzu etmək.” [136, s.114] Lakin Ə.Şükürlü -sa,-sə şəkilçisinin abidələrin dilində feillərlə işlənməsi və onun derivatlarının işlənmə xüsusiyyətləri haqqında məlumat verməmişdir.

Q.von Qaben də “Eski türkcənin qrameri” əsərində -sa,-sə şəkilçisini “arzulama, istek duyma bildirir” şəklində şərh etmişdir. Bundan başqa, şəkilçinin -ğsa,-ğsä (“bir şeyi yapmayı istemek”) variantının da qədim türk dilində işlək olduğunu “barığsa” (getməyi arzu etmək), öpügsä (öpməyi arzu etmək), körügsä (görməyi arzu etmək) kimi nümunələr üzərində göstərmişdir. [155, s.50] O, şəkilçini -ğ və -sa,-sə şəkilçisinin sintezindən yarandığı qənaətində olmuşdur. Qeyd edək ki, şəkilçinin bu formasına “Divan”da da rast gəlinir və M.Kaşğari həmin dil hadisəsini belə izah etmişdir ki, sonundar olan sözlər tox və qalın saitlə bitərsə, onda sa şəkilçisindən əvvəl bir ğ hərfi gəlir. Feilin məsdəri mək-lə bitər və ya incə ahəngli olarsa, «sa»dan əvvəl bir ğ hərfi gəlir” [94, c.1, s.306]. M.Kaşğari nümunə kimi “ol əwə barığsadı” (o, evə varmaq istədi), “mən səni körügsədim” (mən səni görmək istədim) cümlələrini vermiş və bildirmişdir ki, “barığsadı” yerinə “barsadı”, “körügsədi” yerinə “körsədi” işlətmək mümkündür.

M.Ergin də -sa,-sə şəkilçisinin qədim türk dilində işlənmə xüsusiyyətlərindən bəhs edərkən yazır: “Bu ek de (-sa,-sə şəkilçisi nəzərdə tutulur‒İ.Ə.) Türkçede eskiden beri kullanılan, fakat işleklik sahası geniş olmayan eklerden biridir. Eskiden örnekleri daha çoktu ve istek ifadesi için kullanılırdı. Bugün ancak bir kaç fiilde görülür. Olma veya yapma ifade eden fiiler yapar. Eski Anadolu Türkçesindeki buğa-sa-, «ineğin boğa istemesi», ayğır-sa «kısrağın aygır istemesi», buğur-sa,«dişi devenin erkek deve istemesi» kibi fiilerde, bugün su-sa-, garib-se-, umur-sa, mü-him-se- misallerinde bu ek vardır.” [160, s.174]

-sa,-sə şəkilçisinin derivatlarından olan -msın,-msin,-msun,-msün,-ümsün,-msı,-msi,-msu,-msü,-imsə,-ümsə şəkilçiləri də müasir Azərbaycan ədəbi dilində qeyri-məhsuldar şəkilçi funksiyasında çıxış edir. Əsasən, ağlamsınmaq, gülümsünmək, gülümsəmək, mənimsəmək sözlərinin tərkibində işlənir. M.Kaşğarinin “Divan”ında -msın,-msin,-msun,-msün,-ımsın,-imsin,-umsun,-ümsün şəkilçilərinin qoşulduğu sözdə yaratdığı semantika “əslində olmayan bir hərəkəti olmuş kimi göstərmək” şəklində şərh edilir. Bu hal “Divan”da verilmiş tiləmsindi, kəlimsindi, gülimsindi, barımsındı, tarımsındı kimi nümunələrdə də özünü daha qabarıq göstərir.[157]

M.Kaşğari lüğətdə bu mənanı verməyən bir söz ‒ yaramsındı feilini vermişdir: ol manqa yaramsındı=o mənə yaltaqlandı.

M.Ergin isə -msa,-mse şəkilçisinin yaranmasını belə izah edir: “Son zamanlarda ortaya çıkan bu ek bundan öncə gördüğümüz -sa,-se ekinin, başına bir m alması ile teşekkül etmiştir.-sa,-se başına m sesini ya m ile biten bir isim sonundan alarak eke dahil bir ses gibi diğer misallere de geçirmiş veya m buraya benzetme yolu ile girmiştir... -msa-,-mse- yapma veya olma ifade eden fiiler yapar. İşleklik sahası geniş değildir. Ancak bir kaç misalde görülür. Az-ı-msa, ben-i-mse, iyi-mse, kötü-mse, küçü-mse misallarınde bu ek vardır. Gül-imse fiili de bu misalleri andırıyor. Fakat onda -mse - eki bir fiilden fiil yapma eki olarak görülüyor. Türkçede böyle bir fiilden fiil yapma eki ise yoktur. Onun için gül-ü-mse- fiilinin yapısı normal görünmüyor. -mse ekinin buraya isimden yapılmış fiilerden benzetme yolu ile gelip yerleştiği ve gül-ü-msenin klişeleşmiş bir şekil olduğu anlaşılmaktadır. Böyle değilse gül- fiilinden -m ile yapılmış isim -se - ile fiil yapılmışdır diye düşünülebilir.” [160, s.174]

B.Serebrennikov isə -msa,-imsa şəkilçilərinin tərkibindəki -m elementini “çoxdəfəli hərəkəti bildirən” element kimi qəbul edir və şəkilçi daxilindəki -m ünsürünü zəifləmiş hərəkəti ifadə etdiyini bildirir. [131, s.306]

Ümumiyyətlə, bu şəkilçilərin hansı nitq hissəsindən feil düzəldilməsi məsələsində dilçilər arasında bir fikir ayrılığı var. Məsələn, A.von Qaben -si şəkilçisinin feillərdən feil düzəldən (əm-əmsi) şəkilçi kimi qəbul etsə də, N.Hacıeminoğlu bunu qəbul etmir. A.von Qabenin əmsimək kimi verdiyi söz “Divan”da əmsədi şəklində öz əksini tapıb: kənc anasın əmsədi - uşaq anasını əmmək istədi. Həmin söz göytürk dilinin morfologiyasında da əmsi formasında işlənmişdir. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, qədim və orta dövr mənbələrinə dair dil materiallarında -sa,-sə şəkilçisinin adların (əwsədi, suwsa, qəribsə və s.) və feillərin (alsadı, insədi, ölsədi, ögsədi və s.) sonuna əlavə edilib feil əmələ gətirdiyi müşahidə olunduğu halda, -sı,-si,-su,-sü şəkilçisinin feillərə artırılıb yenidən feil əmələ gətirməsinə təsadüf olunmur. -sı,-si,-su,-sü şəkilçisi daha çox adların sonuna artırılıb feil yaradır. “Divan”da suwsıdı (sirkə suwsıdı), kaxsıdı (ət kaksısıdı), yağsıdı (yakrı yağı yağsımas) kimi sözlərin tərkibində var. -sa,-sə şəkilçisinin isə həm adlar, həm də feillərlə işlənib yeni söz əmələ gətirməsinə daha çox qaraxanlı türkcəsində rast gəlinmişdir. “Divani-lüğat-it türk” də ətsədi, atsadı, ötsədi, itsədi, aşsadı, içsədi, uzsadı, əgsədi kimi onlarla belə söz var.

M.Kaşğarinin lüğətindən sonra, -sa,-sə şəkilçisinin belə intensiv şəkildə feillərə artırılıb feil düzəltməsinə rast gəlinmir. Buna müasir Azərbaycan ədəbi dilində daşlaşmış şəkildə olsa da, görsətmək sözündə təsadüf edilir. Əslində, burada iki müxtəlif şəkilçi var: -sə və -t şəkilçisi. Lakin müasir ədəbi dilimizdə görsəmək sözü olmadığı üçün şəkilçi birlikdə -sət formasında birlikdə götürülür. Burada feildən feil düzəldən -t şəkilçisi isə daşlaşmış vəziyyətdədir. Bir məqamı da qeyd edək ki, “Divan”dan sonra, -sa,-sə şəkilçisinin sözdüzəldici şəkilçi kimi feillərdən feil yaratması dilimizdə yox səviyyəsindədir. Bu cəhətdən yalnız görsətmək feili fəal işlənmə tezliyinə malikdir. Bu sözə “Divani-hikmət”də, İ.Nəsimin, Ş.İ.Xətayinin və digər şair və yazıçıların dilində rast gəlinir:

Şəm körsətip pərvanə dik ahkər kılğıl, Hər nə kılsanq aşık kılğıl, Pərvərdigar. (Ə.Yəsəvi)

Bədii mətnlərin linqvistik təhlillərinə əsaslanaraq deyə bilərik ki, görsətmək sözünün iki müxtəlif şəkildə işlənə bilir. Belə ki, bu söz gah görsətmək, gah da metateza hadisəsi nəticəsində göstərmək şəklində işlənmişdir. Qırğız dilində söz körsöt şəklindədir. Görsətmək sözünün göstərmək şəklində işlənməsinin tarixi də qədim olub, ən azı min il bundan əvvəl təşəkkül tapmışdır. Hətta “Oğuzanamə”də bu söz göstərmək şəklində verilmişdir: Eş eşi göstərər. Tavşan tutan it dişin göstərməz.

A.Qurbanov da göstərmək sözünün etimologiyasını metateza hadisəsi kontekstində izah edir: “Bu söz (görsətmək sözü nəzərdə tutulur‒İ.Ə.), daha doğrusu, keçmiş dövrlərdə görsət formasında işlənmişdir; məsələn: Çox nəstə sifətdə zahir olmaz, Görsət üzünü bizə nəhani. (Xətai)

Görsət sözü sonralar metateza hadisəsinə uğramışdır. Müasir göstər sözünün tarixində metateza hadisəsi baş vermiş olduğunu müəyyən etdikdən sonra, həmin sözün kökünü gör sözü təşkil etdiyini söyləmək olur.” [92, s.87]

Müasir Azərbaycan ədəbi dilində də sözün hər iki forması paralel olaraq işlənir. Hətta Azərbaycan dilinin orfoqrafiya lüğətinin VI nəşrində görsətmək sözü ilə bağlı görsədilmə, görsədilmək, görsətmə, görsətmək lüğəvi vahidləri, göstərmək sözü ilə əlaqədar isə göstərən, göstərmə, göstərgə, göstərici, göstəricili, göstəricisiz, göstəriliş, göstərilmə, göstərilmək, göstəriş, göstərişli, göstərişsiz, göstərmə, göstərmək sözləri əksini tapmışdır. [12, s.267] Lakin canlı danışıq dilində göstərmək forması daha işləkdir.

-sən şəkilçisinin də yaranması -sət şəkilçisində olduğu kimidir. Lakin burada şəkilçi daxilində daşlaşmış -n ünsürü qayıdış növ şəkilçisinin qalığı kimi çıxış etdiyi üçün şəkilçi qoşulduğu sözdə qayıdış növ çaları yaradır. -sən şəkilçisində də -sət şəkilçsində olduğu kimi -sə şəkilçisi müasir dil baxımından görmək feilinə qoşulub işlənə bilmir, daha dəqiq desək, asemantik səciyyə daşıyır. Buna görə də görsətmək və görsənmək feillərinin tərkibindəki -sət və -sən şəkilçiləri tarixən iki müstəqil şəkilçi olsa da, müasir ədəbi dil baxımından bir leksik ‒ sözdüzəldici şəkilçi funksiyasında çıxış edir. -sət şəkilçisinin iki müstəqil şəkilçi kimi işlənməsinə “Divani-lüğat-it türk” əsərində M.Kaşğari ətsətti, axsattı, aşsattı, əwsətti kimi bir neçə nümunə vermişdir. Bu sözlərlə yanaşı, “Divan”da ətsədi (ürəyi ət istəmək), axsadı (axsadı), əwsədi və s. kimi leksik vahidlər də işlənmişdir.

Qeyd edək ki, görsənmək və görsətmək sözlərini S.Cəfərov sadə söz kimi qəbul edir. O, bu münasibətlə yazmışdır: “Bununla belə dilimizdə bu gün sadə kimi görünən bir sıra sözlərdə bu şəkilçinin izini tapmaq mümkündür; məsələn, görsət(mək), görsən(mək) fellərinin kökü gör(mək) olduğu aydındır. Əgər gör feilinin əsli göz olduğunu nəzərə alsaq, o zaman buradakı -sə şəkilçisinin isimdən fel düzəldən bir şəkilçi olduğu meydana çıxır.” [25, s.165]

“Divan”da bu gün üçün xarakterik olmayan “görsə” feili də var. [97, s.329]

Bundan əlavə, -san,-sən şəkilçisi vasitəsilə yaranmış söz kimi səksənmək sözünü də götürmək olar. Sözün kökü sək feili bu gün az da olsa, quşla bağlı hərəkəti ifadə edən bir söz kimi işlənir. Bu söz uçmaq, sıçramaq, tullanmaq, hoppanmaq, tullana-tullana yerimək şəklində başa düşülür.

Səksəmək sözü ədəbi dilimizdə artıq işlənmədiyindən -sən birgə şəkilçi kimi götürülür. Səksənmək sözü təxminən diksinmək sözünün leksik mənasına yaxın bir məna ifadə edir. Məs.: Sultan bəy səksənib dayanır. (Ü.Hacıbəyov); Üzü o tərəfə dayanmış katib səksənib, çiyni üzərindən geri boylandı. (M.Hüseyn)

-sın,-sin,-sun,-sün şəkilçisi də -sı,-si,-su,-sü şəkilçisi əsasında əmələ gəlmiş qeyri-məhsuldar feil düzəldən şəkilçidir. Bu şəkilçi də iki müstəqil şəkilçinin sintezi əsasında yaranmışdır. Buradakı -n daşlaşmış qayıdış növ şəkilçisidir. Buna görə də -sın,-sin,-sun,-sün şəkilçisinin qoşulduğu sözlər təsirsiz olur. Adlardan və feillərdən feil əmələ gətirir. Umsunmaq, diksinmək, tamsınmaq, vaysınmaq, heyifsinmək, doluxsunmaq və s. kimi sözlərin tərkibində işlənir.

-sın,-sin,-sun, -sün şəkilçisi bəzi türk dillərində morfoloji yolla söz yaradıcılığı prosesində məhsuldar iştirak etdiyi halda, bəzi türk dillərində isə qeyri-məhsuldar şəkilçi funksiyasında çıxış edir. Məsələn, xərəzm türkcəsində ağırsın (ağır və zor saymaq), ulugsun (büyüklenmek), akılsın (kendini akıllı saymaq), qıpcak türcəsində erksin (müqtedir olmak), türkiyə türkcəsində arsın (utanmak, haya düşmek), hayfsın (esef etmek), ağlamsın (ağlar kibi görünmek), kolaysın (kolay ve önemsiz görmek), güçsün (güç kabul etmek), kiçisin (küçük görmek), zorsun (zor bulmak, saymak), yeni uyğur türcəsinde azsın (azımsamak), garipsin (kendini qarip hissetmek), egirsin (ağır bulmak), qazax türcəsində kıyınsın (zorlanmak, ağır gelmek), öcetsin (cesurlanmak), uluksun (kendini büyük sanmak), kemsin (küçüksemek), köpsin (çok olduğunu belirtmek), danasın (kendini bilikli ve akıllı saymak), azsın (azımsamak), arıksın (zayıf saymak), baysın (zengin görünmek), ersin (kendini güçlü saymak), krım türkcəsində ağırsın (ağır gelmek, ağır saymak), azsın (az bulmak, azımsamak), çoksun (çoğumsamak), ayıpsın (ayıpsamak), çeksin (şüphe etmek, şüphelenmek), yazıksın (yazık bulmak, yazık görmek) qırğız türkcəsində baysın, azsın, köpsün, uluksun kimi sözlər bu şəkilçi vasitəsilə əmələ gəlmişdir.

M.Kaşğari də öz lüğətində -sın,-sin,-sun,-sün şəkilçisi vasitəsilə əmələ gəlmiş yaxsındı (ər kaftan yaxsındı=adam kaftanı çiyninə atdı), yersindi (ət yerig yersindi=adam bir yeri özünə yurd elədi) kimi sözləri izah etmişdir.

-sut şəkilçisinin yaranması da eynilə -sət şəkilçisinin quruluş modeli əsasında formalaşıb. Müasir dilimizdə olduqca qeyri-məhsuldar olub, feildən feil düzəldən şəkilçi kimi təkcə umsutmaq sözündə işlənir.

Şəkilçinin -sıt,-sit forması Azərbaycan dilində işlək olmasa da, yeni uyğur türkcəsində tengsit (denkleştirmek) və kemsit (küçük düşürmek) sözlərində işlənmişdir. Tarixən işlənmiş -sir şəkilçisini də -sa,-sə şəkilçisinin derivatlarından saymaq olar. Demək olar ki, qoşulduğu sözdə yaratdığı semantik çalar göstərilən şəkilçinin digər derivatlarının ifadə etdiyi semantik tutuma bərabərdir. Məs.: Ər külsirdi (“Divan”) =adam özünü gülümsər göstərdi. Müqayisə üçün vurğulayaq ki, “Divan”dakı külsir sözü “Kutadqu Bilik”də külçir (KB, 3845) şəklində işlənmişdir.

Qeyd etmək lazımdır ki, -sa,-sə şəkilçisi və onun söz yaratma prosesində məhsuldarlığı dilin ayrı-ayrı dövrləri üzrə fərqlənir. Yuxarıda verilmiş misallardan aydın olur ki, bəhs etdiyimiz şəkilçi tarixən daha məhsuldar olmuşdur. Q.Kazımov şəkilçi haqqında yazır: “Bu şəkilçi (-sa,-sə şəkilçisi‒Q.K.) omonim şəkilçilərdəndir: dilimizdə (və eləcə də digər türk dillərində) həm leksik ‒ sözdüzəldici şəkilçi kimi, həm də ümumiləşmiş şərt mənası yaradan qrammatik şəkilçi kimi işlənməkdədir. Tarixən də hər iki funksiyasını yerinə yetirib. Onu da qeyd etməliyik ki, -sa,-sə sözdüzəldicilik vasitəsi kimi, tarixən o qədər məhsuldar olmamış, məhdud söz qrupundan feil düzəltməyə xidmət etmişdir. Lakin qrammatik şəkilçi kimi fəal olmuş və bu gün də öz intensiv işlənmə imkanları ilə seçilir.” [2, s.9] Düzdür, tarixən şəkilçinin daha çox isim və feillərdən yeni söz əmələ gətirdiyini nəzərə alıb “məhdud söz qrupundan feil düzəltməyə xidmət etmişdir” fikrini qəbul etmək olar. Lakin şəkilçi tarixən daha məhsuldar olub. Təkcə onu qeyd etmək kifayətdir ki, M.Kaşğari “Divani-lüğat-it türk” əsərində -sa,-sə şəkilçisi və onun derivatları vasitəsilə əmələ gəlmiş 50-dən artıq lüğəvi vahidin ‒ hərəkət bildirən sözün şərhini vermişdir. Ona görə də “tarixən o qədər məhsuldar olmamış” fikri ilə razılaşmaq olmaz. Əksinə, tarixən məhsuldar olsa da, bu gün qeyri-məhsuldardır. Azərbaycan dilində “Orxon‒Yenisey” abidələrindən bu günə qədər -sa,-sə şəkilçisi vasitəsilə yaranmış sözlərin arasında işlənmə tezliyi ən yüksək olan söz “susamaq” sözüdür. Ona görə də əksər qarammatika kitablarında -sa,-sə şəkilçisi və onun işlənmə xüsusiyyətləri daha çox susamaq sözünün quruluşu kontekstində izah olunur.

Bu şəkilçinin Azərbaycan dilində işlənmə xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, -sa,-sə və onun derivatlarının yaratdığı bütün feillər təsirsiz feillərdən ibarətdir. Lakin şəkilçini təsirli feil düzəldən şəkilçi kimi qəbul edən dilçilər də var. Məsələn, Ə.Şükürlü körüksə və suvsa sözlərini əsas gətirməklə -sa,-sə şəkilçisini qədim türk yazılı abidələrinin dilində adlardan arzu, istək mənalı təsirli feil əmələ gətirən şəkilçi kimi təqdim edir. Hesab edirik ki, Ə.Şükürlünün -sa,-sə şəkilçisinin təsirli feil əmələ gətirməsi qənaətində olmağı həmin şəkilçinin bilavasitə daxili semantikası ilə əlaqədardır. Görünür, bu şəkilçinin praforması olan “sa” feili şəkilçiləşməmişdən əvvəl, müstəqil leksik vahid olmaqla yanaşı, eyni zamanda ayrı-ayrı sözlərə yanaşıb mürəkkəb feil, daha dəqiqi, bir növ daxili obyektli feillər kimi cümlənin fikir predimetinin hərəkət və ya əlamətinin ifadəsinə xidmət etmişdir. Daha sonra, dilin inkişafı ilə əlaqədar “sa” feili şəkilçiyə çevrilsə də, öz ilkin lüğəvi mənasından tam şəkildə təcrid olunmamışdır. Ona görə də artırıldığı sözün semantikasında əsasən söz kökündəki anlayışın yenidən arzu olunması, istənməsi, təqlidi durur. Məs.: iç(mək)‒içsə(di=mək)‒içmək istəmək; al(maq)‒alsa(dı=maq)‒almaq istəmək və s.

Göründüyü kimi, bəhs etdiyimiz şəkilçinin yaratdığı sözün təsirli feil olması qismən də olsa, onu əsasən başqa bir sözə və ya söz birləşməsinə transformasiya etdikdən sonra üzə çıxır. Şübhəsiz ki, bu da şəkilçinin öz praformasından, genetik olaraq daşıdığı daxili semantikasından qaynaqlanır. Ona görə də şəkilçini təsirli feil əmələ gətirən şəkilçi saymaq özünü doğrultmur. Müqayisə üçün qeyd edək ki, bu, təqribən müasir Azərbaycan ədəbi dilində bilmək, istəmək, olmaq, başlamaq kimi sözlərin başqa sözlərlə birləşib işlənməsinə bənzəyir. N.A.Baskakov da -sa,-sə şəkilçisinin türk dillərində söz kökündəki anlayışa aid arzu, istək durumunu (çalarını) ifadə edən morfem kimi bəhs etmişdir. [157]

Bundan başqa, -sa,-sə və -sı,-si,-su,-sü şəkilçilərinin -sat,-sət (məs.: görsətmək) və -sıt,-sit,-sut,-süt (məs.: umsutmaq) derivatları vasitəsilə əmələ gələn sözlərin cümlədə feili xəbər funksiyasında çıxış edərkən obyekt tələb etməsi başqa bir dil faktı ilə əlaqədardır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu şəkilçilər mürəkkəb struktura malik bir şəkilçi kimi iki müxtəlif komponentdən (-sa,-sə/-sı,-si,-su,-sü və -ıt,-it,-ut,-üt-t şəkilçilərindən) ibarətdir. Hazırda bu şəkilçilər vasitəsilə əmələ gələn sözlərin təsirlik halda olan söz tələb etməsi şəkilçinin tərkibində daşlamış vəziyyətdə mühafizə olunan və təsirsiz feillərdən təsirli feil əmələ gətirən -t şəkilçisinin işlənməsindən irəli gəlir. Şübhəsiz ki, tarixilik baxımından -sat,-sət və -sıt,-sit,-sut,-süt iki müstəqil və müxtəlif şəkilçi olmuşdur. Lakin müasir dil nöqteyi-nəzərindən tərkib hissələri ayrılıqda asemantikləşdiyi üçün (görsə, umsu feilləri işlənmir) bir leksik şəkilçi hüququnda işlənir. Ona görə belə məqamları qarışdırmamaq lazımdır.

“Divani-lüğat-it türk”də -sa,-sə ilə yanaşı, “sa” feili də işlənmişdir. Aşağıdakı bəndə nəzər salaq:

“Kara tünüg keçürsədim, Ağır unı uçursadım, Yetigənig kaçur sadım, Sakış içrə künüm toğdı”. [99, c.3. s.233]

Bu bənddən göründüyü kimi, -sa,-sə şəkilçisi təsirsiz feildən təsirli feil əmələ gətirən -ır,-ir,-ur,-ür şəkilçisindən sonra da işlənir. Yəni, -sa,-sə budaq morfeminin bir xüsusiyyəti də odur ki, o, söz kökünə artırldığı kimi, sözün əsasına ‒ başlanğıc formasına da artırıla bilir: keç-ür-sə-di-m=keçürsədim (keçməsini dilədim/istədim), uç-ur-sa-dı-m=uçursadım (uçurmaq istədim). Bu hala çox az rast gəlinir.

Yuxarıda qeyd etdiyimiz kimi, -sa,-sə şəkilçisi və onun derivatları qoşulduğu sözdə arzu, istək, təqlid, yamsılama və s. çalarları ifadə edir. Bədii mətnlərin dili göstərir ki, bu şəkilçilərin arasında daha çox -sa,-sə şəkilçisi arzu, istək çalarları (ətsə, susa, içsə, axsa, görsə və s.) bildirdiyi halda, onun qapalı saitli variantı ‒ -sı,-si,-su,-sü və digər derivatları isə təqlid, yamsılama (gülümsünmək, ağlamsınmaq, bilimsinmək, barımsınmaq və s.) bildirir. Buradakı hərəkəti təqlid, yamsılama anlayışı bilavasitə deyil, bilvasitə olur. Tutaq ki, “Divan”dakı “ol əwgə barımsındı” (Yəni, o, evə, həqiqətən, getmədiyi halda, özünü evə gedən kimi göstərdi) cümləsində əvəzliklə ifadə olunmuş subyekt evə getmir, özünü evə gedən kimi göstərir. Daha doğrusu, burada icrası nəzərdə tutulmuş hərəkət (barımsındı) zahirən dinamik feillə ifadə olunsa da, daxilən tamamilə statik xarakterə malik olur. Çünki subyekt (ol) getmir, intensiv hərəkətdə olmur, sadəcə donuq bir şəkildə təqlid edir.

Bir məqamı da vurğulayaq ki, B.Serebrennikov feil düzəldən şəkilçilərdən danışarkən türk dillərində -msıra,-msirə şəkilçisinin də olduğunu qeyd etmişdir. [47, s.125‒132] Daha doğrusu, o, xakas dilindəki “külümsire”, tatar dilindəki “këlemsire”, şor dilindəki “külümzire” (gülümsəmək, azacıq gülmək), “ışlğamzıra” (ağlamsınmaq) və altay dilindəki “külümzire” (yüngülvari gülümsəmək) misallarını verməklə həmin şəkilçini “az ölçülü hərəkəti ifadə edən affiks” kimi tədqim etmiş, eyni zamanda -s affiksli şəkilçilərdən bəhs edərkən türk dillərindəki -sıra, -sirə şəkilçisinin işlənmə xüsusiyyətlərini və qoşulduğu sözdə yaratdığı semantik çalarları -sa,-sə şəkilçisi və onun -sı,-si,-sın,-sin kimi derivatlarının izahı kontekstində göstərmişdir. [131, s.306] N.A.Baskakov da -ımsıra,-imsirə şəkilçisi ilə yanaşı, Altay ləhcəsində -zıra,-zirə variantını da qeydə almış və şəkilçininin tərkibini -im-si-re modelində şərh etmişdir. [157]

-ışdır,-işdir,-uşdur,-üşdür. Bu şəkilçi də iki məhsuldar şəkilçinin birləşməsi modelində yaranmışdır. Müasir Azərbaycan ədəbi dilində qeyd olunan şəkilçini bir qrup sözlərdə tərkib hissələrinə ayırmaq mümkün olduğu halda, bir qrup sözlərdə bu, mümkün deyil. Məsələn, bölüşdürmək, bitişdirmək, didişdirmək, vuruşdurmaq, əmişdirmək, qatışdırmaq, tutaşdırmaq və s. kimi sözlərdə -ışdır,-işdir,-uşdur,-üşdür şəkilçisi iki ayrı sözdüzəldici şəkilçi funksiyasında çıxış edir. H.Mirzəyev -şdır,-şdir,-şdur,-şdür şəkilçisinin bu tipli sözlərdə işlənməsini haqlı olaraq belə şərh edir: “Faktlardan bir daha aydın olur ki, -şdır,-şdir,-şdur,-şdür formaları müasir Azərbaycan dilində müstəqil şəkilçi kimi formalaşmamışdır. Odur ki, belə bir formanın müasir Azərbaycan dilində fel düzəldən şəkilçi kimi işləndiyini iddia etmək tamamilə yanlışdır.” [115, s.126]

Bu məqamda -ış,-iş,-uş,-üş,-aş feilin növ kateqoriyasının, -dır,-dir,-dur,-dür isə təsirlilik kateqoriyasının morfoloji göstəricisi kimi çıxış edir.

Bir qrup sözlərdə isə şəkilçi yuxarıdakı sözlərdən fərqli olaraq tərkib hissələrinə ayrılmır, birlikdə mürəkkəb şəkilçi kimi götürülür. Bu yolla dilimizdə yaranan sözlər azlıq təşkil etdiyindən -ışdır4, -şdır, -aşdır2 şəkilçiləri qeyri-məhsuldar şəkilçi hesab olunur, işlənmə dairəsi olduqca məhduddur. Nümunə kimi araşdırmaq, ovuşdurmaq sözlərini göstərmək olar.

Z.Budaqova şəkilçi haqqında fikirlərini belə ümumiləşdirmişdir: “Bu qoşa şəkilçi (–şdır,-şdir,-şdur,-şdür şəkilçisi nəzərdə tutulur‒İ.Ə.) felə sürəklilik, yaxud davamlılıq mənası verməklə, intensivlik, təkidlilik də ifadə edir. Bu şəkilçili sözlərdə işin qüvvətlənməsi də ifadə edilir. Aralaşdırmaq, qapışdırmaq, dartışdırmaq, didişdirmək, əlləşdirmək” [118, s.215] Lakin Z.Budaqovanın verdiyi nümunələr özünü doğrultmur. Ona görə ki, nümunə kimi verilmiş sözlərin hər birində -şdır,-şdir,-şdur,-şdür şəkilçisi sabitləşmiş bir müstəqil şəkilçi keyfiyyətinə malik deyil. Buradakı hər bir sözün tərkibində bir neçə leksik şəkilçi işlənmişdir: Ara-la-ş-dır-(maq), qap-ış-dır-(maq), dart-ış-dır-(maq), did-iş-dir-(mək), əl-lə-ş-dir-(mək)

B.Serebrennikov [131] isə türk dillərində -ş affiksli -ştır, F.Zeynalov [152 ] isə -şdır şəkilçilərinin olduğunu göstərmişdir.

Araşdırmaq sözündə isə -şdır şəkilçisi -aş və -dır şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Söz kökü saitlə bitdiyindən, şəkilçi də saitlə başladığından eliziya hadisəsi baş vermiş və -aş şəkilçisindəki a saiti düşmüşdür: ara(maq)-ara+aş(maq)-araş+dır(maq).

Yuxarıdakı sözlərdən fərqli olaraq, araşdırmaq sözündəki -ş şəkilçisi ayrıca məna vermədiyi, asemantik olduğu üçün -dır şəkilçisi ilə birlikdə mürəkkəb qeyri-məhsuldar şəkilçi kimi götürülməlidir. Bu sözə orta əsrlərə aid mətnlərdə də rast gəlinir. Məsələn, -aş şəkilçisinə “araşmaq” sözünün tərkibində XVI−XVII əsrlərdə yaşayıb-yaratmış Əlican Qövsi Təbrizinin “Divan”ında da təsadüf olunur:

Kimin kim, eşq bağlar əl-ayağın daxi açılmaz, Bu müşkül mənini çox kimsədən Qövsi araşıbdır.

Araş sözü tarixən də soruşmaq, axtarmaq, soraqlamaq, soraqlaşmaq, xəbər almaq, məlumat almaq və s. kimi mənalarda işlədilmişdir. Eyni zamanda -aş şəkilçisinin mətndə yaratdığı semantikada qayıdışlıq məzmunu qalmaqdadır. Araşdırmaq sözünün tərkibindəki ş samitinin bitişdirici olmadığını başqa faktlarla da sübut etmək mümkündür. [40, s.58‒63] Məsələn, Y.V.Çəmənzəminli həmin sözü axtarmaq mənasında işlətmişdir: son həftə hər sabah, bu ciblər eyni diqqət və ümidlə araşılmışdı, bir şey tapılmamışdı.

Məlumdur ki, məchul növ feillər təsirli feillərdən əmələ gəlir və təsirsiz olur. Verdiyimiz nümunədə də bu özünü göstərir: araşılmaq sözündəki -ıl şəkilçisi təsirli feil olan araşmaq sözünə artırılıb məchul növdə olan feil əmələ gətirmişdir. Yaxud da başqa bir mənbəyə nəzər salaq. “Azərbaycan türkcəsi sözlüğü” adlı izahlı lüğətdə də “araşdırıcı” (bir konu üzerinde araştırma yapan, araştırıb soruşturmayı iş edinen kimse), “araşdırılmağ” (araştırılmaq, aranmak, yoklanmak, tedkik edilmək), “araşdırmağ” (bulmağa çalışmak, sorup öğrenmek, aramak, incelemek, tahlil etmək) kimi sözlər də əksini tapmışdır. [154, c.1, s.49]

Qeyd edək ki, araşdırmaq sözündə -ş elementini bitişdirici götürənlər də var. [40, s.58‒63] Ancaq müasir Azərbaycan ədəbi dilində bitişdirici samitlər y, n, s samitlərindən ibarətdir. A.Axundov yazır: “Azərbaycan dilində ümumi fonetik xüsusiyyətlərinə görə iki sait səs yanaşı işlənə bilməz. Odur ki, saitlə bitən sözlərə saitlə başlayan şəkilçi artırıldıqda dilimizin fonetik tələbinə görə ya həmin saitlərdən biri düşməli, ya da onların arasına bir samit artırılmalıdır. İki saitin arasına samit artırılarkən səs artımı hadisəsi baş verir. Dilimizdə səs artımı hadisəsində üç samit: y, n, s samitləri iştirak edir.” [7, s.226]

-ız,-iz,-uz,-üz,-z. Təsirli və təsirsiz feillərin sonuna əlavə edilib təsirli feil əmələ gətirən qeyri-məhsuldar şəkilçidir. Müasir Azərbaycan ədəbi dilində qalxızmaq, uduzmaq, qorxuzmaq, bərkizmək, tərgizmək kimi sözlərin tərkibində rast gəlinir. -ız,-iz,-uz,-üz,-z şəkilçisi qeyri-məhsuldar olsa da, Azərbaycan dilində işlənmə tarixi qədimdir. Belə ki, dilin tarixi inkişaf mərhələsinin ilkin dövrlərində də bu şəkilçiyə rast gəlmək mümkündür. Şəkilçi hətta qədim türk yazılı abidələrindən olan “Orxon‒Yenisey” kitabələrində də işlənmişdir. Ə.Rəcəbli qədim türk yazılı abidələrinin dilində bu şəkilçi vasitəsilə düzəlmiş cəmi iki söz olduğunu göstərmişdir. [121, s.350] Abidələrin dilində şəkilçinin -ız forması daha işlək şəkildə olmuşdur ki, həmin sözlərə də əsasən Kültigin, Küllü Çor və Tonyukuk abidələrində təsadüf olunur. Məs.: ... tutızdı. Ekisin özi altızdı. Anta yana kirip türgis kağan buyurukı Az tutukığ əligin tutdı. (K, ş 38) =... tutdurdu. İkisini özü aldırdı. Onda yenə qoşuna girib türgiş xaqanının buyuruğu Az tutuku əli ilə tutdu. Udızığıma uluğı şad erti. (T,5)=Aparan (rəhbər, sərkərdə) böyüyü şad idiq.

Abidələrin dilində tutız, udız/uduz şəklində işlənmiş sözlərdən təkcə udız sözü müasir Azərbaycan ədəbi dilində müəyyən fonetik fərqlə işlənir. Bundan başqa, abidələrin dilində şəkilçinin -tız forması da diqqəti cəlb edir: Ekisin özi altızdı. (K, ş 38)=İkisini özü aldırdı. Görünür ki, həmin -tız şəkilçisi məhsuldar -tır,-tir,-tur,-tür şəkilçilərinin əsasında yaranmışdır. Daha doğrusu, həmin şəkilçilərin son samiti olan r samiti z samitinə çevrilmişdir. Demək olar ki, həm -tız, həm də -tır,-tir,-tur,-tür şəkilçisinin qoşulduğu sözdə yaratdığı semantika eyni bir xətdə birləşir.

“Tutız” sözü isə bu gün müasir Azərbaycan ədəbi dili üçün arxaik söz olsa da, tarixən daha işlək vəziyyətdə olmuşdur. Məsələn, “Kutadqu Bilik” bu söz dəfələrlə (KB, 652, 1503, 2335, 3816, 3820, 3940, 5821) işlənmişdir.

-ız,-iz,-uz,-iz şəkilçisi M.Kaşğarinin “Divan”ında bir neçə sözün tərkibində də işlənmişdir. Düzdür, həmin sözlər hazırda dilimizdə işlək olmasa da, bir dil faktı kimi maraqlıdır. “Divan”dan bir neçə nümunəyə nəzər salaq: Urağut oğlınqa süt əmüzdi. (DLT1,230) (Qadın uşağına süd əmizdirdi.) Mən anqar söz tutuzdum. (DLT2,119) (Mən ona yadda saxlanası, rəvayət ediləsi bir söz söylədim). Ol suw tamuzdı (DLT2,120) (O ,su damlatdı) və s. M.Ergin də -z ünsürlü bu şəkilçini qeyri-məhsuldar şəkilçi kimi dəyərləndirir. O yazır: “Bu ek de Türkçede eskiden beri görülen bir faktitiv ekidir. İşlek değildir. Eski türkçede daha çox kullanılırdı. Batı Türkçesinde adeta unutulmuş olup misalleri çok azdır. Ut-u-z «kumarda kaybetmək», em-i-z-(emzir-˂ em-i-z-i-r şekli kullanılır), Eski Anadolu Türkçesindeki tam-zır-«damlatmak» (˂tam-ı-z-ı-r-) fiillerinde vardır.” [160, s.203] N.Hacıeminoğlu da -z affiksli bu şəkilçidən işlək olmayan şəkilçi kimi bəhs edir və göstərdiyimiz nümunələrdən əlavə, “biltiz” sözünü qeyd etmişdir. Burada diqqət çəkən bir məqam ondan ibarətdir ki, N.Hacıeminoğlu altız sözünün quruluşuna fərqli şəkildə yanaşır: “Bu fiil al-dan yapılan alıt ismine önce -u- sonra da -z- fiil yapma ekleri gelerek təşkil edilmiş olabilir.” [163, s. 50]

Lakin bu fikir inandırıcı görünmür. Çünki elə biltiz sözündə bu qayda pozulur. Altız (aldırmaq) və biltiz (bildirmək) sözlərinin daxili semantikası da söz kökündəki həmin -tiz şəkilçisinin hazırda -dır,-dir,-dur,-dür kimi sabitləşmiş şəkilçinin ilkin formalarından olan -tır,-tir,-tur,-tür şəkilçisinin fonetik dəyişikliyə uğramış forması olduğunu göstərir. Ə.Rəcəbli də -tiz şəkilçisindən danışarkən onu -tır,-tir,-tur,-tür feil düzəldən şəkilçisinin bir forması kimi təqdim etmişdir. A.von Qaben isə şəkilçini “yaptırma eki” adlandırmışdır. Həmçinin o, N.Hacıeminoğlunun tüttürmek şəklində verdiyi sözü tütüz şəklində vermişdir. [160, s.61] Z.Korkmaz -uz şəkilçisindən danışarkən yuxarıda verilmiş sözlərdən əlavə, “tutsak” sözünün yaranmasını “tutuz-ok” şəklində izah etmişdir. [166, s.136] Lakin bu sözün yaranması sintaktik üsulla olub, “tutmaq” və “saxlamaq” sözlərinin birikməsindən əmələ gəlmişdir.

-ızdır4. Quruluşca mürəkkəbdir, qoşulduğu sözdə əsasən hal-vəziyyət, iş, hərəkət çalarları ifadə edir. Şəkilçinin tərkibindəki –dır4 komponentinə görə əmələ gətirdiyi feillər təsirli olur. Ədəbi dilimizdəki içizdirmək, əmizdirmək, batızdırmaq, tutuzdurmaq, yatızdırmaq, çimizdirmək, qaçızdırmaq, baxızdırmaq, dadızdırmaq və s. kimi feillər bu şəkilçi vasitəsilə yaranmışdır. A.Ağalarov şəkilçi haqqında yazır: “Çox halda bu şəkilçi qoşulmuş feillərə -dır,-dir şəkilçisi də artırılır; məsələn: damızdır(maq), əmizdir(mək)” [3, s.31] Lakin unutmaq olmaz ki, damız və əmiz sözləri müasir dilimiz üçün tamamilə arxaikləşmiş vəziyyətdədir və həmin sözləri təsviri qrammatikada kök və şəkilçiyə ayırmaq mümkün deyil. Ona görə də bu sözlərin quruluşundan danışarkən tarixilik baxımından iki müstəqil şəkilçi olduğunu vurğulamaq olar. Bu mənada şəkilçiyə münasibətdə M.Hüseynzadənin mövqeyi daha real və məntiqli görünür. Məhz buna görə də “-ız,-iz,-uz,-üz şəkilçisi ilə düzələn təsirli fellər müstəqil yox, -dır,-dir,-dur,-dür şəkilçisinin əlavəsi ilə işlənir və bu, felin ümumi məzmununa xələl gətirmir: çimizdir, əmizdir, baxızdır və s.” [62, s.131‒132] Qeyd etmək lazımdır ki, bu fikrin özü də natamamdır. Çünki “-ız,-iz,-uz,-üz şəkilçisi ilə düzələn təsirli fellər müstəqil yox, -dır,-dir,-dur,-dür şəkilçisinin əlavəsi ilə işlənir” dedikdə qalxız, bərkiz, uduz, qorxuz kimi sözlər nəzərdən qaçmış olur. -ızdır4 şəkilçisi bəzi sözlərin tərkibində daşlaşmış vəziyyətdə işlənir. Belə sözlərdə adətən söz kökü deformasiyaya uğramış olur. Məs.: gətizdirmək, otuzdurmaq və s. Məlumdur ki, bu sözlərin kökündə müvafiq olaraq gətir və otur sözləri dayanır və şəkilçinin əlavəsi ilə r˃z rotasiyası yaranır. Güman ki, bu sözlər gətirizdirmək və oturuzdurmaq feillərindən əmələ gəlmişdir. Müasir Azərbaycan ədəbi dilində çox nadir halda şəkilçi -dızdır,-dizdir,-duzdur,-düzdür formasında işlənir. Məs.: yuduzdurmaq, dedizdirmək, yedizdirmək və s.

-ğuz. Bizə belə gəlir ki, bu şəkilçi də dördvariantlı -ız və -ız(+dır) şəkilçiləri kökdaşdır. A.Ağalarov bu şəkilçidən -quz şəkilçisi kimi bəhs etmişdir. [4, s.96] Türk dillərində isə -quz,-ğuz,-güz,-gəz,-küz,-kəz kimi müəyyən fonetik fərqlərlə daha məhsuldar şəkilçi funksiyasında çıxış edir. Məsələn, E.Teres türk dillərindəki “körgüz”, “turğuz”, “kirgüz”, “olturğuz”, “tirgüz” sözlərini bu şəkilçi vasitəsilə yarandığını qeyd etmişdir. Bundan başqa, o, Azərbaycan dilindəki -kəz şəkilçili “görkəz” feilinin cağatay, xərəzm və qıpcak türkcəsində “körgez”, “körgüz”, “körküz” variantlarının olduğunu göstərmişdir. [172, s.612‒615] Azərbaycan dilində qeyri-məhsuldar şəkilçi kimi dur təsirsiz feilindən durğuz təsirli feilini düzəldir. -ız4, -ızdır4, -ğuz sözdüzəldici şəkilçiləri əsasən bir hecalı kök feillərə əlavə olunur. Şəkilçilər arasında bu oxşar cəhətlərə baxmayaraq, onlar arasında müəyyən fərqlər də mövcuddur. -ızdır4 şəkilçisi əsasən, CVC və VC heca tipində olan feillərə, -dızdır4 şəkilçisi isə CV tipli sözlərlə işlənir.

-şır. Çox güman ki, -ış4 və -ır4 şəkilçilərinin birləşməsi nəticəsində əmələ gəlib -şır formasında sabitləşmişdir. Tamamilə işləkliyini itirmək üzrədir. Söz kökü ilə yaratdığı söz arasındakı əlaqə tədricən itmək üzrədir. Azərbaycan dilindəki tapşırmaq sözündə rast gəlinir. K.Bəşirov bu sözdəki -şır elementini Oğuz qrupu türk dillərində icbar növ şəkilçisi kimi işlənən morfemlərdən biri kimi təhlil etmiş və şəkilçiyə özbək dilində -çır formasında rast gəlindiyini qeyd etmişdir. [17, s.288] E.Teres qədim cağatay və qıpçaq dilində -ış şəkilçisi ilə əmələ gələn sözlər arasında tapış sözünü də izah etmiş, türk dillərindəki ifadə etdiyi mənaları göstərmişdir. [172]



-gin. Bu şəkilçi də çox qeyri-məhsuldar olub, təsirsiz feildən təsirsiz feil düzəldir. İşlənmə tarixi qədimdir. Belə ki, bu şəkilçiyə qədim türk yazılı abidələrinin dilində rast gəlinir. Müasir Azərbaycan ədəbi dilində işlənmir. Ümumiyyətlə, -gin şəkilçisi digər qeyri-məhsuldar şəkilçilərlə müqayisədə tarixən də işlənmə tezliyi intensiv olmamışdır. Ə.Rəcəbli bu şəkilçidən danışarkən onu ikivariantlı -zın,-zin şəkilçisi kimi izah edir. [123, s.248] Qədim türk yazılı abidələrində “səyahət etmək”, “gəzmək”, “dolaşmaq” anlamında -gin şəkilçisi vasitəsilə düzəlmiş “təzgin” sözü işlənmişdir. Lakin Ə.Rəcəbli Yenisey abidələrində şəkilçini -zın,-zin kimi vermişdir. Məs.: İlimdə tört təgzintim. (Y, 29) = Elmdə dörd dəfə səyahətə çıxdım. Görünür, abidələrin dilində, xüsusən də Yenisey abidələrində bir neçə dəfə işlənmiş təgzin sözü təzgin sözündə metateza hadisəsi baş verdikdən sonra sabitləşmişdir. Məlumdur ki, türk dillərində kök daxilində olduğu kimi, kök və şəkilçi sərhədində də fonetik hadisə kimi metatezanın baş verməsi tam qanuni haldır. Düzdür, qədim türk dilində dəymək, çatmaq mənalarını ifadə edən “təg” feili olmuşdur. Ancaq müqayisələr, ayrı-ayrı qədim yazılı mətnlərin linqvistik tədqiqi onu deməyə əsas verir ki, söz kökünün “təz” olması daha inandırıcıdır. Bir faktı da qeyd edək ki, təzgin sözünün kökü olan təz feilinə də qədim türk dili yazılı abidələrində (K, ş 34; Bl, ş 37, 38, 41; T, 38, 43) rast gəlinir. M.Kaşğari də “Divani-lüğat-it türk” əsərində təz feilini vermiş və onu təzmək, qaçmaq, baş alıb getmək şəklində mənalandırmışdır: keyik təzdi. (DLT2, 38)= geyik qaçdı, təzdi. “Divan”da təz feili əsasında yaranmış təzgək (DLT2, 284), təzgi (DLT1, 423), təzgin (DLT2, 243), təzginç (DLT3, 335), təzik (DLT1, 387), təzin (DLT2, 167), təziş (DLT2, 129), təzit (DLT2, 298) kimi leksik vahidlər də öz əksini tapmışdır. Qeyd edək ki, Yenisey abidələrində təgzin kimi verilmiş söz “Divan”da təzgin şəklində verilmişdir. Məs.: “Ol yerig təzgindi. = O, yeri dolandı, təvaf etdi. Bir yeri təvaf edən dolanan adam üçün də belə deyilir.” [95, s.243] Qədim türk yazılı abidələrinin dilində olduğu kimi, “Divan”da da -gin şəkilçisinin işlənmə tezliyi aşağıdır. Bir məqamı da qeyd edək ki, demək olar ki, “Divan”la eyni dövrdə yazıya alınmış “Kutadqu Bilik” əsərində də -gin şəkilçisi vasitəsilə əmələ gəlmiş təzgin feili bir neçə (KB, 2745, 3194, 3600, 5367, 5754, 6610 və s.) dəfə işlənmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, müasir Azərbaycan ədəbi dilində -gin şəkilçisi vasitəsilə düzəlmiş sözlərə rast gəlinmir. Lakin tarixən işlənmiş təzgin sözünün kökü bu və ya digər dərəcədə işlənir. Məsələn, həmin sözlə bağlı təzmək, azıb təzmək, azan-təzən, gəzib tozan kimi sözlər bu gün də dilimizdə işləkdir. Yeri gəlmişkən, K.Bəşirov azan-təzən qoşa sözündə azmaq feilini itmək, yoldan çıxmaq, yolunu itirmək, təzmək feilini isə hürküb qaçmaq, arxaya baxmadan sürətlə uzaqlaşmaq şəklində mənalandırır. O, azan-təzən sözü haqqında yazır ki, azmaq feili daha çox insanla, təzmək isə heyvanla bağlı işlədilən ifadədir. [16, s.25] Azərbaycan dilinin izahlı lüğətində isə “təzmək” feili “hürkmək”, “hürküb qaçmaq” şəklində izah olunmuşdur. [14, s.336] Azərbaycan dilinin dialektoloji lüğətində də təzixməx (Basarkeçər, Kürdəmir), təzdənməx, təzdənif getməx (Çənbərək), təzməx (Cəbrayıl, Hamamlı, Kəlbəcər, Meğri, Ordubad) feilləri hürkmək, hürküb qaçmaq, getmək, çıxıb getmək mənalarında verilmişdir: Ələddin alatorannan təzdənif yetdi kəndə. Öydən çolpalar küdriyə təzikip. İnəyin balası təzikif gedif. İnəyim səniƞ nobatında təzib. Gördü gəlillər, təzdi Otuzikiyə. (ADDL, 495) “Təzmək” feilinin heyvanla bağlı hərəkəti ifadə etməsi onun sonradan qazandığı bir semantik çalardır. Qədim yazılı abidələrdə daha çox insanla bağlı hərəkətin ifadəsinə xidmət etmişdir. Ə.Yəsəvinin “Divani-hikmət”ində müasir Azərbaycan ədəbi dilindəki gəzib tozmaq, gəzib təzmək sözləri müəyyən bir fonetik fərqlə iki ayrıca müstəqil mənalı söz kimi, eyni zamanda insanla əlaqədar olan hərəkəti bildirən feil kimi işlənmişdir:

Kul Xacə Əhməd ğaflət birlə ömrünq ötti,



Va hasrəta, közdin tizdin kuvvət kitti...(DH,10)

Müqayisə üçün qeyd edək ki, dialekt və şivələrimizdə işlənən dızıx (Ağdam, Beyləqan), dızıxmax (Cəbrayıl, Cəlilabad, Füzuli, Kürdənir, Masallı, Oğuz, Şamaxı,Tovuz, Zaqatala, Zəngilan, Laçın), dızqax (Şəmkir) sözləri də məhz təzmək feilinin fonetik cəhətdən şəkildəyişmiş formasıdır. [13, s.132] Aydındır ki, müasir dilimizdə söz başında “d” samiti işlənən sözlərin böyük əkəriyyəti tarixən “t” samiti ilə işlənmişdir. Türk dilləri üçün, o cümlədən Azərbaycan dili üçün t˃d səs əvəzləməsi də tamamilə təbii haldır. Lakin burada dızıx və dızıxmax sözlərindəki “x” elementi bir-birindən fərqlənir. Belə ki, dızıx sözündəki -ıx ədəbi dildəki feildən sifət düzəldən -ıq,-ik,-uk,-ük şəkilçisinin danışıq dilindəki tələffüz variantı, dızıxmax sözündəki -ıx isə adlardan və feillərdən feil düzəldən -ıx,-ix,-ux,-üx,-ik şəkilçilərinin (tərsikmək, otuxmax, birikmək, bezikmək, darıxmaq və s.) bir formasıdır. Dızıx, dızqax, dızıxmax kimi sözlərin təzmək feilindən yaranmasını onların daxili semantikası da təsdiq edir. Göründüyü kimi, bu sözlərin semantik tutumunda qaçmaq, çıxıb getmək mənaları dominatlıq təşkil edir. Bu tip sözlərdə əksərən qaçmaq, çıxıb getmək anlayışı, bir növ, təzmək sözünün sonradan qazandığı məcazi mənaları ifadə edir. Məsələn, “Nə dızqax adamsan, işdən də adam qorxarmı?” (Şəmkir) və “Bu nə dızıx adamdı” (Beyləqan) cümlələrində işlənmiş dızqax, dızıx sözləri qorxaq anlamını verir. Yəni, elə qorxduğu üçün yaxın gəlmir, uzaqlaşır, uzaq durur, dolayısı ilə məcazi mənada qaçır. Unutmaq olmaz ki, “dızıxmax”ın həqiqi mənada işləndiyi məqamlar da var: Gördi gəleyəm, dızıxdı (Cəlilabad). Dilçilik ədəbiyyatında, demək olar ki, -gin şəkilçisinin etimologiyası haqqında heç bir fikir söylənilməmişdir. Ən yaxşı halda şəkilçinin söz yaradıcılığı prosesindəki iştirakından danışılmışdır. Türkologiyada T.Banguoğlu da feildən feil düzəldən şəkilçilər arasında -gin şəkilçisini qeyd etmiş, nümunə kimi də tezginmek, dezginmek, yutqunmaq, taşkınmak, uçkunmak sözlərini vermişdir. Lakin etimologiyasını izah etməmişdir. [156, s.279] -gin şəkilçisi də digər feil düzəldən şəkilçilər kimi milli mənşəli şəkilçidir, daha doğrusu, qeyri-məhsuldar şəkilçidir. Biz belə fikirləşirik ki, -gin şəkilçisi də əksər feil düzəldən şəkilçilər kimi mürəkkəb struktura malikdir və tarixilik nöqteyi-nəzərindən iki ünsürün sintezindən ibarətdir. Bizə belə gəlir ki, -gin şəkilçisi -gi və -n elementlərinin birləşməsindən əmələ gəlmişdir. Daha doğrusu, qədim “gi” kökünə ‒ feilinə -n şəkilçisinin bitişməsi əsasında bu şəkilçi meydana gəlmişdir. Məlumdur ki, şəkilçilərin yaranmasında ayrı-ayrı söz köklərinin lüğəvi mənasının daralması, itməsi və onların cansızlaşması, öz ilkin formalarından bu və ya digər dərəcədə uzaqlaşması kimi məsələlər mühüm rol oynayır. -gin şəkilçisində də belə bir hal var. Şəkilçi daxilində artıq daşlaşmış və sabitləşmiş vəziyətdə olan -gi komponenti, çox güman ki, tarixən müstəqil mənalı söz olmuşdur. Təsəvvür tamlığı naminə qeyd edək ki, qədim şumer dilində də həm “ki/gi”, həm də “gin” feilləri olmuşdur. Ayrı-ayrı dillərin, xüsusən də türk dillərinin fonetik, leksik və qrammatik cəhətlərinin linqvistik tədqiqi də göstərir ki, dilin yarandığı ilkin dövrlərdə eyni bir söz, yəni sinkretik kök bir neçə sözün yaranmasında mənbə rolunu oynamışdır. Dilin müasir lüğət tərkibində bir-birilə antonimlik təşkil edən leksik vahidlərin böyük əksəriyyəti etimoloji cəhətdən bir kökün əsasında formalaşmışdır. Bu mənada “gi” feili də belə kök feillərdən hesab oluna bilər. Q.Kazımov da şumer dilinin materiallarına əsasən “gi” feilini getmək, gəlmək, qaçmaq, yerimək, hərəkət etmək, yürümək, yortmaq mənalarını ifadə edən sözlərin kökündə dayanan feil kimi qəbul edir. O, şumer dilindəki “gi” feili haqqında yazır: “Bu söz ( gi sözü nəzərdə tutulur‒İ.Ə.) ulu dilin parçalanması ərəfəsində bütün canlı və cansız varlıqların müxtəlif növ hərəkətlərini bildirmiş, bütün protodillərə keçmiş, dil ailələrinə yayılmışdır... Söz şumer dilində gi (yumşaq q səsi ) şəklində tələffüz olunmuşdur; g samiti sonrakı inkişaf prosesində arxa sıra q, dilortası g, k samitlərinə, dilortası g samitindən y samitinə keçmişdir.” [78, c.6, s.38] O.Süleymenov da qədim şumer dilindəki “getmək” mənasında işlənmiş “qin” sözünü türk dillərindəki kel, kil, qel, göl, gəl sözlərinin ekvivalenti kimi vermişdir. [133, s.197] Ümumiyyətlə, türkoloji dilçilikdə keç, gəl, get, qayıt, git, kəl, gət(ir) kimi sözlərin ilkin kökü kimi ke, gə, ge, qa, gi, ki, kə sinkretik kökləri qəbul olunmuşdur. B.Xəlilov da örtülü-açıq heca şəklində təşəkkül tapmış və CV modelində olan bu kök feilləri yazıyaqədərki dövr üçün sinkretik kök hesab edir və bu münasibətlə yazır: “Professor Həsən Mirzəyev kö-, ke-, ge-, gə- səs birləşməsi ilə başlayan feilləri türkologiyada ilk dəfə olaraq əşyanı yerindən uzaqlaşdırmaq, dinamik hərəkəti icra etmək mənasında olan ilkin kök kimi qəbul etmişdir. Onun bərpa etdiyi ilkin kök türk dillərində və Azərbaycan dilində hal-hazırda gövdəyə çevrilmiş olsa da, öz məna tutumunu indi də qorumuşdur.” [66, s.119] H.Mirzəyevin bu sinkretik köklər haqqında dediyi “gö-, ke-, ge-, gə- ilə başlayanlarda əşyanı yerindən uzaqlaşdırmaq, dinamik hərəkəti icra etmək mənası özünü mühafizə etməkdədir” fikrinin türkologiyada da tərəfdarları vardır. T.Hacıyev də qədim şumer dilinin materiallarına əsasən dilçilik ədəbiyyatında sinkretik kök kimi verilən sözləri ilkin morfonoloji kök kimi təqdim etmiş, dolğun şəkildə şərh etmişdir. O, bəhs etdiyimiz sinkretik köklər, yəni ilkin morfonoloji köklər haqqında yazmışdır: “... gin – get- məlumdur ki, türk dillərində, məsələn, “get”, “gəl”, “gəz”, “gir” sözlərində kök gə/ge/gi hissəsidir, -t,-l,-z,-r isə uzaqlaşmaq, yaxınlaşmaq və ümumiyyətlə yerimək hərəkətini müxtəlif istiqamətlərdə, müxtəlif şəkillərdə icra etmək anlayışlarını bildirən qədim morfemlərdir. Beləliklə, şumercədəki gi /qayıtmaq/, giri /ayaq/, gin getmək və türkcədəki “geri”, “get”, “gəl”, “gir” və s. sözlər bir kökdəndir.” [55, s.26] Göründüyü kimi, belə sinkretik köklərin “uzaqlaşmaq”, “yaxınlaşmaq” kimi xüsusiyyətləri daşıması dilin sonrakı inkişaf prosesi ilə əlaqədar olaraq söz kökünə əlavə olunmuş -l,-z,-ç,-t kimi samitlərin ifadə etdiyi daxili semantik tutumun hesabına qazanmışdır. Təsadüfi deyil ki, dilçilik ədəbiyyatında -t samitini “mərkəzdənqaçan”, -l samitini isə “mərkəzəqaçan” element kimi bəhs olunur. T.Hacıyev, Q.Kazımov, B.Xəlilov kimi dilçilər də bu məsələyə münasibətdə eyni fikirdədirlər. Bundan başqa, hesab edirik ki, gi kökü gin feilindən daha qədimdir, ilkindir. Bir məqamı da vurğulayaq ki, “gi” arxaik feili və həmin modeldə olan feillər yazıyaqədərki şumer dilində daha çox işlənsə də, qədim türk yazılı abidələrində də öz izlərini qoruyub saxlamışdır. Belə ki, Yenisey abidələrində, dəqiq desək, Üçüncü Çaxöl abidəsində “getmək” mənasını bildirən “gi” feili “ki” şəklində işlənmişdir: “kitim. Bələ Tuğma erdi, oğlı bən.(Y,15) =getdim, Bələ Tuğma vardı, oğlu mən...” [125, s.56] Yaxud da “Kitabi-Dədə Qorqud” dastanında sinkretik köklərin öz gövdələrinin yerində müstəqil söz kimi işlənməsini müşahidə edirik: “Qaçanını Qazan bəg qomadı, aman deyəni öldürmədi. Ol zamanda bir oğlan baş kəsməsə, qan dökməsə, ad qomazlardı.” [84, s.50] M.Kaşğarinin “Divan”ında da az da olsa, belə nümunələr var. Müasir dövrdə bu model uyğur dilində dialekt və şivə səviyyəsində mühafizə olunmaqdadır. [66] Faktlar göstərir ki, -gin şəkilçisinin “-gi” sinkretik kökündən törəməsi bütün parametrlər üzrə özünü doğruldur. Buradakı -n elementi isə əvvəldə qeyd etdiyimiz kimi, qayıdışlıq, geridönüşlülük bildirən növ şəkilçisinin daşlaşmış qalığıdır. Hətta an, qan, san, yan, dan, din, sun, sın kimi son səsi “n” samiti ilə ifadə olunmuş və VC, CVC tipində olan birhecalı sözlər heç bir qayıdış növ şəkilçisi qəbul etmədən də qayıdışlıq məzmununu asanlıqla ifadə edə bilir. Ə.Rəcəbli də -n,-ın şəkilçisini ümumtürk feildən feil düzəldən şəkilçi adlandırmışdır. Buna görə də -gin şəkilçisini müasir dil baxımından asemantikləmiş “gi” kökündən və daşlaşmış növ şəkilçisinin birləşməsindən yarandığını güman etmək olar. Bu, bir növ, fuziya hadisəsini xatırladır. Təsadüfi deyil ki, dilçilikdə da fuziya hadisəsi ilə asemantikləşmə bir-birilə əlaqədar olan dil hadisələri kimi xarakterizə olunur. Türkoloq B.Məhərrəmli də onları bir-birilə vəhdət təşkil edən hadisə kimi qiymətləndirir: “Köklə şəkilçilərin birləşməsi o dərəcədə möhkəm olmuşdur ki, onlar arasında sərhədi müəyyən etmək çətindir. Morfoloji asemantikləşmə fuziyanın təsiri ilə yaranmışdır. Buna görə də biz hesab edirik ki, fuziya ilə asemantikləşmə nəticəsi eyni olan morfonoloji proseslərdir.” [104, s.84] Müqayisə üçün qeyd edək ki, A.N.Kononov da türk dillərində şəkilçilərin yaranma yollarından biri kimi fuziya hadisəsini göstərmiş və onu morfemlərin birləşmə üsulu adlandırmışdır. [104, s.82‒83] Bizə belə gəlir ki, fuziya bir dil hadisəsi kimi təkcə kök və şəkilçinin birləşməsi nəticəsində yeni söz yaratmır. Eyni zamanda asemantikləşmiş hansısa bir söz kökünün şəkilçi keyfiyyətinə malik bu və ya digər bir elementlə birləşib yenidən şəkilçi statusunda söz yaratma prosesində iştirakı da fuziya hadisəsi sayıla bilər. Bir məqamı da xüsusilə vurğulamaq yerinə düşər ki, A.N.Kononov türk dillərində fuziya hadisəsinə görə şəkilçilərin əksərən sözlərdən törəmə olmasından daha çox, ayrı-ayrı şəkilçilərin birləşib yenidən şəkilçi yaratması qənaətində olmuşdur. Müqayisə üçün deyə bilərik ki, istər Azərbaycan, istərsə də türk dilçiliyində öz elmi izahını və təsdiqini çoxdan tapmış milli mənşəli -daş (-da+eş) şəkilçisinin etimoloji quruluşu da onu sübut edir ki, fuziya hadisəsi daşlaşmış sadə söz keyfiyyətinə malik yeni leksik vahidlər yaratdığı kimi, iki və daha artıq morfemin birləşməsi əsasında mürəkkəb struktura malik şəkilçi də yarada bilir. Bu mənada yuxarıdakı “fuziya ilə asemantikləşmə nəticəsi eyni olan morfonoloji proseslərdir” fikrini həm daşlaşmış söz köklərinə, həm də şəkilçiyə aid edirik.

-əzi. Bu şəkilçi də feildən feil düzəldən qeyri-məhsuldar şəkilçidir. Müasir Azərbaycan dilində işlənmə tezliyi də çox zəifdir, intensiv deyil. -əzi qeyri-məhsuldar feil düzəldən şəkilçisi Müasir Azərbaycan dilində bir hecalı öl(mək) feilinə artırılmaqla zəifləmək, sönmək, keçmək sözləri ilə sinonimlik təşkil edən öləzimək feilini yaratmışdır. Öləzimək sözü dialekt və şivələrimizdə daha rəngarəng çalarlar ifadə edir. Azərbaycan dilinin dialektoloji lüğətində bu sözün aşağıdakı çalarları göstərilmişdir:




Yüklə 349,49 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin