Mixail Zoşşenko
-------------------------------------
(tərcümə edəni: Akif ƏLİ)
N ə h s g ü n
(Bir hissəli komediya)
Iştirak edirlər:
Kooperativin müdiri-
Satıcı-
Hesabdar-
Kassir qadın-
Dalandar-
Milisioner-
Kooperativ mağazası. Yarıqaranlıqdır. Piştaxtanın üstündə lampa yanır. Yerə palaz salınıb, üstünə ərzaq yığılıb. Dalandar (o həm də gecə gözətçisidir) ehtiyatla ətrafa baxa-baxa, dinləyə-dinləyə rəfdən bir dəstə papiros götürüb palazın üstünə atır. Dalandarın içəri girdiyi kiçik zirzəmi pəncərəsi açıqdır.
DALANDAR – (özünə ürək-dirək verir) Yox, vallah, vətəndaşlar, bu oğurluq deyil. Oğurluq o vaxt olar ki... Nə təhər deyim... Oğurluq o vaxt olar ki... əməlli-başlı oğurluq eləyələr, haranısa yarıb bütöv kassanı aparalar... Yainki, kimisə, ee... cəhənnəmə vasil eləyələr. Bu olar iş. Yoxsa ki mən... Boş şeydir, əşi, əhəmiyyətsiz işdir. Tüpürəsən belə oğurluğa, bu nə oğurluqdur? Gecə vaxtı gözətçi girir kooperativə, bir az (çəlləkdən bir qədər siyənək balığı götürür) hə budey, bax, lap bir azca siyənək götürür... Bah, nə böyük iş olub! Bundan dövlətimizə nə ziyan dəyəcək? Heç nə! Dövlət üçün bu nədi ki? Tfu, vəssalam, əhəmiyyətsiz bir itgi. (Palazın künclərini bir-birinə düyünləyir). Yox, dayan, kolbasa qaldı. Ürəyim kolbasa istədi (Bir halqavari kolbasa götürür). Mənim yerimə başqa gözətçi – daha əclafın, banditin biri kooperativə girsəydi – buralarda mənim kimi naz eləməzdi. O heç vaxt bir dənə kolbasa götürməzdi. O sırtıq ən azı üç dənəsini qamarlayardı (Üç kolbasa götürür). Üç nədir, dördünü... Mənsə - cəmi üçünü götürürəm, bəsimdi. Çünki mən vicdanlı adamam. Mən başqaları kimi öz dövlətimi tamam ərzaqsız qoya bilmərəm. Ona mağazalarda alqı-satqını davam etdirmək imkanı verirəm (Kolbasaları dəsmala bükür. Qulaqlarını şəkləyir). Oy, tələsmək lazımdır. Bir başqa köpəkoğlu gəlib girər içəri, oh-oh, adamı bir təhər eləyər! (Ətrafa göz gəzdirir ki, görsün daha nə götürə bilər.) O təzə gələn heyvərə hamısını yığıb apara bilməsə də, yarısını buradaca yeyib-dağıdar. (Qənd götürüb yeyir, bir az da ciblərinə doldurur.) Bəyəm bu oğurluqdur, vətəndaşlar? Bunun adı oğurluqdur. Özü isə... (Ərzaq dolu bağlamanı götürür.) Özü isə, elə bil quşa yem aparırsan. Çünki mən vicdanın nə demək olduğunu gözəl bilirəm... Bəlkə də mənim bu nəcib fəaliyyətim sayəsində, sabah kassaya növbədə üç adam az olacaq. Məgər bu mənim xeyirxahlığım deyil? Oy, tələsmək lazımdır. (Pəncərəyə yaxınlaşır. Ərzaq dolu bağlamanı yuxarıya qoyur. Sonra özü də birtəhər dırmaşıb çıxır) Amma o müdirimiz – zındıq yaman hirslənəcək ha! Ay aman, dağıtdılar – deyəcək. Qoymayın oğurladılar, - qışqıracaq. Yazıq neyləsin, mən onu başa düşürəm. Təmiz adamlar belə şeylərə dözə bilmirlər. Oy, deyəsən gələn var... (Pəncərədə o üzə çıxıb gözdən itir.)
2.
MÜDİR (qapını açır, işığı yandırır). Bəli, bəli, İvanıç, mən beləyəm, işə tez gəlməyi xoşlayıram.
SATICI (lütfkarlıqla). Ay Vasili Fyodroviç, mən lap mat qalmışam e: siz necə də məsuliyyətli və dahiyanə işçisiniz! Siz çox, necə deyim e, həqiqətpərəst insansınız. Həmişə də buraya - öz mübariz postunuza hamıdan tez gəlirsiniz.
MÜDİR (təvazökarlıqla). Lazım deyil, İvanıç...
SATICI (dağıntını hələ görməyib). Həqiqi deyirəm, Vasili Fyodroviç. Siz necəsə, bilirsiniz, belə necəsə qeyri-adisiniz e, necəsə belə...
MÜDİR (xəyalpərvər tərzdə). İvanıç, mən axı ümumun rifahı naminə çalışıram. Inan ki, əgər özümçün olsaydı, bəlkə də bir bu qədər gərginliklə əlləşib-vuruşmazdım.
SATICI. Orası elədi əlbəttə... O məlum məsələdir də, Vasili Fyodroviç.
MÜDİR. Ümumxalq rifahı üçünsə mən çalışmalıyam da. Başqa cür necə ola bilər ki?
SATICI. Orası elədi... O əlbəttə... O məlum məsələdir ki, ümumun rifahı naminə elə belə də olmalıdır. Biz hamımız o uca, o ülvi amalın naminə belə olmuşuq da, belə bir təhər, necə deyim, biz elə bil ayrı aləmin adamlarıyıq e... Elə bil nəsə, necə deyim, xüsusi adamlarıq da biz hamımız bir sözlə...
MÜDİR. Əlbəttə, İvanıç, biz heç vaxt şəxsi mənfəət güdmürük, varlanmağa can atmırıq. Kapitalizm dövrü keçdi! Bəli! Bizimki odur ki – bərabərlik olsun, əmin-amanlıq olsun.
SATICI. Orası elədi, əlbəttə... O məlum məsələdir. Biz nəçikarəyik ki, özümüz barəsində düşünək. Biz ancaq başqaları haqqında düşünməliyik.
MÜDİR. Yox, İvanıç, sən burda siyasi baxımdan bir balaca caydın. O başqaları ki deyirsən ha, kimdir onlar? Dolayısı ilə onlar da elə biz özümüzük də.
SATICI. Orası elədi... əlbəttə... Onlar da elə bizik, məlum məsələdi. Deyirəm də. Başqaları cəhənnəm olsun, onlar kimdir ki, biz onlar haqqında düşünək. Bizimki odur ki, tək özümüzü fikirləşək, qurtarsın getsin.
MÜDİR. Bir insan ki həyatda özünü düşünmür ha, bax elə bil onda həmin adam, nə təhər deyim, İvanıç, dönüb olur müqəddəs bir şey. O deyirlər e, sanki paklaşır, mənən ucalır göylərə.
SATICI. Elədi, Vasili Fyodroviç, mənəvi ucalığımızı gərək əldən verməyək. Axı onu da əlimizdən alsalar, təsəvvür elə, bizdən quru yerdə nə qalar?..
MÜDİR. ...Buxardan savayı... (Qaloşlarını çıxarır)
SATICI. Oy, Vasili Fyodroviç...
MÜDİR. Nədi?
SATICI. Oy, Vasili Fyodroviç, bu nədi belə?
MÜDİR. (dağıntını görür) Hiii!? Bu nədir?!
SATICI. Qarət, Vasili Fyodroviç!
MÜDİR. Hə!! Can qardaş! Tez elə, cum, İvanıç... Cum, milisoner gətir. Aman allah, bu nədir? Bir buralara bax... (bağırır) Milisioner!
SATICI. (qışqırır) Milisioner! (qaçıb gedir)
MÜDİR. Siz bir fikir verin. Görün mənim başıma nə oyun açıblar.
Kooperativin hesabdarı qaçaraq gəlir.
3.
HESABDAR. Hə, Vasili Fyodroviç? Deyirlər oğurluq olub?
MÜDİR. Hə, bax ləzzət al. Gör xalq malını necə amansızcasına darmadağın ediblər? Gör, gör ki, hələ aramızda necə əbləhlər yaşamaqda davam edir.
HESABDAR. Deyəsən axı çox böyük ziyan dəyib, Vasili Fyodroviç?
MÜDİR. Yox, əslində bir elə şey aparmayıblar, qəpik-quruşdur, amma mən mənən sarsılıram: gör necə nakəslər var aramızda. Çox şükür ki, oğurluq yüngülvaridir. Indi milis gələr. Akt bağlayarıq. Get o dalandarı da çağır bura. Əcəb də qarovulçumuz var – mağazanı oğurladıb, əfəl. Qoy akt tərtib edəndə o da burda olsun və xəcalət çəksin, tər töksün.
HESABDAR. Bu dəqiqə... Eh... (əzilib-büzülür) Vasili Fyodroviç, ay Vasili Fyodroviç...
MÜDİR. Nolub?
HESABDAR. Deyirəm necə də əlverişli bir fürsətdir e...
MÜDİR. Nədir?
HESABDAR. Fürsətdi deyirəm necə də əlverişli... Nədir o, akt tərtib edəcəklər. Yazacaqlar-pozacaqlar...
MÜDİR. Hə, haqq-hesab aparılacaq...
HESABDAR. Bəs bizim özümüzün axı, Vasili Fyodroviç, allah bilir nə qədər... nədi o... əyər-əskiyimiz var. Deyirəm, Vasili Fyodroviç, biz özümüz işimizi bəri başdan ehtiyatlı tutardıq da... Öz daxili işlərimizi sahmana salardıq, deyirəm də...
MÜDİR. Əlbəttə, ehtiyat igidin yaraşığıdır. Adam gərək işini ehtiyatlı tutsun. O da ki ola, sən demişkən, əyər-əskik-filan...
HESABDAR. (həvəslənir) Əlbəttə, balaca bir ehtiyat, Vasili Fyodroviç. Az əyər-əskiyimiz olur bəyəm? Hər ayın axırında başımız ağrıyır. Adam bilmir hardan kəsib hara calasın. Amma bir balaca ehtiyatımız olsaydı... işlərimizi... Bir, iki, üç! Yallah...
MÜDİR. Əgər bir azacıq deyirsənsə...
HESABDAR. Lap azacıq, Vasili Fyodroviç. Misalçün, tutaq ki, beş kilo qənd aparmayıblar, Vasili Fyodroviç, biz deyək on kilo. Onsuz da oğru əclaf üçün nə fərqi? Beş dedik, on dedik... Amma bizimçün... əlimizin altında ehtiyatdı da, lazım olar...
MÜDİR. (fikirli-fikirli) Orasını düz deyirsən ki, indi bu saat oğrunun nə vecinə?
HESABDAR. Əlbəttə, Vasili Fyodroviç, onunçün nə isti-soyuğu? Olan olub, keçən keçib. O əfəl istəsəydi vaxtında lap bir tay qəndi dalına alıb aradan çıxardı. Amma o hərif qorxusundan bəlkə də iki ovuc xışmalayıb cibinə basıb, vəssalam. Indi onun əvəzinə biz – inşallah, o məsələ eləyərik. Bir, iki, üç! Yallah... Gözünü yum, aç – yoxdu. Gizlənpaç, gəldim qaç... hə?
MÜDİR. Bir yana baxanda onu düz deyirsən ki, bu qənd həmişə bizim başımıza oyun açır.
HESABDAR. Deyirəm də. Düzələn zibil deyil... Bir halda ki belə fürsət düşüb...
MÜDİR. Hə də, indi dövlət üçün də bunun elə bir əhəmiyyəti yoxdur. Axı oğru çox da apara bilərdi.
HESABDAR. Əşi, o istəsə lap bütün kooperativi yığıb aparardı. Bu saat bizimçün əla momentdi. Həm dələduzluq olmur, həm də yaxşı alınır da... (kisədən yapışır) Kömək edin zəhmət olmasa, Vasili Fyodroviç, bu bir kisə qəndi o tərəfə qoyaq.
MÜDİR. Ağ eləmə, bir kisə çoxdu.
HESABDAR. Çox niyə olur, Vasili Fyodroviç? Lap əntiqədi. Gəlin hələ bir kisə də qoyaq qırağa, Vasili Fyodroviç. Nolar e, uşaqlar südə-zada qarışdırıb içəcəklər də (Kisələri piştaxtanın altına sürüyüb gizlədirlər).
MÜDİR. (kolbasa tıxışdıraraq) Dadlıdır... Yəni deyirsən kolbasa-zad da götürək? Axı bu kolbasalar da həmişə bizim başımıza oyun açır? Çox zərif, kövrək maldır e. Heç vaxt gəlir-çıxarı başa-baş gəlmir.
HESABDAR. Day kolbasa götürməliyik də. Buna nə söz ola bilər? Zəhmət olmasa o üç dənəni bəri verin görüm.
MÜDİR. Elədir, düz deyirsən, al dördünü də götür. Uşaqlıqdan mən kolbasaya xüsusi hörmət və rəğbət bəsləmişəm. Bu heç... Amma deyirsən yəni papiros da götürək?
HESABDAR. (papirosları gizlədir) Əlbəttə! Papiros – mütləqdi. Kişi deyilik?
MÜDİR. Əşi o qədər çox oldu. Qaytar.
HESABDAR. Məncə normasındadı. Bu zəhrimar çəkilir gedir də. Sümür, üfür havaya, vəssalam, yoxdur- di gəl balansını göydə axtar. Qoy çox olsun, Vasili Fyodroviç. Sənin işin yoxdu.
MÜDİR. Amma öz aramızdı, yaman maymaq oğru imiş ha...
HESABDAR. Əşi axmağın biriymiş. Üzünə tüpürülməli murdar bir şəxsiyyət imiş. Oğru nədi, kötük kimi bir şeymiş... Tupoy oğlu tupoy!
Milisioner və Satıcı gəlirlər.
4.
SATICI. Budey, baxın yoldaş milisə. Budey...
MİLİSİONER. (Anbara göz gəzdirir.) Hə, çox ustalıqla işləyiblər.
MÜDİR. Sən bir əmələ bax ki, gecə qapıda gözətçi ola-ola içəridə nə hoqqalar çıxarıblar.
MİLİSİONER. Gözətçi kimdir?
SATICI. O bizdə həm dalandar işləyir, həm də gecə gözətçisidir.
MİLİSİONER. Çağırın!
MÜDİR. Dalandar gəlsin! Çağır qoy gəlsin, akt bağlananda özü burda olsun. Bu onunçün yaxşıca ibrət dərsi olar.
HESABDAR. (kassanı yoxlayır) Bu dəqiqə, Vasili Fyodroviç, indicə çağıraram. Deyirəm görüm kassanın vəziyyəti nə yerdədir?
Nəyisə xəlvəti götürüb cibinə qoyur. Cəld qapıya
doğru gedir. Yolda Kassir qadınla toqquşur.
5.
KASSİR QADIN. (qışqırır) Ah! Oğrular! (əllərini göyə qaldırır)
MÜDİR. Nolub, madam özünü apara bilmirsən?
KASSİR QADIN. Mənə elə gəldi ki, bizi soyurlar.
MÜDİR. Bir balaca gec ayılmısan, madam. Artıq soyublar.
SATICI. Arvad yazıq qorxub da...
KASSİR QADIN. Ay, qarət ediblər? Bəs mənim kassam? Ona toxunmayıblar ki?
MÜDİR. Hə, görün kassaya əl vurmayıblar ki?
SATICI. Deyəsən kassayla işləri olmayıb.
MİLİSİONER. Kassanın yarıldığı hiss olunmur.
KASSİR QADIN. Necə yəni? Açıq-aydın görünür ki, bura əl dəyib. Hər şey alt-üst olunub. Kor-kor, gör-gör. Məndə burda qırx manat vardı, indi baxıb görürəm ki, azdır. Bu saat bir də hesablayım.
Hesabdar oğru Dalandarla gəlir
6.
MÜDİR. Ey qoca kötük, bu necə qarovulçuluq eləməkdi?
DALANDAR. (Yalandan gözlərini ovuşdurur, əsnəyir, guya ki indicə yuxudan durub) Hə, nə olub bəyəm?
HESABDAR. Öküz kimi yatmışdı, zorla oyatmışam.
SATICI. Necə yəni “nə olub”, ə? Daha bundan artıq nolacaq? Dövlətə dəhşətli bir zərbə dəyib, sənsə mal kimi yatmısan.
MÜDİR. Budey, bax ləzzət al.
DALANDAR. (yalandan) Hiii... Ayy-yay-yay... Ay-ay! Bizdə də - oğurluq? Bir görün e, siz allah! Heç inana bilmirəm.
MÜDİR. Indi görürsən ki?
DALANDAR. (süni şəkildə) Ay-ay-ay! (heyrətə gəlmiş adamın rolunu oynamağa başlayır. Gah başını tutur, gah ürəyini) Ay-ay-ay! Ay aman necə dəhşətdir, adamın heç inanmağı gəlmir!
MÜDİR. Yoldaşlar, inanın ki, oğru əlimə düşsəydi, onu diri-diri boğardım.
DALANDAR. (qorxaraq) Ey-ey-ey! (Boğazını tutur) Day boğmaq niyə? Fikir verirsən, yoldaş milisioner...
MİLİSİONER. Bağışlayın, olmaya sizsiniz gecə gözətçisi?
DALANDAR. (adi səslə) Mənmi? Hə də, əlbəttə, gecə gözətçisi mənəm. Amma mən yazıq bütün gecəni qapının ağzında uzanmışam, gözümə bir elə şey dəyməyib. Əlbəttə, ola bilsin arada bir mürgüləmişəm...
SATICI. “Mürgüləmişəm”! Qoca köpək! Gör bir sənə görə dövlətimizə necə ağır ziyan dəyib.
DALANDAR. Amma deyirəm, yaxşı ki çox şey apara bilməyiblər. Hə?
HESABDAR. Necə? Bəs bu oğurlananlar azdır?
MÜDİR. Oğurlanan mallar yada düşəndə adamı dəhşət bürüyür.
DALANDAR. (çaşır) Məncə çox şey oğurlaya bilməzdilər. Güman ki, xırda-para nəsə aparıblar. Mən... Mən səs-küyə oyanardım da...
MÜDİR. Bu saat biz akt tərtib eləyərik və bilərik sən necə qarovulçusan, dövlətimizin mənafeyini nə təhər qorumusan.
DALANDAR. Əşi dedim ki çox şey apara bilməzlər də... Mən ayıq yatanam.
HESABDAR. Əvvəla, bir xeyli qənd aparıblar.
DALANDAR. Necə yəni xeyli qənd? Gicsən-nəsən? Deyəsən burda ərzaqlar bir-birinə qarışıb. Qorxularından aləmi qatıblar.
MÜDİR. Siz yazın, yoldaş milis nəfəri.
HESABDAR. Demək, rafinad... Belə, bu saat... Siyahı üzrə baxaq. Rafinad... Düz iki kisə rafinad çatışmır.
DALANDAR. N-nec-əə yə-əni ii-kii kisəəə? Vətəndaşlar... Siz nə danışırsınız... dəli olmusunuz-nədi?
MÜDİR. Gördün necə möhkəm yatmısan, qoca sarsaq?
DALANDAR. N-necə yəni iki kisə ey? Dayan görüm? Iki kisə hardan oldu? Mən... mən oyanardım da iki kisə aparılsaydı... Mən həmişə yatanda ayaqlarımla qapının ağzını kəsirəm.
MÜDİR. Bir də yatmazsan. Sənin keyliyin üzündən bizə olmazın və dözülməz zərbələr dəyib. Siz yazın, yoldaş milis nəfəri. Kolbas məmulatının vəziyyəti nə yerdədir?
HESABDAR. Kolbasa – yeddi ədəd aparıblar.
DALANDAR. Necə yəni yeddi? Neçə? Neçə? Sən necə haqq-hesab aparırsan, düdük! Yeddi dənə nədir? Yoldaş milis... Yeddi dənəyə bax e, a? Ay aman, bu nə bəladı?
MÜDİR. Aha, mütəəssir olursan, peşimançılıq duyğuları səni narahat edir? Belə bir ümumxalq qəzasını görəndən sonra ağlın başına gəlir? Gələn dəfə ayıq-sayıq yatarsan qapıda, qoca köpək.
DALANDAR. Əşi, mən necə mütəəssir olmayım? Dövlətə göz görəti bu cür qəfil zərbələr dəyir...
HESABDAR. Yaz, papiros... Yüz altmış qutu... oğurlanıb.
DALANDAR. Yüz altmış qutu? Yoldaş milis... Yoldaş müdir. Aman allah, bu nədir belə?
HESABDAR. Yüz altmış qutu o, on altı qutu da kibrit çatışmır.
DALANDAR. Əşi, kibrit hardan çıxdı e? Bu dilinə qara yara çıxmış, kibriti hardan qondardı? Yoldaş milis... Düz demir. Bu nə həngamədi? Kibriti özündən yazır, çaqqal...!
MÜDİR. Bu süpürgəçini aparın burdan. Əl-ayağımıza dolaşır. Işimizə mane olur.
HESABDAR. Hə, day-day, sən təcili anbarın ərazisini tərk elə görüm. Lazım olsan, çağırarlar.
MİLİSİONER. Biz sizi çağırarıq, yoldaş dalandar. Hələlik gedin...
DALANDAR. Mən çox üzr istəyirəm... Ancaq bütün bu hadisələr məni sarsıdır. Bir az həyəcanlanıram. Təzyiqim qalxır. Üzr istəyirəm, daha danışmaram.
MİLİSİONER. Yaxşı, qalın.
SATICI. Gör yazıq nə kökə düşüb e? Görünür vurulan ziyan ona doğrudan da bərk təsir edib. Yaxşı, keç bir qıraqda əyləş, dayıcan, yoxsa...
KASSİR QADIN. Yazın, kassadan qırx manatacan xırda pul, üç rəngli qələm, koldkrem və bir də qayçı götürüblər.
DALANDAR. Q-qırx-x manat? Nə manat?! Mən axı... Xırda pul hardaydı... Bu hardan çıxdı? Qayçı nədi, kold-krem nədi, canım? Yoldaş milis... Qardaşlar, bu nə işdi belə?
MÜDİR. Bunun mitilini atın bayıra dedim axı! Donqultusu beynimizi apardı.
KASSİR QADIN. Adamın lap əsəblərilə oynayır e kişi.
HESABDAR. (qonşu otağın qapısından boylanır) İpək şarfımı və qaragül papağımı burdan asmışdım. Indi yoxdur. Bunu da yazın.
DALANDAR. (ayağa qalxır) Ax, əclaf! Mən sənin şarfını görməmişəm... Hələ yeddi kolbasanı demirəm... Bu lap adam dolamaqdır. Cəmi üçcə dənəsini götürmüşəm. Kolkrem-zad da tanımıram. Qayçı isə heç yerli-dibli gözümə dəyməyib.
PAUZA.
MÜDİR. B-Başa d-düşmədik.
DALANDAR. Cəhənnəmə başa düşün! Boynuma alıram. Oğurluğu mən eləmişəm. Amma mən, öz aramızdır, vicdanlı adamam, əclaf deyiləm. Mən bu vaxtacan bir qarışqanı belə incitməmişəm...
MİLİSİONER. Dayanın, sizi necə başa düşək, vətəndaş dalandar?
MÜDİR. Hə, necə başa düşək?
MİLİSİONER. Demək mağazanı siz oğurlamışsınız?
DALANDAR. Mən... Amma mən nə qayçı görmüşəm, nə də o düdəmənin şarfını. Qənd də ki lap ağ oldu. Razı olmaram mənim təmiz adıma bir belə ləkə vuralar. Qırx manat-zad nədir boynuma qoyursunuz?
MÜDİR. Siz bir bu insan övladının əclaflığına baxın, yoldaşlar.
HESABDAR. Bu ki lap çürüməkdə olan ünsürdü? Köhnəliyin qalığı!
MÜDİR. Əlbəttə, biz başılovlu haqq-hesab aparanda çaşa da bilərdik. Ancaq bu saat bir də əməlli-başlı yoxlarıq. Ağa durub, ağacan durub.
HESABDAR. Əlbəttə, bütün mal içəridədir, bir də yoxlamaq olar. Ivanıç, siz o gün qəndi ha tərəfə qoydunuz? Olmaya piştaxtanın altına, hə? Hə də?
SATICI. Bıy, sən dəlisən-nəsən? Mənim qəndlə nə işim var? Budey, burda piştaxtanın altındadı, amma mənim heç xəbərim yoxdur.
HESABDAR. Nolar ki, darıxma, görünür indi kimsə təsadüfən qoyub. Əsas odur ki, mal içəridə olsun. It-bata düşməsin. Aha, budey, qənd cağbacağ öz yerindədir ki; çox şükür!
KASSİR QADIN. Pardon, pardon... Bir dəqiqə, bir dəqiqə... pullar... burdadır, budey, kağıza bükülü bir qıraqda durur. Pullara əl vurulmayıb, şükür... Amma kold-kremlə qayçı dəqiq yoxdur.
DALANDAR. (əsəbi halda) Mən bu saat sənin o ləçər sifətinə bir parça tüpürərəm, onlar da tapılar. Əməlli axtar, qılquyruq!
KASSİR QADIN. Yoldaş milisioner... Bu təhqirdi... Pardon, kold-krem də burdadır, budey, kassanın arxasına düşüb, görməmişəm...
HESABDAR. Aa, şarfım tapıldı, qardaşlar! Sol cibimə basmışam, qalıb orda... Amma papağım dəqiq yoxdur. Papağımı ver!!.
MÜDİR. (döyükür) Onda... O aktı cırın, təzəsi yazılsın.
DALANDAR. Kolbasaları da əməlli sayın, yoxsa bir az da belə getsə, mən öz hərəkətlərimə cavabdeh olmayacam ha... Bax deyirəm.
SATICI. Dayan, mane olma. Belə... Cəmi üç ədəd kolbas məmulatı əxz edilibdir.
DALANDAR. Hə, üç başqa məsələ.
MİLİSİONER. (Dalandara) Düşün qabağıma, gedək!
DALANDAR. Dayan görüm əşi? (Kassir qadına) Hə, qayçı noldu? Bu saat tapmasan mən sənin saçlarını yolacam, qılquyruğun biri qılquyruq.
MİLİSİONER. Yaxşı, yaxşı, gedək.
SATICI. Gör necə xəbis xasiyyətli insandır ki, qələti eləyib, hələ bir cırnayır da.
HESABDAR. Dəhşətli dərəcədə qorxulu ünsür imiş cəmiyyətimiz üçün.
MÜDİR. Amma mən, yoldaşlar, belə adamları görəndə ürəyim ağrıyır, mənəvi əzab çəkirəm, hətta demək olar sarsılıram. Axı neyçün?!
Milisioner Dalandarı aparır.
7.
MÜDİR. Deyirəm görün bir dünyada necə adamlar varmış e! Ay aman...
SATICI. Nə qədər mənfi bir nüsxəymiş bu, Vasili Fyodroviç.
HESABDAR. Qarovulçumuza bax da!
SATICI. Ona bu boyda el malı etibar edilib, inam göstərilib...
HESABDAR. O isə belə əclaflıqlarla məşğuldur.
KASSİR QADIN. Özü də necə kobud adamdır. Qadına qarşı da belə qaba və amansız olarlarmı?.
SATICI. O sizə “qılquyruq” dedi eləmi, Antonina Vasilyevna?
KASSİR QADIN. Yox əşi, o nə isə demək istəyirdi... dərhal ağzından vurdum. Amma qayçı tapılmadı ha. Allah haqqı, qayçını çırpışdırıblar. Ay aman, bəs mən indi neyləyəcəm. Qayçının pulunu hökümət məndən çıxacaq.
HESABDAR. Di yaxşı, sızıldama sən də. Budey... (cibindən qayçını çıxarıb yerə atır) Bu kimin qayçısıdır görəsən düşüb yerə?... Mənim papağımı oğurlayıblar, mən heç zarımıram. Gül kimi qaragül dərisindən papaq idi. Mən indi neyləyəcəm bu qarda, qışda?
MÜDİR. Bura baxın, qaloşları da aparıblar ki? Hanı mənim qaloşlarım? Salam-məleykum, pajalusta. İndi belə oldu? Dünən təptəzə qaloş almışam, bu gün başına daş saldız? Nolar, heç eybi yox... Mən də mənəm... (Dərindən ah çəkir.) Bu gün nə yaman nəhs gün oldu, ay canım. Bəs mən indi qaloşsuz nə edim? Mənim soyuqdəyməm var axı? Ayaqlarım üşüsə mütləq öləcəm... Heyf.
SATICI. (bir küncə çəkilib, ayağından qaloşları çıxarır) A-aa, dostlar, burda bir qaloş var, baxın görün kiminkidir, qalıb bu küncdə? Bəlkə sizinkilərdi, Vasili Fyodroviç?
MÜDİR. Hə, mənimdir, mənimdir, ah! Sağ ol.
SATICI. O avara oğru yəqin qəsdən götürüb bura, çəlləyin dalına atıb ki, sonrada götürsün.
MÜDİR. Elədir ki var... ancaq mən axı qaloşları... Mən axı onları oğurluqdan sonra çıxarmışam?
SATICI. Elə?! Əşi, nolar, arada oğru içəri gəlmədi? Bax elə həmən iki daşın arasında sizin qaloşlarınıza tamah salıb da əclaf...
MÜDİR. Hə, doğrudan a, sonradan gəlmişdi də...
HESABDAR. (sızıltıyla) Ax necə gözəl qaragül papaq idi mənim papağım. Qulaqları da vardı. Arvad məni evə buraxmayacaq. Yüz faiz!
MÜDİR. Yaxşı, zıqqıldama görək. Onsuz da ürəyim partlayır; odey yerdədir sənin cındır papağın... (cibindən papağı çıxarıb yerə atır) Budey, bura bir papaq düşüb, bax gör...
HESABDAR. Baxım? Aa... Allah haqqı mənimkidir. Gör necə basıb əziblər e? Elə bil ayaqlarının altına salıb tapdalayıblar qəsdən. Belə də insafsızlıq olar? Axı bu papaqdır!
MÜDİR. (kefsiz halda) Əşi bu gün nə yaman nəhs gün oldu?
SATICI. (həsrətlə qaloşlara baxır) Əşi nəhs də var, nəhs də var e, Vasili Fyodroviç. Bu günkü gün lap ağ oldu!
MÜDİR. Ey kim var orda? Ay adam... Biriniz mənə bir stəkan mürəbbəli çay gətirin. Ürəyim yanır! Başım hərlənir! Beynim partlayır! Nə nəhs gün başladı...
SON.
------------------------------------------------
1935.
Məşhur rus sovet satiriki M.Zoşşenkonun “Nəhs gün” pyesi
Ilk dəfə 1981-ci ildə dilimizə tərcümə edilərək Azərbaycan
Radiosunun (1984) efirində səsləndirilmişdir. - Tərcüməçidən.
Dostları ilə paylaş: |