Məhsul çeşidi və məhsul nomenklaturası
Məhsulların təsnifləşdirilməsi
Rəqabət anlayışı
Rəqabətin tipləri və modelləri
Rəqabətin metodları
1. Məhsul çeşidi və məhsul nomenklaturası
Məhsul istehlakçının tələbatını ödəmək məqsədilə bazara təklif edilən hər hansı tələbatı ödəmək qabiliyyətinə malik olan təbiət tərəfindən hazır şəkildə verilən və (və ya) insan əməyi ilə yaradılan bütün predmetlərdir, şeylərdir, maddi nemətlərdir. Məhsul marketinq fəaliyyətinin, marketinq kompleksinin nüvəsini təşkil edir.
Məzmunca məhsul dedikdə (buna əsas məhsul, baza məhsulu, bazis servisi də deyilir) müəyyən məziyyətlərə, təyinata, istehlakçının hər hansı bir problemini həll etmək, istehlakçıya fayda vermək qabiliyyətinə malik olan bütün şeylər, maddi nemətlər başa düşülür. Bu məhsul müəssisənin məhsul siyasətinin əsasını təşkil edir. Real məhsul (bu məhsul konkret məhsul da, zəruri servis də adlandırılır) fərqləndirici xüsusiyyətlərə: keyfiyyətə, dizayna, istehlak xüsusiyyətlərinə, marka adına və xarici tərtibata malik olan məzmunca məhsuldur. Gücləndirilmiş məhsul (bu məhsul genişləndirilmiş məhsul da, əlavə servis də adlandırılır) satışsonrası servis xidməti (satışdan sonrakı təminatlı təmir, kreditlə satış, məhsulun təyinat yerinə çatdırılması və quraşdırılması, istifadəçinin öyrədilməsi və bu kimi digər xidmət növləri) ilə müşayiət olunan real məhsuldur. Qeyd etmək lazımdır ki, real və gücləndirilmiş məhsul istehlakçı davranışının və onun məhsul satın alınmasına dair qərarlar qəbul etməsinin əsasını təşkil edir.
Məhsul kateqoriyası dedikdə eyni tələbatları ödəmək üçün nəzərdə tutulan qohum, oxşar məhsul çeşidlərinin, markalarının məcmusu başa düşülür. Məsələn, minik avtomobilləri və ya ətriyyat-kosmetika məhsulları məhsul kateqoriyasını təşkil edir.
Məhsul çeşidi müəyyən məhsul kateqoriyasına daxil olan və eyni bir məhsul markası ilə buraxılan müxtəlif ölçüyə, modelə, rəngə və digər fərqləndirici istehlak xüsusiyyətlərinə malik olan məhsulların məcmusudur.
Müəssisə məhsul siyasətini tərtib edərkən məhsul kateqoriyası və çeşidilə yanaşı məhsul nomenklaturasını da müəyyənləşdirir. Məhsul nomenklaturası müəssisə tərəfindən bazara təklif edilən bütün məhsulların toplumudur. Başqa sözlə desək, müəssisə tərəfindən istehsal edilən bütün məhsulların cəmi onun məhsul nomenklaturasını təşkil edir.
Dostları ilə paylaş: |