Maqmatik süxurlar. Maqmatik ( yunanca ” maqma”-hoppa, xəmir sözündən götürülüb, Yer qabığının geoloji cəhətdən fəal hissələrində, eləcə də üst mantiyada əmələ gələn odlu maye ərintidir) süxurlar adı altında eyni adlı ərintinin kristallaşması və ya soyuması nəticəsində əmələ gələn mineralların təbii birliyi, yaxud mineralların və vulkan şüşəsinin, nəhayət, təkcə vulkan şüşəsinin təbii assosiasiyaları başa düşülür.
Maqmatik süxurlar odlu maye ərintisinin ( maqma) maqmatik ocaqdan qalxaraq Yer qabığının müxtəlif horizontlarında tədricən soyuması nəticəsində əmələ gəlir. Bu süxurların əmələ gəlməsinin digər yolu maqmanın yer səthinə (kontinentlərdə, yaxud su hövzələrinin – göllərin, dəniz və okeanların dibində) axaraq nisbətən tez soyuması ilə əlaqədardır. Effuziv və vulkanogen süxur kütlələri göstərilən yol ilə yaranır.
Maqmanın böyük bir hissəsi yerin dərinliyində tədricən soyuyaraq kristallik görünüşlü intruziv süxurları əmələ gətirir. Onların yer səthinə çıxması uzunmüddətli prosesdir və intruzivlərin üstünə yatan süxurların eroziyası ilə əlaqədardır.
Böyük dərinliklərdə formalaşan intruziv kütlələrə batolit və ştokları göstərmək olar. Onlar bir-birindən yalnız ölçüləri ilə fərqlənir: ştokun tutduğu sahə 100 km 2-dən artıq olmur. Batolitlər daha iri plutonik intruziv kütlələrdir, 200,300 km2-dən 1000,2000 km2-ə qədər sahəni tuta bilir. İstər batolit, istərsə də ştoklar kökü olmayan intruziv kütlələrdir. Onlar planda izometrikə yaxın, izometrik və qeyri-düzgün formalar əmələ gətirir. Batolit yalnız bir süxurdan ibarətdirsə, ona sadə batolit deyilir. Mürəkkəb batolitisə eyni maqmatik ocaqdan, bir neçə mərhələdə yaranmış süxurdur. Batolit və ştoklar aydın dənəvər strukturludur.
Nisbətən kiçik dərinliklərdə ki hipoabissal intruzivlər yan süxurlarla uyğun və qeyri-uyğun yatım təşkil edir. Birinciyə lakolit, bismolit, etmolit, fakolit və sillər aiddir.
Lakkolit digər mənşəli ( əsas etibarı ilə çökmə ) süxurlar üzərində yatan intruziv kütlədir, formaca kümbəzə oxşayır. Lakollitlər 0,5-3 km dərinlikdə əmələ gəlir, planda formaları girdə, oval və ya qeyri-düzgündür, tərkibinə görə sadə və mürəkkəb olur.
Bimolit silindrik və ya sərt konus formalı kütlədir. Onun kənarları yan süxur laylarını kəsir.
Etmolit zirvəsi aşağıya yönəlmiş konus formasına yaxındır. Onun kənar hissələrində yan süxurlar qıf şəklində əyilir, tavanı isə süxur laylarını müxtəlif bucaq altında kəsir.
Fakolit qırışıqlığa məruz qalan layların arasına soxulmuş intruziv kütlədir. Fakolit layşəkilli damarlara keçid təşkil edir.
Sill,ümumiyyətlə, yan süxurların laylanmasına paralel yerləşir. Sillər bəzən bir layın digər lay üzərində qeyri-uyğun yatmış səthi boyunca yerləşir.
Yan süxurlarda qeyri-uyğun yatmış hiboabissal intruziv kütlələrə dayka və neklər aid edilir. Dayka yan süxurları müxtəlif bucaq altında kəsib keçən müxtəlif qalınlıqda ( 1-3 m-ə qədər ) olan intruziv kütlədir. Neklər müxtəlif vulkan məhsulları brekçiyələr ilə dolmuş boruşəkilli vulkan ağızlarıdır. Onların en kəsiyi dəyirmi, oval və ya elliptik, bəzən qeyri-düzgün, yaxud mərciyəoxşardır.
Yerin dərinliklərindən qalxan maqmatik materialın müəyyən hissəsi Yer səthində vulkan materialı ( axın, örtük, konus, kümbəz, iynə, qalxan və maar formasında ) halında qısaa müddətdə soyuyur.
Maqmatik süxurların kimyəvi tərkibini müəyyənləşdirməkdən ötrü miqdarı kimyəvi analizdən istifadə edilir ( ona silikat analizi də deyilir ). Süxurların kimyəvi tərkibini həmin kimyəvi elementlərin oksidləri şəklində göstərirlər. Bunu nəzərə alsaq, maqmatik süxurların əsas oksidləri SiO2, TiO2, Al2O3, Fe2O3, FeO, MgO, CaO, Na2O və K2O kimi olacaqdır. Onların cəmi həmin süxurların ümumi tərkibinin orta hesabla 96,88 çəki faizinə bərabərdir. Bu elementlərdən başqa, maqmanın tərkibində bəzən xeyli miqdarda həll olmuş komponentlər də iştirak edir.