İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq Bismillahir-rəhmanir-rəhim



Yüklə 2,33 Mb.
səhifə16/43
tarix07.07.2018
ölçüsü2,33 Mb.
#55922
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

Məsələ 1058: Əgər alın ixtiyarsız olaraq səcdə yerindən qalxsa, mümkün olduğu təqdirdə səcdənin zikrini desə də, deməsə də, gərək ikinci dəfə alını səcdəyə çatmağa qoymasın və bu bir səcdə hesab olunur. Əgər başı saxlaya bilməsə, ixtiyarsız olaraq ikinci dəfə səcdə yerinə çatsa, o da bir səcdə hesab olunur. Amma əgər zikri deməmiş olsa müstəhəbb ehtiyat odur ki, onu «mütləq qürbət» qəsdilə desin və cüz olmaq qəsdi etməsin.
Məsələ 1059: İnsan təqiyyə saxlaması lazım olan yerdə xalça və bu kimi şeylərin üzərinə səcdə edə bilər. Lazım deyildir ki, namaz üçün başqa yerə getsin və ya təqiyyə səbəbi aradan gedəndən sonra həmin yerdə namazı qılmaq üçün namazı tə`xirə salsın. Amma əgər həmin yerdə həsirə və ya üzərinə səcdə səhih olan başqa bir şeyə, təqiyyəyə xilaf olmamış şəkildə səcdə edə bilsə, xalçaya və onun kimi şeylərə səcdə etməməlidir.
Məsələ 1060: İçi dolu döşək və bu kimi şeylərin üzərində (dayanaraq) səcdə etmək, bədən onun üzərində sakit olmayan surətdə batildir.
Məsələ 1061: Əgər insan əlacsız olub, palçıq yerdə namaz qılsa, belə ki, bədən və ya paltarının bulaşması onun üçün əziyyət olmasa, gərək səcdə və təşəhhüdü adi qaydada əmələ gətirsin. Əgər əziyyəti olsa, ayaq üstə dayanmış halda başı ilə səcdəyə işarə etməli, təşəhhüdü də ayaq üstə oxumalıdır. Bu cür namaz səhih olar.
Məsələ 1062: Birinci rük`ətdə və zöhr, əsr və xiftən namazlarının üçüncü rük`ətləri kimi, təşəhhüdü olmayan üçüncü rük`ətdə namaz qılanın ikinci səcdədən sonra azacıq hərəkətsiz oturub sonra qalxması vacib-ehtiyatdır.

Üzərinə səcdə edilməsi caiz olan şeylər
Məsələ 1063: Yerə və yerdə bitən şeylərə, yeyiləcək və geyiləcək şeylərdən başqa məsələn, ağac və ağac yarpağının üzərinə səcdə caizdir. Arpa, buğda kimi yeyilən, pambıq kimi geyilən, habelə yeyilməyən və geyilməyən, amma yerdən hesab olunan qızıl, gümüş və bu kimi şeylərə səcdə səhih deyildir. Amma əlacsız qaldıqda qır və zəft (qırın pis bir növüdür) kimi şeylərin üzərinə səcdə etmək, üzərində səcdə səhih olmayan digər şeylərdən daha üstündür.
Məsələ 1064: Üzüm yarpağının üzərinə lətif (yumşaq) vaxtında və yeyilməsi adi olan vaxtında səcdə caiz deyildir. Bu haldan başqa ona səcdə etməyin eybi yoxdur.
Məsələ 1065: Ot və saman kimi heyvanların yemi olan, yerdən bitən şeylərin üzərinə səcdə səhihdir.
Məsələ 1066: Yeməli olmayan güllərin üzərinə səcdə səhihdir. Hətta yeməli dərmanların, yerdən göyərən qaynadılaraq suyu içilən, dərman kimi istifadə olunan bənövşə və mal dili gülünün üzərinə səcdə səhihdir.
Məsələ 1067: Bə`zi məntəqələrdə yeyilməsi adət olan, bə`zi şəhərlərdə isə, yeyilən bitkilərdən sayılmasına baxmayaraq, yeyilməsi adət olmayan bitkilər üzərinə və həmçinin yetişməmiş meyvə üzərinə səcdə etmək ehtiyata əsasən caiz deyildir.
Məsələ 1068: Əhəng daşı və təbaşir üzərinə səcdə etmək səhihdir. Bişmiş təbaşirə, əhəngə, kərpicə və palçıqdan düzəlmiş kuzəyə səcdə etməyin işkalı yoxdur.
Məsələ 1069: Səcdəsi səhih olan şeylərdən, məsələn, ağac və samandan düzəldilmiş kağız üzərinə səcdə etmək olar. Kağız pambıq və kətandan düzəldilmiş olsa da, hökm eynidir. Amma əgər ipəkdən və bu kimi şeylərdən düzəldilmiş olsa, onun üzərinə səcdə caiz deyildir. Amma kağız dəsmala (salfetkaya) o halda səcdə etmək olar ki, üzərinə səcdə etməyin səhih olduğu şeylərdən düzəldilmiş olduğu mə`lum olsun.
Məsələ 1070: Səcdə üçün hər şeydən yaxşı Həzrəti Seyyidüş-şühəda əleyhissəlamın türbətidir. Ondan sonra adi torpaq, torpaqdan sonra daş, daşdan sonra bitkidir.
Məsələ 1071: Səcdə səhih olan şey olmasa, yaxud əgər olsa da, soyuq və ya istiliyin şiddətindən onun üzərinə səcdə edə bilmirsə, qıra və zəftə səcdə, o birilərinə səcdədən irəlidir. Amma əgər onların üzərinə səcdə mümkün olmasa, gərək paltarına və yaxud adi halda üzərinə səcdə etmək caiz olmayan hər bir şeyə səcdə edə bilər. Amma ehtiyat müstəhəbb odur ki, paltarına səcdə etmək mümkün olsa, başqa şeylərə səcdə etməsin.
Məsələ 1072: Üstündə alının aram dayanmadığı palçığa və boş (bərkiməmiş) torpağa səcdə batildir.
Məsələ 1073: Əgər birinci səcdədə, möhür alına yapışsa, gərək ikinci səcdə üçün möhürü götürsün.
Məsələ 1074: Əgər namaz əsnasında aram etdiyi şey itsə və səcdəsi səhih olan bir şeyi olmasa, vaxt da dar olsa, 1071-ci məsələdə deyildiyi tərtiblə əməl edə bilər istər vaxt az olsun, istərsə namazı pozub yenidən qılmaq qədər geniş olsun.
Məsələ 1075: Əgər səcdə halında ikən, alnını səcdənin batil olduğu bir şey üzərinə qoyduğunu anlasa, vacib zikri söylədikdən sonra fərqinə varmışsa, səcdədən başını qaldırıb namazına davam edə bilər. Amma əgər vacib zikri söyləməmişdən əvvəl fərqinə varmışsa, alnını üzərinə səcdənin səhih olduğu bir şey üstünə çəkərək vacib zikri deməlidir. Əgər alnını çəkməsi mümkün deyilsə, elə o halda vacib zikri söyləyə bilər. Hər iki halda namazı səhihdir.
Məsələ 1076: Əgər səcdədən sonra başa düşsə ki, alnını səcdəsi batil olan şeyin üzərinə qoymuşdur, eybi yoxdur.
Məsələ 1077: Mütəal Allahdan başqasına səcdə etmək haramdır. Bə`zi avam camaat İmamlar əleyhimüssəlamın məzarları qarşısında alınlarını yerə qoyurlar. Əgər bu iş Mütəal Allaha şükr etmək üçün olsa, eybi yoxdur. Əks təqdirdə haramdır.

Səcdədə müstəhəbb və məkruh olan şeylər
Məsələ 1078: Səcdədə bir neçə şey müstəhəbbdir:
1. Ayaq üstə namaz qılan şəxsin rükudan baş qaldırandan və tam dayanandan sonra və eləcə də oturduğu yerdə namaz qılan şəxsin tam oturandan sonra səcdəyə getmək üçün təkbir deməsi;
2. Səcdəyə getmək istəyən vaxt kişinin əvvəl əllərini, qadının isə əvvəl dizlərini yerə qoyması;
3. Burunun da möhürə və səcdə səhih olan şeyin üzərinə qoyulması;
4. Səcdə halında əl barmaqlarını bir-birinə birləşdirib, ucları qibləyə olacaq şəkildə qulaqların bərabərində tutması;
5. Səcdədə dua etməsi, öz istəyini Allahdan diləməsi və bu duanı oxuması:
«يا خَيْرَ المَسْؤُلِينَ وَيا خَيْرَ المُعْطِينَ، آرْزُقْنِي وَآرْزُقْ عِيالي مِنْ فَضْلِكَ فَاِنَّكَ ذُوالفَّضْلِ العَظِيمِ»
«Ya xəyrəl-məs`ulinə və ya xəyrəl-mu`tin, urzuqni vərzuq iyali min fəzlikə fə innəkə zul-fəzlil-əzim».
Yə`ni: «Ey ən yaxşı kəs ki, Sənin qapına gəlirlər və ey əta edənlərin ən yaxşısı, mənə və mənim ailəmə Öz fəzlinlə ruzi ver. Həqiqətən də Sən böyük fəzilət və əzəmət sahibisən».
6. Səcdədən sonra sol budunun üstündə oturması və sağ ayağının üzünü sol ayağının arxasına qoyması;
7. Hər səcdədən sonra oturub, bədəni sakit olandan sonra təkbir deməsi;
8. Birinci səcdədən sonra bədəni sakitləşdikdə, «Əstəğfirullahə rəbbi və ətubu iləyh» – deməsi;
9. Səcdəni uzatması və oturan vaxtda əllərini budlarının üzərinə qoyması;
10. İkinci səcdəyə getmək üçün, bədənin sakit halında «Əllahu əkbər» deməsi;
11. Səcdələrdə salavat göndərməsi;
12. Ayaq üstə duranda, əllərini dizlərdən sonra yerdən götürməsi;
13. Kişilərin dirsək və qarınlarını yerə birləşdirməməsi; və qollarını böyürlərindən aralı saxlamaları. Qadınların dirsək və qarınlarını yerə və bədənin üzvlərini bir-birinə birləşdirmələri.
Səcdənin başqa müstəhəbbləri, müfəssəl kitablarda deyilmişdir.
Məsələ 1079: Səcdədə Qur`an oxumaq, habelə toz-torpağı aradan qaldırmaq üçün üfürmək məkruhdur. Əgər üfürməyin tə`sirindən, ağızdan iki hərf qəsdən çıxsa, namaz ehtiyata əsasən batildir. Bunlardan başqa məkruhlar da vardır ki, müfəssəl kitablarda deyilmişdir.

Qur`anın vacib səcdəsi olan ayələri
Məsələ 1080: Dörd surənin hər birində: «Vənnəcm», «İqrə», «Əlif-lam-mim tənzil» və «Ha-mim Səcdə» surəsində bir səcdə ayəsi vardır ki, əgər insan oxusa, yaxud qulaq assa, o ayəni tamam edəndən sonra, gərək dərhal səcdə etsin. Əgər yaddan çıxartsa, yadına düşdüyü vaxt səcdə etməlidir. İxtiyarsız eşitsə, səcdə vacib deyildir. Baxmayaraq ki, ən yaxşısı səcdə etməkdir.
Məsələ 1081: Əgər insan səcdə ayəsinə qulaq asan vaxt, özü də oxusa gərək iki səcdə etsin.
Məsələ 1082: Namazdan başqa hallarda əgər səcdə halında səcdə ayəsini oxusa və ya eşitsə, gərək səcdədən baş qaldırıb, ikinci dəfə səcdə etsin.
Məsələ 1083: Əgər insan yuxulu şəxsdən, dəlidən və ya Qur`anı müəyyən edə bilməyən uşaqdan səcdə ayəsini eşitsə və ya dinləsə, səcdə vacibdir. Amma əgər qramafon və ya kasetdən eşitmiş olsa, səcdə vacib deyildir. Həmçinin radiodan efirə buraxılan lent yazısından dinləsə, hökm eynidir. Amma əgər bir şəxs radiostudiyasında səcdə ayəsini oxusa və insan da ona radiodan qulaq asarsa səcdə vacibdir.
Məsələ 1084: Qur`anın vacib səcdəsində vacib ehtiyata əsasən, gərək insanın yeri qəsbi olmasın, müstəhəbb ehtiyata əsasən, alnının yeri dizlərinin, baş barmaqlarının yerindən dörd bağlı barmaqdan hündür və ya alçaq olmasın. Amma lazım deyildir ki, dəstəmazlı və ya qüsl etmiş və üzü qibləyə olsun və övrətini örtsün, yaxud bədən və alnının yeri pak olsun və habelə namaz qılanın paltarında olan şərtlər onun paltarında şərt deyildir.
Məsələ 1085: Vacib ehtiyat odur ki, Qur`anın vacib səcdəsində alnı möhürə, yaxud səcdəsi səhih olan şeyə qoysun və müstəhəbb ehtiyata görə, namaz səcdəsində deyilənə əsasən, bədənin başqa üzvlərini də yerə qoysun.
Məsələ 1086: Hərgah Qur`anın vacib səcdəsində alnını səcdə məqsədi ilə yerə qoysa, zikr deməsə də kifayətdir. Zikri demək müstəhəbbdir və daha yaxşıdır ki, belə desin:
«لا إلهَ إلاَّ اللهُ حقًّا حقًا لا إلهَ إلاَّ اللهُ إيمانًا وَ تَصْدِيقًا لا إلهَ إلاَّ اللهُ عُبُودِيَّةً وَرِقًّا، سَجَدْتُ لَكَ يا رَبِّ تَعَبُّدًا وَرِقًّا لا مُسْتَنْكِِفًا وَ لا مُسْتَكْبِرًا بَلْ اَنا عَبْدٌ ذَّلِيلٌ ضَعِيفٌ خائِفٌ مُسْتَجِيرُ»
La ilahə illəllahu həqqən həqqa, la ilahə illəllahu imanən və təsdiqa, la ilahə illəllahu ubudiyyətən və riqqa, səcədtu ləkə ya rəbbi təəbbudən və riqqa, la mustənkifən və la mustəkbirən, bəl ənə əbdun zəlilun zəifun xaifun mustəcirun.

Təşəhhüd
Məsələ 1087: Bütün vacib və müstəhəbb namazların ikinci rük`ətində, şam namazının üçüncü rük`ətində, zöhr, əsr və xiftən namazlarının dördüncü rük`ətində gərək insan ikinci səcdədən sonra oturub bədəni sakit olan vaxt təşəhhüd desin, yə`ni:
اَشْهَدُ اَن لا اِلََهَ الاَ اللهُ وَحدَهُ لاشَرِيكَ لَهُ وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ اَللَّهُمَّ صَلّ عَلى مُحَمَّدِ وَآلِ مُحَمَّد
«Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd» – desin.
Və əgər
«Əşhədu ən la ilahə illəllahu və əşhədu ənnə Muhəmmədən səlləllahu ələyhi və alih əbduhu və rəsuluh» – desə, kifayət edər, həmçinin «Vitr» namazında təşəhhüd lazımdır.
Məsələ 1088: Təşəhhüd kəlmələri gərək ərəbcə düzgün deyilsin və adi şəkildə olduğu kimi ardıcıl deyilməlidir.
Məsələ 1089: Əgər təşəhhüdü unutsa və ayaq üstə dursa, rükudan əvvəl yadına düşsə ki, təşəhhüdü deməmişdir, gərək otursun və təşəhhüdü desin, ikinci dəfə ayağa qalxıb o rük`ətdə oxuyacağını oxusun və namazı tamam etsin. Ehtiyat müstəhəbbə əsasən, namazdan sonra yersiz ayaq üstə durduğuna görə, iki səhv səcdəsi yerinə yetirsin. Əgər rükuda və rükudan sonra yadına düşsə, gərək namazı qurtarsın və namazın salamından sonra ehtiyat müstəhəbbə əsasən təşəhhüdü qəza etsin. Bundan sonra gərək yaddan çıxmış təşəhhüd üçün iki səhv səcdəsi yerinə yetirsin.
Məsələ 1090: Müstəhəbbdir ki, təşəhhüd halında sol budu üzərində otursun, sağ ayağın üzünü sol ayağın altına qoysun və təşəhhüddən əvvəl «Əlhəmdu lillah» və ya «Bismillah və billah vəlhəmdu lillahi və xəyrul əsmai lillah» – desin.
Habelə müstəhəbbdir ki, əlləri budların üstünə qoysun, barmaqları bir-birinə birləşdirsin, öz ətəyinə baxsın və təşəhhüdün salavatından sonra desin: «Və təqəbbəl şəfaətəhu vərfə` dərəcətəh».
Məsələ 1091: Müstəhəbbdir ki, qadınlar təşəhhüd oxuyan vaxt budlarını bir-birinə birləşdirsin.

Namazın salamı
Məsələ 1092: Namazın axırıncı rük`ətində təşəhhüddən sonra, müstəhəbbdir ki, oturduğu yerdə və bədən sakit olaraq desin:
اَلسَّلاَمُ عَلَيْكَ اَيُهَا النَّبِىُّ وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ
«Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh».
Ondan sonra gərək desin:
اَلسَّلاَمُ عَلَيكُم
«Əssəlamu ələykum» və ehtiyat müstəhəbb odur ki, əlavə edərək, وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ «Və rəhmətullahi və bərəkatuh» desin.
Və yaxud
الَسَّلاَمُ عَلَيْنا وَعَلى عِبادِ اللهِ الصالِحِينَ
«Əssəlamu ələyna və əla ibadillahissalihin»də deyə bilər.
Amma əgər bu salamı deyərsə, ehtiyat vacib odur ki, bundan sonra الَسَّلاَمُ عَلَيكُم«Əssəlamu ələykum» – əlavə etsin.
Məsələ 1093: Əgər namazın salamını yaddan çıxartsa və namazın şəkli pozulmamış yadına düşsə, namazı batil edən işlərdən birini, məsələn, qiblədən üz çevirmək kimi qəsdən və ya səhvən bir iş görməsə, gərək salamı desin, bu zaman namazı səhihdir.
Məsələ 1094: Əgər namazın salamını unutsa və namazın şəkli pozulduqdan sonra yadına düşsə, yaxud namazı səhvən və ya qəsdən, batil edən bir iş görmüşdürsə məsələn; arxasını qibləyə çevirmişdirsə, namazı səhihdir.

Tərtib
Məsələ 1095: Əgər qəsdən namazın tərtibini pozsa, məsələn, surəni Həmddən qabaq oxusa, yaxud səcdələri rükudan əvvəl əmələ gətirsə, namaz batil olar.
Məsələ 1096: Əgər namazın bir rüknünü unutsa və ondan sonrakı rüknü yerinə yetirsə, məsələn, rüku etməmişdən iki səcdə etsə, ehtiyata əsasən namaz batildir.
Məsələ 1097: Əgər bir rüknü unutsa və ondan sonrakı rükn olmayan əməli yerinə yetirsə, məsələn, iki səcdəni yerinə yetirmədən təşəhhüd desə, gərək iki səcdəni yerinə yetirsin və ondan əvvəl səhvən oxuduğunu ikinci dəfə oxusun.
Məsələ 1098: Əgər rükn olmayan bir şeyi unutsa və ondan sonrakı rüknü yerinə yetirsə, məsələn, Həmdi unudub rükuya getsə, namazı səhihdir.
Məsələ 1099: Əgər rükn olmayan bir şeyi unutsa, belə ki, ondan sonra gələn və rükn olmayan bir əməli yerinə yetirsə, məsələn, Həmdi unudub, surəni oxumağa başlayarsa, gərək yaddan çıxan şeyi əmələ gətirsin və ondan sonra səhvən qabaqca oxuduğu şeyi, ikinci dəfə oxusun.
Məsələ 1100: Əgər birinci səcdəni ikinci səcdə xəyalı ilə və ya ikinci səcdəni birinci səcdə xəyalı ilə əmələ gətirsə, namazı səhihdir. Onun birinci səcdəsi birinci, ikinci səcdəsi isə ikinci hesab olunar.

Muvalat
Məsələ 1101: İnsan gərək namazı muvalat ilə qılsın, yə`ni namazın ruku, səcdələr və təşəhhüd kimi əməllərini ardıcıl, fasiləsiz yerinə yetirməlidir. Namazda oxuduğu şeyləri də adi qaydada fasiləsiz oxumalıdır. Əgər onların arasında uzun fasilə versə və buna, «namaz qılır» – deməsələr namazı batildir.
Məsələ 1102: Əgər namazda səhvən hərflərin və kəlmələrin arasında fasilə versə və fasilə namazın şəklini dəyişəcək qədər olmasa, sonrakı rüknə məşğul olmamış, gərək o hərfləri və kəlmələri adi qayda üzrə oxusun. Səhv oxuduğu hərflərdən sonra, oxuduqlarını təkrar etməlidir. Əgər sonrakı rüknə məşğul olubsa, namazı səhihdir.
Məsələ 1103: Rüku və səcdələri uzatmaq və namazda böyük surələri oxumaq, muvalatı pozmaz.

Qunut
Məsələ 1104: Bütün vacib və müstəhəbb namazlarda ikinci rük`ətin rükusundan əvvəl, müstəhəbbdir ki, qunut tutulsun. Amma «Şəf`» namazında gərək rəcaən əmələ gətirsin. «Vitr» namazında bir rük`ətdə olduğuna baxmayaraq, rükudan qabaq, qunut tutmaq müstəhəbbdir. «Cümə» namazında hər rük`ətdə bir qunut vardır. «Ayət» namazında beş qunut vardır. «Fitr» və «Qurban» bayramının namazında isə bir neçə qutut var ki, öz yerində qeyd olunacaq.
Məsələ 1105: Müstəhəbbdir ki, qunutda əlləri üzün müqabilinə tutsun, onların içini göyə tərəf, bir-birinə yaxın saxlasın, baş barmaqdan başqa, o biri barmaqları bir-birinə birləşdirsin və əllərin içinə baxsın. Vacib ehtiyata əsasən, zərurət halı istisna olmaqla, əlləri qaldırmadan qunut səhih deyil.
Məsələ 1106: Qunutda hər hansı zikri desə, hətta bir dəfə «Subhanəllah» da desə kifayətdir. Daha yaxşı odur ki, belə desin:
لاَ إِلهَ إِلا اللهُ الحَلِيمُ الكَرِيمُ لاَ إِلهَ إِلا اللهُ العَلِىُ العَظِيمُ سُبحانَ اللهِ رَب السَمَاواَتِ السَبعِ وَرَب الأَرَضِينَ السبعِ وَمَا فِيهِن وَمَابَينَهُن وَرَب العَرشِ العَظِيمِ وَالحَمدُللهِ رَب العَالَمِينَ
«La ilahə illəllahul-həlimul-kərim, la ilahə illəl-lahul-əliyyul-əzim, subhanəllahi rəbbis-səmavatis-səb`, və rəbbil-ərəzinəs-səb` və ma fihinnə və ma bəynəhunnə və rəb-bil-ərşil-əzim. Vəlhəmdu lillahi rəbbil-aləmin».
Məsələ 1107: Müstəhəbbdir ki, insan qunutu ucadan oxusun. Amma namazı camaatla qılan şəxs əgər imam camaat onun səsini eşidərsə, qunutu ucadan oxuması müstəhəbb deyildir.
Məsələ 1108: Əgər qəsdən qunut tutmasa, qəzası yoxdur və əgər unutsa, rüku qədərinə əyilməmişdən əvvəl yadına düşsə, qalxıb oxuması müstəhəbbdir. Əgər rükuda yadına düşsə, müstəhəbbdir ki, rükudan sonra qəza etsin. Amma əgər səcdədə yadına düşərsə, namazın salamından sonra qəza etməsi müstəhəbbdir.

NAMAZIN TƏRCÜMƏSİ

1.«Həmd» surəsinin tərcüməsi:
«Bismillahir-rəhmanir-rəhim».
Bismillah: – Başlayıram Allahın adı ilə ki, bütün kəmallara sahib olan və hər nöqsandan pakdır.
Ərrəhman: – Rəhməti genişdir, sonsuzdur.
Ərrəhim: – Rəhməti zati, əzəli və əbədidir.
Əlhəmdu lillahi rəbbil aləmin: – Tə`rif, bütün yaranmışlara pərvəriş verən Allaha məxsusdur.
Ərrəhmənir-rəhim: – Bunun mə`nası yuxarıda zikr olundu.
Maliki yəvmiddin: – Bir qüdrətli zatdır ki, cəza gününün hökmranlığı Onunladır.
İyyakə nə`budu və iyyakə nəstəin: – Ancaq Sənə ibadət edir və ancaq Səndən kömək istəyirik.
İhdinəs-siratəl-mustəqim: – Bizi doğru yola hidayət et ki, o, İslam dinidir.
Siratəl-ləzinə ən`əmtə ələyhim: – Ne`mət verdiyin şəxslərin yoluna ki, onlar peyğəmbərlər və peyğəmbərlərin canişinləridir.
Ğəyril-məğzubi ələyhim vələz-zallin: – Qəzəbin tutmuş və yoldan azmış adamların yoluna yox.

2. «Tövhid» surəsinin tərcüməsi
Bismillahir-rəhmanir-rəhim. – Onun mə`nası deyildi.
Qul huvəllahu əhəd: – De [ey Muhəmməd (s.ə.v.v.)] Allah yeganə Allahdır.
Əllahus-səməd: – Bir Allahdır ki, bütün mövcudatdan ehtiyacsızdır.
Ləm yəlid və ləm yuləd: – Övladı yoxdur və O, heç kəsin övladı deyildir.
Və ləm yəkun ləhu kufuvən əhəd: – Yaranmışların heç biri Onun kimi deyildir.

3. Rükunun, səcdələrin və onlardan sonra müstəhəbb olan zikrlərin tərcüməsi
Subhanə rəbbiyəl-əzimi və bihəmdih. – Mənim böyük Allahım hər bir eyb və nöqsandan pakdır və mən Ona həmd etməyə məşğulam.
Səmiəllahu limən həmidəh. – Allah, Ona sitayiş edən şəxsin duasını eşitsin və onu bağışlasın.
Subhanə rəbbiyəl-ə`la və bihəmdih. – Mənim pərvərdigarım hamıdan daha yüksəkdir və hər eyb və nöqsandan pak və münəzzəhdir və mən Ona həmd edirəm.
Əstəğfirullahə rəbbi və ətubu iləyh. – Bağışlanmaq diləyirəm, bir Allahdan ki, mənim pərvəriş verənimdir və mən Ona tərəf qayıdıram.
Bihəvlillahi və quvvətihi əqumu və əq`ud. – Uca Allahın köməyi və gücü ilə dururam və otururam.

4. Qunutun tərcüməsi
La ilahə illəllahul-həlimul-kərim. – Helm və kərəm sahibi olan misilsiz, vahid Allahdan başqa bir mə`bud, ilah yoxdur.
La ilahə illəllahul-əliyyul-əzim. – Böyük, yüksək və misilsiz Allahdan başqa mə`bud ilahi yoxdur.
Subhanəllahi rəbbis-səmavatis-səb`i və rəbbil-ərəzinə-səb`i. – Yeddi yerin və yeddi göyün pərvərdigarı olan Allah pak və münəzzəhdir.
Və ma fihinnə, və ma bəynəhunnə və rəbbil-ərşil-əzim. – O, yerlərdə, göylərdə və onların arasında olan hər şeylərin və böyük ərşin Pərvərdigarıdır.
Vəl-həmdu lillahi rəbbil-aləmin. – Həmd və səna ancaq bütün mövcudların pərvərdigarı olan Allaha məxsusdur.

5. Təsbihati-ərbəənin tərcüməsi
Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.
Yə`ni: Mütəal Allah pak və münəzzəhdir. Səna yalnız Ona məxsusdur, bərabəri olmayan Allahdan başqa bir tanrı yoxdur. O, vəsf edildiyindən daha böyükdür.

6. Təşəhhüd və salamın kamil tərcüməsi
Əlhəmdu lillah, əşhədu ən la ilahə illəllah, Vəhdəhu la şərikə ləh.
Yə`ni: – Həmd Allaha məxsusdur və şəhadət verirəm, Allahdan başqa mə`bud yoxdur və şəriki yoxdur.
Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh.
Şəhadət verirəm ki, Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm Allahın bəndəsi və Rəsuludur.
Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.
Pərvərdigara! Muhəmmədə və ali Muhəmmədə rəhmət göndər.
Və təqəbbəl şəfaətəhu vərfə` dərəcətəh.
Peyğəmbərin şəfaətini qəbul et və onun dərəcəsini Öz yanında yüksəlt.
Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh.
Ey Peyğəmbər! Allahın salamı, rəhməti və bərəkəti sənə olsun.
Əssəlamu ələyna və əla ibadillahis-salihin.
Xudavəndi-aləmin salamı biz namaz qılanlara və Allahın yaxşı bəndələrinə olsun.
Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
Allahın salamı, rəhməti və bərəkəti siz mö`minlərə olsun.

NAMAZIN TƏ`QİBİ
Məsələ 1109: Müstəhəbbdir ki, insan namazdan sonra bir qədər tə`qibatla məşğul olsun. Yə`ni zikr, dua və Qur`an oxusun. Daha yaxşısı odur ki, öz yerindən hərəkət etməmişdən və dəstəmazı, qüslü və ya təyəmmümü batil olmamışdan əvvəl, tə`qibi üzü qibləyə oxusun. Tə`qibin ərəb dilində olması da lazım (vacib) deyildir. Amma yaxşıdır ki, dua kitablarında göstəriş verilən şeyləri oxusun. Artıq tapşırılan tə`qiblərdən biri, Həzrəti-Zəhra (səlamullahi ələyha)-nın təsbihidir; Yə`ni otuz dörd dəfə «Əllahu əkbər», otuz üç dəfə «Əlhəmdu lillah», otuz üç dəfə «Subhanəllah» desin. «Subhanəllah»ı, «Əlhəmdu lillah»dan əvvəl də demək olar. Amma yaxşıdır ki, «Əlhəmdu lillah»dan sonra deyilsin.
Məsələ 1110: Namazdan sonra şükr səcdəsi etmək müstəhəbbdir. Belə ki, şükr səcdəsi məqsədilə alnını yerə qoyması kifayətdir. Amma yüz dəfə və ya üç dəfə, hətta bir dəfə belə, «Şukrən-lillah» və yaxud «şukrən» ya «Əfvən» deməsi daha yaxşıdır. Habelə insana bir ne`mət çatdığı və ya bir bəla ondan uzaqlaşdığı zaman şükr səcdəsi etməsi müstəhəbbdir.

PEYĞƏMBƏRƏ SALAVAT
Məsələ 1111: Hər vaxt insan, Həzrət Rəsul-Əkrəm (səlləl-lahu ələyhi və alihi və səlləm)-in mübarək adını, məsələn, Muhəmməd, Əhməd (s.ə.v.v.), yaxud ləqəb və ya künyəsini, məsələn, Mustəfa, Əbul-Qasim (s.ə.v.v.) desə, yaxud eşitsə, namazda olsa da belə, müstəhəbbdir ki, salavat göndərsin.
Məsələ 1112: Həzrət Rəsul (səlləllahu ələyhi və alihi və səlləm)-in mübarək adını yazanda, salavatı da yazmaq müstəhəbbdir. Həmçinin daha yaxşı odur ki, hər zaman o Həzrəti yad etsə, salavat göndərsin.

NAMAZI BATİL EDƏN ŞEYLƏR
Məsələ 1113: On iki şey namazı batil edir və onlara mübtilat deyilir:
1. Namazın əsnasında onun şərtlərindən biri pozulsun. Məsələn, namaz əsnasında başa düşsə ki, libası nəcisdir.
2. Namazda ikən qəsdən, səhvən və ya çarəsizlikdən dəstəmaz və ya qüslü batil edən bir şeylə qarşılaşarsa; məsələn, ondan bövl gələrsə; Belə ki, bu səhvən və ya çarəsizlikdən, namazın son səcdəsindən sonra meydana gəlsə belə, vacib ehtiyata əsasən namazı batil olur. Lakin, bövl və ya ğaitinin qarşısını ala bilməyən bir şəxsdən namaz əsnasında bövl və ya ğait xaric olarsa, əgər dəstəmaz hökmlərində söylənən qaydalara görə əməl edərsə, namazı batil olmur. Həmçinin namaz əsnasında istihazəli qadından qan xaric olsa, əgər istihazənin göstərişinə əməl etsə, namazı səhihdir.
Məsələ 1114: İxtiyarsız şəkildə yatmış olan bir şəxs, namaz əsnasında, yaxud namazdan sonra yatdığını bilməzsə, qılmış olduğu miqdara ürfün nəzərində namaz söylənilərsə, namazı yenidən qılması lazım deyildir.
Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin