Кәрбәлада чахан бир шимшәк



Yüklə 3,48 Mb.
səhifə1/14
tarix05.06.2018
ölçüsü3,48 Mb.
#52718
  1   2   3   4   5   6   7   8   9   ...   14


KƏRBƏLADA ÇAXAN BİR ŞİMŞƏK


DOKTOR MİSBAH YƏZDİ




Kitabın adı:..Kərbəlada çaxan bir şimşək

Müəllif:...................Doktor Misbah Yəzdi

Tərcümə edən:.............Fizuli Şəfiyev

Redaktor:........................B. Yusifzadə

Çap tarixi:.............2000 Qış

Çap növbəsi:.Birinci

Əziz oxucular! Qarşınızda olan bu kitab görkəmli filosof doktor Misbah Yəzdinin Aşura hadisəsi barədə söylədiyi çıxışlardan hazırlanmışdır. Kitabda tarixin ən faciəli və eyni zamanda ən ibrətamiz və şanlı səhifələrindən biri olan Kərbəla qiyamı müxtəlif yönlərdən araşdırılmış, bu hadisə ilə bağlı irəli sürülən şübhə və suallara cavab verilmişdir. Uzun illər boyu bizim ölkəmizdə də Aşura ilə bağlı Məhərrəmlik mərasiminin keçirilməsini, bu tədbirə xalqımızın kütləvi şəkildə, yüksək rəğbət və hüznlə yanaşmasını nəzərə alaraq, onun mahiyyətinin açıqlanmasını, ictimai-siyasi, mənəvi və fikri baxımdan göstərdiyi dərin təsirlərin aydınlaşdırılmasını zəruri hesab edərək bu kitabı azərbaycan dilinə çevirib çapa hazırladıq.

Son illərdə bütün milli-mənəvi, dini-əqidəvi dəyərlərimiz amansız düşmənlər tərəfindən məqsədyönlü şəkildə dağıdılır; belə bir şəraitdə bu tədbirə qarşı da laqeyid yanaşılmır, hər gün yeni-yeni şübhələr yaymaqla bu misilsiz xalq hərəkatına qarşı da təxribatçılıq işləri aparılır. Əlbəttə, ölkəmizdə yuva qurmuş düşmənlərin, onların siyasətlərini canla-başla həyata keçirən öz xain muzdurlarımızın narahatlığını başa düşmək çətin deyildir. Milyonların qəlbindən, ruhundan süzülüb gələn bir məhəbbətin, bu hisslərdən doğan ümumxalq hərəkatının təbiiliyindən, coşğunluğundan və hərarətindən düşmənlərimiz nəinki qorxmalı və hətta kökslərində məkr və hiylə ilə döyünən ürəkləri belə partlamalıdır...

Sapı özümüzdən olan baltalara tam səmimiyyətlə bir açıqlama:

Qəlbinin və vücudunun meyvəsi olan əziz cavanını əlindən verən bir valideyn bir neçə ildən sonra bu hadisəyə soyuqqanlıqla yanaşdığı bir halda, üstündün 1400 il keçmiş bir hadisənin ildönümü yaxınlaşanda ölkə təlatümə gəlir, yüz minləri, hətta milyonları əhatə edən bir hərəkat yaranır.

Bu barədə nə düşünürsünüz?!

Doğrudanmı bu adi bir hadisədir?! Görəsən bunu özgə bir şeylə əvəz etmək mümkündürmü?!

Müxtəlif biçimli təşkilatlar qurub, bu mərasimə qarşı “qununi mexanizm” hazırlayan məmurlara:

Sizin özünüzün də mirası olduğunuz mənfur kommunist rejimi 70 il gecə-gündüz bu məqsəd yolunda çalışdı; minlərlə günahsız insanın qanını tökdü; dünyanı lərzəyə gətirəcək topu-tüfəngi ilə hər cinayətə əl atdı. Amma bu xalqın dinini əlindən ala bilmədi; onları İmam Hüseyndən ayırmağı bacarmadı. Nəticədə özü məhv olub, tarixin zibilliklərinə atıldı. İbrət götürün, fikirləşin! Onlar məhv olub aradan getdi, amma bu xalqın adət-ənənələri, əqidə və mənəviyyatı yaşadı! Unutmayın ki, xalqın qəzəbi Allahın qəzəbi kimidir, coşdusa, onu heç bir qüvvə yatıra bilməz!

Sözümüzü bir neçə qeydlə sona yetiririk:

Əvvəldə qeyd etdiyim kimi, bu kitab müəllifin öz qələmi ilə yazdığı bir əsər deyildir və onun çıxışlarının lent yazılarından köçürülmüşdür. Orjinallığı saxlamaq üçün onun mətninə əl vurulmamış, ədəbi və bədii cəhətdən redaktə olunmamışdır. Yəqin ki, əziz oxucular qələmlə yazılmış bir əsərlə, şifahi nitq və danışıq əsasında hazırlanmış kitabın hədsiz dərəcədə fərqli olduğunu başa düşər və qarşılaşdıqları bəzi ifadə və cümlələrin zəifliyinə məhz bu cəhətdən yanaşarlar.

Bu çıxışlar İran İslam Respublikasında keçirilən mərasimlərdə söylənmiş və oranın ictimai mühiti üçün nəzərdə tutulmuşdur. Buna görə də mümkündür ki, bəzi məsələlər kimlər üçünsə anlaşılmaz görünsün.

Sonda hamınızı bağışlayan və mehriban Rəbbimizə tapşırır, xalqımıza İmam Hüseynin (ə) həqiqi ardıcılı olmaq, bütün çətinliklərini o həzrət kimi fədakarcasına həll etmək müvəffəqiyyəti arzulayıram.

ÖN SÖZ YERİNƏ


Böyük ustadlardan biri belə deyir: Bir gün dərs əsnasında şagirdlərdən bəziləri sözlərimə irad tutaraq, imam Hüseyn əleyhissəlamın qiyamətdə öz əzadarlarına şəfaət edəcəyinə dəlil və sübut gətirməyimi istədilər. Nə qədər dəlil gətirdimsə də, sözümü qəbul etməyib başqa dəlillər tələb etdilər. Çarəsiz qalıb fürsət istədim və bir müddətdən sonra onlara qənaətbəxş cavab verəcəyimə vəd etdim. Məqsədim Kufəyə gedib «Səhlə» məscidində bir müddət ibadət etmək və Allah-taaladan bu sualın cavabını qəlbimə ilham etməsini diləmək idi. Nəcəfi-əşrəfdən Kufəyə tərəf yollandım. Təzəcə yola düşmüşdüm ki, bir nəfər seyyidin mənimlə yanaşı addımladığını gördüm və deyəsən o da Kufəyə gedirdi. Yol boyu həmən seyyid tez-tez suallar verir və sanki mənimlə həmsöhbət olmaq istəyirdi. Qəlbimdə Allahla razi-niyaz etdiyim üçün onun suallarına çox qısa cavab verir, bununla da söhbətdən yayınmaq istəyirdim. Amma bir qədər sonra başa düşdüm ki, bu seyyid həddindən artıq məlumatlı adamdır və ömrümdə eşitmədiyim elmi söhbətlər edir. Seyyid Kufəyə nə üçün getdiyimi soruşdu və mən də əhvalatı olduğu kimi danışdım. O, bir qədər fikirləşdikdən sonra – Bir əhvalat danışmaq istəyirəm, mümkündür sualının cavabı aydınlaşsın – deyə söhbətə başladı:

–Bir gün cavan bir şah öz vəzir-vəkillərini toplayıb ova çıxmaq istədiyini bildirdi. Hamı şahın fikrini bəyənib ov tədarükü görməyə məşğul oldular. Ertəsi gün onlar təbiətin qoynuna çıxıb ov üçün münasib yer axtarmağa başladılar. Şah ətrafındakılara onu, qarşılaşdıqları ilk ovla tək buraxmalarını tapşırdı. Bir qədər sonra yamacında dayandıqları təpənin üstündə bir ceyran gördülər, əmrə əsasən hamı yerində dayandı və şah öz ovunu qovmağa başladı. Günün ikinci yarısınadək şah ceyranın dalınca at qovdu və nəhayət bir də ayılıb gördü ki, hava qaralmağa başlayır, ətrafındakı adamlardan səs-sorağ yoxdur, özü də ac-susuz və yorğundur. Nə etməli? Hansı istiqamətə getməli? Harada gecələməli? Bu fikirlərlə bir qədər gəzib-dolandıqdan sonra uzaqdan alaçıqlar görünməyə başladı və şah atını oraya sürüb bir alaçığın qapısında dayandı. Burada yaşlı qadınla bir kişi yaşayırdı. Onlar yorğun atlını görcək tez irəliyə gəlib atın cilovundan yapışdılar, qonağı içəri gətirib ona qulluq etməyə başladılar. Qonaq həddindən artıq ac və taqətsiz olduğundan ona şam hazırlamaq lazım idi. Lakin bu miskin ailənin dünya malından var-yoxları yalnız südü ilə dolandıqları bir keçiləri var idi və yemək hazırlamaq üçün ondan başqa heç bir şeyə gümanları gəlmirdi. Ər-arvad öz aralarında götür-qoy etdikdən sonra kimliyindən xəbərləri olmadığı və lakin Allah qonağı hesab etdikləri bu qəribə qonağa lazımınca xidmət etməyi hər şeydən üstün tutub, yeganə ümidləri olan keçini kəsdilər və ətindən kabab bişirib qonağı yetərincə yedirtdilər. Bütün söhbətləri eşidib, işləri diqqətlə müşahidə edən şah bu yüksək qonaqpərvərliyə, xalislik və insaniyyət tamaşasına baxırmış kimi bu səhnələrdən mənəvi zövq alır, onların sadəliyinə məftun olurdu. Nəhayət səhər açıldı, şahın adamları uzun axtarışdan sonra gəlib onu burada sağ-salamat tapıb çox sevindilər. Şah əmr verdi ki, bu ər-arvadı mənim sarayıma gətirin.

Ertəsi gün sarayda böyük ziyafət təşkil edildi, bütün əyan-əşraf, vəzir-vəkil, münəccim və alimlər orada iştirak edirdi. Məclisin yuxarı başında şahla yanaşı həmin kişi ilə qadın da oturmuşdu. Şah üzünü məclis iştirakçılarına tutub əhvalatı olduğu kimi danışıb soruşdu: – Mən bunların yaxşılığının müqabilində nə etməliyəm? Hansı bir iş bunların mənə göstərdikləri xidmətin əvəzini ödəyə bilər? Bir nəfər «yeddi qoyun versən kifayət edər» – deyə dilləndi. Şah qəbul etmədi. İkincisi yetmiş qoyun, üçüncüsü yeddi sürü, kimisi yeddi kənd deyə təklif edirdi, amma şah hər dəfə – «olmadı» deyib başını etirazla yelləyirdi? Nəhayət onlar təəccüblə şahın üzünə baxıb bir söz demədilər. Saray alimi məclisdə toplaşanların təəccübünü izhar etmək üçün dilləndi: Şahım, olmaya bircə keçiyə görə bütün xəzinəni bunlara vermək istəyirsən?!

–Şah təmkinlə sözə başlayıb dedi:

–Həqiqəti bilmək istəsəniz, bütöv bir xəzinə də bunların yaxşılığını ödəməz. Çünki, onlar Allah qonağına xidmət etmək üçün hər bir şeylərindən keçiblər. Bunların var-yoxu təkcə bir keçi idi və onu da qurban ediblər və əgər mən də onun əvəzini vermək istəsəm, gərək bütün var-yoxumu və şahlığımı onlara təqdim edim.

Ustad deyir: Seyyid bu əhvalatı danışıb qurtardıqdan sonra söhbətini imam Hüseyn əleyhissəlamla əlaqələndirdi. O, sözlərini davam etdirib buyurdu: Bəşəriyyət içərisində Allah aşiqləri az deyildir. Onların hər biri öz səviyyəsi və eşqi dərəcəsində öz məşuqları yolunda fədakarlıq etmiş və tarixin ən şirin sətirlərini öz qanları ilə yazmışlar. Amma Rəbbimiz – bu Böyük Məşuq öz aşiqləri arasında sanki özgə bir şey arayır, Onun yolunda hər bir şeyindən keçməyə hazır olan öz aşiqini görmək istəyir. Bəli, belə bir səadət yalnız imam Hüseyn əleyhissəlama qismət olmuş, bu böyük və ağır imtahandan yalnız o həzrət alnıaçıq və üzüağ çıxmışdır. Allah yolunda malından, canından, əhli-əyalından, keçmişindən, gələcəyindən və ümumiyyətlə hər bir şeyindən keçmiş bu ilahi şəxsiyyət – məsum imam hansı məşəqqətləri görmədi! Dünyada hansı bir dərd-bəla vardır ki, o həzrətin müsibətində onun mütləq nümunəsini tapmayaq!

–Seyyid kövrələrək qəhər içində məndən soruşdu: Allah-taala imam Hüseyn əleyhissəlamdan Onun yolunda hər bir şeyindən keçməsini istədi və o həzrət də tam xalisliklə bütün varlığını öz Pərvərdigarına təqdim etdi. İndi söylə görüm, Allah-taala da onun bu misilsiz fədakarlığının əvəzini vermək istəsə nə etməlidir?



Ustad deyir: Mən bir anlığa duruxdum, dilimə gətirmək istədiyim sözün məsuliyyətindən qorxub sükut etdim. Seyyid təbəssümlə dilləndi: Bilirəm qorxursan ki, deyəcəyin söz küfr və nasəza olsun. Amma mən deyim: Allah-taala da onun əvəzini vermək istəsə, öz mütləqiyyət və ilahi qüdrətini ona verməlidir. Lakin bu, qeyri-mümkün bir işdir və Allah heç kəsə öz ilahiyyətini verməz. Şəfaət necə? Pərvərdigari-aləm üçün imam Hüseyn əleyhissəlamın həqiqi möminlərə, öz aşiqlərinə şəfaət izni verməsi çətin bir işdirmi? Allah-taala İmam Hüseyn əleyhissəlam üçün şəfaət iznini əsirgəyərmi? Əlbəttə yox!

Ustad deyir: Mən buradaca dayandım, çünki sualımın cavabını tapmışdım. Seyyidlə xudafizləşib geri döndüm və sonralar o seyyidin kim olmasını anladım...



Bəli, əzizlərimiz və Hüseyn aşiqləri!

Allah-taala Həzrət İbrahim əleyhissəlamdan öz övladını qurbangaha gətirməsini və onu Allah yolunda fəda etməsini istədi. O həzrət də bu əmri qəbul etdi, amma üçüncü əmrdən sonra və özü də yalnız bircə övladını...

Bu müqayisə ilə biz həzrət İbrahim xəlilüllahın məqamını kiçiltmək istəmirik (bizim ruhumuz o həzrətə fəda olsun!), əksinə imam Hüseyn əleyhissəlamın məqamının böyüklüyünü çatdırmaq istəyirik. O həzrət öz Məbudu üçün zülm və zalımla mübarizədə, azadlıq və hürriyyət yolunda, İslam dininin inhiraf və azğınlıqlardan qorunması uğrunda öz cavan oğlanlarının tikə-tikə olunmuş bədənlərini əbasının arasına yığıb xeyməgaha gətirdi, gözləri önündə dilavər qardaşlarının necə amansızcasına şəhid edildiyinin, qolları üstə südəmər körpəsinin oxlandığının şahidi oldu! Bu səhnələr o həzrətin aşiqlərini daim yandırıb-yaxmışdır. Lakin bir səhnə daim o haqq aşiqinin ardıcıllarının qəlbini odlayır. İmam (ə) bilirdi ki, şəhadətindən sonra bu vəhşi qoşun onun xeyməgahına hücum çəkəcək, orada olan qız-gəlinlər yanan çadırlardan çıxıb hər tərəfə səpiləcək, atların ayağı altında o tərəf bu tərəfə qaçacaq və əsir götürülərək şəhərbə-şəhər gəzdiriləcək. Görəsən imam Hüseyn əleyhissəlam kimi məsum və qeyrətli bir kişini belə bir müsibəti qəbul etməyə nə vadar etdi?! Bu sualın cavabı çox genişdir və bu haqda kitablar yazmaq olar. Lakin qısaca demək lazımdır ki, o həzrət bu ağır və dözülməz müsibətləri qəbul etməklə bəşəriyyətə ən böyük dərsi öyrətdi. Zülmə, düşmənə, təcavüzkarlara qalib gəlmək üçün hər bir şeydən keçməyə hazır olmaq dərsi!

Əbəs deyildir ki, Hindistan azadlıq hərəkatının başçısı öz xalqına müraciətlə deyir:

–Mən bütün dünyanı gəzib-dolandım, müstəmləkə caynağından qurtarmaq üçün sizə böyük bir ərməğan gətirdim. Bu ərməğan İraqın Kərbəla şəhərində azadlıqsevərlərin qibləsinə çevrilmiş imam Hüseyn əleyhissəlamın böyük şəhidlik məktəbidir! Əgər azad olmaq və zülmə qalib gəlmək istəyiriksə, hər bir şeyimizdən keçməyə hazır olmalıyıq.

Əziz həmvətənlilər! Xalqımız neçə ildir ki, erməni işğalçılarının təcavüzünə məruz qalıb, torpaqlarımız işğal olunub, qız-gəlinlərimiz əsir aparılıb. Neçə illərdir ki, çarə axtarır, dünyanın böyük qüdrətlərindən, beynəlxalq təşkilatlardan kömək umuruq. Amma unutmuşuq və ya unutdurulmuşuq ki, bu xalq imam Hüseynçi xalqdır. Xalqımızın bu böyük sərmayəsindən lazımınca bəhrələnməliyik. Əgər həqiqi mənada «Hüseynçi» olmaq istəyiriksə, təkcə ağlamaq və əzadarlıqla kifayətlənməməli, o həzrət kimi öz dinimiz, azadlığımız, torpaqlarımız və insani dəyərlərimiz yolunda canımızı qurban verməyə hazır olmalıyıq!

İmam Hüseyn əleyhissəlam ömrünün son anlarında, saysız-hesabsız yaralar alıb düşmənlərin mühasirəsində olduğu zaman qoşunun xeymələrə hücum çəkdiyini, çadırlardan atəşin şölələndiyini, körpə uşaqların nalə-şivənlərini gördü. Döyüşü tərk edib xeyməgaha getmək istərkən ağır zərbəyə məruz qalıb atdan yıxıldı, taqətsiz halda çadırlara tərəf bir qədər süründü və nəhayət başını isti qumlar üstə qoydu...

İlahi! Səni and veririk imamın o ağır və çətin anlarına! Millətimizin bütün çətinliklərini öz qüdrətinlə asan et! Cavanlarımıza qeyrət, qızlarımıza iffət nəsib et! Hüseyn bayrağı altında torpaqlarımızın azad olunması gününü bizlərə qismət et! Amin.


Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin