İndi isə Sezar şifrəsi ilə əlaqədar olaraq aşağıdakı nümunəyə baxaq:
Açıq mətn: “MAHISH 1995”
Açar: 5
Şifrələnmiş mətn: “RFMNXM 1995”
Yuxarıdakı nümunədən də göründüyü kimi açıq mətnin hər bir simvolu (rəqəmlər və boşluq istisna olmaqla) 5 simvol qədər sürüşdürülmüş və şifrəli mətn halına çevrilmişdir. Qeyd etmək lazımdır ki, ingilis əlifbası ilə mətni şifrələyərkən, sürüşdürmə zamanı simvolun nömrəsi 26-dan böyük olarsa, qalıq tapılır və həmin qalığa uyğun olan yeni simvol yazılır.
Sezar şifrəsinin mənfi cəhətləri 800 il sonra Ərəb filosofu Əl-Kindi (801-873) tərəfindən aşkar edilmişdir. O, ilk dəfə tezlik analizi üsulundan istifadə etməklə Sezar şifrəsinin necə qırılacağı barədə məlumatlar vermişdir. Sezar şifrələmə üsulunun bir çox mənfi cəhətləri mövcuddur. Şifrələrin asanlıqla qırılabilən olması, açarların hər birinin yoxlanılması ilə həyata keçirilən hücumlarla (güc tətbiqi üsulu) şifrələnmiş mətnin açıla bilməsi və s. Sezar şifrələmə üsulunun mənfi cəhətləridir.
Güc tətbiqi üsulu ilə Sezar şifrəsinin kriptoanalizi məsələsinə baxaq. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, bütün ehtimalların yoxlanılmasından sonra açıq mətni əldə etmək mümkün olur. Məsələn, 26 simvoldan ibarət olan ingilis əlifbasında ehtimalların 25 dəfə yoxlanılması ilə açıq mətni tapmaq mümkündür. Açıq mətnin “CAESAR CIPHER”, açarın isə 2 olduğunu qəbul edək. Bu halda şifrələnmiş mətn “ECGUCT EKRJGT” şəklində olacaq. Cədvəl 2-də yoxlanılan bütün ehtimallar təsvir olunmuşdur.
Cədvəl 2. Güc tətbiqi üsulu ilə ehtimalların yoxlanılması