ÜMM gəlirlərə görə hesablanması
Yuxarıda göstərildiyi kimi, iqtisadiyyatda əldə edilən gəlir əmək haqqı, renta tədiyələri, faiz və mənfəətə bölünür. Və adamda belə təsəvvür yaranır ki, bunları cəmləməklə, ÜMM-in bazar dəyərini asanlıqla müəyyən etmək olar. Lakin ÜMM-də vəsaitin bölünməsinin gəlirlərin ödənilməsi ilə əlaqədar olmayan iki növünün mövcudluğu, vəziyyəti bir qədər mürəkkəbləşdirir. Bunlardan biri kapitalın istehlak edilməsi ilə əlaqədar olan ayırmalar, digəri isə biznes üzrə müəyyən olunmuş dolayı vergilərdir.
Məlum olduğu kimi, avadanlıqların əksəriyyətinin faydalı xidmətetmə müddəti bir ildən çoxdur. Investisiya əmtəələrinin satın alınmasına sərf olunan həqiqi xərclərlə onların məhsuldar xidmətetmə müddəti isə vaxt etibarılə üst-üstə düşmür. Ona görə də ayrı-ayrı müəssisələr bir tərəfdən mənfəətin və bütün gəlirin azalmasına yol verməmək, digər tərəfdən isə sonrakı illərdə mənfəəti və ümumi gəliri artırmaq məqsədilə, avadanlıqların faydalı xidmətetmə müddətlərini müəyyən edir və investisiya əmtəələrinin ümumi dəyərini onların xidmət etdikləri bütün illər arasında bərabər bölürlər. Və deməli, investisiya əmtəələri öz dəyərlərini məhsuldar xidmətetmə müddətində istehsal olunan məhsulların üzərinə hissə-hissə keçirirlər. Ayrı-ayrı illərdə istehsal prosesində istehlak olunan kapitalın həcmini ifadə edən illik ayırmalara amortizasiya deyilir. Amortizasiya hər il, şirkətin əldə etdiyi mənfəət və ümumi gəlir haqqında daha dəqiq hesabat hazırlamaq üçün aparılan mühasibat qeydiyyatıdır. Bütün bunlar göstərir ki, iqtisadiyyatda yaradılan mənfəətin və ümumi gəlirin kəmiyyətini düzgün hesablamaq üçün sahibkarlıq bölməsinin ümumi gəlirinin tərkibindəki böyük məbləğdə amortizasiya ayırmaları nəzərə alınmalıdır. Amortizasiya ayırmaları kapitalın istehlak olunması ilə əlaqədar olan ayırmalardır. Bu ayırmalar cari ildə ÜMM-in istehsalı prosesində istehlak olunmuş və gələcəkdə sıradan çıxacaq investisiya əmtəələrinin satın alınması üçün nəzərdə tutulur.
Vəsaitin bölüşdürülməsinin gəlirlərin ödənilməsi ilə əlaqədar olmayan növlərindən biri də ondan ibarətdir ki, dövlət, bizneslə məşğul olan şirkətlərdən dolayı vergilər alır. Şirkətlər isə bu vergiləri özlərinin xərclərinə daxil edir və qiymətləri müəyyən edərkən onu nəzərə alırlar. Bunlara satış vergisi, aksizlər, əmlak vergisi, lisenziya ödənişləri, gömrük rüsumları daxildir. Dolayı vergilərin alınmasını aşağıdakı misalla izah edək. Tutaq ki, şirkət istehsal etdiyi məhsulun hər vahidini 45 manata satmağı nəzərdə tutmuşdur. Lakin dövlət pərakəndə ticarətdə satılan bütün əm-təələrə onların qiymətinin 4%-i qədər vergi müəyyən etmişdir. Deməli, pərakəndə ticarət təşkilatları məhsulların qiymətlərini 4% artırmalı, onu 46,8 manata satmalıdırlar. Göründüyü kimi, mahiyyətcə bu vergi istehlakçılar tərəfindən ödənilir və dövlətin gəlir mənbələrindən biridir. Dolayı vergilər formasında əldə edilən gəlirlər–qeyri-əmək gəlirləridir, çünki dövlət onların formalaşmasına heç bir vəsait sərf etmir. Bu deyilənlərdən aydın olur ki, son məhsul onun üzərinə dolayı vergilər əlavə edildikdən sonra istehlakçının əlinə keçir. Ona görə də hər il yaradılan ümumi gəlir müəy-yən edilərkən bizneslə məşğul olan şirkətlərdən alınan dolayı vergilər onun tərkibinə daxil edilir.
Işsizlik dövründə işçilərə bizneslər və dövlət tərəfindən ödənilən sosial sığorta, pensiya təminatı, tibbi yardım, müavinət və s. də bu kateqoriyaya daxildir.
Renta tədiyələri də gəlirlərə aiddir və onu iqtisadiyyatı ehtiyatlarla təmin edən ev təsərrüfatlarının mülkiyyətçiləri mənimsəyirlər. Pul kapitalı mülkiyyətçiləri isə borc verdikləri kapitalın müqabilində faiz şəklində gəlir əldə edirlər. Deməli, faiz də gəlirlərə aiddir. Lakin dövlət tərəfindən həyata keçirilən faiz ödənişləri faiz şəklində əldə edilən gəlirdən çıxılır. Bu, onunla əlaqədardır ki, dövlət biznesdən əldə etdiyi dolayı vergilərin müqabilində istehsalata birbaşa vəsait qoymur, başqa sözlə, dövlət iqtisadi ehtiyatlarla təminatçı vəzifəsini yerinə yetirmir.
Dostları ilə paylaş: |