2. Məhsulların təsnifləşdirilməsi
Məhsullar iki əsas əlamətə: 1) görünə bilmə qabiliyyətinə və 2) məhsulun təyinatına (istehlakçının tipinə) görə təsnifləşdirilir. Məhsullar bu əlamətlər daxilində də müxtəlif əlamətlərə görə təsnifləşdirilir.
Görünə bilmə qabiliyyətinə (maddiliyinə) görə məhsullar iki iri qrupa: 1) maddi məhsul-lara və 2) xidmətlərə bölünür.
Maddi məhsullar əşya forması alan, görünə bilən və fiziki xüsusiyyətləri olan bütün məhsullardır. Maddi məhsullar da, öz növbəsində, istifadə müddətindən asılı olaraq qısamüddət istifadə olan məhsullara və uzunmüddət istifadə olan məhsullara bölünür.
Qısamüddət istifadə olunan məhsullar. Bu məhsullara qısa zaman kəsiyində və yaxud bir və ya bir neçə istifadə prosesində tamamilə istifadə olunan, öz əşya formasını, istehlak xüsu-siyyətlərini tamamilə itirən məhsullar aiddir. Uzunmüddət istifadə olunan məhsullar, bir qayda olaraq, bir neçə il istifadə olunan və istifadə müddəti ərzində öz əşya formasını və fiziki və istehlak xüsusiyyətlərini saxlayan məhsullardır. Avadanlıqlar, bütün növ nəqliyyat vasitələri, məişət cihazları, əsaslı tikinti obyektləri və bu kimi digər məhsullar bu məhsul tipinə aiddir.
Xidmətlər istehlakçılara hər hansı bir problemi həll etməyə, yaxud fayda almağa imkan verən və mülkiyyət hüququ olmayan, maddi, əşya forması və fiziki xüsusiyyətləri olmayan məhsullardır. Xidmətlər hər hansı bir predmet, məmulat və şey deyildir, o, fəaliyyətdir .
İstehlakçıların tipinə görə məhsulların təsnifləşdirilməsində məhsulların təsnifatı onların xüsusiyyətlərinə görə deyil, təyinatına, hansı məqsədlər üçün alınmasına əsaslanır. Bu əlamətə görə maddi məhsullar 2 qrupa: 1) istehlak məhsulları və xidmətlərinə və 2) istehsal-texniki təyinatlı məhsullara və xidmətlərə bölünür.
Dostları ilə paylaş: |