MəHƏMMƏd hüseyn təBRİZİNİN “BÜrhani-qate” LÜĞƏTİNDƏ onomastik vahiDLƏR


“Bürhani-qate” lüğətində köməkçi adlar



Yüklə 335,82 Kb.
səhifə17/27
tarix05.01.2022
ölçüsü335,82 Kb.
#111778
1   ...   13   14   15   16   17   18   19   20   ...   27
2.2. “Bürhani-qate” lüğətində köməkçi adlar
“Bürhani-qate” lüğətinin antroponimlərini tədqiq edərkən diqqətimizi cəlb edən önəmli məsələlərdən biri də antroponimik sistemdə köməkçi adlar kateqoriyasıdır. Azərbaycan dilçiliyi aspektində bu kateqoriya A.Qurbanov tərəfindən belə izah edilir: “Azərbaycan antroponimik sistemində köməkçi adlar kateqoriyasına ləqəb, təxəllüs və titul daxildir. Bunlar hər hansı bir şəxsin həyatı və yaradıcılığının müəyyən mərhələsində meydana gəlir və onun ya adına qoşularaq birgə, ya da adını əvəz edərək təklikdə işlənir. Ümumiyyətlə, köməkçi adların başlıca vəzifəsi bu və ya başqa əsas adı daşıyan şəxsin xarakterini, qabiliyyətini, zahiri görünüşünü, cəmiyyətdə tutduğu mövqeyini, peşəsini, məşğuliyyətini daha aydın nəzərə çarpdırmaqdan ibarətdir” [39, s.166].

Azərbaycan dilinin izahlı lüğətində köməkçi adlar qrupuna aid olan “ləqəb” kəlməsi belə izah olunur: “Müəyyən bir səciyyəvi xasiyyətinə və ya başqalarından ayrılan əlamətinə görə adama verilən qeyri-rəsmi ad; ayama” [10, s.231]. Oxşar tərifə başqa bir əsərdə də rast gəlirik [2, s.273]. İstər şifahi, istərsə də yazılı ədəbiyyatda xalq danışıq dilinin təsiri altında çox sayda ləqəb meydana gəlmişdir. A.Qurbanov ləqəb haqqında yazır: “Ləqəb antroponimik modeldə köməkçi xarakter daşısa da, o, şəxsin varlığının müəyyən əlamətini özündə əks etdirmək baxımından şəxs adından daha canlı səslənir. Bildiyimiz kimi, şəxs adları şərti xarakter daşıyır. O, insanın daxili və xarici təbiəti barədə heç bir işarə bildirmir. Lakin ləqəb haqqında bunu demək olmaz. Ləqəb bir başa şəxsin ya daxili, ya da xarici cəhətinin ən aparıcı əlamətini özündə əks etdirir” [41, s.93]. Ləqəb və şəxs adı arasında olan oxşar və fərqli cəhətləri N.Xudiyev belə səciyyələndirmişdir: “1. Şəxs adları əsas adlar qrupuna, ləqəblər isə köməkçi adlar qrupuna daxildir. 2. Ləqəblər rəsmi adlar deyil. Şəxs adları isə rəsmiləşdirilən adlardır. 3. Hər bir şəxsin adı olduğu halda, ləqəbi olmaya da bilər. 4. Şəxs adları şərti xarakter daşıyır, ləqəblər isə adamların xüsusiyyətlərinə, davranışına, xarici görünüşünə, fiziki qüsuruna, nitq xüsusiyyətlərinə və s. uyğun olaraq verilir, sözlə məfhumun sərhəddi demək olar ki, bərabərləşir. 5. Şəxs adları insana doğulduğu vaxtdan, ləqəblər isə müxtəlif dövrlərdə verilə bilər. 6. Hər kəs öz adı ilə bütün cəmiyyət üzvləri arasında tanınır. Ləqəblərin isə işlədilmə dairəsi məhduddur. Ləqəblər həm müsbət, həm də mənfi məna ifadə edir. İnsan şəxsiyyətini təhqir edən, alçaldan ləqəblər də vardır. Şəxs adlarında isə bəzi istisnalar nəzərə alınmazsa, bu xüsusiyyət yoxdur. 7. Əgər şəxs adları təkrar işlənməsəydi, o zaman dünya əhalisinin sayı qədər şəxs adı olardı, ləqəblər isə azlıq təşkil edərdi. 8. Mövcud şəxs adlarının əsas xüsusiyyətlərindən ən başlıcası kişi və qadın adlarına bölünməsidir. Adların az bir hissəsini kişi və qadın üçün müştərək işlənən adlar təşkil edir. Ləqəblərdə cins kateqoriyası yoxdur” [33, s.28-29].

Köməkçi adlar kateqoriyasına ləqəblərdən başqa, təxəllüs və titullar da aid edilir.Mənşəcə ərəb dilinə məxsus olan “təxəllüs” sözü “adətənyazıçıların, rəssamların və b.-nın işlətdikləri qondarma ad” mənasında işlənir [11, s.177]. “Təxəllüsün şəxs adından fərqi ondadır ki, o, sonradan şəxsin ictimai, ədəbi fəaliyyəti prosesində meydana gəlir və rəsmi ada qoşulur” [39, s.246;41, s.117]. “Təxəllüs əsl şəxs adı ilə birlikdə və ya ayrılıqda işlədilə bilən və əsasən şəxsin özü tərəfindən seçilib qəbul edilən xüsusi addır. Bu xüsusiyyətlərinə görə təxəllüs ləqəbdən və əsl şəxs adından fərqlənir” [2, s.428-29]. “Titul termini fransız mənşəli “titulus” sözündən olub, mənası “yazı”, “fəxri ad” deməkdir [39, s.256;41, s.130]. Başqa sözlə, titul “quldarlıq, feodalizm və kapitalizm cəmiyyətlərində şəxsə irs qalan və ya bağışlanan, ənam verilən ad; ad-san, rütbə”dir [2, s.439].

Öncə köməkçi adlara daxil olan mənbədəki ləqəblərə nəzər salaq. Yuxarıda ləqəb və şəxs adı arasında olan səciyyəvi xüsusiyyətlər “Büthani-qate”də verilmiş ləqəblərdə də özünü doğrultsa da, onlarda diqqətçəkici faktlar da nəzərə çarpır. Bu baxımdan “Bürhani-qate”də köməkçi adlar qrupuna daxil olan ləqəblər sistemi də maraq doğurur.

“Bürhani-qate” lüğətində ləqəb olaraq təqdim olunmuş adların hamısını ləqəb kateqoriyasına aid etmək düzgün olmazdı. Belə ki, لقب ləqəb (ləqəb), یکی از القاب yeki əz əlqab (ləqəblərdən biri) ifadələrinin işləndiyi sözlərin izahına baxdıqda onlardan bir neçəsinin ləqəb kateqoriyasına deyil, rütbəyə aid edilməsinın şahidi oluruq. Bununla bağlı “xüsusi araşdırma obyektinə çevrilən ləqəblər ta qədim zamanlardan başlayaraq digər köməkçi ad kateqoriyaları ilə o qədər qaynayb-qarışmışdır ki, həm orta əsr alim və şairləri, həm də müasir yazıçılar, tarixçilər, ədəbiyyatşünaslar, hətta bəzi dilçilər də çox vaxt ləqəb, titul, təxəllüs və s. terminlərini bir-biri ilə qarışdırmışlar” fikri yerinə düşmüş olur [33, s.27]. Bu nöqteyi-nəzərdən, “Bürhani-qate”də “ləqəb” termininin işləndiyi sözlər sayca çoxluq təşkil etmədiyindən hər birinə ayrı-ayrılıqda müraciət etməklə, onların bu kateqoriyada tutduqları mövqeyə nəzər salmağı məqsədəuyğun saydıq. Bu sözlərə aşağıdakılar aiddir:

ایلخان İlxan [165, 49a] – Monqol sultanlarının ləqəbidir. Bizans (Rum) hökmdarlarının ləqəbi “qeysər”, Çin hökmdarlarında isə “xaqan”dır. Mürəkkəb quruluşlu ایلخان İlxan [119, s.419] sözünün tərkib hissələri olan ایل il [119, s.418] və خان xan [119, s.1393] sözləri də türkmənşəli olaraq M.Müin lüğətində yer almışdır. Burada “ایلخان” adı “İran Moğol sultanlarına verilən ad” kimi izah edilib [119, s.419]. Əlyazmada türkmənşəli bu leksik vahid ləqəb kimi verilsə də, yuxarıda titul haqqındakı məlumata istinadən bu adın da ləqəb deyil, məhz titul kateqoriyasına aid olunması öz təsdiqini tapır.

بزغش Bozğoş [165, 68a] – Övliyalardan birinin ləqəbidir və (həmin övliyanın nəslindən olan) tayfanı بزغشیه bozğoşiyye adlandırırlar. “Bürhani-qate”nin nəşr variantının çıxarışında “بزغشadının Şeyx Nəcibəddin Əli Bozğuş Şiraziyə aid olması qeyd olunmuşdur [104, s.273]. XIII əsr ariflərindən olan Nəcibəddin Əli bin Bozğuş [v.678/1279] Şirazda anadan olmuşdur. Təhsil aldıqdan sonra Şeyx Şihabəddin Sührəvərdinin yanına getmiş və onun müridi olmuşdur. Şiraza qayıtdıqdan sonra xalqı irşad etməyə başlamış və orada da vəfat etmişdir [123, s.2110]. “Şeyx Səfi təzkirəsi”ndə Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin Ərdəbilinin Bozğuşla bağlı xatirəsi də diqqət çəkir. Belə ki, “Ömrünün gənclik illərində kamil bir mürşid axtarışında olan Səfiəddin bu niyyətlə Şiraz şəhərinə gedərək məşhur sufi şeyxi, görkəmli Azərbaycan alimi Şihabəddin Sührəvərdinin (1145-1234) şagirdi olan Şeyx Nəcibəddin Bozğuşu (o da Azərbaycan türküdür) görmək istəmiş, lakin ora çatan zaman Şeyxin ölüm xəbərini eşidərək çox məyus olmuşdur” [55, s.10]. Böyük var-dövlət sahibi olan Nəcibəddin Əli bin Bozğuş sərvətini fəqir-füqəraya sərf etmişdir. Tovhid əqidəsinin sirri haqqında olan sualı türkcə “İki ayna ortasında bir alma” adlı kitabında irfani tərzdə cavablandırmışdır [114, s.147]. Müasir qaynaqlarda onun atasının “Bozğuş”, ləqəbinin isə “Nəcibəddin” olması göstərilir. Həmçinin qeyd olunur ki, Bozğuşun atası yuxusunda İmam Əlini (ə) görmüş və ona nəcib, əməli-saleh bir övladının dünyaya gələcəyi xəbərini vermişdir [178]. Müraciət etdiyimiz mənbələrin heç birində alimin “Bozğuş” ləqəbini daşıması qeyd olunmamışdır. Beləliklə, türkmənşəli “بز(boz) və “غش(ğuş, yəni quş) sözlərinin iştirakı ilə yaranan “Bozğuş” adının ləqəb deyil, Seyid Nəcibəddin Əlinin atasına məxsus olması təsdiqini tapır.

بیور Bivər [165, 85a] – On min at, həmçinin Zöhhak Maranın adıdır. Və ona بیوراسب Bivərəsb də deyirlər. M.Müinin lüğətində “بیور” [119, s.635] “10 min ədədinin qarşılığı” mənasında izah edilmişdir. Həmçinin “Bürhani-qate”də بیور adının digər variantı بیوراسب Bivərəsb sözü də “Zöhhak Marana deyilir. Belə adlandırılması onun şahlıqdan öncə on min ata malik olması ilə bağlıdır. Dəri (orta fars dili) dilində “بیور” “10 min” deməkdir. Bu səbəblə onu belə adlandırmışlar” mənasında izah edilmişdir. İzahlardan göründüyü kimi, bu ləqəb Zöhhaka bir növ məşğuliyyəti ilə əlaqədar verilmişdir.

پرویز Pərviz [165, 96a] – Fateh, qalib, qələbə çalan, qalibiyyət, xoşbəxt, müvəffəqiyyətli, pəhləvi dilində balıq və s. mənaları bildirməklə yanaşı, xüsusi ad kimi Ənuşirəvanın oğlunun ləqəbidir. Balığı çox xoşladığına görə onu Pərviz adlandırırdılar. M.Müinin lüğətində bu tarixi şəxsiyyət haqqında geniş məlumat verilmişdir [122, s.342-343]. Sasani şahı II Xosrova istinad edilən farsmənşəli bu ad lüğətdə ləqəb kimi verilməsə də, şahlığının ilk dövründə çoxlu müharibələr edib, saysız-hesabsız qələbələr çalan bu şəxsiyyətin “Pərviz” ləqəbini daşıması qəbul ediləndir. Mövcud ləqəblərin insanlara onların əməllərinə, xarakterlərinə, peşəsinə, tutduğu vəzifə və s. görə verildiyini nəzərə alsaq, yuxarıda adı çəkilən “Pərviz” sözünün burada ləqəb kimi işlənməsi öz təsdiqini tapır. İran mənbələrinin birində “پرویز” adı məhz “iyirmi ücüncü Sasani şahı II Xosrovun ləqəbi” kimi qeyd olunmuşdur [179].

پورعنقا Pur-e ənqa [165, 102b] – Rüstəmin atası Zalın ləqəblərindən biridir. Firdovsinin “Şahnamə” əsərində onu Simurq quşunun böyütməsi qeyd edilir. Simurqu “عنقا” da adlandırırlar. Quruluşca mürəkkəb olan “پورعنقا” sözü farsmənşəli پور pur (oğul, övlad) və ərəbmənşəli عنقا ənqa (əfsanəvi quş, simurq) [117, s.202; 124, s.177] sözlərinin iştirakı ilə yaranıb. “Simurqun övladı” mənasını ifadə edən bu ad müəyyən hadisə ilə əlaqədar verilmiş ləqəblərdəndir.

پیلتن Piltən [165, 107a] – Rüstəmin ləqəblərindən biridir və atı da bu cür adlandırırlar. “پیل” (fil, böyük, qüvvətli) və “تن” (bədən, cisim) sözlərinin iştirakı ilə yaranan mürəkkəb quruluşlu farsmənşəli “پیلتن” sözü Firdovsinin “Şahnamə” əsərinin baş qəhrəmanlarından olan Rüstəmin ləqəblərindən biri olub, semantik cəhətdən onun zahiri görünüşünü əks etdirir.

تهمتن Təhəmtən [165, 123b] – xüsusi ad olaraq “Rüstəm Zalın ləqəblərindən biri”ni ifadə edir. M.Müinin lüğətində quruluşca mürəkkəb olan “تهمتن” sözünün تهم təhəm (qüvvətli) və تن tən (bədən) sözlərindən ibarət olması göstərilir. Burada “تهم” sözünün Avesta və qədim fars dillərində işlənən “taxma” sözündən qaynaqlanması verilib [122, s.404-405]. “Güclü, qüvvətli, şücaətli” mənalarını ifadə edən “Təhəmtən” ləqəbi də Rüstəmə xarici görünüşünə görə verilən ləqəblərdən biridir.

چوبه Çube [165, 145a] – çubuq, ox, qamçı, qırmanc, əlağacı kimi mənalarla yanaşı, xüsusi ad olaraq Bəhram Çubinənin ləqəbidir. Quruluşca düzəltmə olan “چوبه” sözü farsmənşəli “چوب” və “ه” leksik şəkilçisinin iştirakı ilə yaranıb. Adın mənasından göründüyü kimi, şəxsin xarici görünüşü ilə bağlı verilmiş ləqəblərdəndir.

Bundan başqa, “Bürhani-qate” lüğətində Bəhram Çubinənin həmin kökdən olan digər چوبین Çubin [165, 145a], چوبینه Çubine [165, 145b] və چوبینک Çubinək [165, 145a] variantlarına da rast gəlinir. Quruluşca düzəltmə olan hər üç sözün yaranmasında “ه” (e), “ین” (in) və “ک” (ək) leksik şəkilçilərindən istifadə edilmişdir. Lakin A.Y.Bertelsin hazırladığı “Şahnamə” əsərinin elmi-tənqidi mətninə istinadən qeyd etmək istərdik ki, əsərdə Bəhram şahın ləqəbləri بهرام چوبینه Bəhram-e Çubine, بهرام چوبین Bəhram-e Çubin və چوبینه variantlarında verilib [99, s.15]. Güman etmək olar ki, Məhəmməd Təbrizi bu sözlərin eyni kökdən yarandığını və bir-birinə yaxın olduğunu nəzərə alıb, ya da rastlaşdığı hər hansı bir mənbədə bu variantlara rast gəldiyindən “چوبه” və “چوبینک” adlarını da Bəhram şahın ləqəbləri sırasına daxil etmişdir. Onu da əlavə edək ki, Bəhram Çubin Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının obrazlarından birinin adıdır.

چهر آزاد Çehr azad [165, 146a] – Bəhmənin qızı Humayın adıdır və Darabın anasıdır. Bu sözün digər variantı olan چهر زاد Çehrzad adının da həmin mənada və əlavə olaraq Əfrasiyabın qızının adını ifadə etməsi qeyd edilmişdir. Hər iki variant əldə olan fars şəxs adları lüğətlərində həm ləqəb, həm də ad kimi izah edilib. Belə ki, “FƏ” lüğətində şəxs adı olması [117, s.84] verilib. “FNİ” lüğətində isə “چهر آزاد Əfrasiyabın qızının adı”, “چهر زاد – Bəhmənin qızı Humayın ləqəbi” [126, s.74] olması qeyd edilmişdir. Lakin hər iki adın izahları bunların şəxs adı deyil, məhz ləqəb olmasını sübut edir.



دستان Dəstan [165, 175b] – Bir neçə onomastik vahid mənalarında verilib. Antroponim kimi Rüstəmin atası olan Zalın adıdır. Fars dilçiliyində bəzən ləqəb və ad arasında fərqin qoyulmaması burada da özünü göstərir. Burada “دستان” Zalın adı deyil, ona məxsus ləqəb olmasını yuxarıda adları çəkilən müasir fars şəxs adları lüğətləri də təsdiqləyir.

دستان زند Dəstanzend [165, 175b] – Bu da Zala məxsus ad kimi təqdim olunub. Lakin mürəkkəb quruluşlu bu adın yuxarıda verilən “دستان” adı kimi bunun da Zala məxsus olan ləqəblərdən olduğunu desək yanılmarıq. “دستان” və “دستان زند” adları arasındakı məna eyniliyi eyni adın müxtəlif variantları olduğunu deməyə əsas verir. Bir çox mənalarda işlənən “زند” sözünün ifadə etdiyi “böyük, əzəmətli” mənaları Zalın daha da əzəmətli təqdim olunması üçün verilmiş ləqəblərdən olmasına əsas verir.

دیباوند Dibavənd [165, 185b] – Təhmuras Divbəndin ləqəbidir. Mənası “tam silahlanmış” deməkdir. “Bürhani-qate”nin nəşr variantında çıxarışda bu söz زیناوند Zinavənd sözünün təhrif olunmuş forması kimi göstərilmişdir. Burada “زیناوند” sözününزین (سلاح – silah) və آوند şəkilçisinin iştirakı ilə yaranması verilmişdir [105, s.909]. Ümumiyyətlə, “Şahnamə” eposuna istinadən deyə bilərik ki, əsərin surətlərindən biri olan Təhmurasın ləqəbi olaraq, nə “دیباوند”, nə də “زیناوند” variantlarına rast gəlinir. Bu səbəbdən hər iki variantı دیو بند divbənd (divibağlayan) ləqəbinin təhrif olunmuş variantları kimi göstərmək olar.

دیوبند Divbənd [165, 187a] – şəmsi təqvimin hər ayının on altıncı günü, həmçinin əfsanəvi şəxslərdən olan Cəmşidin qardaşı oğlu Qarunun ləqəbidir. Onu Qaruni-Divbənd də adlandırırlar. Təhmuras və Cəmşidə də deyirlər. Həmçinin dərman adıdır. Quruluşca mürəkkəb olan farsmənşəli bu ləqəb “دیو” və “بستن” (bağlamaq, bənd etmək) feilinin kökü olan “بندsözünün iştirakı ilə yaranıb. M.Müinin lüğətində verilmiş دیوبند sözü də “divi məğlub edib, əl-qolunu bağlayan “Təhmurəsi-Divbənd” kimi izah edilmişdir [120, s.1600]. Ümumiyyətlə, “دیباوند” və “دیوبند” ləqəblərinin hər ikisinin Təhmurasa aid olması faktı onların eyni adın müxtəlif variantları kimi təqdim edilməsinə əsas verir.

رویین تن Ruyintən [165, 197b] – İsfəndiyarın ləqəbidir. Ona “İsfəndiyari-Ruyintən” də deyirdilər. “Şahnamə” qəhrəmanı olan İsfəndiyara məxsus bu mürəkkəb quruluşlu farsmənşəli ləqəb “رویین – möhkəm, davamlı” [120, s.1697] və “تن – bədən, cism” [119, s.1144] sözlərinin iştirakı ilə yaranıb.

زال زر Zal-e zər [165, 200b] – Bu ad “Rüstəmin atasının adıdır. Qırmızı siması, ağ saçları var idi” mənasında izah edilmişdir. Yuxarıda verilmiş “دستان” (dəstan) və دستان زند (dəstanzend) adları kimi bu ismin də Rüstəmin atasına məxsus olan adlardan olması verilib. Şəxsə xarici görünüşünə görə verilmiş ləqəblərdən sayılan bu ad quruluşca mürəkkəb olub, “زال” (Zal) və “زر” (qızıl) sözlərinin iştirakı ilə yaranıb.

زنده پیل Zende pil [165, 208a] – “Böyük fil” mənasındadır. Şeyx Əhməd Camın ləqəbidir. Zendepil (زنده پیل) və ya Jendepil (ژنده پیل) ləqəbli Əhməd bin Əbülhəsən bin Əhməd XII əsrin məşhur sufilərindən olmuşdur [114, s.382-384]. Farsmənşəli bu ləqəbin tərkib hissələri olan “پیل” və “زنده” sözlərinin ifadə etdiyi “böyük, məşhur” [119, s.953], “eşq və mərifəti zahir olan kəs, alim” [120, s.1754] mənalar “زنده پیل” ləqəbini daşıyan Şeyx Əhməd Camın görkəmli alimlərdən biri olmasını diqqətə çəkir. Semantik cəhətdən şəxsin tutduğu mövqeyini ifadə edən ləqəblərdəndir.

کمان گیر Kəmangir [165, 327b] – Ox atmaqda tayı-bərabəri olmayan bir oxatanın adı, həmçinin Arəşin ləqəbidir. Semantik cəhətdən şəxsin məşğuliyyəti və peşəsi ilə bağlı verilmiş farsmənşəli bu ləqəbin tərkib hissələri “کمان” (kaman, ox) və “گرفتن” (tutmaq, ələ keçirmək) feilinin kökü olan “گیر” sözündən ibarətdir.

گلاه Gəlah [165, 351a-b] – “qara” mənasındadır. Şeyx Zeynəddin Əlinin ləqəbi də Gəlah olub. Şeyxin babalarından biri İmam Həsənin (ə) səhabələrindən olmuşdur. M.Müinin lüğətində bu söz “qara rəng; hicri tarix ilə VI (miladi XII) əsrdə Şirazda yaşamış böyük arif, şair Şeyx Zeynəddin Əlinin ləqəbi – Şeyx hər zaman qara rəngdə libas geyindiyi üçün belə adlandırılıb” kimi izah edilmişdir [121, s.3357].

گور Gəvr, Gur [165, 356b] – xüsusi adlardan Hindistan kafirlərindən ibarət olan tayfa adı, şəhər adı və Sasani şahlarından olan Bəhram Gurun ləqəbini ifadə edir. Qeyd edək ki, lüğətin əlyazma nüsxəsində bu sözün bütün izahları verilsə də, sözün özü katib tərəfindən qeyd olunmamışdır. “Bürhani-qate” lüğətinin nəşr variantında bu söz yuxarıdakı qrafik variantla eynidir [106, s.1850-1851].

گورخان Gurxan [165, 357b] – bu adın izahında Çin padşahının adı ilə yanaşı, Bəhram Gurun da belə adlanması qeyd olunur. İzaha əsasən, adın Bəhram Gura aid ləqəblərdən olması anlaşılır. Dehxudanın lüğətində də həmin adın mənalarının birində “Bürhani-qate”yə istinadən “Bəhram Gurun ləqəbi” olması verilib [158,s.521]. Mənbələrin birində “Bəhram şaha “Gur” ləqəbinin گورخر gurxər (gur, zebra) heyvanının ovlanmasına olan marağına görə verildiyi” göstərilir [180]. Buradan Bəhram şaha verilən “گور” gur (gur, zebra) [88, s.407] tərkibli ləqəblərin onun məhz hobbisinə uyğun olaraq seçilməsi anlaşılır. Bundan başqa, “Bürhani-qate” lüğətinin nəşrində گورخان sözünün “Çin padşahının adı” ilə bağlı çıxarışda verilən izaha əsasən, Gurxan ləqəbi yalnız bir şaha məxsus olmamışdır. Bu ləqəb Gürxanlılar və ya Qaraxətailər şahlarının ləqəbi olmuşdur [106, s.1851]. Ləqəblə bağlı müasir qaynaqlarda verilmiş məlumat da Gürxan adının ləqəb olduğunu bir daha təsdiqləyir: “Uzaqgörənliyi olmayan Qaraxanlı şahı Qaraxətailərdən yardım istədi. Qaraxətai xanı da öncə yardım edib sonra onu taxtdan endirib yerinə keçdi. Böyləcə Balasaqun Qaraxətailərin başkəndi oldu. Türk dilində dünya padşahı anlamına gələn “gürhan” ləqəbi ilə Balasaqunun sahibi oldu. Daha sonra gələn Qaraxətailər də bu ləqəbdən yararlandılar” [181].

هیرمند Hirmənd [165, 432a] – Gəştasbın ləqəblərindən biridir. Mənası abid, zahid və ibadət edən deməkdir. Həmçinin Nimruz vilayətində çay adıdır. Bu sözün mənası Dehxuda lüğətinə əsasən, atəşpərəst deməkdir və mürəkkəb söz olub, “هیر” (atəş) və “مند” (sahib, yiyə) sözlərinin iştirakı ilə yaranmışdır [162, s.358]. İran şahlarından olan Gəştasb zərdüştilik dininin yayılması ilə məşğul olmuşdur. Etiqad etdiyi din və tutduğu yol Gəştasba “Hirmənd” ləqəbini qazandırmışdır.

یک زخم Yekzəxm [165, 436a] – Sam Nərimanın ləqəbidir. Divi bir zərbə ilə öldürdüyünə görə belə adlandırılmışdır. “Şahnamə” surətlərindən olan Sam Nərimanın oğlu, Zalın atası və Rüstəmin babası idi. Mürəkkəb quruluşlu farsmənşəli bu söz “یک” (bir) və “زخم” (yara) sözlərinin iştirakı ilə yaranmışdır.

Yuxarıda göstərilən və əksəriyyətinin “Şahnamə” surətlərinə məxsus olan bu ləqəblərin müsbət məna kəsb edən ləqəblərdən olması aydın görünür. Bundan başqa, bu ləqəblərin bəzilərinin müstəqil şəkildə şəxs adı kimi işlənməsi də diqqətdən kənarda qala bilməz. Belə ki, həmin ləqəblərin bəzilərinin, yaxud onların tərkib hissəsinin müstəqil şəxs adı kimi işlənməsi müraciət etdiyimiz şəxs adları lüğətlərində öz təsdiqini tapır. Bunlara پرویز [117, s.60;124, s.53;125, s.125;126, s.61]; پیلتن [124, s.57;125, s.135]; تهمتن [117, s.72;124, s.64;125, s.149;126, s.67]; چوبین [126, s.74; 124, s.165]; چوبینه [117, s.84;124, s.76;125, s.165];رویین (رویین تن) [117, s.124; 124, s.111; 125, s.226;126, s.94]; عنقا (پورعنقا) [117, s.202;124, s.177; 125, s.320]; کمان گیر [124, s.207;125, s.356] adları daxildir. Müraciət etdiyimiz fars şəxs adları lüğətlərinə istinadən bu sözlərin bəzilərinin xüsusi ad olaraq verilmiş izahlarında şəxs adı olması qeyd edilmişdir. Bu səbəbdən İran dilçiliyində ləqəb və şəxs adı anlayışları arasında fərqin olmaması, ya da ləqəbin şəxs adını əvəz edərək işlənməsi qənaətinə gəlmək olar [21, s.15]. Həmçinin qeyd etmək istərdik ki, fars dilçiliyində olduğu kimi, Azərbaycan dilçiliyində də “ləqəbin işlənməsinə dair belə bir cəhət də vardır ki, nitqdə bəzən ləqəb əsas şəxs adını əvəz edərək təklikdə işlənir” [39, s.244]. Hətta burada qeyd edilən ایلخان İlxanپرویز Pərviz adlarının Azərbaycan dilinin şəxs adları sırasına daxil olaraq çox işlənən adlardan olması da məlumdur.

Termin kimi fərqin qoyulmamasını ləqəb və titulun timsalında da görmək mümkündür. Məsələn; “Bürhane-qate” lüğətində verilmiş və bir neçə mənalarda izah edilən کی key [165, 338a] sözü xüsusi terminlə ifadə edilməsə də, titul olaraq şahlar şahı, ən böyük şah mənasını ifadə edir. “Fərhəng-e namha-ye Şahname” (“Şahnamə” adları lüğəti”)ndə “کی” sözü “Kəyani sülaləsinin şahlarına məxsus ləqəb” kimi izah edilmişdir [128, s.806]. İran mənbəsində bir çox mənalarda işlənmiş söz xüsusi isim kimi “Qubadın ləqəbi və bəziləri bunun ad olduğunu deyir” izahı yer almışdır [182].

Bunlardan başqa, “Bürhani-qate” lüğətində rast gəlinən titullara Türküstan şahlarına müraciət olunan خان xan [165,151a], bir neçə fonetik variantda təqdim olunan دروا dərva, dorva [165, 173a] sözlərini misal göstərmək olar.

خان xan sözü haqqında olan izahda Məhəmməd Təbrizi tərəfindən münasibət bildirilməsə də, M.Müinin lüğətində türkmənşəli verilmiş bu ad “Türküstanda və digər bölgələrdə şah və ya əmirlərə məxsus titul; dövlət xadimlərinə məxsus titul” və s. mənalarda işlənib [119, s.1393]. Eyni zamanda həm V.Radlov, həm də L.Z Budaqov “xan” sözünün türkmənşəli söz kimi titul mənasını ifadə etdiyini müxtəlif misallarla lüğətlərinə daxil etmişlər [93, s.1662-63; 77, s.527-528].

Bir neçə mənada işlənən “دروا” sözü məcazi mənada Harut və Marut mələklərini ifadə etsə də, “dorva kimi tələffüz edildikdə “Hindistan böyüklərinin və sultanlarının adıdır” izahına görə köməkçi adlardan titul funksiyasını daşımış olur.

Titula aid edilən və iki variantda təqdim edilmiş “İsa (ə) dinində (xristianlıqda) xəlifə”yə aid olan پاب pab [165, 85b] və پاپا papa [165, 85b] sözlərini də misal çəkə bilərik. پاب pab variantının izahında bu sözün ب əvəzinə پ hərfi ilə işlənməsi də qeyd edilmişdir. Hal-hazırda belə Roma katolik kilsəsinin başçısı, katolik xristianlarının dini rəhbərinə “Roma Papası” ünvanı ilə müraciət olunur. M.Müinə məxsus lüğətdə isə پاب pab sözü toponim olaraq “Mavərənnəhrdə şəhər adı” mənasındadır [122, s.316]. M.Müinə istinadən, dini titul kimi məhz پاپ pap yazılış formasını düzgün variant hesab etmək məqsədəuyğundur.

Mənbədə ad kimi təqdim olunmuş və geniş izahı verilmiş sözlərdən biri də پادشاه padşah [165, 86a-b] tituludur. “Bürhani-qate” lüğətində rast gəldiyimiz نویان nuyan [165, 408b] sözü də “şahzadələrə deyilir. Türklər məlik və sultanları belə adlandırırdılar” kimi izah edilmişdir. Həqiqətən “نویان” kəlməsi V.Radlovun lüğətində çağatay dilində işlənən söz “məmur, çinovnik (monqollarda)” (знатный монголь, монгольский чиновник) mənasında tədqim edilmişdir [94, s.694].

“Bürhani-qate” lüğətində verilmiş “xanım, xatın, evdar xanım” mənalarında izah edilən خاتون Xatun [165, 149a] adı xanımlara aid edilən titullardandır. Belə ki, “Xatun” adının qədim dövrlərdə “yüksək şəxsiyyətli qadınlara və ya yüksək vəzifəlilərin həyat yoldaşlarına verilən” ad mənasında işləndiyini nəzərə alsaq, bu anlamda titul kimi qiymətləndirə bilərik. Mənbədə əlavə olaraq “خاتون” sözünün işləndiyi خاتون عرب Xatun-e ərəb [165, 149a] və خاتون کاینات Xatun-e kayenat [165, 149a] ifadələri müqəddəslərdən hz. Fatiməyə (ə) aid olan ləqəblərdəndir. Bu iki ifadəni birləşdirən ümumi mənalardan biri də məcazi mənada کعبۀ معظمه Kəbe-ye Moəzzəme (Müqəddəs Kəbə)dir. “Xatun” sözünün daha çox titul funksiyasını daşımasını Şəmsəddin Samiyə məxsus olan məşhur “Qamusi-türki” lüğətində görmək mümkündür. Belə ki, “etibarlı qarı, qadın, xanım, banu, seyyidə” mənalarında verilmiş “خاتون” sözünün “qadın” şəklində işlənməsinə baxmayaraq, onun daha çox hörmət mənasını ifadə edən müraciət formasında işlənməsi göstərilir [69, s.565]. Bundan başqa, həmin lüğətdə “خاتون” sözünün verilmiş digər “قادین” variantının “Kübar qarısı, xanım, banu: qadın əfəndi, böyük qadın; Padşahi- əzəm həzrətlərinin hərəmi-möhtərəmələri: qadın əfəndi həzrətləri” mənalarını ifadə etməsi, “xatun” leksik vahidinin ilk növbədə titul mənasında işləndiyini diqqətdən kənarda qoymur [69, s.1019]. Eyni zamanda F.Xalıqovun “xatun” sözü haqqında topladığı məlumatlar da maraq doğurur. Müəllif “xatun-xatın” leksik vahidinin müxtəlif mənbələrə istinadən, “Sözün vaxtilə “çay” mənası daşıdığı və sonralar həmin mənanın unudulub sıradan çıxdığını” və “qadın (katun) sözünün “qadınlıq məzmunu” qazanmamışdan qabaq “su”, “çay”, “göl” mənası daşıdığını” qeyd etmişdir [30, s.37]. Ə.Quliyevin “Qədim Türk onomastikası” adlı kitabında Orxon-Yenisey abidələrində işlənmiş titullar içərisində “Kan” və “Katun” leksik vahidlərinə də rast gəlirik [37, s.8].

Ümumiyyətlə, ləqəb kimi bəzən titulların da müstəqil şəkildə şəxs adı funksiyasını daşımasını həm Azərbaycan, həm də fars şəxs adları sirasında yer alan “Xatun”, “Xan” leksik vahidlərinin timsalında görə bilərik. Müraciət etdiyimiz müasir fars şəxs adları lüğətlərinin bəzilərinə daxil edilmiş “خاتون” [117, s.93;125, s.179;126, s.79] və “خان” [125, s.181] adlarının türkmənşəli olması qeyd edilmişdir. Hətta digər izahlı lüğətlərdə də mövcud olan “خاتون” [119, s.1384;93, s.1683] və “خان” sözlərinin [119, s.1393;93, s.1662-63] türkmənşəli titullardan olması göstərilmişdir. Lakin “FNS”də “خاتون” adı haqqında olan məlumatlar bizdə maraq doğurdu. Belə ki, bu kitabda “soqdi mənşəli” (iran mənşəli ölü dillərdəndir) adlardan olduğu göstərilmiş “Xatun” adı “zadəgan xanımların ləqəbi; Çin xaqanının xanımının ləqəbi; bəzi adlarda son şəkilçi kimi” işlənir. Məsələn: “Nərgizxatun” mənalarında izah edilmişdir [124, s.85]. İzahlardan göründüyü kimi, bu ad titul mənasını ifadə etsə də, ləqəb kimi təqdim edilməklə yanaşı, şəkilçi kimi də işlənməsi diqqətdən kənarda qalmır. Beləliklə, titul, şəxs adı, ləqəb kimi işlənən “Xatun” adı sonuncu mənbədə soqdi mənşəli söz kimi təqdim edilsə də, yuxarıda sadaladığımız dəyərli mənbələrə istinadən onun türkmənşəli olması birmənalı şəkildə təsdiqini tapir.

“Bürhani-qate”də verilmiş və izahına əsasən köməkçi adlar qrupuna aid edilə biləcək اسپهبد Espəhbəd [165, 29a] sözü “Təbəristan şahlarına məxsus olan isim” mənası ilə yanaşı, həmçinin “سپه سالار” kimi “ordu başçısı, sərkərdə” mənalarını ifadə edir. Farsmənşəli olan bu sözün izahında hər hansı bir köməkçi ada aid olması qeyd edilməmişdir. Lakin mənasına nəzər saldıqda, sözün məhz titula aid olması diqqətə çatır. “Bürhani-qate” lüğətində اسپهبد Espəhbəd sözünün اسفهبد Esfəhbəd variantına [165, 31a] da rast gəlirik. “اسپهبد” mənasında işlənən bu söz də “ordu başçısı, sərkərdə və fars şahlarına məxsus ad” kimi izah edilmişdir. Hər iki söz arasında bir hərf fərqi olsa da, iki variantda işlənən eyni mənalı söz kimi qiymətləndirilir.

M.Müinin lüğətində اسپهبدespəhbəd variantı ilə yanaşı [119, s.234], bu sözün pəhləvicə “spahpat” kimi işlənən اسپاهبد espahbəd variantında da titulu ifadə edən “ordu başçısı, sərkərdə” mənaları verilib [119, s. 230].

Beləliklə, burada göstərilmiş və fars şəxs adları sisteminin zənginləşməsində qismən də olsa rolu olan ləqəblər ancaq istinad mənbəyimiz olan “Bürhani-qate” lüğətində yer alan leksik vahidlərdir. Əlbəttə, ləqəb və titullar bunlarla tamamlana bilməz. Zamanla qanunauygun şəkildə yaranan ləqəblərin fars şəxs adları sisteminin zənginləşməsində rolu danılmazdır. Həmçinin bu sırada adların tərkibində işlənərək yeni antroponimlərin yaranmasında iştirak edən titullların də mühüm rolu vardır. Bir sözlə, Azərbaycan dilçiliyi baxımından çıxış etsək, fars dilçiliyində antroponimikanın köməkçi adlar kateqoriyasının həm fars şəxs adları sisteminin, həm də bu adların bir qisminin dilimizə keçərək Azərbaycan dilinin şəxs adları sırasının zənginləşməsindəki rolu da inkar edilə bilməz.


Yüklə 335,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin