Kompüterlərin, onlayn idarəetmə sistemlərinin və şəbəkələrin savaş arenası və ya müharibə kontekstində istifadə edilməsi və ya hədəflənməsidir



Yüklə 1,93 Mb.
səhifə17/53
tarix01.01.2022
ölçüsü1,93 Mb.
#105864
1   ...   13   14   15   16   17   18   19   20   ...   53
22.02.2019.

İranın İnqilab Keşikçiləri Korpusunun radioelektron mübarizə bölməsi Rusiyadan alınan "Avtobaza" qurğusunun köməyi ilə ABŞ-ın MQ-9 pilotsuz zərbə-kəşfiyyat təyyarəsini "ələ keçirib". Və təyyarəni idarə edərək onu geri qayıtmağa, havaya qalxdığı bazanın yaxınlığında sərt eniş etməyə "məcbur edib". Bundan sonra amerikalılar öz pilotsuz təyyarələrini məhv etməli olublar.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Amerika təyyarəsinin İran tərəfindən ələ keçirildiyinə dair görüntülər internetdə yayılıb. İnqilab Keşikçiləri Korpusunun Aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə bu məlumatı təsdiq edib və bildirib ki, İraq və Suriya üzərində müntəzəm uçuşlar keçirən bir neçə Amerika pilotsuz kəşfiyyat təyyarəsi onların nəzarətində olub. Və həmin təyyarələrin əldə etdiyi kəşfiyyat məlumatları birinci əldən İran tərəfinin əlinə keçib.



"Suriya və İraq üzərində müntəzəm uçuşlar keçirən yeddi-səkkiz pilotsuz təyyarə bizim tərəfimizdən nəzarət altına alınıb və biz onların topladığı bütün informasiyaları götürmüşük. Biz informasiyaları birinci mənbədən əldə etmişik" - general Hacızadə Həmədan şəhərində jurnalistlərə bildirib.

İnqilab Keşikçiləri Korpusunun radioelektron mübarizə bölmələri həmin pilotsuz təyyarələrin rabitə kanallarına nəzarəti ələ keçirməklə ABŞ ordusunun komanda mərkəzinə də çıxış əldə ediblər.

İnqilab Keşikçiləri Korpusu Amerikanın MQ-9 "Reaper" pilotsuz zərbə-kəşfiyyat təyyarəsinin idarəetməsinin ələ keçirilməsindən sonra necə kəsintilərlə işlədiyini və öz bazasından 10 kilometr məsafədə səhralıq əraziyə necə sərt eniş etdiyi barədə görüntüləri təqdim edib. Amerika qoşunları təyyarənin idarəetməsinin kimin əlində olduğunu bilmədiklərindən onu eyni model pilotsuz təyyarə ilə məhv etmək qərarına gəliblər. Bu kadrlar da internetdə yayılıb.

Məlumatlara görə İran Amerika pilotsuz təyyarəsini "ələ keçirmək" üçün Rusiyadan aldığı "Avtobaza" radioelektron mübarizə qurğusunu tətbiq edib. İran hərbçiləri ilk dəfə bu qurğunu 2011-ci ildə ABŞ-ın "RQ-170 Sentinel" pilotsuz kəşfiyyat təyyarəsini ələ keçirmək və salamat yerə endirmək üçün istifadə ediblər. Bundan sonra iranlılar həmin təyyarənin layihəsi əsasında öz pilotsuz kəşfiyyat təyyarələrini istehsal etməyə başlayıblar. Bu təyyarə ilk dəfə 2014-cü ildə havaya qalxıb. Həmin vaxt general Hacızadə demişdi ki, İran Amerika pilotsuz təyyarəsinin ələ keçirilməsi və onun mühərrikinin sirlərini öyrənməsi nəticəsində 35 il qabağa gedib. İran ötən illərdə daha bir neçə Amerika pilotsuz kəşfiyyat təyyarələrini vurub sala bilmişdi (İran ABŞ-ın pilotsuz.., 2019).

İranın ölkəmizdə fəaliyyət göstərən web-sitelərə hücumları da adi haldır. Buna ən gözəl misal Bütöv Azərbaycan Ocaqlarının (BAO) veb-səfifəsinin kiberhücuma mərus qalaraq təxrib edilməsini göstərmək olar. Maraqlıdır ki, bu hadisədən bir müddət öncə ABŞ-ın Bakıdakı səfirliyində səfirin şəxsi təşəbbüsü ilə BAO rəhbərliyi ilə görüş olmuş və görüş zamanı BAO rəhbərliyi belə bir təhlükənin mövcudluğu barədə öncədən xəbərdar edilmişdi. Səfirliyin əməkdaşları təşkilata onun web-sitesinin ABŞ tərəfindən qorunma altına alınmasını təklif etsələr də, BAO-nun rəhbərliyi buna razılıq verməmişdi.

Kibersavaş və kiberhücumlar sahəsində ixtisaslaşmış ölkələrdən biri də Koreya Xalq Demokratik Respublikası (KXDR), başqa sözlə, Şimali Koreya hesab edilir.

“Reuters” agentliyinin məlumatına görə, KXDR-in Kəşfiyyat İdarəsinin Baş Qərargahına tabe olan qurumlar işərisində kiberəməliyyatların keçirilməsi üzrə istisaslaşmış xüsusi bölmələr də var. Onlardan biri də “Dark Seoul Gang” adı ilə də tanınan 121-ci bölmədir (Park, Pearson & Ju Min, 2015a). Bu bölmədə 1800 nəfər fəaliyyət göstərir ki, onların da böyük əksəriyyəti Pxenyan Universitetinin Avtomatika fakultəsinin məzunlarıdırlar (Gardner Josh, 2014; Park, Pearson & Ju Min, 2015b). Onlar izi itirmək üçün dünyanın müxtəlif ölkələrinə göndərilərək, həmin ölkələrin ərazisindən fəaliyyət göstərirlər. Bu fəaliyyətlə məşğul olanların qohumları bir sıra imtiyazlarla təmin edilirlər (Sciutto Jim, 2014; Gardner Josh, 2014 ).



Daha öncələr haqqında çox az adamın bilgisi olduğu 121-ci bölmənin dünya mediasının və ictinaiyyətinin diqqət mərkəzinə gəlməsi 2014-cü ildə, “Sony Pistures” şirkəti özünün Şimali Koreyanın lideri Kim Çen İnə sui-qəsd cəhdindən bəhs edən “Müsahibə” adlı filminin premyerasını ləğv etməsindən sonra baş verib. Məlumat üçün bildirək ki, premyeranın ləğvinə səbəb sözügedən şirkətin kompüter şəbəkəsinə təşkil edilən kiberhücum olmuşdu (Brown Pamela, Sciutto Jim, Perez Evan & Acosta Jim, 2014).

ABŞ xüsusi xidmət orqanları baş verən hadisədən dərhal sonra baş verən kiberhücumun arxasında 121-ci bölmənin durduğunu bəyan etdi və beləcə bölmənin adı hər kəsə məlum oldu (Gardner Josh, 2014; Brown Pamela, Sciutto Jim, Perez Evan & Acosta Jim, 2014). Təbii ki, rəsmi Pxenyan da, bu kimi hallarda həmişə olduğu kimi, yayılan məlumat və səsləndirilən ittihamları rəsmən inkar etdi (Brown Pamela, Sciutto Jim, Perez Evan & Acosta Jim, 2014).

“Sony Pistures” şirkətinə yönələn kiberhücumdan sonra ABŞ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmiş, KXDR-in Müdafiə Nazirliyii isə buna cavab olaraq bəyan etmişdi ki, Koreya özünün “kiberqoşun”larının sayını artıraraq şəxsi heyətin sayını 6 min nəfərə çatdıracaqdır (Марина Бондаренко, 2015).



2015-ci ilin yanvarında informasiya təhlükəsizliyi üzrə müstəqil ekspertlər Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinin (KMTA) web-sitesi fəaliyyətdə olan zərərli kodun daşıyıcısı olduğunu və ən azı 2012-ci ilin dekabrından fəal olan bu kodun “Flash” üçün yenilənmə maskası altında gizlədildiyini müəyyən etdilər. Məlum oldu ki, web-sitenin işi elə tənzimlənmişdir ki, “FlashPlayer10.zip”in yüklənməsi portalın inzibatçısının arzusuna uyğun şəkildə baş verir və bu zaman bu və ya digər versiyadan asılı olmayaraq, konkret brauzer istifadəçiləri hədəfə alına bilir (Марина Бондаренко, 2015).

Qlobal miqyasda durmadan, aralıqsız olaraq aparılan kibersavaşların iştirakçılarından və həyata keçirilən kiber hücumların təşkilatçılarından biri də Çindir. Mütəxəssislərin böyük əksəriyyəti bu fikirdədir ki, Çin “soyuq kibersavaşa" başlaya bilmək üçün hər cür texniki imkan və kadr potensialına sahibdir (Washington, Beijing in.., 2013).

Hazırda Çinin Xalq Azadlıq Ordusunun (ÇXAO) tərkibində şəxsi heyətinin 2000 nəfər olduğu söylənilən 61398-ci bölmə fəaliyyət göstərir. Bölmənin əsas vəzifəsi rəqib və düşmən ölkələrin kompüter şəbəkələrinə haker hücumları təşkil etməkdir (David E. Sanger, David Barboza and Nicole Perlroth, 2013; China's Response to.., 2013). Bundan başqa, Çin hökumətinin kiberhücumların təşkili və kiber cəsusluqla məşğul olan çox sayda haker qrupunun xidmətlərindən də istifadə etməkdə olduğu bilinir. Bunlardan ən böyüyü “Qırmızı Hakerlər Alyansı” kimi tanınan qrupdur ki, özündə 80000 nəfər hakeri birləşdirir (Red Hackers back.., 2005).

İnformasiya təhlükəsizliyi üzrə rus ekspertlərdən V. Ovçinskiy və Y. Larinanın yazdıqlarına görə, “Qırmızı Hakerlər Alyansı” qeyri-formal şəbəkə olsa da, Çin höküməti tərəfindən yönləndirilir. Quruma Çin vətəndaşlarından başqa xarixi ölkələrdə yaşayan çoxmilyonluq Çin diasporunun minlərlə üzvü də daxildir və onların istisnasız olaraq hamısı ÇXAO Baş qərargahının 3 və 4-cü idarələri sıx əməkdaşlıq edirlər (Овчинский В. С., Ларина Е. С., 2014b, s. 17).

2010-cu ildə ABŞ-aid gizli diplomatik sənədlərin sızmasından və geniş ictimaiyyətin malına çevrilməsindən sonra amerikalı mütəxəssislər bər narahatlıq keçirirlər. Narahatlığın əsas səbəbi heç də ABŞ-ın dünyanın dörd bir yanında həyata keçirdiyi imperialist siyasətin faş olması deyil, Çinin əldə olan informasiyadan istifadə edərək, “Misrosoft”un proqram məhsullarının mənbə koduna daxil ola bilmək və bu yolla öz hərbi potensialını yüksəltmək məqsədilə “beyin idxalını” həyata keçirmək imkanı əldə etməsidir (US embassy cables.., 2010).

Ceyson Frits 2008-ci ildə dərc etdirdiyi bir məqaləsində iddia edir ki, 1995-2008-ci illərdə Çinin cəsusluqla və bu məqsədlə xarici ölkələrdə təhsil alan çinli tələbələrdən, eləcə də xarici ölkələrdə yaşayan çinli biznesmen, alim, diplomat və mühəndislərdən ibarət geniş şəbəkədən istifadə etməsi ilə bağlı bir çox hay-küylü qalmaqala qarışdığı məlumdur (Jason Fritz, 2008). Onun bu iddiasını Çin xüsusi xidmət orqanının ölkəsindən qaçaraq, Belçikaya sığınan və adı açıqlanmayan bir əməkdaşının söylədikləri də təsdiq etməkdədir. Onun sözlərinə görə, hazırda minlərlə Çinli Avropada sənaye cəsusluğuna cəlb edilmişdir. Çinli sabiq diplomat Çen Yunlinin də söylədikləri bu qəbildəndir. O, hazırda təkcə Avstaraliyada minlərlə Çinli cəsusun fəaliyyət göstərdiyini etiraf etmişdir.

Deyilənlərə daha bir sübut 2007-ci ildə Rusiyada Çinin lehinə cəsusluq edən və bu ölkəyə kosmik raket texnologiyası ilə ilə bağlı gizli məlumat və sənədləri ötürməklə məşğul olan yüksək rütbəli bir məmurun ifşa edilərək 11il həbs cəzasına çatdırılış olması faktıdır.

Çinin ABŞ ərazisində də bənzər fəaliyyətlə məşğul olduğu, daha çox aerokosmik sənaye proqramlarını, “Spase-Shatl” dizaynı və C4ISR ilə bağlı məlumatları ələ keçirmək üçün ciddi şəkildə səy göstərdiyi bildirilir. Yüksək keyfiyyətli kompüter texnologiyalarının, nüvə silahı və qanadlı raket ilə bağlı konstruksiyaların, yarımkeçiricili cihazların və inteqral sxemlərin də onun maraq dairəsində olduğu qeyd edilir. Deyilənlərə görə, Çini ən çox maraqlandıran məsələlərdən biri də ABŞ-ın Tayvana satdığı silahlardır (Jason Fritz, 2008).

Çin də digər ölkələr kimi özünün cəsusluq fəaliyyətlərini daim inkar edir, kibercəsusluq və kibersavaşla bağlı bütün iddiaları dərhal təkzib edir. Bütün ölkələr kimi o da özünü kiberhücumların qurbani qismində təqdim etməyə çalışır. Bununla belə, mütəxəssislər ABŞ, Hindistan, Rusiya və Kanadanın bir sıra dövlət və mülki obyektlərinə təşkil edilmiş bir çox kiberhücumun arxasında məhz Çinin durduğuna zərrə qədər də şübhə etmirlər (China to make.., 2013).

C. Fritsin yazdığına görə, Çin xaricdən aldığı hərbi cihaz və avadanlıq hesabına özünün kiversavaş imkanlarını qat-qat artıra bilmişdir. Bu sırada kosmik monitorinq və kəşfiyyat məlumatlarının toplanması, peyklərə qarşı silah, antiradar, infraqırmızı tələ və yanlış hədəf sistemlərini xüsusi qeyd edən müəllif bu ölkənin öz ordusunu kiberqoşunların sayını artırmaqla önəmli ölçüdə gücləndirdiyini qeyd etmişdir (Jason Fritz, 2008).

Çinin ABŞ-a qarşı kibercəsusluqla məşğul olduğu barədə təkzibedilməz dəlillər (Cha Ariana Eunjung and Ellen Nakashima, 2010) ortaya çıxdıqdan sonra Kommunitar Siyasi Araşdırmalar İnstitutunun əməkdaşı Amitay Etsioni hər iki ölkəyə bir-birinə qarşı kiberhücumlar təşkil etməmək barədə güvənli bir siyasi razılaşma işləyib hazırlamağı təklif edib. Onun fikrincə, qarşılıqlı monitorinqlərlə müşaiyət olunacaq belə bir razılaşma və həmin razılaşma əsasında əməkdaşlıq hər iki ölkəyə öz kibermüdafiə sistemlərini daha da təkminləşdirməyə imkan verə bilərdi (Etzioni Amitai, 2013).

Çinin yeni hərbi doktrinasında haker bölmələrinə və kiberəməliyyatlar da xüsusi yer ayrılmışdır. Bu sənəd Çin hökumətinin belə bir bölmələrə sahib olmasının ilk etirafı kimi gözdən keçirilir. Sənəddə bu tip üç bölmədən söz açılır:

1. Şəbəkə mübarizəsi üçün xusisi hərbi qüvvələr. Müdafiə və hücum əməliyyatları üçün nəzərdə tutulub.

2. Hərbi rəhbərlik tərəfindən şəbəkə mübarizəsi aparmaq üçün səlahiyyət verilmiş mülki mütəxəssis qrupları. “Mülki mütəxəssis qrupları” anlayışına Dövlət Təhlükəsizlik və İctimai Təhlükəsizlik nazirliklərinin mütəxəssisləri də daxil edilir.

3. Şəbəkə mübarizəsinə cəlb edilə və lazım gəldikdə səfərbər edilə bilən və “xarici subyektlər” (Китай впервые признал.., 2015).

Bənzər qrup və bölmələrin Rusiyada da yaradıldığı barədə dəqiq məlumat var. Rusiyada onlar Rusiya Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərir və rəsmən “İnformasiya əməliyyatları Qoşunları” adını daşıyırlar. Fəaliyyəti gizli tutulan bu “qoşunlar” Rusiya prezidentinin fərmanı ilə 2014-cü ilin fevralında yaradılıb. Rəsmən onun Rusiyanın kompüter şəbəkələrinin idarəsi və müdafiəsi, eləcə də hərbi idarə və rabitə sistemlərinin rəqibin ehtimali kiberhucumlarından və kiberterrorizm aktlarından qorunması məqsədi ilə yaradıldığı bildirilir. “Qoşunlardan” daha öncə isə müdafiə naziri S. Şoyqunun 14 yanvar 2014-cü il tarixli əmri ilə Rusiya Hərbi Qüvvələrinin Baş Qərargahının Kibernetik Komandanlığının yaradıldığı məlumdur (В Минобороны РФ.., 2017).

Bəzi rus analitiklərinin fikrincə, Rusiya kiberqoşunların inkişaf səviyyəsinə görə ABŞ, Çin, Böyük Britaniya və Cənubi Koreyadan sonra 5-ci yerdə gəlir (Мария Коломыченко, 2017).

Mövzu dünya mətbuatında geniş işıqlandırıldığı kimi, Azərbaycan KİV-lərin də nəzərindən yayınmayıb. Mövzu ilə bağlı “Ulduz” kibertəhlükəsizlik səhifəsində 12. 05. 2014 tarixində dərc edilmiş “Rusiyada kiber ordu yaradıldı” başlıqlı məqalədə bunlar yazılmışdır:

“Rusiya Federasiyasının kiber ordusu yerli hərbi idarəetmə sistemlərini və rabitəni kiber terrorizmdən qoruyacaq.

İTAR-TASS agentliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiya silahlı qüvvələrində yeni növ qoşun növü formalaşdırılmışdır. Yeni qoşun növünün əsas  vəzifəsi yerli hərbi idarəetmə sistemlərini və rabitəni kiber terrorizmdən qorumaqdır.

Mənbədən verilən xəbərə görə, informasiya əməliyyatları qoşunlarının yaradılması zərurəti Rusiya Federasiyası hökumətində çoxdan müzakirə edilirdi.

Edvard Snouden tərəfindən ABŞ Milli Təhlükəsizlik Agentliyinin izləmə proqramının ifşa olunması bu prosersi tezləşdirmişdir.



Yeni struktura  donanmalarda və hərbi dairələrdə olan hissələr, bölmələr və  riyaziyyat, proqramlaşdırma, mühəndislik, kriptoqrafiya, rabitə sahəsində yüksək ixtisaslı mütəxəssislər daxil ediləcəkdir. Bundan əlavə,  informasiya əməliyyatları qoşunlarında radio elektron mübarizə üzrə zabitlər və tərcüməçilər xidmət göstərəcək” (Rusiyada kiber ordu.., 2014).

“Xalq Cəbhəsi” qəzetinin 27 Fevral 2017 tarixli nömrəsində dərc edilmiş “Rusiyada “informasiya əməliyyatları ordusu” yaradılıb” adlı məqalədə isə belə deyilir:



“Başa çatmaqda olan həftə medianın diqqətini çəkən mövzulardan biri də Rusiyada "informasiya əməliyyatları ordusunun" yaradılması haqda müdafiə naziri Sergey Şoyqunun açıqlaması oldu. Nazirin bunu açıqlamasına təəccüblənənlər də vardı, bunu "məlumun elanı" kimi qəbul edənlər də. CurrenttimeTV-nin hazırladığı yazı da bu haqdadır.

Beləliklə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu fevralın 18-də Dövlət Dumasında çıxış edərkən Silahlı Qüvvələrdə informasiya əməliyyatları ordusu yaradıldığını rəsmən təsdiqləyib.

Nazirin sözlərinə görə, "təbliğat ağıllı, savadlı və effektiv olmalıdırvə buna görə də informasiya əməliyyatları ordusu yaradılıb". Sergey Şoyqu sözügedən "ordunun" sovet dönəmində mövcud olan və əkstəbliğat adlandırılan qurumdan "daha effektiv, güclü idarə" olduğunu söyləyib. Bununla da müdafiə naziri Rusiyanın maraqlarına xidmət edəcək əkstəbliğat idarəsinin yaradılmasının zərurəti haqqındasualı cavablandırmış olub.

RBK-nın Dövlət Dumasındakı qaynağı "Müdafiə Nazirliyindəki struktur bölməsinin haker hücumlarının dəf edilməsi ilə məşğul olduğunu" öyrənə bilib. "Eyni zamanda, o, həm ölkə içində, həm də ölkə xaricində, həm İnternetdə, həm də kütləvi informasiya vasitələrində əkstəbliğatla məşğuldur". Bununla yanaşı, qaynaq Sergey Şoyqunun bu məlumatı açıqlamasınada təəccübünləndiyini ifadə edib,onun sözlərinə görə, bu, "məxfi məlumat"dır.

Dövlət Dumasında Müdafiə komitəsinin rəhbəri Vladimir Şamanov bəyan edib ki, yeni "ordu" kiber hücumlarla bağlı yaranan problemləri dəf edə biləcək: "Bu gün bir sıra çağırışlar kibersfera adlandırılan məkana daşınıb və mahiyyət baxımından bu gün ümumi qarşıdurmanın tərkib hissəsi olaraq informasiya qarşıdurması gedir".

Baş nazirin müavini Dmitri Raqozin hələ 2012-ci ilin martında Rusiya Silahı Qüvvələrində kiber ordunun yaradılması zərurəti haqqında danışmışdı.
Bir il sonra 2013-cü ildə Silahı Qüvvələrdə bu cür komandanlığın yaradılacağı haqda "İnterfax" İnformasiya Agentliyinin qaynağı məlumat versə də, xəbər rəsmi təsdiqini tapmamışdı.

Dövlət Dumasında müdafiə komitəsinin sədr müavini Aleksandr Şerin isə bu ilin yanvarında bəyan etmişdi ki, Rusiyada kiber qoşun yoxdur.
Rusiya dövlət telekanalları dəfələrlə informasiya təqdimatı ilə deyil, rəsmi təbliğat ilə məşğul olmaqda, bundan başqa, siyasi məqsədlər güdən saxta məlumatlar yaymaqda ittiham ediliblər. Bu cür saxta məlumatların yayılması ilə bağlı Almaniya, Fransa və ABŞ-da araşdırmalar aparıldığı da bildirilir.
Birləşmiş Ştatların xüsusi xidmət orqanları isə hesab edirlər ki, sonuncu dəfə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməyə cəhd göstərən Rusiya hakerlərinin fəaliyyətini məhz Rusiyanın rəsmi xüsusi xidmətləri olan Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi kurasiya edib.
Bundan başqa, Rusiyada, eləcə də ondan kənarda sosial şəbəkələrdə və forumlarda kremlyönlü təbliğat aparan "trollar fabriki"nin əməkdaşları da ifşa ediliblər” (Rusiyada “informasiya əməliyyatları ordusu”.., 2017).

“Azərbaycan 24” saytının 23 fevral 2017-ci il tarixli nömrəsində dərc edilmiş “Rusiya kiberordusunu gücləndirir – İldə 300 milyon dollar” başlıqlı məqalədə isə məsələyə belə münasibət bildirilib:

“Ruslar üçün kiberməkan da döyüş meydanı sayılır.

Rusiya müdafiə naziri Sergey Şoyqu Dövlət Dumasının deputatları qarşısında çıxış edərək Rusiyada informasiya əməliyyatları qoşunlarının yaradıldığını bəyan edib.

Beləliklə, Rusiya kibernetik ordusunun mövcudluğunu bununla ilk dəfə rəsmi ağızdan etiraf etmiş olub.

Sergey Şoyqu yeni qurulan hərbi təşkilatın fəaliyyətinə olduqca yüksək qiymət verib. Şoyqunun sözlərinə görə, informasiya və kibertəbliğat ağıllı, savadlı və effektiv həyata keçirilməlidir.

“Bu gün bir çox təhdidlər kibersahə deyilən məkanlara keçib və bu gün informasiya mübarizəsi ümumi rəqabətin tərkib hissəsidir. Bundan irəli gələrək Rusiyada bu işlə məşğul olan strukturların yaradılması zərurətə çevrilib”, – Dövlət Dumasının müdafiə komissiyasının sədri Vladimir Şamanov bəyan edib.

Şamanovun sözlərinə görə, informasiya əməliyyatları qoşunları milli müdafiə və informasiya sahəsində maraqların müdafiəsi üçün yaradılıb.

Rusiya Silahlı Qüvvələri baş qərargahının keçmiş rəisi (2004-2008) Yuri Baluyevskinin dediyinə görə, müasir dünyada informasiya mübarizəsində əldə olunan qalibiyyət silahların tətbiq olunduğu klassik müharibədəki qələbədən daha önəmlidir.

“Rusiya informasiya əməliyyatlarının köməyi ilə xarici ölkələrin rəhbərliyinə, əhalisinə və elitar təbəqələrinə dünyadakı situasiya haqqında öz həqiqətini effektiv şəkildə çatdırmalı və Qərbi müdafiə vəziyyətinə keçməyə məcbur etmlidir”, – Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin keçmiş rəisi, general-polkovnik Leonid İvaşov qeyd edib.

Rusiyanın güc strukturlarında kibernetik hissələrin yaradılması mövzusu artıq neçə illərdir ki gedir. 2012-ci ilin martında baş nazirin müavini Dmitri Roqozin Rusiya ordusunda bənzər qurumun yaradılmasının vacib olduğunu bildirmişdi.

2013-cü ildə Müdafiə Nazirliyi informasiya texnologiyaları sahəsində hərbi mütəxəssislərin təlim keçdiyi elmi bölük yaradılıb.

Rusiyanın bu sahədə əldə etdiyi nailiyyətlər onun əsas rəqibləri tərəfindən də etiraf edilir.

Mətbuatın yazdığına görə, sayına və texnoloji gücünə görə ən qüdrətli kiberordu ABŞ-a məxsusdur. ABŞ-ın bu sahədə çaılışan 9 min “əsgəri” var. Ordunun maliyyələşdirilməsinə hər il ABŞ büdcəsindən 7 milyard dollar pul xərclənir.

İkinci sırada Çin dayanır. Çinin kibertəhdidlərə qarşı qurduğu orduda 20 mindən çox hərbçi çalışır və Çin hökuməti hər il onlara 1,5 milyard dollar pul ayırır.

3-cü sırada isə 2 min müətəxəssisə 450 milyon dollar pul ayıran Böyük Britaniya gəlir. 4-cü yer 700 nəfərlik ştat və 400 milyon dollarlıq büdcə ilə Cənubi Koreyaya məxsusdur.

“Zecurion Analytics”-ə görə, Rusiyanın kiberqoşunlarına hər il 300 milyon dollar pul xərcləyir.

SSRİ dövründə DTK-nın analitik mərkəzinin rəisi vəzifəsində çalışmış Vladimir Rubanov Rusiyanın kiber ordusunun sayının min əsgər civarında olduğunu güman edir. “İnformasiya məkanı həm quruda, həm dənizdə, həm də hava və kosmosda aparılan hərbi əməliyyatlar teatrına bərabər olan hərbi əməliyyatlar sahəsidir”, – Rubanov “Oqonyok” jurnalına verdiyi müsahibədə deyib.

Rusiya politoloqları assosiasiyasının eksperti Aleksandr Perenciyevə görə, bu istiqamətdə həyata keçirilən hərbi quruculuq fəaliyyəti baş qərargahın informasiya rəqabəti ilə bağlı kurslarda da işlənib hazırlanıb. Onun bildirdiyi kimi, bu cür mübarizə sahəsində təkcə hərbçilər deyil, həm də jurnalist cəmiyyətləri, Rusiya Jurnalistlər Birliyi, habelə sosioloq və politoloqlar iştirak edirlər.

ABŞ mütəxəssisləri də Rusiyanın bu sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirirlər.

“ABŞ-da Rusiyanın çökməkdə olduğunu deyirlər, lakin kiberhücumlarla bağlı məsələ oraya çıxan kimi məlum oldu ki, ölkə nəinki iflas etmirmiş, hətta əvvəlikdən daha böyük imkanlara malik olub”, – ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki, The Atlantic Council şirkətinin eksperti Metyu Berrouz gazeta-ru-ya bildirib.

Rusiyanın kiber gücünün qüdrəti isə ABŞ-ın prezidentlik seçkilərində daha çox özünü göstərib.

ABŞ analitiklərinə görə Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinə tabe olan Fancy Bear və Cozzy Bear adlı iki haker qrupundan istifadə edib.

2017-ci ilin əvvəllərində FTB, MKİ və Milli Təhlükəsizlik Agentliyi rus hakerlərinin ABŞ-da prezident seçkilərinə qarışdığı barədə sübutları təqdim edib. Analitiklərin rəyinə görə, bununla bağlı göstəriş şəxsən Vladimir Putinin özü tərəfindən verilib” (Rusiya kiberordusunu.., 2017).

Beləliklə, Rusiyanın kibersavaş potensialına görə dünyada 5-ci sırada qərarlaşdığı hesab edilir. 4-cü sırada isə Cənubi Koreyanın gəldiyi bildirilir. Bu ölkə öz kiberqoşunlarını yaratmağa 2013-cü ildə məruz qaldığı çox güclü kiberhücumdan sonra qurmağa başlamışdır. Belə ki, həmin ilin mart ayında ölkənin “Shinhan Bank”, “Woori Bank” və “Nonghyup Bank” kimi bir sıra banları, eləcə də “KBS”, “YTN” və “MBC” kimi bir çox teleradio şirkətləri haker hücumuna uğramış, nəticədə üst-üstə 30000 kompüter sıradan çıxarılmışdı. Bu, Cənubi Koreyanın tarixində məruz qaldığı ən böyük hücum idi (Lee Se Young, 2013).

Həmin dövrdə kiberhücumun kim tərəfindən həyata keçirildiyini müəyyən etmək mükün olmasa da mütəxəssislər hücumun arxasında Şimali Koreyanın dura biləcəyini iddia edirdilər. Çünki bu hadisədən öncə həmin ölkənin rəhbərliyi Cənubi Koreyanın ünvanına dəfələrlə təhdidlərlə çıxış etmiş və qonşusunu ona qarşı tətbiq etdiyi sanksiyalara və ABŞ-la birlikdə keçirdiyi hərbi təlimlərə görə hədələmiş, bütün bunların cavabsız qalmayacağını bildirmişdi.

Bu hadisədən dərhal sonra rəsmi Seul bəyan etdi ki, Cənubi Koreya rəhbərliyi ölkəsinin kibermüdafiəsini möhkəmlətmək və növbəti bu tip hücumların qarşısını ala bilmək məqsədilə “Cyber Warfare Command” bölmələri yaratmaq qərarına gəlmişdir. Bu bəyanatdan keçən qısa müddət ərzində ərzində ABŞ-ın yardım və dəstəyi ilə 400 nəfər yüksək ixtisaslı mütəxəssisdən ibarət güclü bir kiberordu yaratmağı bacarıb və bu “ordu” öz gücünə görə dünyanın ən güclü “ordu”larından biri hesab edilir. Məlumat üçün bildirək ki, Cənubi Koreyanın əsas rəqiblərindən olan Şimali Koreyanın əlində isə 3 min peşəkar hakerdən ibarət olduqca güclü bir qrup bulunmaqdadır.

Həmin dövr ərzində Cənubi Koreya şimal qonşusunun təhdidlərindən qoruna bilmək üçün paralel olaraq, “Korean Air and Missile Defense” proqramı çərçivəsində ballistik raket texnologiyasına sahib olmağı və raketdən müdafiə sistemi qurmağı da bacarıb (Kim Eun-jung S., 2013).

Açıq mənbələrdə Niderlandın da bu istiqamətdə apardığı çalışmalar haqqında bəzi məlumatlara rast gəlmək mümkündür. Həmin mənbələrə əsasən, bu ölkənin kibermüdafiə tədbirləri ümummilli səviyyədə Müdafiə Nazirliyinin Milli Kompüter Təhlükəsizliyi Mərəkəzi (NCSC) tərəfindən tənzimlənir və əlaqələndirilir. Müdafiə Nazirliyi hələ 2011-ci ildə bu istiqamətdə öz strategiyasını müəyyənləşdirmiş və keçən illər ərzində həmin strategiyanı mərhəl-mərhələ gerçəkləşdirə bilmişdir. Sözügedən strategiyanın müdafiə hissəsi “Joint IT branch (JIVC)”-ə həvalə edilib. Bundan başqa Niderlandın Müdafiə Nazirliyi kiber əməliyyatlar keçirmək məqsədilə 2014-cü ildən fəaliyyət göstərən “Defensie Cyber Command (DCC)” adlı bir qurum da formalaşdırmışdır (Defensie Cyber Strategie.., 2018).

Əslində, bu gün elə bir inkişaf etmiş dövlət yoxdur ki, bu istiqamətdə açıq və ya gizli fəaliyyət göstərməsin. Əksər dövlətlər fəaliyyətlərini gizli yürütməyə çalışırlar. Bu səbəbdən də onların fəaliyyəti barədə açıq mənbələrdən hər hansı bir məlumat tampaq çox çətindir, amma mümkünsüz də deyil. Çünki yaşadığımız dövrdə nəyisə gizli saxlamaq imkansız hala gəlib. Bəzi dövlət və qurumlar isə öz fəaliyyətlərini açıq surətdə yürüdür və fəaliyyətlərini nəinki gizlətmir, əksinə, gördükləri işi reklam etməkdən belə çəkinmirlər. Bu baxımdan aşağıdakı media xəbərləri deyilənlərə ən gözəl sübutdur:


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin