İxtisas: 5706. 01‒Azərbaycan dili İstiqamət: Filologiya elmləri ‒ dilçilik



Yüklə 349,49 Kb.
səhifə17/21
tarix02.02.2022
ölçüsü349,49 Kb.
#114056
1   ...   13   14   15   16   17   18   19   20   21
1. Zəifləmək, sönmək mənasında (Qarakilsə, Salyan, Tovuz); İşıq öləzidi(Tovuz), Təndir öləziyif, çörəyi pişirmiyəcəx' (Qarakilsə)

2. Solmaq, qurumaq mənasında (Zəngilan); Tağlara gəvgəz dəyif, öləzi:r.

3. Döymək, vurmaq mənasında (Gədəbəy, Qarakilsə); Getdim gördüm ki, almeyi yolor, bir çıvıx qırıf öləzidim, nə öləzidim(Gədəbəy).

4. Ləngimək, gecikmək mənasında(Füzuli); Bılar öləzidi, gəlif çıxmadı.

5. Ara vermək mənasında (Mingəçevir); Yağış öləzidi.

6. Yaxşılaşmaq, sağalmaq, yüngülləşmək mənasında (Qarakilsə); Üzümnən qan aldırram, onnan sonra birəz öləziyir. [13, s.387]

-şa,-şə,-şı,-şi,-şu,-şü. Şəkilçiyə müasir Azərbaycan dilində daha çox söz tərkibində daşlaşmış vəziyyətdə rast gəlinir. Tarixən də təqlidi sözlərlə yanaşı, müstəqil mənalı sözlərdən də feil əmələ gətirmişdir. S.Cəfərovun fikrincə, bu şəkilçilər hərəkətin zaman etibarilə uzun müddət davam etdiyini bildirən feillər yaradır. [19, s.118] Dilimizdə daşlaşmış formada olsa da, töyşümək, tövşümək, oxşamaq, qurşamaq, gəvşəmək, göyşəmək, dinşəmək kimi bir neçə sözdə rast gəlinir. H.Mirzəyev yumşalmaq sözünü də bu şəkilçi vasitəsilə düzəlmiş sözlər sırasında vermiş, lakin yumşalmaq sözündəki -şal şəkilçisini -şa+l şəkilçilərinin sintezi kimi izah etmişdir. [115, s.132‒133] -şı,-şi,-şu,-şü şəkilçisi isə -şa,-şə şəkilçisinin qapalı saitli variantıdır. Bu şəkilçilər vasitəsilə əmələ gəlmiş sözlər bədii üslubda da işlənməklə xüsusi emosionallıq yaradır.



-şə budaq morfeminə az da olsa, qədim yazılı abidələrin dilində də təsadüf olunur. M.Kaşğarinin “Divan”ında bu şəkilçi vasitəsilə düzəlmiş ölşədi feili verilmişdir. Məs.: Ər açıp ölşədi (DLT1, 308) = Adam acdı, gözləri qaraldı, acından bayıldı. Müqayisə üçün qeyd edək ki, “Divan”da işlənmiş ölşədi feili dialekt və şivələrimizdə ölüşmək şəklində işlənir. Hətta ölüşmək sözü əsasında yaranmış ölüşgəməy (Cəlilabad), ölüşgən (Ağdaş), ölüşüməx (Şəmkir) sözlərinə təsadüf olunur.(ADDL, 387) Cağatay türkcəsində də kurukşa və ohşa/okşa sözlərində işlənmişdir. [172, s.413] Göründüyü kimi, buradakı -şa,-şə,-şı,-şi,-şu,-şü şəkilçiləri qoşulduğu sözlərdə qayıdış məzmunu, qayıdış çaları yaradır. Əslində, bu şəkilçi qarşılıq-birgəlik növün morfoloji əlaməti olan -ış,-iş,-uş,-üş,-ş şəkilçisi ilə eyni mənbədəndir. Lakin müasir dilimizdə bu şəkilçidən daha çox qarşılıq-birgəlik növün şəkilçisi kimi danışılır. Görünür, dilin yarandığı ilkin dövrlərdə -ş ünsürlü şəkilçilər qayıdış növün morfoloji əlaməti kimi çıxış etmiş və zaman keçdikcə zəruri ehtiyacdan doğaraq bu şəkilçi ikinci bir yeni mənasını — qarşılıq-birgəlik çaları qazanmış, daha sonra inkişaf edib öz ilkin formasını üstələmişdir. Q.Kazımov da -ş ünsürlü qarşılıq-birgəlik növ şəkilçilərini qayıdış növ şəkilçilərindən törəmə kimi qəbul edir və bu münasibətlə yazır: “Qayıdış növ qarşılıq növ üçün də əsas olmuşdur. Dil faktları göstərir ki, -ış və -aş şəkilçiləri tarixən qayıdış növə xidmət etmiş, tədricən ondan qarşılıq növ təcrid olunmuşdur. Lakin bütün bu ayırmalar tam başa çatmadığından eyni şəkilçilər müxtəlif növlərə xidmət edir və -ış şəkilçisi çox vaxt çoxmənalı şəkilçi kimi işlənir. Bir sıra hallarda feildəki qayıdış növün -ıl şəkilçisini -ış şəkilçisi ilə və ya əksinə əvəz etmək olur. Məs.: Camaat yığışdı (Hamı yığıldı). Kir, bit, çirk təmizləşib (təmizlənib). Qüvvəmiz toplaşdı (toplandı). Uşaq kəndi dolaşdı (dolandı). və s.” [80, s.224] Ümumiyyətlə, Azərbaycan dilində sonu “ş” samiti ilə bitən və ikinci bir morfemə bölünə bilməyən birhecalı sadə feillərin ifadə etdiyi semantik çalarlar arasında qayıdışlıq məzmunu daha ilkin və nəzərə çarpandır. Məsələn, aş(maq), daş(maq), çaş(maq), düş(mək), deş(mək), biş(mək), eş(mək) və s. kimi feillər qayıdış növ şəkilçisi qəbul etmədən də həmin çaları ifadə edə bilir. Türkoloji dilçilikdə də -ş ünsürlü şəkilçilərin işlənmə xüsusiyyətləri haqqında müəyyən qədər fikir söylənilmişdir. A.von Qaben şəkilçini “karşılıklılık” bildirən şəkilçi kimi xarakterizə edir. O yazır: “Karşılıklık bir tarafın pasif, digər tarafın aktifliği içində cereyan eder; o halde, birinin çağırdığına, digerinin çağrıldığına değer veriliyorsa, kullanıla bilir. Fakat katılan iki taraf da aktif olabilir.” [155, s.60] N.Hacıeminoğlu isə bu şəkilçidən “işteş” feil düzəldən şəkilçi kimi bəhs etmişdir. O da -ş ünsürlü şəkilçinin həm qayıdış, həm də qarşılıq-birgəlik çalarları yaratdığı fikrini irəli sürmüşdür: “Yalnız bu ekin təşkil ettdiği fiillerde bir işi birden fazla kişinin karşılıklı olarak yapması ile (süngüleş-gibi) birden fazla kimsenin beraber yapması (konuş-gibi) hususu umumiyetle karıştırılmaktadır. Nunlardan hangi mänänın ilk və aslı, hangisinin sonradan geliştiğini tespit henüz mümkün değildir. Daha sonraki devirde de aynı karışıklık devam etmişdir. Bu itibarla -ş- ile türüdilmiş fiilerde her iki mänä da vardır. Bazı örneklerde ise “işteşlik” mefhumu tamamen kaybolmuştur.” [163, s.46]

A.von Qabenin “karşılıklılık” bildirən, N.Hacıeminoğlunun “işteş”lik bildirən şəkilçi kimi qəbul etdikləri -ş şəkilçisini M.Ergin “ortaklaşma eki” kimi qəbul edir. Məhz buna görə də M.Ergin -ş şəkilçisini daha çox qarşılıq-birgəlik (daha dəqiqi, karşılıklı yapılma və birlikte yapılma şəklində) növün morfoloji əlaməti kimi qəbul edir. Bundan başqa, o, -ış,-iş,-uş,-üş şəkilçisini türk dilində sadəcə -ş şəkilçisindən ibarət olduğunu və buradakı -ı,-i,-u,-ü saitlərini səs uyumuna müvafiq olaraq işləndiyi fikrini ifadə etmişdir: “Hülasa ek -ş-dır ve vokalle biten fiillere doğrudan doğruya, konsonantla bitenlere yardımcı sesle eklenir.” [160, s.198] Lakin O, bu şəkilçini qeyd etdiyimiz kimi, qarşılıq-birgəlik növ kontekstində və eləcə də təsirli və təsirsiz feillərlə işlənmə xüsusiyyətlərini linqvistik təhlil etmiş, onun qayıdış çalarından geniş danışmamışdır. B.Serebrennikov isə bu şəkilçini türk dillərində təkrar hərəkət mənasını ifadə edən bir şəkilçi kimi dəyərləndirir. O, qazaxcadakı “malьş” (dəfələrlə batırmaq), tatar dilindəki “aldaş” (aldatmaqla məşğul olmaq) sözlərinin məhz bu şəkilçi ilə düzəldiyini və təkrar hərəkət çalarını yaratdığını qeyd etmişdir. [131, s.307]

F.Zeynalov da -ş ünsürlü şəkilçinin -ış,-yış,-ş formalarından danışmış və türk dillərində bu şəkilçilər vasitəsilə əsas feildə ifadə olunmuş mənaları meydana çıxaran düzəltmə feillərin əmələ gəldiyini göstərmişdir. [153]

-aş,-əş,-ş. Bu şəkilçi məhsuldar feil düzəldən -ış,-iş,-uş,-üş şəkilçisi ilə müqayisədə qeyri-məhsuldar olub, müasir Azərbaycan ədəbi dilində həm adlardan, həm də feillərdən feil düzəldir. Qoşulduğu söz təsirsiz feil mövqeyində çıxış edir və əksərən birgəlik növdə olur. Bu şəkilçinin sonu -la,-lə bitən, yəni -la,-lə düzəlmiş feillərdən feil düzəltməsinə daha çox rast gəlinir. Belə məqamda şəkilçi bir növ, məhsuldar şəkilçi funksiyasında işlənir. Ancaq -aş,-əş,-ş şəkilçisi adlardan və ikinci bir morfemə bölünə bilməyən kök feillərdən feil düzəldən şəkilçi kimi qeyri-məhsuldar səciyyə daşıyır. Üstəlik, həm təsirli, həm də təsirsiz feillərə əlavə edilib yenidən təsirsiz olaraq qalır. Qeyd edək ki, şəkilçinin -ş forması -aş,-əş-in ilk saitinin itirməsi nəticəsində meydana gəlmişdir. Çünki söz kökü ya a, ya da ə saiti ilə bitdiyi üçün və şəkilçinin də ilk saiti söz kökünün son saiti ilə eynilik təşkil edir və eliziya hadisəsi baş verir. Beləliklə də, şəkilçinin bir növ, yeni derivatı yaranmış olur. Bir məqamı da qeyd edək ki, Q.Kazımov -ş şəkilçisini -aş,-əş şəkilçisinin deyil, məhsuldar -ış,-iş,-uş,-üş şəkilçisinin qalığı, dəqiq desək, ixtisarı kimi dəyərləndirir. O, eyni zamanda yanaşmaq sözündəki -aş elementini feildən feil düzəldən -aş şəkilçisinin adlara qoşulan arxaik variantı kimi təhlil etmişdir. [79, s.16] Lakin bizə belə gəlir ki, -ş şəkilçisi -ış,-iş,-uş,-üş şəkilçisinin ixtisarı nəticəsində əmələ gələ bilməz. Dil bir sistem təşkil edir və ayrı-ayrı dil faktları üzvü şəkildə birləşərək bu sistemi yaradır. Bu mənada türk dilləri üçün dəmir qanun hesab olunan ahəng qanunu da dil sisteminin əsas komponentlərini özündə birləşdirir. Məhz ahəng qanununa əsaslanmaqla demək olar ki, -ş şəkilçisi -aş,-əş şəkilçisinin qalığıdır. Çünki şəkilçinin artırıldığı sözlərin hamısının tərkibində, xüsusən də son hecasında dodaq və damaq ahəngi bu və ya digər dərəcədə işlənmişdir. Buna görə də -aş,-əş şəkilçisinin ahəngə uyğun şəkildə, başqa sözlə desək, damaq ahəngi ilə işlənməsi tam təbii və qanuni dil hadisəsi kimi qavranılmalıdır. Bu baxımdan göstərilən məqamda işlənən -ş şəkilçisi -ış,-iş,-uş,-üş şəkilçisinin ixtisarı əsasında yaranması fikri özünü doğrultmur. Şəkilçiyə əsasən aşağıdakı sözlərdə rast gəlinir: Məs.: yanaşmaq, genəşmək, mələşmək, tutaşmaq, qaynaşmaq, daraşmaq, dalaşmaq, dolaşmaq, dirəşmək, bulaşmaq, partlaşmaq, əsnəşmək, ağlaşmaq, salamlaşmaq və s. Qoşulduğu sözdə əsasən birgəlik, müştərəklik, qoşalıq, çox nadir halda qayıdışlıq çaları yaradır.

Bəzi dilçilik ədəbiyyatında -aş,-əş,-ş şəkilçisi vasitəsilə əmələ gəlmiş yanaşmaq, dirəşmək kimi sözlər quruluşca sadə qəbul olunmuşdur. Məsələn, V.Əliyev bu şəkilçi haqqında yazır: “Həmin feillərin kökləri (-ış,-iş,-uş,-üş şəkilçisi ilə düzələn feillər nəzərdə tutulur—İ.Ə.) öz ilkin mənasını itirmiş və müasir dövrdə şəkilçi ilə birlikdə sadə bir söz kimi nəzərə çarpır; məs.: toqquşmaq, güləşmək, barışmaq, yarışmaq, yanaşmaq, dirəşmək və s.” [118, s.263] Düşünürük ki, verilmiş nümunələrin arasındakı yanaşmaq və dirəşmək sözləri ümumi xətdən kənara çıxır. Bir faktı da vurğulayaq ki, V.Əliyev bu cərgədə sadə söz kimi verdiyi yarışmaq sözünü başqa bir məqamda düzəltmə kimi təqdim etmişdir. [118, s.262]

Bu şəkilçinin -ış,-iş,-uş,-üş forması daha qədim və məhsuldardır. Ə.Rəcəbli qədim türk yazılı abidələrinin dil materialları üzərində dördvariantlı təsirsiz feil əmələ gətirən -ış şəkilçisinin həm adlardan, həm də feillərdən feil əmələ gətirmə xüsusiyyətindən danışmışdır. Güman edirik ki, şəkilçinin -aş,-əş forması -ış,-iş,-uş,-üş şəkilçisi ilə müqayisədə müasir olsa da, ondan törəmişdir, eyni mənbədən yaranmışdır. Bununla belə, -aş,-əş,-ş şəkilçisi də qeyri-məhsuldar olsa da, işlənmə tarixi qədimdir və müxtəlif yazılı mətnlərdə işlənmişdir. Məsələn, bu şəkilçi vasitəsilə əmələ gəlmiş tutaşmaq sözü “Dastani-Əhməd Hərami” poemasının III məclisində dutaşmaq (DƏH, 61), IV məclisində isə tutaşmaq (DƏH, 82) şəklində işlənmişdir.

Nümunədən də məlum olduğu kimi, tutaşmaq sözü tutuşmaq sözünün əvəzində işlənmişdir. Bu nümunələrdə heç bir məna fərqi yaratmadan rahatlıqla müvafiq əvəzlənmə aparmaq olar. Təsadüfi deyil ki, “Dastani-Əhməd Hərami” poeması ilə eyni dövrün məhsulu olan İ.Həsənoğlunun “Apardı könlümü” qəzəlində bu söz tutuşmaq (Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər...) şəklində işlənmişdir.

Tarixən tutaşmaq və tutuşmaq sözləri bir-birinin yerində işlənməklə yanaşı, daha çox yanmaq, alışmaq, alışıb yanmaq qismən də çəkişmək, tutmaq mənalarını ifadə etmiş və ən əsası da qoşulduğu sözdə qayıdış, bəzən də qarşılıq-birgəlik çalarları yaratmışdır. [50, s.185‒193] Bu hal təxminən XIX əsrin sonlarına qədər davam etmişdir. Bu sözün “Divan”da üç mənada işlənmişdir: Olar ikki tutuşdılar = Onlar ikisi tutuşdular. Ol manqa keyik tutuşdı=O mənə keyik tutmaqda kömək etdi. Olar ikki tutuşdılar=Onlar ikisi tutuşdular, çəkişdilər. [95, c.2, s.121] Lakin zaman keçdikcə göstərilən sözlərin semantikasında bir dəyişiklik əmələ gəlmiş, göstərilən mənalardan əlavə müvafiq olaraq “dalaşmaq, dava etmək” və “müqayisə etmək, uyğun gəlmək” mənalarını da qazanmışdır. Məsələn, M.Cəlalın “Dağlar dilə gəldi” povestində tutuşmaq sözü -dur elementinin əlavəsi ilə “müqayisə etmək” mənasında işlənmişdir: Kəndlilər yaz işlərini, selin qarşısını almaq üçün görülən tədbirləri bir də yoxlayır, hesablarını tutuşdururdular...

Genəşmək sözü müasir dilimizdə əsasən məsləhət etmək anlamında işlənir. Buna dialekt və şivələrimizdə daha çox rast gəlinir. [13, s.175] Təqribən min il əvvəl “Kutadqu Bilik”də də müəyyən fonetik fərqlə “kingeş” (KB, 5650, 5653, 5660) sözü eyni mənada işlənmişdir.

Qeyd edək ki, dilimizdə həm -ış4, həm də -aş2 şəkilçiləri omonimlik xüsusiyyəti daşımaqla əzizləmə, kiçiltmə məzmunlu antroponimlər də düzəldə bilir. [81, s.90‒93]

-nux. Bu şəkilçi feil düzəldən qeyri-məhsuldar şəkilçilər arasında işlənmə tezliyi zəif olanlardandır. Eyni zamanda tədricən işləkliyini itirmək üzrədir. Azərbaycan dilində -nux şəkilçisi həm təsirli, həm də təsirsiz feil keyfiyyətinə malik olan “vur”maq feilinə əlavə edilərək “vurnuxmaq” təsirsiz feilini əmələ gətirir. Q.Kazımov vurnuxmaq sözünü kök və şəkilçiyə ayırmağı məqbul hesab etmir. [76, s.47] Vurnuxmaq sözü vurunmaq sözünün əsasında formalaşmışdır. Heç şübhəsiz ki, bu sözün kökündə tarixən vur mənasında işlənmiş ur sözü dayanır. Məlumdur ki, tarixən söz başında “v” samitinin işlənməsi türk dilləri üçün xarakterik hal olmamışdır. M.Kaşğarinin “Divan”ında söz “urmaq” şəklindədir. (DLT1, 606‒607) Bundan başqa, “Divan”da “urun” sözü omonim söz kimi verilmiş, 4 müxtəlif mənası göstərilmişdir: 1. Oturulan yer, məskən, yer; 2. Peşman olub özünü döymək; 3. Sarınmaq, örtünmək; 4. Dikilmək, dikəlmək, qalxmaq. Çox güman ki, söz urunuxmaq-vurunuxmaq-vurnuxmaq modeli əsasında bir inkişaf yolu keçmişdir. Bir faktı da qeyd edək ki, əvvəlki yarımfəsildə vurğuladığımız kimi tarixən dördvariantı -ıx şəkilçisi qayıdış növ şəkilçisi kimi işlənmişdir. Hətta M.Kaşğarinin “Divan”da qayıdış növdə verdiyi feili -ux şəkilçili sözə transformasiya olunur: ər işta turundı = adam işdə duruxdu (DLT2, 167)

-an,-ən,-n. Bu şəkilçi də feil düzəldən nisbətən qeyri-məhsuldar şəkilçi olmaqla yanaşı, eyni zamanda omonimlik xüsusiyyətinə malikdir. Omonim şəkilçi kimi isim, feil və feili sifət düzəldə bilir. Feil düzəldən şəkilçi kimi isə feil, sifət və təqlidi sözlərdən qayıdış məzmunlu sözlər əmələ gətirir. Qoşulduğu feillərin təsirli və təsirsiz olmasından asılı olmayaraq əmələ gətirdiyi sözlər təsirsiz feillərdən ibarət olur. Şəkilçinin -n forması söz tərkibində əksərən ilk saitini itirmiş formada işlənir. Bu da məlumdur ki, söz kökü saitlə bitdikdə və şəkilçi də saitlə başladıqda şəkilçinin ilk saiti eliziya hadisəsinə uğrayır. Təsadüfi deyil ki, sonu -la,-lə hecası ilə bitən feillərdə şəkilçi bir qayda olaraq -n şəklində işlənir. Bəzi sözlərdə (alovlan, şadlan, qəmlən, hallan və s.) -lan,-lən şəkilçisi artıq daşlaşmış vəziyyətdə çıxış edir və belə formaları şəkilçinin ayrıla bilən formaları ilə fərqləndirmək lazımdır. Onu da əlavə edək ki, bu qeyri-məhsuldar şəkilçinin -n şəkli müasir Azərbaycan ədəbi dilində təsirli feillərdən təsirsiz feil yaradır. Dilçilik ədəbiyyatında bəzən bu şəkilçi feilin növ kateqoriyasının morfoloji əlaməti kimi qəbul olunmuş dördvariantlı və omonim xarakterinə malik -ın,-in,-un, -ün şəkilçisinin qalığı kimi dəyərləndirilir. [79, s.18] Hesab edirik ki, eliziya hadisəsi nəticəsində ilk saitini itirmiş -n şəkilçisi -ın,-in,-un, -ün qayıdış növ şəkilçisinin deyil, məhz -an,-ən şəkilçisinin bir fonetik variantıdır. Üstəlik, demək olar ki, bu şəkilçinin əlavə olunduğu bütün sözlərin son hecasında “a”, “ə” açıq saitlərindən biri işlənir. Şübhəsiz ki, həm -ın,-in,-un, -ün, həm də -an,-ən şəkilçisi eyni bir mənbədən olduğuna görə qoşulduğu sözdə qayıdışlıq çaları yaradır. Bu mənada türkologiyada -n şəkilçisi ümumtürk feil düzəldən şəkilçi kimi təqdim və tədqiq olunur. Hətta -an,-ən şəkilçisinin fuziya hadisəsi nəticəsində söz kökü ilə qayanayıb qarışmış, ikinci bir morfemə bölünə bilməyən və müasir dil baxımından quruluşca sadə söz kimi qəbul olunmuş utanmaq, islanmaq, yubanmaq, qımzan, inanmaq, güvənmək, sülənmək kimi sözlərdə qayıdış çaları qalmaqdadır. Bu tip sözlərin quruluşunu yalnız etimoloji təhlil əsasında öyrənmək olar. Bir faktı da qeyd edək ki, istər normativ, istərsə də akademik qrammatikada qayıdış növ şəkilçisi kimi əsasən məchul növün morfoloji əlaməti ilə omonimlik münasibətində olan -ın,-in,-un,-ün şəkilçisindən danışılır. Qayıdış məzmunu yaradan şəkilçilər haqqında monoqrafik tədqiqatlar, linqvistik oçerklər yazılsa da, bu, demək olar ki, tədris prosesində öz əksini geniş şəkildə tapmadığı üçün bir problem kimi qalır. Bu sahədə H.Mirzəyevin, Q.Kazımovun tədqiqatlarını təqdir etmək olar. Düşünürük ki, qayıdış növü əmələ gətirən şəkilçilər sistemi yenidən işlənməli, nəzərdən keçirilməli və qayıdış növ çaları yaradan şəkilçilər hər tərəfli tədqiq olunmalıdır.



Bundan başqa, dilçiliyimizdə -an,-ən,-n şəkilçisinin hansı nitq hissələrindən feil əmələ gətirməsi haqqında mülahizələrdə də bir dolaşıqlıq özünü göstərir. Çünki dilçilik ədəbiyyatında bu şəkilçi gah adlardan feil düzəldən, gah da ki feillərdən feil düzəldən şəkilçi kimi göstərilir. Əlbəttə, dilimizdə hər iki məqamda işlənə bilən şəkilçilər var. Lakin bizə belə gəlir ki, bu göstərdiyimiz şəkilçinin işlənməsində müəyyən fərqlər mövcuddur. Buna görə də bu fərqləri tam dolğun şəkildə üzə çıxarmaq üçün əvvəlcə dilçilik ədəbiyyatında yer almış fikirləri müqayisəli şəkildə verdikdən sonra, öz möqveyimizi bildirməyi məqsədəuyğun hesab edirik. Məsələn, M.Hüseynzadə feil düzəldən şəkilçilərdən bəhs edərkən -an,-ən şəkilçisi haqqında yazır: “-an(-ən) şəkilçisi ilə isim və yamsılamalardan feil düzəlir: gücən, hıqqan və s. Məsələn: At var gücü ilə gücəndi, arabanı çəkib çıxartdı. Nə hıqqanırsan, burada nə var ki?” [62, s.124] Q.Kazımov da bu məsələyə münasibətdə M.Hüseynzadə ilə eyni mövqedə birləşir: “İsimlərdən və təqlidi sözlərdən feil düzəldir: dadanmaq, gücənmək, hıqqanmaq, hoppanmaq.” [79, s.195] B.Xəlilov isə -an,-ən şəkilçisini həm adlardan feil düzəldən, həm də feildən feil düzəldən şəkilçi kimi təqdim etmişdir. Ümumiyyətlə, bu şəkilçidən danışılarkən, demək olar ki, bütün dilçilik ədəbiyyatında eyni nümunələr verilmişdir. EA-nın nəşri olan “Müasir Azərbaycan dili”ndə də eyni misallar verilmişdir. [118, s.215] Təbii ki, şəkilçi nisbətən qeyri-məhsuldar olduğu üçün yaratdığı sözlər elə də çox deyil. F.Zeynalov isə bu şəkilçinin söz yaratma prosesindəki iştirakını türk dillərinin materiallarına istinadən nisbətən daha fərqli şəkildə göstərməyə çalışmışdır. O yazır: “Bu şəkilçilər əsasən, sifətlərdən, bəzən də təqlidi sözlərdən düzəltmə fellər əmələ gətirir. Bu yolla yaranan düzəltmə fellər əmələ gəldikləri sözdə əks olunan əlamət, keyfiyyət və s. xüsusiyyətləri özündə ifadə edir. Məs.: gücənmək, boşanmaq, dadanmaq, dilənmək, utanmaq...” [152, s.196‒197] Buradakı cüzi fərqləri nəzərə almaq şərti ilə, deyilmiş bütün fikirlər bir-birilə eyni xətdə birləşir. Bu fikirlərin xülasəsindən belə nəticə çıxır ki, -an,-ən,-n şəkilçisi əsasən, adlardan, təqlidi sözlərdən və feillərdən feil düzəldir. Lakin bu, bizə inandırıcı gəlmir. Fikirləşirik ki, M.Hüseynzadənin “gücən”, Q.Kazımovun “gücən” və “dadan” və F.Zeynalovun “gücənmək”, “dilənmək”, “boşanmaq” və “dadanmaq” kimi verdiyi sözlərin kökünün nitq hissəsi mənsubiyyəti məsələsi mübahisə doğurur. Məsələn, dadanmaq feilinin kökü dad ismi deyil, dadmaq feilidir. Bu cəhətdən, daha doğrusu, dadan feilinin quruluşuna münasibətdə B.Xəlilovun fikrini məqbul hesab edirik. Güman ki, gücənmək feilinin də kökü güc ismi deyil. Bu məqamda gücən sözünün kökü mövqeyində çıxış edən güc sözü güc vermək, güc eləmək feilinin əsas tərəfinin transformasiyası nəticəsində güc kimi sabitləşmişdir. Əlbəttə, bu transformasiyanı əksinə də düşünmək olar. Ancaq anoloji nümunələr də birinci fikrin qüvvətlənməsinə xidmət edir. Yaxud da F.Zeynalovun dilən, boşan sözlərinə münasibəti də özünü doğrultmur. [152, s.196‒197] Çünki bu sözlərin kökü müvafiq olaraq isim və sifət olsa da, dilən, boşan sözləri isim və sifətdən deyil, elə feilin özündən əmələ gəlmişdir. Məlumdur ki, -a,-ə şəkilçisi qədim türk yazılı abidələrindən üzü bəri adlardan, xüsusən də isim və sifətlərdən feil düzəldən şəkilçi kimi işlənir. Təkcə onu qeyd etmək kifayətdir ki, göytürk dilində bu şəkilçi vasitəsilə əmələ gəlmiş 7 söz olduğu məlumdur. -a,-ə şəkilçisi haqqında digər yarımfəsildə ətraflı danışdığımız üçün burada geniş izahat vermirik. Bu mənada bu sözləri isim və sifətdən düzəldən feil kimi təqdim etmək mümkün deyil. F.Zeynalovun verdiyi utanmaq sözü də yuxarıda qeyd etdiyimiz kimi artıq kök və şəkilçiyə ayrıla bilməyən kök və şəkilçinin sintezindən ibarət fuziallaşmış kökdən başqa bir şey deyildir. Şəkilçinin təqlidi sözlər, yamsılamalarla işlənməsi də bilavasitə həmin funksiyanı yerinə yetirən sözlərin hərəkətlə, daha dəqiqi, hərəkətin təqlidi ilə bağlı olması ilə əlaqədardır. Təsadüfi deyil ki, -an,-ən şəkilçisi zahiri görkəmi təqlid edən yamsılamalarla işlənə bilmir. Nəticə olaraq qeyd edək ki, bu şəkilçilər isimlərdən, sifətlərdən deyil, feil və təqlidi sözlərdən feil əmələ gətirir. Bunlardan əlavə, bu şəkilçinin funksional cəhətlərindən biri də ondan ibarətdir ki, şəkilçinin -an,-ən forması bir qayda olaraq, örtülü-qapalı heca şəklində olan, yaxud da CVC, CVCC heca tipində təşəkkül tapmış sözlərə əlavə olunduğu halda, -n forması iki və üç hecalı olmasından asılı olmayaraq sonu örtülü-açıq hecada olan sözlərə əlavə olunur. Bir faktı da qeyd edək ki, -an,-ən şəkilçisi əsasən qeyri-məhsuldar xarakterə malik olduğu halda, -n şəkilçisi daha məhsuldar keyfiyyətə malikdir. Onu da əlavə edək ki, -n şəkilçisinin məchul növün morfoloji əlaməti kimi çıxış etdiyini də nəzərə almaq, onları qarışdırmamaq lazımdır. Ümumiyyətlə, Azərbaycan dilində bu şəkilçi vasitəsilə yaranmış sözlərə nümunə kimi, əsasən aşağıdakıları göstərə bilərik: qurulanmaq, durulanmaq, sulanmaq, taranmaq, aralanmaq, fırlanmaq, düzənmək, bəzənmək, çeynənmək, yaranmaq, bulanmaq, daranmaq, boşanmaq, dilənmək, küsənmək, tullanmaq, daldalanmaq, talanmaq, qapanmaq, bələnmək, aranmaq, qalanmaq, saxlanmaq, tullanmaq, bağlanmaq, hoppanmaq, hıqqınmaq, hikkənmək, tapdanmaq və s.

İnanmaq, usanmaq, üşənmək, bəyənmək, qazanmaq, tükənmək, güvənmək, utanmaq kimi sözlərdə şəkilçi artıq daşlaşmışdır.

Müqayisə üçün qeyd edək ki, bu şəkilçi türk dillərində də işlənir. Bundan başqa, şəkilçiyə İraq-Türkman ləhcəsində də təsadüf olunur. [74, s.168] Türkologiyada da şəkilçi haqqında müəyyən qədər fikir söylənilmişdir. B.Serebrennikov -n şəkilçisini türk dillərində təkrar hərəkəti ifadə edən şəkilçi kimi təqdim etmişdir. [131, s.306] A.von Qaben isə -n ünsürlü şəkilçini türk dillərində daha çox -ın,-in,-un,-ün şəkilçisi kontekstində izah etmişdir. [155, s.49] M.Ergin isə -n şəkilçisini türk dillərində “dönüşlülük eki” adlandırmışdır. O, bu şəkilçi haqqında yazır: “Fonksiyonu kendi kendine yapma veya olma ifade eden fiiller yapmaktır. Bu kendi kendine yapma veya olmanın iki cephesi vardır: bir kendi kendine, kendi başına yapma veya olma; bir de kendisine yapma veya olma. Yani bu ekle yapılan fiiller failin kendi kendisine yaptığı hərəkəti ve kendisine tesir eden, kendisi için yaptığı haraket ifade ederler. Bu fiillerin asıl vazifeleri şüphesiz failin kendisine tesir eden, failin üzerine dönən haraketi karşılamalrıdır.” [160, s.191‒192] O qeyd edir ki, -n şəkilçisindən əvvəl başqa feildən feil düzəldən şəkilçi işlədilə bilməz. Çünki bu şəkilçi daha çox feil köklərindən və isimdən düzəlmiş feillərdən yenidən feil əmələ gətirər. Hətta bəzi məqamlarada özündən sonra feil düzəldən bəzi şəkilçilər də işlənə bilir. N.Hacıeminoğlu isə bu şəkilçini türk dillərində bütün dövrlərdə işlək olduğunu, onun omonim şəkilçi kimi həm məchul, həm də qayıdış növ şəkilçisi kimi çıxış etməsindən danışmışdır.

-qun,-qan. Bu şəkilçilər də qeyri-məhsuldar feil düzəldən şəkilçi olub, Azərbaycan dilində təsirli feillərdən həm təsirsiz, həm də təsirli feil əmələ gətirir. Şəkilçinin daxilində ayrılmaz halda olan qayıdış növ elementinin işlənməsi onun əlavə edildiyi sözlərdə qayıdış növ çalarının ifadə olunmasına səbəb olur. Müasir Azərbaycan ədəbi dilində bu şəkilçilər vasitəsilə əmələ gəlmiş udqunmaq və qısqanmaq feillərini göstərmək olar.

-xul. Çox güman ki, bu şəkilçi -ıx,-ix,-uk,-ük və -ıl,-il,-ul,-ül şəkilçilərinin sintezi əsasında formalaşmış mürəkkəb struktura malik qeyri-məhsuldar feil düzəldən şəkilçidir. Təsirli feildən hal-vəziyyət bildirən təsirsiz feil əmələ gətirir. Müasir Azərbaycan ədəbi dilində işlənən burxulmaq sözü bu şəkilçi vasitəsilə yaranmışdır. Bu söz də buruxulmaq feili əsasında əmələ gəlmişdir.

-na,-nə. Bu şəkilçi müasir Azərbaycan ədəbi dilində əsasən, təqlidi sözlərdən, vokativlərdən, sifətdən, qismən də feillərdən feil düzəldir. Q.Kazımov bu şəkilçini –an şəkilçisi ilə eyni mənbədən hesab edir. [79, s.21] Şəkilçinin yaratdığı sözlərin çoxu təsirsiz, az bir qismi isə təsirli feillərdən ibarət olur. Məs.: kişnəmək, cırnamaq, çaxnamaq, göynəmək, qısnamaq və s.

Azərbaycan dilindəki çiynəmək, əsnəmək, çığnamaq, ağnamaq kimi sözlər də etimoloji cəhətdən bu şəkilçi vasitəsilə əmələ gəlmiş, lakin müasir dil baxımından kök və şəkilçiyə ayrılmır. Görünür, bu şəkilçi də qayıdış növ şəkilçilərindən olan -n samitinin əsasında yaranıb. Ona görə də qoşulduğu sözlərin daxili semantikasında da qayıdışlıq çaları mühafizə olunmaqdadır. Şəkilçiyə az da olsa, bəzi türk dillərində də təsadüf olunur. [152, s.199]

-naş,-nəş. Bu budaq morfem də -na,-nə və -ş şəkilçisinin sintezi əsasında əmələ gəlmişdir. Əslində, bunun üç müxtəlif şəkilçinin birləşib daşlaşması əsasında yarandığını güman edirik. Şəkilçiyə Azərbaycan dilindəki çaxnaşmaq, tıxnaşmaq, gərnəşmək kimi feillərdə rast gəlinir. Təsirli feillərdən təsirsiz feil düzəldir.

-xa, -xala. -xa morfemi təsirli feildən təsirli feil əmələ gətirən qeyri-məhsuldar şəkilçidir. Çalmaq feilindən çalxamaq feilini yaradır. -xala isə quruluş etibarilə -xa və -la şəkilçilərinin sintezi əsasında yaranmış mürəkkəb morfemdir. Cağatay türkcəsində daha işləkdir. Türk dillərində -ğala,-gala,-gele,-kıla,-ğıla,-gile,-gülü kimi fonetik variantlarına təsadüf edilir. -xa kimi -xala söz-şəkilçisi də təsirli feil düzəldir. Qoşulduğu sözdə iş, hərəkət, hal-vəziyyət çaları ifadə edir. Məs.: ovxala, yayxamaq və s. Çulğamaq, çulğalamaq sözlərində şəkilçi daşlaşmış vəziyyətdədir.

-xan,-xın. Yaymaq təsirli feilindən yayxanmaq və yayxınmaq təsirsiz feillərini əmələ gətirir. Əsasən, hal-vəziyyət bildirir. Bu şəkilçi də -xa şəkilçisinə qayıdış növün morfoloji əlamətlərindən olan -n elementinin birləşməsi əsasında formalaşıb sabitləşmişdir. -xın formantını da -xan şəkilçisinin fonovariantı kimi də qəbul etmək olar.

-cala. -ca və -ala şəkilçisinin sintezindən yaranmış mürəkkəb struktura malik qeyri-məhsuldar feil düzəldən şəkilçidir, təsirli feildən təsirli feil əmələ gətirir. Türkman dilində daha məhsuldardır. Söz-şəkilçi keyfiyyətinə malik bu morfemə müasir Azərbaycan dilindəki sıxcalamaq, ovcalamaq kimi feillərdə rast gəlinir. Qoşulduğu sözdə təqribən -xala və -uşdur şəkilçisinin yaratdığı semantikanı ifadə edir. Məs.: ovcalamaq-ovuşdurmaq-ovxalamaq.

Bu şəkilçi qurcalamaq sözünün tərkibində artıq daşlaşmışdır.

-dala. Bu şəkilçi də mürəkkəb quruluşa malik olub, -da+ala modeli əsasında formalaşmışdır. Demək olar ki, funksional xüsusiyyətlərinə görə -cala şəkilçisi ilə eyni xətdə birləşir. Qoşulduğu sözdə daha çox sıxlıq, sürəklilik çalarları ifadə edir. Müasir Azərbaycan ədəbi dilində basdalamaq sözünün tərkibində işlənir. H.Hacıeminoğlu bükdele, tepdele sözlərini də Azərbaycan dilində -dala şəkilçili sözlər kimi verir. Türk dillərində -dala,-tala,-dele,-tele fonovariantları şəklində daha məhsuldardır: gısdalamak, kıstalamak, kurdalak, sektelemek və s.

-la. Bu şəkilçi Azərbaycan dilində adlardan feil düzəldən şəkilçi kimi çox məhsuldardır. Demək olar ki, dilin bütün inkişaf dövrlərində şəkilçinin işlənmə tezliyi intensivdir. Lakin feildən feil düzəldən -la şəkilçisi qeyri-məhsuldar şəkilçidir, çox az sözdə təsadüf olunur. Qoşulduğu sözdə daha çox, sürəklilik, intensivlik, təkrarlılıq çaları ifadə edir. Bu şəkilçi İraq‒Türkman ləhcəsində də yırğala, taptala, çarxala, çurğala, silkələ kimi sözlərin tərkibində işlənir. [74, s.159] Müasir Azərbaycan dilində isə yontalamaq, yayxalamaq, ovxalamaq, budalamaq kimi sözlərin tərkibində işlənir. Güman ki, feildən feil düzəldən -la şəkilçi elə adlardan feil düzəldən -la,-lə şəkilçisi ilə eyni mənbədəndir. Ümumiyyətlə, -xala,-cala,-tala,-dala,-alə,-ələ,-rla,-arla,-arğala şəkilçilərinin hamısında -la,-lə şəkilçisi aparıcı rol oynayır. -la,-lə şəkilçisi əksəriyyət etibarilə təsirli feillər əmələ gətirdiyi üçün onun yuxarıda göstərilən variantları da əsasən təsirli feillər əmələ gətirir. -alə,-ələ,-rla,-arla,-arğala şəkilçilərinin işlənmə xüsusiyyətlərindən bu fəslin birinci yarımfəslində danışdığımız üçün burada danışmırıq.

-dar,-dər. Təsirsiz feildən təsirli feil düzəldən olduqca qeyri-məhsuldar şəkilçidir. Müasir Azərbaycan ədəbi dilində əsasən qondarmaq, çöndərmək və döndərmək sözləri bu şəkilçi vasitəsilə əmələ gəlmişdir. M.Ergin -dar,-dər şəkilçisini -dır,-dir şəkilçisinin bir variantı hesab edir. [160, s.202] Müasir Azərbaycan ədəbi dilindəki göndərmək sözündəki -dər artıq fuziallaşmış və söz kökü ilə birlikdə sadə bir lüğəvi vahid funksiyasında çıxış edir. Lakin buradakı -dər yuxarıdakı -dar,-dər şəkilçisi ilə zahiri oxşarlıq təşkil edir, daxilən isə ondan fərqlənir. Həm M.Ergin [160, s.202], həm də N.Hacıeminoğlu [163] göndər sözünün quruluşunu “Divani-lüğat-it türk” əsərinə istinadən daha əvvəllər “köndger-könd-ger” şəklində olduğunu qeyd etmiş, sonradan şəkilçi daxilindəki g samitinin düşməsi nəticəsində könder formasına düşdüyü fikrini irəli sürmüşlər. Türkologiyada “aktar”, “kaytar”, “qaytar”, “kotar”, “katar” sözlərinin də -dar,-dər,-tar,-tər şəkilçiləri vasitəsilə əmələ gəldiyi haqda fikirlər mövcuddur. [76, s.47; 163, s.116] M.Kaşğarinin “Divan”ında da katar sözü “geri qaytarmaq”, “istiqamətindən döndərmək”, “kaytar” isə “ qaytarmaq”, “döndərmək” mənalarında verilmişdir: atığ katardı= o, atını qaytardı; yağı katardı=düşməni geri oturtdu; (DLT2,110) Ol atığ kaytardı= o, atı qaytardı (DLT2, 187) M.Kaşğari “Divan”da qeyd etmişdir ki, türklər “katardı” (DLT1,110) da deyirlər.

Bu şəkilçinin -tar,-tər forması daha qədimdir və o da təsirli feil əmələ gətirir.

-ıt,-it,-ut,-üt,-t . Təsirli feil əmələ gətirən nisbətən məhsuldar şəkilçidir. Daha doğrusu, şəkilçinin -ıt,-it,-ut,-üt forması az məhsuldar, -t forması isə məhsuldardır. Məs.: axıtmaq, hürkütmək, qorxutmaq və s.

Dilimizdə işlənmə tarixi qədimdir. Müasir ədəbi dilimizdəki dağıtmaq, arıtmaq, eşitmək, sarsıtmaq, isitmək, tərpətmək, öyrətmək kimi sözlərdə şəkilçi artıq daşlaşmış vəziyyətdədir. Şəkilçinin -t variantı daha məhsuldardır, əsasən, sonu saitlə bitən təsirsiz feillərə, bəzi söz köklərinə və -la,-lə,-al,-əl,-ar,-ər,-dır,-dir,-dur,-dür,-ır,-ir,-ur,-ür,-ılda,-ildə,-ulda,-üldə şəkilçiləri vasitəsilə əmələ gəlmiş feillərin sonuna əlavə olunub yeni sözlər əmələ gətirə bilir. -t şəkilçisi həm təsirsiz, həm də təsirli feillərə qoşularaq təsirli feil düzəldir. Məs.: başlatmaq, gözlətmək, iylətmək, qurutmaq, yavaşıtmaq, böyütmək, soyutmaq, çürütmək, azaltmaq, çoxaltmaq, düzəltmək, ucaltmaq, incəltmək, qısaltmaq, sağaltmaq, boşaltmaq, dincəltmək, qaraltmaq, saraltmaq, ağartmaq, bozartmaq, qızartmaq, doğratmaq, qopartmaq, oxşatmaq, oynatmaq, bənzətmək, qaçırtmaq, bitirtmək, uçurtmaq, tıqıldatmaq, taqqıldatmaq və s.

Bu şəkilçidən, onun işlənmə xüsusiyyətlərindən, funksional cəhətlərindən A.von Qaben, M.Ergin, N.Hacıeminoğlu, B.Serebrennikov, F.Zeynalov, S.Cəfərov, M.Hüseynzadə, H.Mirzəyev, Ə.Şükürlü, Ə.Rəcəbli, V.Əliyev, Q.Kazımov kimi dilçilər öz tədqiqatlarında bəhs etmişlər. Bundan başqa, şəkilçiyə əksər türk dillərində, o cümlədən İraq‒Türkman ləhcəsində rast gəlinir. Ə.Rəcəbli -t,-ıt,-it şəkilçisi haqqında yazır: “Bu şəkilçi vasitəsilə qədim türk yazısı abidələrinin dilində təsirli fellərdən icbar növdə olan 19, təsirsiz fellərdən təhrik növdə (təsirsiz feillərdən əmələ gələn təsirli feillər nəzərdə tutulur‒İ.Ə.) olan 7 fel düzəldilir”. [122, s.350] Abidələrin dilində şəkilçinin işləndiyi aşağıdakı sözləri göstərmək olar: arat (Y, 28), basıt (T, 34), bitit (T, 58), tokıt (K, c 12), ağıt (Bl, ş 31), yügürt (T, 54) və s. H.Hacıeminoğlu isə şəkilçinin söz düzəldicilik qabiliyyətini qədim türk mətnlərindən başlayaraq müasir dövrə qədər izləmiş, ayrı-ayrı türk dillərində işlənmə xüsusiyyətlərini göstərmişdir. M.Ergin də şəkilçinin qədim bir şəkilçi olduğunu qeyd etməklə yanaşı, eyni zamanda onun sonu saitlə və əsasən l, r, m, ç, k, p samitləri ilə bitən feillərin sonuna qoşulub təsirli feil əmələ gətirdiyini vurğulamışdır. [160, s.200‒201] B.Serebrennikov isə -t şəkilçisini ulu türk dilində təkrar hərəkətin şəkilçisi kimi qəbul etməyi ancaq dolayı göstəricilər əsasında izah etməyin mümkünlüyündən danışmışdır. [131, s.307] A.von Qaben də qədim türk dilindəki “okut”, “olurt” və “sevit” sözlərini məhz -t şəkilçisi vasitəsilə düzəldiyini qeyd etmişdir. Onun fikrincə -t şəkilçisi çox nadir hallarda -ı,-i,-u,-ü şəkilçiləri ilə birlikdə işlənir və daha çox təsirlilik bildirir. [155, s.60] Böyütmək sözünün quruluşu bu cəhətdən diqqəti cəlb edir. Əslində, burada söz “böyü” + “t” modeli əsasında əmələ gəlmişdir. Bu mənada H.Mirzəyevin fikirləri daha dolğundur: “Bizcə, burada sözün kökü böyümək felidir, -t şəkilçisi isə hər şeydən əvvəl, təsirsiz böyümək felini təsirli hala salmağa xidmət etmişdir.” [115, s.126]

Ümumiyyətlə, Azərbaycan dilinin derivatoloji sistemində feillərdən feil düzəldən qeyri-məhsuldar şəkilçilər haqqında digər qrup şəkilçilərlə müqayisədə daha dolğun fikir bildirmək mümkündür. Bu qrupa aid şəkilçilər də adlardan feil düzəldən şəkilçilər kimi əsasən təsirli və təsirsiz olur, daha çox hərəkət bildirir. Əmələ gətirdiyi sözlər arasında məlum növ feillər üstünlük təşkil etsə də, bəzən qayıdışlıq, bəzən də qarşılıq-birgəlik çaları daha qabarıq çox nəzərə çarpır. Feil düzəldən bu tip şəkilçilərlə bağlı da yerli və beynəlxalq jurnallarda materiallar çap olunmuş, eləcə də konfranslarda çıxış etmişik.




Yüklə 349,49 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin