Qiymətləndirmə dedikdə şagird haqqında məlumatın sistemli şəkildə toplanması prosesi və təhlili nəzərdə tutulur. Qiymətləndirmə prosesini həyata keçirməzdən əvvəl qiymətləndirmənin məqsədi aydınlaşdırılmalıdır, yalnız bu halda əldə edilən məlumat səmərəli istifadə oluna bilər. Bu qiymətləndirmənin keçirilməsi üçün ən vacib şərtlərindən biridir. Qiymətləndirmə müxtəlif məqsədlərlə aparıla bilər:
Fərdi Tədris Planının hazırlanması üçün aparılan ilkin qiymətləndirmə;
İl ərzində şagirdin inkişafında ləngimənin olub-olmadığını aydınlaşdırmaq;
Şagirdin nəyi öyrətməyin zəruri olduğunu dəqiqləşdirmək;
Vacib vərdişlərin mənimsənilməsi üzrə inkişafı izləmək.
Məlumatlar toplanıldıqdan sonra Fərdi Tədris Planı hazırlanır. Məlumat əsasən üş yolla əldə edilə bilər:
Yoxlama
Söhbət
Müşahidə
Yoxlama – xüsusi qayğıya ehtiyacı olan şagirdlərin qiymətləndirilməsi üçün ən geniş yayılmış üsuludur. Ümumiyyətlə, yoxlamalar iki geniş kateqoriyaya bölünürlər: norma və meyar xarakterli yoxlamalr. Norma xarakterli yoxlamalr xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün onların yaşıdları ilə müqayisədə necə fəaliyyət göstərmələrini müəyyənləşdirərkən faydalı ola bilər. Meyar xarakterli yoxlamalr xüsusi meyarlarla şagirdlərin fəaliyyətlərini müqayisə etməyə imkan veir.
Söhbət – lazımı məlumata malik şəxslərlə aparılır. Bəzi söhbətlər strukturlu xarakterə malik olur. Yəni əvvəlcədən söhbətin aparılması üçün lazımi suallar toplusu hazırlanır və bu suallara yalnız konkret cavab verilir. Struktursuz söhbətlərdən daha çox istifadə edilir, yəni mövzu qoyulur və ətrafında söhbət aparılır. Bu sual daha ətraflı və daha geniş informasiya almaq üçün istifadə olunur.
Müşahidə - şagirdlərin gündəlik real davranışı haqqında obyektiv və dəqiq məlumatın toplanılması prosesidir. Müşahidə şagirdin fərdi xüsusiyyətləri, onun maraq, bacarıq və ehtiyacları haqqında informasiya əldə etməyə, müəyyən zaman müddətində məs: 1 ay müddətində şagirddə baş verən inkişafı izləməyə, ətraf mühitdə dəyişikliklər edilməsinin zəruriliyini müəyyən etməyə, problemli vəziyyətlərin optimal həlli yollarını tapmağa, Fərdi Tədris Planında ediləcək dəyişikliklərin zəruriliyini qiymətləndirməyə imkan yaradır. Şagirdləri müşahidə etmək heç də asan deyil, çünki biz ətraf aləmi şəxsi təcrübəmiz, peşəkar hazırlığımız, mədəniyyətimiz, dəyərlər isistemimiz və s. vasitəsilə qavrayırıq.