MÖVZU 13
MÜƏSSISƏ VƏ TƏŞKILATLARIN MALIYYƏSI
13.1. Istehsal müəssisələrinin (kommersiya müəssisələrinin) maliyyəsi
-
Müəssisələrin maliyyəsinin mahiyyəti və funksiyaları.
-
Müəssisələrin maliyyəsinin təşkilinin prinsipləri.
-
Müəssisənin gəlirləri və xərcləri.
-
Müəssisələrin maliyyə sistemi ilə qarşılıqlı əlaqəsi.
-
Müəssisələrin dövriyyə vəsaitləri.
-
Kapital qoyuluşunun maliyyələşdirilməsi və kreditləşdirilməsi.
7. Maliyyə planlaşdırılması.
MÜƏSSISƏLƏRIN MALIYYƏSININ MAHIYYƏTI VƏ FUNKSIYALARI
Müəssisələrin maliyyəsi maliyyə sisteminin əsas hissəsidir. Ictimai istehsal sferasına xidmətetmə xüsusiyyətinə görə maddi istehsal sahələrinin miqyası və qeyri-istehsal sahələri təşkilatlarının maliyyəsi bir-birindən fərqlənir. Bundan başqa, mülkiyyət formasından asılı olaraq müəssisələrin maliyyəsi dövlət müəssisələrinin maliyyəsi və qeyri-dövlət müəssisələrinin (xüsusi, kooperativ, birgə müəssisələr) maliyyəsinə bölünür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən təşkilati-hüquqi əlamətlərinə görə müəssisə və təşkilatlar kommersiya və qeyri-kommersiya təşkilatlarına ayrılır.
Müəssisələrin maliyyəsi ümumdövlət məqsədlərinə və müəssisələrin öz xərclərinin maliyyələşdirilməsi, pul fondlarının və yığımlarının formalaşması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar meydana çıxan iqtisadi münasibətlər sisteminin məcmuundan ibarətdir.
Maliyyənin əsas əlamətlərindən biri onların pul formasında ifadəsi və maliyyə münasibətlərinin pul vəsaitinin real hərəkəti vasitəsilə əks olunmasıdır.
Maddi istehsal sferası müəssisələrin maliyyəsi aşağıdakı pul münasibətlərini özündə əks etdirir:
1. Müəssisə və təşkilatların arasında göndərilmiş məhsulların, xammalın, materialların, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin və s. dəyərinin ödənilməsi, qiymətli kağızların alqı-satqı zamanı yaranan münasibətlər;
2. Müəssisə və təşkilatlarla onun işçi kollektivi arasında əmək haqqı, mükafat, müavinət və s. ödənildikdə;
3. Müəssisə və təşkilatlarla dövlət arasında büdcəyə vergi ödənilməklə, büdcədən təxsisat olduqda;
4. Müəssisə və təşkilatlarla büdcədənkənar dövlət fondları arasında bu fondlara haqlar ödənildikdə;
5. Müəssisə və təşkilatlarla banklar arasında kredit olduqda və qaytardıqda, faizlər ödənildikdə, banklara müvəqqəti azad pul vəsaitlərini depozitə verdikdə;
6. Müəssisə ilə baş idarə arasında sahədaxili yenidən bölüşdürmə çərçivəsində baş verən münasibətlər (təsərrüfatdaxili ayırmalar və kreditin alınması);
7. Müəssisə ilə sığorta təşkilatları arasında əmlak, sahibkar risqi və s. sığortalandıqda;
8. Müəssisə ilə tikinti-layihə təşkilatları arasında investisiya layihələri həyata keçirildiyi zaman.
Bütün bu münasibətlərdən aydın olur ki, müəssisələrin maliyyəsinin zəruriliyi əmtəə-pul münasibətlərinin mövcudluğu və dəyər qanununun fəaliyyəti ilə sıx surətdə əlaqədardır.
Maliyyənin mahiyyəti onun funksiyalarında təzahür edir. Müəssisələrin maliyyəsi iki funksiyanı – bölüşdürücü və nəzarət funksiyasını yerinə yetirir.
Müəssisənin maliyyəsinin bölüşdürücü funksiyasının vasitəsilə ictimai məhsulun, ümumi gəlirin, müəssisənin sərəncamında qalan mənfəətin bölgüsü, məqsədli pul fondlarının, əsas və dövriyyə vəsaitlərinin, amortizasiya fondunun yaradılması və istifadəsi həyata keçirilir.
Müəssisənin maliyyəsinin nəzarət funksiyası gəlirlərin formalaşdırıl-masına, müəssisənin məsrəflərinə, pul fondlarının səmərəli istifadə edilməsinə, büdcədənkənar sosial fondlara ayırlmalara nəzarət edilməsində təzahür edir. Maliyyə nəzarəti pul fondlarının məqsədli təyinatı üzrə istifadəsi prosesində həyata keçirilir.
KOMERSIYA MÜƏSSISƏLƏRININ (TƏŞKILATLARININ)
MALIYYƏSININ TƏŞKILI PRINSIPLƏRI
Kommersiya müəssisələrinin maliyyəsinin təşkili onların təsərrüfat fəaliyyətinin təşkili xüsusiyyətlərinə əsaslanır. Kommersiya müəssisələrində (təşkilatlarında) xüsusi maliyyə resurslarının ilkin formalaşması müəssisənin təsis edilməsi anında – yəni, nizamnamə fondu (kapitalı) yarandığı vaxt baş verir.
Təsərrüfat subyektlərinin təşkilati-hüquqi formasından asılı olaraq, nizamnamə kapitalının əmələ gəlmə mənbəyi bunlar ola bilər – səhmdar kapital (səhmdar təşkilatlarda), uzunmüddətli kredit, büdcə vəsaitləri və digər mənbələr. Fəaliyyətdə olan müəssisələrdə maliyyə resurslarının əsas mənbəyi məhsul (iş və xidmət) satışından daxilolmalar təşkil edir ki, onun da hesabına gəlir və mənfəət, habelə amortizasiya, ehtiyat və digər pul fondları yaradılır.
Kommersiya müəssisələrin (təşkilatlarının) maliyyəsinin təşkili prinsiplərinə aşağıdakılar daxildir:
– özxərciniödəmə;
– özünümaliyyələşdirmə;
– müəssisənin maliyyə müstəqilliyi;
– dövlət, malgöndərən, banklar, işçi kollektivi qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə maraqlılıq və iqtisadi məsuliyyət;
– maliyyə planlaşdırılması ilə kommersiya hesabının uyğunlaşdırılması.
Özxərciniödəmə – maliyyə-təsərrüfat fəaliyyətinin elə bir prinsipidir ki, bu zaman müəssisənin xərcləri tamamilə öz gəlirləri hesabına ödənilir.
Özxərciniödəmə – təsərrüfat (kommersiya) hesabının başlıca prinsipi və əsas şərtidir ki, bu zaman məhsulun (əmtəə, iş və xidmət) istehsalı və satışı ilə əlaqədar cari xərcləri tam ödəməyi və mənfəət götürməyi nəzərdə tutur. Özxərciniödəmə prinsipi müəssisəyə zəruri olan material, əmək və pul resursları vermək və onun rentabelli işini təmin etmək qabiliyyətindən ibarətdir.
Özünümaliyyələşdirmə – təsərrüfatın bazar metodları ilə aparılmasına aiddir ki, bu zaman xüsusi maliyyə mənbələri təsərrüfat fəaliyyətini maliyyələşdirmək üçün kifayət edir. Özünümaliyyələşdirmə – müəssisənin maliyyə təsərrüfatını həyata keçirməyin elə prinsipidir ki, bu zaman nəinki cari xərclər, həm də kapital qoyuluşu və habelə müəssisənin sosial-iqtisadi inkişafının maliyyələşdirilməsi və gələcək dövrün xərcləri xüsusi maliyyələşdirmə mənbələri ilə təmin edilir.
Kommersiya müəssisələrinin mənfəəti, amortizasiya və digər pul vəsaiti fondları onun iqtisadi və sosial inkişafının maliyyələşdirilməsinin başlıca mənbəyi olur. Bankların və digər kredit təşkilatlarının kreditləri müəssisələrin xüsusi mənbələri hesabına ödənilir.
Özünümaliyyələşdirmə – müəssisənin tam maliyyə müstəqilliyi ilə qırılmaz surətdə əlaqədardır. Maliyyə müstəqilliyində müəssisə öz maliyyə, material və əmək resurslarına sərbəst sərəncam vermək, iqtisadi maraqlardan çıxış edərək dövriyyəyə borc və cəlb edilmiş vəsaitləri axtarıb tapmaq və istiafadə etmək hüququ vardır.
Müəssisədə kommersiya fəaliyyəti nəticəsinə maraq prinsipi müəssisənin və onun kollektivinin fəaliyyəti qazanılmış müsbət nəticələrinə görə maddi mükafatlandırma mənbəyi kimi mənfəət əldə edilməsində təzahür edir.
Dövlətin və müəssisə işçilərinin maraqları müəssisənin rentabelli fəaliyyəti ilə təmin edilə bilər.
Müəssisənin iqtisadi məsuliyyəti büdcə, məqsədli fondlar, digər müəssisələr və banklar qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə qanunvericilik qaydalarında müəyyən edilmiş maliyyə sanksiyası sistemi vasitəsilə təmin edilir. Vergi qanunvericiliyini pozan vergi ödəyiciləri üçün xüsusi məsuliyyət forması nəzərdə tutulur. Müəssisə öhdəliyinə öz əmlakı ilə məsuliyyət daşıyır.
Müəssisənin iqtisadi məsuliyyəti sahibkarlıq risqinin sığortalanması sistemi ilə müəssisənin maliyyə resurslarında sığorta şirkətlərindən daxil olan sığorta ödəmələrinin rolunun artması ilə güclənir.
Kommersiya müəssisələrinin maliyyəsinin mühüm prinsiplərindən biri də maliyyə planlaşdırılması ilə kommersiya hesabının uzlaşdırılmasıdır.
Investisiya fəaliyyətində heç bir firma maliyyələşdirməyə və son maliyyə nəticəsilə əsaslandırılmış layihə (plan) işləyib hazırlamadan işə başlaya bilməz. Firmadaxili planlaşdırma əsasında müqavilələr bağlanır, müsabiqə əsasında sifarişlər yerləşdirilir. Planların işlənib hazırlanması (xaricdə onu layihə adlandırırlar) istehlakçıların tələbatının dərindən öyrənilməsinə, rəqiblərin təcrübəsinin öyrənilməsinə, müəssisənin maliyyə imkanlarının təhlilinə əsaslanır. Yaxşı hazırlanmış plan kommersiya hesabının müsbət nəticələrinə xidmət edir.
KOMERSIYA MÜƏSSISƏLƏRININ GƏLIR VƏ XƏRCLƏRI
Kommersiya təşkilatlarının pul gəlirləri məhsul (iş və xidmət) satışından, digər əmlakların satışından (əsas fondların, inventarların, qeyri-material aktivlərinin və s.) daxilolmalardan, satışdankənar gəlirlərdən, icarə haqqından əmələ gəlir.
Pul gəlirlərinin başlıca mənbəyi məhsul (iş və xidmət) satışından daxilolmalardan ibarətdir. Onun həcmi məhsul satışının həcmi və qiyməti ilə müəyyən edilir. Öz növbəsində məhsul (iş və xidmət) satışının həcmi ilə bazarın tələblərindən, bazarda tələb və təklifdən asılıdır.
Mövcud qaydaya əsasən gəlir dedikdə, aktivlərin (pul vəsaiti, digər əmlakları) daxil olması nəticəsində və (və ya) bu təşkilatın kapitalının artmasına (iştirakçıların, əmlak sahiblərinin kapitalı istisna olmaqla) gətirib çıxaran öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi faydanın artması qəbul edilir.
Deyilənlərdən aydın olur ki, müəyyən müddət ərzində daxil olmuş pul vəsaiti və ya digər əmlak təşkilatın gəlirlərini əmələ gətirir, onun aktivlərini artırır. Lakin heç də bütün pul vəsaitləri gəlir hesab edilmir. Belə ki, aşağıdakı daxilolmalar təşkilatların gəliri kimi qəbul edilmir:
1. Əlavə dəyər vergisinin, aksizlərin, satışdan verginin, ixrac rüsumu və digər analoji məcburi ödənişlərin məbləğləri;
2.Məhsulun, əmtəələrin, işin, xidmətin qabaqcadan ödənilməsi qaydasında alınmış məbləği – məhsulun, əmtəənin, işin, xidmətin ödənilməsi hesabına avansı;
3. Beh və girov məbləği;
4. Kreditin ödənilməsi və borcalana verilmiş borc məbləği.
Gəlirlər xarakterindən, əldə edilmə şərtlərindən və təşkilatın fəaliyyət istiqamətindən asılı olaraq iki yerə ayrılır:
-
Adi fəaliyyət növündən əldə edilən gəlirlər;
-
Sair daxilolmalar.
Adi fəaliyyət növündən gəlirlər dedikdə, təşkilatın elə gəlirləri başa düşülür ki, onun əldə edilməsi bir qayda olaraq müntəzəm xarakter daşıyır və təşkilatın adi istehsal-kommersiya, maliyyə və investisiya fəaliyyəti ilə əlaqədardır. Bu isə müəssisənin fəaliyyətinin predmetini təşkil edir.
Adi fəaliyyət növündən gəlirlər aşağıdakılardan ibarətdir:
1. Məhsul və əmtəə satışından gəlirlər – işin yerinə yetirilməsi və xidmətin göstərilməsi ilə əlaqədar gəlirlər;
2. Icarə müqaviləsi üzrə öz aktivlərini müvəqqəti istifadəyə (sərəncama və istifadəyə) verməyə görə daxilolmalar (icarə haqqı);
3. Ixtiralara, sənaye nümunələrinə və intellektual mülkiyyətin digər növlərindən irəli gələn hüquqların verilməsinə görə gəlirlər (royalti də daxil olmaqla lisenziya ödənişləri);
4. Başqa təşkilatların nizamnamə kapitalında iştirakına görə daxilolmalar (dividendlər);
Sair daxilolmalar dedikdə, əməliyyat gəlirləri, satışdankənar əməliyyatlardan gəlirlər, habelə fövqəladə gəlirlər başa düşülür.
Əməliyyat gəlirlərinə daxildir:
1. Təşkilatın aktivlərinin haqqı ödənilməklə müvəqqəti olaraq istifadəyə verilməsi ilə bağlı daxilolmalar;
2. Ixtiralara, sənaye nümunələri və intellektual mülkiyyətin digər növlərinin patentlərindən irəli gələn hüquqlarının haqqı ödənilməklə verilməsi ilə əlaqədar daxilolmalar;
3. Başqa təşkilatların nizamnamə kapitalında iştirakı ilə əlaqədar daxilolmalar (faizlər və qiymətli kağızlar üzrə digər gəlirlər də daxil olmaqla);
4. Birgə fəaliyyət nəticəsində (sadə ortaqlıq müqaviləsi üzrə) təşkilatın əldə etdiyi mənfəət;
5. Əsas vəsaitlərin və pul vəsaitlərindən fərqlənən (xarici valyutadan başqa) digər aktivlərin, əmtəələrin satışından daxilolmalar;
6. Təşkilatın pul vəsaitlərini istifadəyə verməyə görə aldığı faiz və habelə təşkilatın bankdakı hesabında olan vəsaitdən bankın istifadəsinə görə faizləri;
7. Müqavilənin şərtlərinin pozulmasına görə cərimə, penya və dəbbə pulu;
8. Əvəzsiz alınmış aktivlər, o cümlədən bağışlama müqaviləsi üzrə;
9. Təşkilata dəymiş zərərin ödənilməsindən daxilolmalar;
10. Hesabat ilində aşkar edilmiş keçmiş illərin mənfəəti;
11. Iddia müddəti keçmiş kredit və debitor borclarının məbləği;
12. Məzənnə fərqləri;
13. Aktivlərin qiymətləndirilməsi məbləği (dövriyyədənkənar aktivlərdən başqa);
14. Sair reallaşdırılmamış gəlirlər.
Fövqəladə gəlirlən təsərrüfat fəaliyyətinin fövqəladə şəraitin (təbii fəlakət, yanğın, qəza və s.) nəticəsi kimi əmələ gələn daxilolmalar, sığorta ödənişləri və habelə bərpa edilməyə və gələcəkdə istifadə edilməyə yaramayan aktivlərin silinməsindən qalmış maddi qiymətlərin dəyəri hesab edilir.
Kommersiya təşkilatlarının xərcləri aktivlərin (pul vəsaitləri, digər əmlaklar) sıradan çıxması nəticəsində iqtisadi faydanın azalması deməkdir. Kommersiya təşkilatlarının xərcləri xarakterindən, həyata keçirilməsi şəraiti və fəaliyyət istiqamətindən asılı olaraq iki yerə ayrılır:
1. Adi fəaliyyət növləri üzrə xərclər;
2. Sair xərclər (əməliyyat, satışdankənar və fövqəladə xərclər).
Adi fəaliyyət növü üzrə xərclərə məhsulun hazırlanması və satışı ilə əlaqədar əmtəələrin alınması və satışı, işin yerinə yetirilməsi və xidmətin göstərilməsi ilə əlaqədar xərclər aiddir.
Kommersiya təşkilatlarının adi fəaliyyət növü üzrə xərclərinə daxildir:
1. Xammal, materiallar, əmtəələr və digər material-istehsal ehtiyatların alınması ilə bağlı xərclər;
2. Məhsul istehsalı məqsədlərinə material-istehsal ehtiyatların bilavasitə emalı prosesində əmələ gələn, işin yerinə yetirilməsi, xidmət göstərilməsi və onların satışı, habelə əmtəələrin satışı prosesində (əsas vəsaitlərin və digər dövriyyədənkənar aktivlərin saxlanılması və istismarı və habelə onların saz vəziyyətdə saxlanılması üzrə xərclər: kommersiya, idarəetmə xərcləri və s.) əmələ gələn xərclər.
Adi fəaliyyət növləri üzrə xərclərin formalaşması zamanı onların aşağıdakı elementlər üzrə qruplaşdırılması təmin edilməlidir:
-
Material məsrəfləri;
-
Əməyin ödənilməsi məsrəfləri;
-
Sosial ehtiyatlara ayırmalar;
-
Əsas fondların amortizasiyası;
-
Sair məsrəflər.
Müəssisənin adi fəaliyyət növündən maliyyə nəticələrini müəyyən etmək məqsədilə məhsulun, işin, xidmətin maya dəyəri hesablanır, bu da adi fəaliyyət növü üzrə xərc bazası əsasında formalaşır.
Sair xərclərə əməliyyat, satışdankənar və fövqəladə xərclər daxildir.
Əməliyyat xərcləri aşağıdakılardan ibarətdir:
1. Müəssisənin (təşkilatın) haqqı ödənilməklə müvəqəti istifadəyə verilməsi ilə (müəvəqqəti sahibliyə və istifadəyə) bağlı xərclər;
2. Ixtiraya patentlər, sənaye nümunələri və digər intellektual mülkiyyət növlərindən irəli gələn hüququn haqqı ödənilməklə verilməsi ilə əlaqədar xərclər;
3. Başqa müəssisələrin (təşkilatların) nizamnamə kapitalında iştirakı ilə əlaqədar xərclər;
4. Əsas fondların və digər aktivlərin (xarici valyutadan başqa), əmtəələrin, məhsulların satışı, sıradan çıxması və digər silinməsi ilə əlaqədar xərclər;
5. Müəssisənin (təşkilatın) onlara verilmiş pul vəsaitlərinlən (kreditlər, borclar) istifadəyə görə ödədikləri faizlər;
6. Kredit təşkilatları tərəfindən göstərilən xidmətlərin ödənilməsi ilə əlaqədar xərclər;
7. Sair əməliyyat xərcləri.
Satışdankənar xərclərə aiddir:
1. Müqavilə şərtlərini pozmağa görə cərimələr, penyalar, dəbbə pulu;
2. Müəssisə (təşkilata) dəymiş zərərin ödənilməsi;
3. Hesabat ilində etiraf edilmiş keçmiş ilin zərərləri;
4. Iddia müddəti bitmiş debitor borclarının, tutulmaq üçün qeyri-real olan digər borcların məbləği;
5. Məzənnə fərqi;
6. Aktivlərin (dövriyyədənkənar aktivlər istina olmaqla) ucuzlaşması məbləği;
7. Sair reallaşdırılmamış xərclər.
Fövqəladə xərclərə təsərrüfat fəaliyyətinin fövqəladə vəziyyətinin nəticəsi kimi əmələ gələn (təbii fəlakət, yanğın, qəza, əmlakın milliləşdirilməsi) xərclər aid edilir.
Təcrübədə ticarət və tədarük müəssisələrində gəlir (ümumi) əmtəələrin satışından daxilolmalar ilə əmtəələrin alış dəyəri arasındakı fərq kimi müəyyən edilir. Ticarət müəssisələrinin gəlirlərinin formalaşması mənbəyi aşağıdakılardır:
1. Maddi istehsal sferasında yaradılan və ticarətləri və s. vasitəsilə əmtəə tədavülü dairəsinə verilən izafi məhsulun bir hissəsi;
2. Tədavül sferasında ticarət işçilərinin əməyi ilə yaradılmış izafi dəyərin bir hissəsi. Praktiki olaraq ticarət fəaliyyəti üzrə gəlirlər ticarət güzəşti, əlavəsi, üstəliyi, komision mükafatı və büdcədən ödəmələr hesabına əmələ gəlir.
Müəssisə və təşkilatlarda məsrəflərin idarə edilməsi məqsədi üçün xərclər ayrı-ayrı maddələri üzrə nəzərə alınır.
KOMERSIYA MÜƏSSISƏLƏRININ MƏNFƏƏT VƏ RENTABELLIYI
Mənfəət məhsul (əmtəə və xidmətin) satışından gəlirlərin həmin məhsulun (əmtəə və xidmət) istehsalı və satışı xərclərindən artığını ifadə edir. Başqa sözlə, müəssisənin gəliri ilə xərcləri arasındakı fərq onun mənfəətini təşkil edir. Mənfəət kommersiya təşkilatlarının təsərrüfat fəaliyyətinin maliyyə nəticələrinin ən mühüm göstəricilərindən biridir.
Iqtisadi kateqoriya kimi, mənfəət sahibkarlıq fəaliyyətinin maliyyə nəticələrini xarakterizə edir.
Mənfəət əldə edilməsi, kapitalın, əməyin və əsas vəsaitlərin cəlb edilməsi əsasında məhsul istehsalı (işin yerinə yetirilməsi, xidmət göstərilməsi) üzrə təşkilatın fəaliyyətinin nəticəsindən ibarətdir.
Məhsul satışından mənfəət ümumi mənfəətə (balans mənfəəti) və xalis mənfəətə bölünür. Kommersiya təşkilatlarında mövcud qiymətlərlə (ƏDV və aksizsiz) məhsul (iş və xidmət) satışından daxil olan gəlirlərilə onun istehsalı və satışına çəkilən xərclərin məbləği arasındakı fərq kimi hesablanır.
Misal: Məhsul satışından daxilolmalar sərbəst qiymətlərlə 1800 AZN təşkil etmişdir. Məhsulun istehsalı və satışı xərcləri 1200 AZN olmuşdur. ƏDV-in dərəcəsi 18 % təşkil edir. Bu məhsul aksiz vergisinə cəlb edilmir.
Vergisiz satış pulu:
1800 – (1800 × 0,18) = 1476 AZN
Mənfəət – 1476 – 1200 = 276 AZN
Ticarət müəssisələrində əmtəələrin satışından mənfəət satış pulu – netto məbləği ilə (ƏDV, digər vergiləri çıxmaqla satış pulu) reallaşdırılmış əmtəələrin qalıq dəyəri və satılmış əmtəələrə tədavül xərcləri məbləği (ümumtəsərrüfat xərcləri nəzərə alınmaqla) arasındakı fərq kimi müəyyən edilir.
Balans mənfəəti – satışdan əldə olunan mənfəət ilə satışdan kənar mənfəətin ümumi həcmini göstərir. Beləliklə, balans mənfəəti təşkilatın bütün təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirir.
Mb = Mms + Məs + Gck
Mb – balans mənfəəti;
Mms – məhsul satışından mənfəət;
Məs – əsas vəsaitlərin və digər əmlakın satışından mənfəət;
Gck - satışdankənar gəlirlər (saldo)
Əmlakın satışından mənfəət (əsas vəsait və digər əmlak) əmlakın satışından daxilolmalarla (ƏDV çıxılmaqla) inflyasiya əmsalına korrektə edilmiş qalıq dəyəri (balans üzrə) arasındakı fərq kimi müəyyən edilir.
Balans mənfəəti istehsalın səmərəliliyinin qiymətləndirilməsi, müəyyən dövrdə onun artım dinamikasını aşkar etmək, ümumi rentabelliyi təmin etmək üçün istifadə olunur.
Xalis mənfəət – bütün vergi və rüsumları ödədikdən sonra müəssisənin (təşkilatın) sərəncamında qalan, istehsalın inkişafına, pul fondlarının yaradılmasına və sosial ehtiyaclara istifadə edilən mənfəətdir.
Mənfəət müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticəsini (səmərəsini) mütləq məbləğlə xarakterizə edir ki, bu da təsərrüfatçılığın maliyyə səmərəliliyini xarakterizə etmir. Maliyyə-təsərrüfat fəaliyyətinin səmərəlilik səviyyəsini qiymətləndirmək üçün rentabellik göstəricisindən istifadə edilir.
Müəssisənin rentabelliyi – məhsulun rentabelliyi və habelə aktivləri bir-birindən fərqləndirmək lazımdır.
Müəssisənin rentabelliyi mənfəətinin məhsul satışı həcminə (satış pulu) nisbəti kimi hesablanır. Məhsul istehsalının rentabelliyi satışdan mənfəətin məhsulun tam maya dəyərinə nisbəti kimi hesablanır.
Müəssisələrin maliyyəsinin mühüm istiqamətlərindən biri – maliyyə sistemi ilə qarşılıqlı əlaqələrdir. Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələr maliyyə sistemi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Belə ki, müəssisə və təşkilatlar qanunvericilikdə müəyyən edilən vergiləri dövlət büdcəsinə ödəyir, büdcədən müəyyən edilən subsidiyaları alır.
Əmlakın sığortalanması prosesində sığortaçıya sığorta haqqı ödənilir, əmlaka kortəbii və xoşagəlməz hadisələr nəticəsndə zərər dəydikdə sığortaçı əmlak sahibinə sığorta ödənişi verir. Bundan başqa, müəssisə və təşkilatlar büdcədənkənar fondların yaradılmasında iştirak edirlər. Belə ki, Dövlət Sosial Müdafiə Fondu, Əhalinin Məşğulluğuna Kömək Fondu və Əlillərin Sosial Müdafi Fonduna ödəmələr verilir. Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müəssisələrin işçilərinə pensiya, müavinət və başqa təminatlar verilir.
MÜƏSSISƏLƏRIN DÖVRIYYƏ VƏSAITLƏRI, ONLARIN TƏYINATI VƏ FORMALAŞDIRILMASININ MƏNBƏLƏRI
-
Müəssisənin dövriyyə vəsaitlərinin iqtisadi mahiyyəti və təşkilinin əsasları
-
Dövriyyə vəsaitlərinə tələbatın müəyyən edilməsi metodları
-
Dövriyyə vəsaitlərinin formalaşdırılmasının mənbələri
-
Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyi göstəriciləri
Hər bir müəssisənin cari fəaliyyətinin həyata keçirilməsi üçün dövriyyə vəsaitləri olmalıdır. Dövriyyə vəsaitləri dövriyyə istehsal fondları və tədavül fondlarına bölünür:
Dövriyyə istehsal fondları istehsal sferasına xidmət edir və bir istehsal prosesində ilk formasını dəyişərək dəyərini tam hazır məhsula keçirir.
Dövriyyə istehsal fondlarına daxildir:
– xammal materiallarının ehtiyatı;
– bitməmiş istehsalın xərcləri;
– gələcək dövrlərin xərcləri;
Tədavül fondlarına daxildir:
– hazır məhsullar;
– pul vəsaitləri;
– hesablaşmalarda olan vəsaitlər (debitor borcları).
Dövriyyə istehsal fondları və tədavül fondları daimi hərəkətdə olmaqla vəsaitlərin dövriyyəsinin fasiləsiz prosesini təmin edir. Bu zaman avans edilən dəyərin formasının daimi və qanunauyğun dəyişməsi baş verir. Onlar pul formasından əmtəə formasına, sonra isə istehsal formasına (istehsal ehtiyatı) və yenidən əmtəə və pul formasına keçir.
P – Ə ------ Ə – I – Ə ------ Ə1 – P1
1 2 3
Birinci mərhələdə (P – Ə) dövriyyə vəsaitləri pul formasından istehsal ehtiyatı formasına çevrilir (I×E). Bu mərhələdə tədavül sferasından istehsal sferasına keçid və avans dəyəri pul formasından məhsuldar formaya çevrilir (P - I×E).
Ikinci mərhələdə (Ə – I – Ə) istehsal prosesi başa çatır. Bu mərhələdə satın alınan material qiymətlilər, istehsal ehtiyatları əmək vasitələri və işçi qüvvəsilə birləşir, yeni məhsul istehsal edilir. Dövriyyənin bu mərhələsində avans edilmiş dəyər yenidən öz formasını dəyişir. Məhsuldar formadan əmtəə formasına keçir.
Dövriyyənin üçüncü mərhələsində hazır məhsullar satılır və pul vəsaitləri əldə edilir. Bu mərhələdə dövriyyə vəsaitləri istehsal sferasından tədavül sferasına keçir və yenidən pul forması alır.
Dövriyyə vəsaitləri aşağıdakı kimi təsnifləşdirilir:
I Dövriyyə vəsaitlərinin istehsal prosesində yeri və roluna görə dörd qrupa bölünür:
1. Istehsal ehtiyatlarında olan dövriyyə vəsaitləri;
2. Bitmiş istehsalda və gələcək dövrlərin xərclərində olan dövriyyə vəsaitləri;
3. Hazır məhsullardakı vəsaitlər;
4. Pul vəsaitləri və hesablaşmalarda olan vəsaitlər.
II Planlaşdırma səviyyəsinə görə dövriyyə vəsaitləri iki qrupa bölünür:
1. Normalaşdırılan;
2. Normalaşdırılmayan.
Normalaşdırılmayan dövriyə vəsaitləri pul vəsaitləri və hesablaşmalarda olan vəsaitlərdir. Qalan dövriyyə vəsaitləri normalaşdırılmalıdır.
III Formalaşdırılma mənbələrinə görə dövriyyə vəsitləri dörd qrupa bölünür:
-
Xüsusi və ona bərabərləşdirilən;
-
Borc vəsaiti;
-
Cəlb edilən;
-
Sair mənbələr.
IV Likvidlik dərəcəsinə görə dövriyyə vəsaitləri dörd yerə bölünür:
1. Daha çox likvidli – pul vəsaitləri və tez satılan qiymətli kağızlar;
2. Tez satılan dövriyyə vəsaitləri – hesabat dövründən sonra 12 ay ərzində gözlənilən ödəmələrlə debitor borcları;
3. Orta səviyyədə satılan dövriyyə vəsaitləri – hazır məhsullar və satış üçün əmtəələr, 12 aydan çox ödənilmə müddəti olmayan debitor borcları;
4. Çətin satılan dövriyyə vəsaitləri – xammal, materiallar (əsas ehtiyatda).
Dövriyyə vəsaitlərinin tərkibi və quruluşu müəssisənin ixtisaslaşmasından, istehsal dövrünün uzunluğundan (davametmə müddəti), hesablaşma sistemindən, xammalın göndərilmə şərtlərindən və s. asılıdır.
DÖVRIYYƏ VƏSAITLƏRINƏ TƏLƏBATIN HESABLANMA METODLARI
Istehsal müəssisələrinin fəaliyyətinin səmərəliliyi dövriyyə vəsaitlərinə tələbatın düzgün hesablanmasından daha çox asılıdır. Dövriyyə vəsaitlərinin tələbatdan artıq olması onların ehtiyatının artmasına, dövriyyədən yayınmasına səbəb olur. Dövriyyə vəsaitlərinin çatışmazlığı isə istehsal və satışı prosesini pozur, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə səbəb olur. Ona görə də məhsulların istehsalı və satışı prosesinin fasiləsizliyinin təmin edilməsi üçün tələbat qədər dövriyyə vəsaitləri olmalıdır, yəni dövriyyə vəsaitlərinə optimal tələbat müəyyən edilməlidir. Bu zaman normalaşdırmanın üç metodundan istifadə edilməlidir:
1. Hesablama-analitik metod – dövriyyə vəsaitinin həcmi keçən ildəki faktiki orta qalıq səviyyəsində müəyyən edilir, bu zaman dövriyyə vəsaitlərinin həcminə təsir edən amillər nəzərə alınır (məhsulların istehsalı və satışının artım tempi, dövriyyənin sürəti və s.).
2. Əmsal metodu – bu metod tətbiq ediləndə dövriyyə vəsaitləri iki qrupa bölünür:
– istehsalın həcmindən asılı olan dövriyyə vəsaitləri – xammal, materiallar, komplektləşdirici məmulatlar. Bu qrup üzrə normativ bir qayda olaraq hesablama-analitik metodları müəyyən edilir.
– istehsalın həcmindən asılı olmayan dövriyyə vəsaitləri (gələcək dövrlərin xərcləri, ehtiyat hissələri). Bunlar üzrə normativ keçən ildə faktiki orta qalıq səviyyəsində müəyyən edilir.
3. Birbaşa hesablama metodu – müəssisənin təşkilati-texniki inkişafında dəyişiklik nəzərə alınmaqla dövriyyə vəsaitinin hər bir elementi üzrə ehtiyatın əsaslandırılmaqla hesablanması. Bu metodla normativin hesablanması aşağıdakı qaydada həyata keçirilir:
– müvafiq göstəricinin 365 yaxud 90-a bölünməsi yolu ilə dövriyyə vəsaitlərinin bir günə düşən məsarifi müəyyən edilir;
– gün, yaxud faizlə normanın müəyyən edilməsi. Dövriyyə vəsaitlərinin norması müəyyən vaxtda əmtəə-material qiymətlilər ehtiyatının həcmini xarakterizə edir, hansı ki, istehsal prosesinin fasiləsizliyinin təmin edilməsi üçün zəruridir;
– dövriyyə vəsaitlərinin normativi dövriyyə vəsaitlərinin birgünlük xərcinin ehtiyat günlərinə vurulmaqla yaxud faizlə hesablanır.
Dövriyyə vəsaitlərinin norması – müəssisənin normal, ahəngdar işinin təmin edilməsi üçün zəruri olan əmtəə-material qiymətliləri üzrə ehtiyatın həcmidir.
Sənaye müəssisələrində xammal və materiallar üzrə günlə ehtiyat normasının beş elementi vardır:
1. Nəqliyyat ehtiyatı (materialların yolda olma vaxtı);
2. Hazırlıq ehtiyatı (materialların qəbul edilməsi, boşaldılması və istehsal üçün hazırlanması);
3. Cari anbar ehtiyatı (materialların göndərilmə aralarında istehsal prosesinin fasiləsizliyini təmin edir, sənayedə əsas sayılır);
4. Texnoloji ehtiyat – istehsalın texnologiyasına uyğun olaraq istehsalın əlavədən hazırlanması zəruri olan xammal və materiallar üzrə);
5. Sığorta ehtiyatı (ehtiyat kimi yaradılır, istehsalın fasiləsizliyinə təminat verir, ambar ehtiyatının müəyyən hissəsi qədər yaradılır – 30-50 %).
Sənayedə dövriyyə vəsaitlərinin ayrı-ayrı elementləri üzrə normativlərin müəyyən edilməsi:
1. Istehsal ehtiyatlarının normativ istehsal ehtiyatlarının bir günə düşən məsarifini ehtiyat günlərinə vurmaqla hesablanır. Istehsal ehtiyatlarının bir günə düşən məsarifi IV kvartalda material xərclərini 90 günə bölməklə hesablanır.
2. Hazır məhsullar üzrə dövriyyə vəsaitlərinin normativi hazır məhsulların bir günə düşən məsarifini günlə ehtiyat normasına vurmaqla hesablanır;
3. Gələcək dövrün xərcləri üzrə normativ bərabərdir – planlaşdırılan ilin əvvəlinə qalıq, üstəgəl planlaşdırılan ilin xərci, çıxılır planlaşdırılan dövrdə silinən xərclər.
4. Bitməmiş istehsal üzrə normativ xərclərin artım əmsalı nəzərə alınmaqla müəyyən edilir.
Xərclərin artım əmsalı – bitməmiş istehsalın orta hesabla dəyərinin ümumi xərclərə nisbətidir. O, iki üsulla müəyyən edilir:
-
Xərclər bərabər artdıqda;
-
Xərclər qeyri-bərabər artdıqda.
DÖVRIYYƏ VƏSAITLƏRININ FORMALAŞDIRILMASININ MƏNBƏLƏRI
Dövriyyə vəsaitlərinin formalaşdırılması mənbələri dörd qrupa bölünür:
1. Dövriyyə vəsaitlərinin formalaşdırılmasının xüsusi və ona bərabərləşdirilən mənbələri.
Müəssisə yaradılan vaxt təsisçilərin əmanətləri hesabına nizamnamə kapitalı yaradılır. Ona görə də xüsusi vəsait nizamnamə kapitalında olan əmanətlərdir. Müəssisənin fəaliyyəti zamanı xüsusi mənbələrinin tamamlanmasının əsas xüsusi mənbəyi müəssisənin sərəncamında olan mənfəətdir.
Xüsusi mənbələrə bərabərləşdirilən vəsaitlər möhkəm passivlərdir. Möhkəm passivlər – sosial sığortaya ayırmalarla əmək haqqı üzrə minimum borclar. Qarşıdakı xərclər və ödəmələrin ödənilməsi üçün ehtiyat üzrə minimum borclar. Ödənilmə müddətindən əvvəl hesablanmış vergilər üzrə borclar.
2. Cəlb edilən vəsaitlər – kreditor borcları;
3. Borc mənbələri – bankın qısamüddətli kreditləri;
4. Sair mənblər.
DÖVRIYYƏ VƏSAITLƏRINDƏN ISTIFADƏNIN SƏMƏRƏLILIK GÖSTƏRICILƏRI
Dövriyyə vəsaitlərindən səmərəli istifadə edilməsinin müəssisənin işinin normal təmin edilməsində rolu böyükdür. Müasir şəraitdə dövriyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə neqativ təsiri və onların dövriyyəsinin ləngiməsinə təsiri iqtisadiyyatın böhranlı vəziyyətinin amilləri göstərir:
– istehsalın həcminin azalması;
– inflyasiya prosesi;
– ödəmə intizamının pozulması;
– vergitutma səviyyəsinin yüksək olması.
1. Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyi onların dövriyyəsi göstəricisi ilə xarakterizə olunur. Satışdan əldə edilən pul gəlirlərinin dövriyyə vəsaitlərinin orta illik qalığına bölünməsi yolu ilə hesablanır. Ildəki, yaxud rübdəki günlərin sayını dövriyyə əmsalına bölməklə bir dövriyyənin başa çatmasına sərf edilən vaxt müəyyən edilir.
2. Maddi dövriyyə vəsaitlərinin rentabelliyi – məhsulların satışından əldə edilən mənfəətin dövriyyə vəsaitlərinin orta qalığına bölünməsi yolu ilə hesablanır. Bu göstərici vəsaitlərin 1 manatına düşən mənfəəti ifadə edir.
3. Material ödənişi – satışdan pul gəlirinin material xərclərinə bölünməsi yolu ilə hesablanır.
Dövriyyə vəsaitlərinin saxlanması və səmərəli istifadə edilməsini xarakterizə edən göstəricilər:
– istehsal ehtiyatlarının səmərəli təşkili, yəni, optimal normalaşdırma, qənaətlə istifadə;
– dövriyyə vəsaitlərinin bitməmiş istehsalda olmasının müddətinin ixtisar edilməsi;
– hesablaşmalar sisteminin təkmilləşdirilməsi, hazır məhsulların satışının səmərəli təşkili.
Müəssisələrin maliyyəsinin təşkilinin mühüm istiqamətlərindən biri kapital qoyuluşunun maliyyələşdirilməsi və kreditləşdirilməsidir. Müəssisələrin maddi-texniki bazası istehsal vasitələrinin məcmuunu əhatə edir. Onun möhkəmləndirilməsi istehsalın inkişafının zəruri şərtidir. Kapital qoyuluşu yeni əsas fondların yaradılması, mövcud fondların genişləndirilməsi, yenidən qurulması və texniki cəhətdən silahlandırılması ilə əlaqədar xərclərdir. Kapital qoyuluşunun əsas istehsal fondlarının müxtəlif formalarını ifadə edən aşağıdakı istiqamətləri mövcuddur: yeni tikintilər, fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi, yenidən qurulması və texniki silahlandırlması və s.
Texniki silahlandırma köhnəlmiş maşın və avadanlıqların dəyişdirilməsi yolu ilə istehsalın ayrı-ayrı sahələrində texniki səviyyənin yüksəldilməsinə yönəldilən tədbirlər sistemidir. Yenidən qurulma yeni texniki baza əsasında istehsalın tam, yaxud qismən yenidən qurulmasıdır.
Kapital qoyuluşuna daxildir: tikinti smetasına daxil edilməyən maşın, avadanlıq və inventarların satın alınması, tikinti-quraşdırma işləri və tikinti smetasına daxil edilən avadanlıqların satın alanması, aqrar bölmədə məhsuldar heyvanların əsas sürüsünün təşkili, sair əsaslı xərclər.
Kapital qoyuluşu aşağıdakı mənbələrdən maliyyələşdirilir: xüsusi vəsaitlər, borc vəsaitləri, büdcə vəsaiti. Kapital qoyuluşu investorların vəsaiti hesabına da həyata keçirilə bilər. Mərkəzləşdirilmiş kapital qoyuluşu büdcə vəsaiti hesabına maliyyələşdirilir. Qeyri-mərkəzləşdirilən kapital qoyuluşu xüsusi vəsaitlər, bank kreditləri və investorların vəsaiti hesabına maliyyələşdirilir. Müqavilə bağlayan tərəflər vəsaitlərin bankdakı hesaba keçirilməsi qaydasını yerinə yetirilən işlərə görə kreditləşdirmə və hesablaşmaların aparılması qaydaların podrat işlərin yerinə yetirilməsi, avadanlıqların, material qiymətlilərin və digər vəsaitlərin göndərilməsi qaydalarını müəyyən edirlər. Əsaslı tikinti işlərinin maliyyələşdirilməsi və kreditləşdirilməsində aşağıdakı sənədlər tərtib edilir: əsaslı tikintinin titul siyahısı - nəzərdə tutulan obyektlərin və planlaşdırılan dövrdə tikiləcək obyektlərin siyahısı, tikintidaxili titul siyahısı – tikinti obyektlərinin konkret illik planı, tikintinin smetası (smeta maliyyə haqq-hesabı) – hər bir obyekt üzrə pul vəsaitinin məbləğini müəyyən edir.
Podrad müqaviləsi – sifarişçi və podratçının qarşılıqlı münasibətlərini tənzimləyir. Yerinə yetirilən işlərin qəbulu aktı – faktiki yerinə yetirilən işlərə dair məlumatlar verilir. Hesablaşmalar nağdı və köçürmə qaydasında aparıla bilər.
Vəsait çatışmadıqda qısa və uzunmüddətli bank kreditlərindən istifadə edilir. Əsaslı tikinti işlərində istifadə edilən dövriyyə vəsaitlərinə qısamüddətli kreditlər verilir. Kredit müqavilədə nəzərdə tutulan məbləğdə və məqsədlərə verilir.
Müəssisələrdə maliyyə işi planlı qaydada təşkl edilməlidir. Planlaşdırma sahibkarlıq fəaliyyətinin bir hissəsidir. Maliyyə planlaşdırması özündə maliyyə və kredit resurslarının hərəkətinin planlaşdırılması prosesidir. Maliyyə planlaşdırmasının obyekti pul vəsaitləri fondu və onların formalaşdırılması mənbələridir.
Maliyyə planlaşdırılması təsərrüfat subyektləri tərəfindən müstəqil həyata keçirilir. Planlaşdırma zamanı aşağıdakı üsul və metodlardan istifadə edilir: iqtisadi təhlil, əmsallar, normativ, iqtisadi-riyazi balans metodu. Onlar maliyyə planını daha yaxşı əsaslandırmaq məqsədilə bir-birini tamamlamaqla eyni vaxtda tətbiq edilir. Maliyyə planlaşdırılması prosesində məhsulların istehsalı və satışının artırılması, maya dəyərinin aşağı salınması və bunun əsasında pul gəlirləri və mənfəətin artırılması, əsas və dövriyyə fondlarından, kapital qoyuluşundan, xüsusi və borc vəsaitlərdən daha yaxşı istifadə edilməsi ehtiyatları aşkara çıxarılır.
Maliyyə planlaşdırılması bir sıra mərhələlərdən ibarətdir:
Birinci mərhələdə hesabat dövründə maliyyə göstəriciləri, məhsulların istehsalı və satışı, istehsal xərcləri, maddi-texniki təchizatın vəziyyəti, əsas və dövriyyə fondlarından istifadənin səviyyəsi təhlil edilir.
Ikinci mərhələdə biznes planın göstəricilərinə və digər göstəricilərə əsasən gəlirlərin və xərclərin konkret növləri hesablanır.
Üçüncü mərhələdə ayrı-ayrı maddələr və göstəricilər uyğunlaşdırılır, balanslaşdırılır.
Əgər müəyyən edilən tədbirlər pul vəsaitləri ilə təmin edilmirsə gəlirlərin və yığımların artırılması mənbələri axtarılır və onlardan daha səmərəli istifadə ediliməsi yolları müəyyən edilir.
Maliyyə planlaşdırılmasının nəticəsi olaraq «Maliyyə planı» tərtib edilir. Maliyyə planı iki hissədən ibarətdir – gəlirlər və xərclər. Planın ayrı-ayrı bölmələri bir-birilə, gəlirlər xərclərlə uyğunlaşdırılır, nəticədə, material, əmək və maliyyə resursları, xərclər və gəlirlərin balanslaşdırılması təmin edilir. Maliyyə planı rüblərə bölünməklə illik tərtib edilir.
Dostları ilə paylaş: |