Biznesdə etikanın ən çox tədqiq olunan problemləri aşağıdakılardır: korporativ və universal etikalar arasındakı qarşılıqlı əlaqələr; biznesin sosial məsuliyyəti; ümumi etik prinsiplərdən konkret qərarların qəbul edilməsində istifadə; təşkilatın etik səviyyəsinın yüksəldilməsi qaydalrı; dini və mədəni dəyərlərin iqtisadi fəaliyyətə və biznes etikasına təsiri .
Biznes etikası ənənəvi olaraq makroetika və mikroetikaya bölünür. Makroetika dedikdə cəmiyyətin sosial və iqtisadi makrosubyektlərinin: korporasiyaların, dövlətin və cəmiyyətin bütünlükdə, o cümlədən ayrı-ayrı hissələri ilə birlikdə qarşılıqlı mənəvi münasibətlərinin xüsusiyyətlərini əks etdirən biznes etikası başa düşülür; mikroetika isə mənəvi subyekt kimi korporasiyadaxili, korporasiyalararası və onların işçiləri, o cümlədən səhmdarlar arasındakı mənəvi münasibətlərin tədqiqidir.
Biznes etikası iqtisadi institutların formalaşmasına, peşəkarların biznesdə fəaliyyətinə bilavasitə təsir edir. Cəmiyyətin iqtisadi institutları birbaşa mənəviyyata müdaxilə edir və bu nöqteyi-nəzərdən də biznes etikasının makrosəviyyəsinin əhəmiyyətini dəyərləndirmək çətindir.
Tədqiqatlar göstərir ki, bir çox insanlar sahibi olduqları mənəvı dəyərləri işlədikləri təşkilatda mövcud olan şəraitin təsiri altında güzəştə gedirlər. Bu zaman həmin təşkilatda etik münasibətləri tənzimləyən dəyərlər sistemi – (onu korporativ etika da adlandırırlar) mühüm rol oynayır.
Korporativ etika universal etikadan fərqli olaraq təşkilatın fəaliyyət xüsusiyyətləri və məqsədləri ilə, həmçinin həmin idarədə tarixən formalaşmış stereotip tərzlə şərtlənir. Müəssisə ayrıca insan kimi müxtəlif hərəkətverici qüvvələr tərəfindən idarə edilir, həmçinin müəyyən qorxu, tabu, bəzən də irrasional fəaliyyət mexanizmi də mövcuddur ki, bu haqda çox vaxt danışılmır.
İşgüzar ünsiyyətdə «yuxarıdan-aşağı», daha doğrusu, rəhbərliklə tabeçilikdəkilər arasındakı münasibətləri, etikanın qızıl qaydasını aşağıdakı kimi ifadə etmək olar: «Çalışın tabeçiliyinizdəkilərlə qurduğunuz münasibət, rəisinizdən gözlədiyiniz münasibətə bənzəsin». İşgüzar ünsiyyət mədəniyyəti və uğuru çox hallarda rəhbərin öz işçilərinə qarşı istifadə etdiyi etik norma və prinsiplərdən asılıdır. Norma və prinsiplər dedikdə xıdmət zamanı hansı hərəkətlərin etik cəhətdən məqbul, hansının isə qeyri-məqbul olduğu nəzərdə tutulur. Bu normalar, ilk növbədə idarəetmə prosesində qəbul olunan sərəncamların nəyin əsasında verilməsinə, işgüzar ünsiyyəti müəyyən edən xidməti intizamın necə təzahür etməsinə aiddir.
Rəhbər və tabeçilikdəkilər arasında işgüzar ünsiyyət etikası pozulduqda insanların əksəriyyəti kollektivdə özlərini narahat, mənəvi cəhətdən müdafiəsiz hesab edirlər. Rəhbərin işçiyə münasibəti işgüzar ünsiyyətin bütün xarakterinə təsir göstərir, çox halda isə onun əxlaqi-psixoloji iqlimini müəyyənləşdirir. İlk növbədə, məhz bu səviyyədə əxlaq etalonları və davranış qaydaları formalaşır.
Müasir biznes təşkilatının rəhbərliyi qəbul etdikləri sərəncamların formasına etika nöqteyi-nəzərindən diqqət yetirməlidirlər. Sərəncamların forması aşağıdakı kimidir: əmr, xahiş, sual. Əmrlərdən, adətən fövqəladə hallarda və yaramaz işçilərin tənbehində xahişlərdən isə sıravi vəziyyətlərdə, yəni cari işlərin yerinə yetirilməsində istifadə olunur. Bu halda rəhbər və işçinin münasibətləri qarşılıqlı etibar və ehtirama əsaslanır. Suallar isə konkret cari məsələlərin icrası zamanı şəffaflıq məqamları ilə bağlı olur. Bu zaman da nəzakət qaydalarına diqqət yetirmək vacibdir.
Korporativ etika dəyəndə çox zaman hər hansı bir şirkətin fəaliyyəti üçün hazırlanmış müəyyən etik norma və davranış qaydalarına riayət edilməsi başa düşülür. Halbuki, bu məsələnin ikinci mühüm bir tərəfi də var. Bu isə şirkətin istənilən əməkdaşının işlədiyi təşkilatın bir parçası kimi, əslində böyük bir ailə olan həmin təşkilatın bir ailə üzvü kimi hiss etməsini təmin edən qaydalardan ibarətdir. Korporativ etikanın məhz bu qaydalarından istifadə etməklə şirkətin rəqabətqabiliyyətliyinin və əmək məhsuldarlığının yüksəldilməsinə, əməkdaşların faydalı iş əmsalının artırılmasına və işin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq mümkündür.