BİRLİKDƏ OLMAQ
Məhəbbətin vaxt dilində danışan adam üçün həyat yoldaşı ilə birlikdə olması əsasdır. Mən yanbayan dayanmağı nəzərdə tutmuram. İki nəfər bir otaqda əyləşibsə, bu, hələ birlikdə olmaq demək deyil. Birlikdə olmaq — bir-birinə vaxt ayırmaq deməkdir. Ata ikiyaşlı oğlu döşəmənin üstündə topla oynayanda, onun diqqəti uşağına yönəlir və onlar birlikdə olurlar. Əgər topla oynadığı vaxt telefonla danışırsa, onun diqqəti yayınır. Bəziləri elə hesab edirlər ki, birlikdə vaxt keçirirlər, halbuki onlar sadəcə bir dam altında yaşayırlar. Onlar yaxınlıqdadırlar, yəni eyni vaxtda eyni evin içindədirlər, amma birlikdə deyirlər. Eyni vaxtda həyat yoldaşı ilə danışıb idman xəbərlərinə baxan ər, ona diqqət ayırmır. Çünki fikirləri başqa yerdədir.
Birgə vaxt keçirtmək üz-üzə oturmaq deyil. Mütləq nə iləsə məşğul olmaq lazımdır. Bəs nə ilə? Bu, o qədər də vacib deyil. Əsas odur ki, biz birlikdəyik və bir-birimizə vaxt ayırırıq. Ümumi iş isə bunu daha aydın hiss etməyə kömək edir. Atasının oğlu ilə hansı oyun oynadığı vacib deyil. Mühüm olan odur ki, onlar arasında münasibət yaranır.
Eləcə də ər-arvad birlikdə tennis oynayanda, oyun birinci yerdə olmamalıdır. Əsas odur ki, onlar birgə vaxt keçirtdiyini hiss etsinlər. Bəli, əhəmiyyətli olan məhz budur. Əgər birgə vaxt keçiririksə, əlbir olub nə iləsə məşğul oluruqsa, deməli, bir-birimiz üçün çox dəyərliyik və birlikdə olmaq hər ikimizin xoşuna gəlir.
Dostları ilə paylaş: |