Lay rejimləri



Yüklə 162,56 Kb.
tarix21.10.2017
ölçüsü162,56 Kb.
#8704


Lay rejimləri

Layın işlənilmə prosesində həm təbii, həm də süni amillərdən asılı olaraq müəyyən qüvvələrin təsiri baş verir. Təbii amillər lay quruluşunun geoloji xüsusiyyətləri, laydakı mayenin və qazın xassələri, təzyiq, temperatur və s. ilə əlaqədardır. Bunlara quyuların yerləşmə və istismara daxil olma ardıcıllığı, mayenin çıxarılma sürəti, laylara təsir edilmə və s. daxildir.

Neftli-qazlı horizontların işlənilməsinin layihəsi, təhlili və tənzim edilməsi layın rejimini, yəni yatağın istismarı prosesində lay enerjisinin təzahür formasını bildirmək çox əhəmiyyətlidir. Rejimlərin hazırda mövcud olan təsnifatı layda müəyyən növ enerjinin təzahürünə əsaslanır. Adətən, bir layın ayrı-ayrı hissəsində müxtəlif rejimlər olur. Rejimə belə ad vermək olar: işlənilmə prosesində lay enerjisinin üstünlük təşkil edən formasına lay rejimi deyilir.

Təsir edən qüvvələrin təbiətindən asılı olaraq aşağıdakı əsas rejimlər mövcuddur: subasqı rejimi, elastik subasqı rejimi, qaz basqı (qaz papağı) rejimi, neftdə həll olmuş qaz rejimi, qravitasiya rejimi.

Layın rejiminin müəyyən edilməsi mürəkkəb məsələdir. Bunun üçün bütün geoloji-mədən məlumatları dəqiq təhlil edilməli, layın litoloji-fiziki xassələrini, lay təzyiqinin və debitinin dəyişməsi, konturların hərəkəti və quyuların sulaşma dinamikasını və s. öyrənmək lazımdır. Layın işlənilməsi rejimindən asılı olaraq neftvermə əmsalının müxtəlif qiymətləri olacaqdır. Buna görə də müəyyən növ rejimlərin başvermə səbəblərini bilmək geoloq üçün çox vacibdir. Bir çox yataqların öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, layların rejimi qırışıqların tektonik xüsusiyyətlərindən, kollektorların geoloji-fiziki xassələrindən, habelə neftin, suyun, qazın fiziki-kimyəvi xassələrindən də asılıdır.

Tektonika, suyun hərəkət istiqamətinə və gücünə, beləliklə də, neft yatağının əmələ gəlməsinə xeyli təsir göstərir. Həmçinin layın rejimi litologiyadan da asılıdır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycanda yataqların heç biri konkret olaraq rejimlərlə sərbəst xarakterizə olunmurlar. Yataqların hidrodinamiki xassələri mürəkkəb halda özünü göstərir ki, bu da eyni bir layda müxtəlif rejimin birgə təsirinin nəticəsidir. Məsələn, tədqiqatçıların fikrincə, Suraxanı yatağında QÜQ və V horizont sərbəst subasqı rejimi ilə səciyyələnirlər.Lakin burada lay təzyiqi işlənilmə prosesində sabit qalmamış, neft-su kontaktının bərabər hərəkəti isə qeyd edilməmişdir. Bu hal neftdə həll olmuş qaz rejimli yataqlara da aiddir.

Aşağıda təbii rejimlər haqqında məlumatlar verilmişdir.

Subasqı rejimi- ən effektiv rejimlərdən biridir. Bu rejimdə nefti quyudibinə hərəkət etdirən əsas hərəkətetdirici qüvvə kontur və yaxud, daban sularının yaratdığı təsir qüvvəsidir. Yatağın işlənilməsi dövründə kontur sularının təsiri altında SNK layın tağhissəsinə doğru hərəkət edir ki, bu da yatağın həcmini kiçildir. İşlənilmə zamanı yataqdan çıxarılan neftin lay şəraitində əvəz edicisi kənar və ya kontur sular olur.

Subasqı rejimində adətən istismar praktiki olaraq yüksək və sabit quyudibi təzyiq ilə aparıldığından, neftin və qazın quyu dibinə sıxışdırılması prosesində neftin ağırlıq qüvvəsinin həcmi, süxurun elastik xassələri nəzərə alınmaya bilər. Su basqı rejimli yataqlarda ilk lay təzyiqinin sabit qalması qaz amilinin az və sabit olmasına səbəb olur (şəkil 1).

Bu rejim üçün aşağıdakılar səciyyəvidir:

- yataqdan çıxarılan ümumi mayenin həcmi ilə kontur və ya daban sulardan yatağa daxil olan suyun həcmi bərabərdir;

- lay təzyiqi dəyişmir, və ya çox cüzi dəyişir;

- SNK işlənilmə prosesində kəskin dəyişir;

- Son neftvermə əmsalı 0,6-0,70 arasında ola bilər;

- yatağın işlənilməsində V mərhələnin olması mümkündür.



безымянный
Elastik ya sərt subasqı rejimi. Lay kollektorlarının məsamələrində olan neft və süxurlar arasında elastik qüvvə ilə yanaşı kontur və ya daban sularının yaratdığı təzyiq qüvvəsinin nəticəsində neft quyu dibinə hərəkət edir. Bu rejim üçün aşağıdakı əsas xüsusiyyətlər səciyyəvidir:

- yataqdan çıxarılan mayenin həcmi laya daxil olan suyun miqdarından çoxdur;

- lay təzyiqi işlənilmə prosesində azalır;

- izobar xəritəsinin qurulması lazımdır;

- SNK az dəyişir;

- son neftvermə əmsalı 0,5-0,55 olur.

- işlənilmə prosesində layda təzyiqi bərpa etmək üçün suvurma prosesinin istifadəsi məqsədəuyğundur.

Elastik subasqı rejimi ilə subasqı rejimi arasında fərq ondan ibarətdir ki, laydan ardıcıl olaraq maye və qaz hasil edildikcə, subasqı rejimində təzyiqin az dəyişməsi, elastik subasqı rejimində isə tədricən dəyişməsi ilə səciyyələnir

(şəkil 2).


Qazbasqı rejimi. Bu rejimdə nefti quyu dibinə hərəkət etdirən qüvvə qaz papağında olan qazın genişlənməsidir. İşlənilmə dövründə yataqdan neft hasil edildikcə neft-qaz kontaktının layın neftli hissəsinə tərəf tədricən hərəkət etməsi nəticəsində neftli hissənin sahəsi və lay təzyiqi getdikcə azalır. İşlənilmənin ilkin dövründə kontur suları (əgər mövcuddursa) fəal hərəkət etmir. Lakin qaz papağında təzyiq aşağı düşdükcə kontur sularının da hərəkəti baş verə bilər. Qaz papağında təzyiqin düşməsi nəticəsində aralıq suların hərəkəti də yaranır ki, bu da sulaşmanın artmasına səbəb olur. Qeyd etmək lazımdır ki, bu rejimdə qaz papağında olan qazı hasil etmək, quyuları yüksək qaz amili ilə istismar etmək məqsədəuyğun deyil. Rejimin xarakterik xüsusiyyətləri (şəkil 3):

- laydan çıxarılan neftin həcmi qaz papağında qazın genişləndiyi həcmi ilə tənzimlənir;

- lay təzyiqi kəskin aşağı düşür;

- izobar xəritəsinin qurulması lazımdır;

- SNK dəyişmir;

- qaz amili informativ göstəricidir;

- son neftvermə əmsalı 0,40-0,45 olur.


Neftdə həll olmuş qaz rejimi (şəkil 4 ). Yataqların əsas enerjisini neftdə həll olmuş qaz təşkil edir. Nefti quyu dibinə hərəkət etdirən qüvvə lay təzyiqinin düşməsi ilə əlaqədar qaz qabarcıqlarının genişlənməsidir. Kontur sularının hərəkəti zəif olduğundan SNK işlənilmənin sonunadək dəyişmir və yatağın həcmi sabit qalır. Aşağıdakı xüsusiyyətlərə malikdir:

- yatağa kənardan maye daxil olmur;

- lay təzyiqi kəskin azalır;

- SNK dəyişmir;

- qaz amili informativ göstəricidir;

- izobar xəritəsi mütəmadi olaraq qurulmalıdır;

- son neftvermə əmsalı 0,2-0,3 arasında dəyişir;

- yatağın işlənilməsində II mərhələ çox az müddəti əhatə edir, bəzən isə heç olmur.

Bu rejimli yataqlarda quyuların hasilatı və lay təzyiqi getdikcə aşağı düşür. İşlənilmənin ilk dövründə qaz amilinin qiyməti müəyyən səviyyəyə qədər artır, sonra isə yatağın enerjisi tükəndikcə azalmağa başlayır. Lay təzyiqinin düşməsi ilə əlaqədar olaraq sərbəst qazın ayrılması neft üçün faza keçiriciliyinin xeyli azalmasına səbəb olur. Buna görə də digər rejimlərlə müqayisədə burada neftvermə az olur. Yataq subasqı və ya qazbasqı rejimləri ilə istismar edildikdə belə, yatağın ayrı-ayrı hissələrində həll olmuş qaz rejimi təzahür edə bilər. Əgər layın hər hansı bir hissəsində lay təzyiqi neftin qazla doyma təzyiqindən çox olarsa, bu zaman layın həmin hissəsində neftdə həll olmuş qaz rejimi olacaqdır.


Qravitasiya rejimi. Bu rejimli yataqlarda nefti quyu dibinə hərəkət etdirən qüvvə neftin ağırlıq qüvvəsidir. Kiçik neftvermə ilə səciyyələnir (0,2 –ə qədər). Rejim üçün xarakterik xüsusiyyətlər aşağıdakılardır:

- laydan çıxarılan nefti əvəz edən maye laya daxil olmur;

- lay təzyiqi kəskin düşür;

- SNK dəyişmir;

- son neftvermə əmsalı 0,1-0,2 –ə bərabərdir;

- yatağın işlənilməsində mərhələlər tam olmur.



Qarışıq rejim. Yuxarıda göstərilən rejimlər işlənilmə prosesində yatağın müxtəlif hissələrində eyni vaxtda rast gəlinə bilər. Məsələn, yatağın qanadında su basqı, tağ hissəsində isə qazbasqı rejimlərinin təsiri ilə yaranan qarışıq rejim.

Yataqlarda işlənilmə prosesində əmələ gələn qarışıq rejimlərə misal olaraq neftdə həll olmuş qaz rejimin tədricən yatağın müxtəlif hissəsində qravitasiya rejiminə keçməsini göstərə bilərik. Ümumiyyətlə, qarışıq rejim ikinci rejimin üstün olmasından daha çox asılıdır.
Yüklə 162,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin