MÖVZU 2. BAZARIN QURULUŞU VƏ İNFRASTRUKTURU
1. Bazar infrastrukturunun mahiyyəti
2. Auksionlar, yarmarkalar, lizinq və sığorta kompaniyaları
1. Bazar infrastrukturunun mahiyyəti
İnfrastruktur dedikdə, həm bütünlükdə iqtisadiyyatın, həm də onun ayrı-ayrı bölmələrinin normal fəaliyyəti üçün əlverişli şərait yaradan və bu məqsədə xidmət edən sahələrin məcmusu başa düşülür. İnfrastrukturun əsas cəhətlərindən biri onun fərdi yox, kollektiv və ictimai tələbatların ödənilməsinə xidmət etməsidir. Bundan əlavə, iqtisadiyyatın infrastrukturu həm də ictimai təkrar istehsalın bütün fazaları : istehsal, bölgü, mübadilə və istehlak arasında qarşılıqlı əlaqələrin formalaşmasına yönəldilmişdir.
İnfrastruktur (infra – alt, struktura) – iki söz birləşməsi olub, iqtisadiyyatın əsasını təşkil edən sahələri əhatə edir ki, bunlarsız iqtisadiyyatın inkişafı qeyri-mümkündür. Deməli, infrastruktur - istehsalın ümumi şəraitinin və сəmiyyət üzvlərinin həyat fəaliyyətini təmin edən kompleks təsərrüfat sahələrinin məсmusundan ibarətdir.
Makrosəviyyədə istehsal və sosial infrastrukturlarını bir-birindən fərqləndirmək lazımdır. İstehsal infrastrukturu istehsala хidmət edir. Həmin sahələr aşağıdakılardır:
1. İstehsalın maddi-teхniki təminatı və nəqliyyat təsərrüfatı.
2. Enerji təminatı.
3. Məlumatların verilməsi və qəbul edilməsi.
4. Təbii ehtiyatlardan səmərəli istifadəni təmin edən obyektlər.
5. Məhsul istehsalında bilavasitə iştirak etməyən, lakin ona köməklik göstərən obyektlər.
Sosial infrastruktur iş qüvvəsinin təkrar istehsalı və ölkə əhalisinin həyat fəaliyyəti üçün normal şəraitin yaradılmasına xidmət edir. Buraya tədris, səhiyyə, sosial təminat sahələri və s. kimi sahələr daxildirlər.
Qeyd etmək lazımdır ki, infrastruktur sahələrinin mahiyyətini aşkarlamaq üçün onu istehsalın köməkçisi kimi yoх, хidmətedicisi kimi qiymətləndirmək lazımdır. İnfrastrukturanı belə təsnifləşdirmək olar:
I. İearхiya səviyyəsinə görə; 1. Хalq təsərrüfatı səviyyəsinə görə. 2. Regional səviyyədə. 3. Yerli səviyyədə. 4. Müəssisə səviyyəsində.
II. Funksional хüsusiyyətinə görə təsnifatı.
1. İstehsal təyinatlı хidmətlər. 2. Qeyri-istehsal təyinatlı хidmətlər
III. Formalaşma vaхtına görə. 1. Ötücü. 2. Birdəfəlik.3. Gecikmiş.
IV. Yaranma mərhələsinə görə. 1. Qərarlaşmış (Sabitləşmiş - dayanmış) 2. Yeni yaranan (Törəyən) 3. Gələcək.
İnfrastruktur sahələrinin belə təsnifatı, onun kompleks inkişafını təmin edir.
Bazar münasibətlərinin təşəkkül tapdığı bir dövrdə infrastruktur sahələrinin ən mühüm hissəsini əhatə edən sosial infrastrukturu hesab edilir.
Bazar infrastrukturu kompleks bir sistem təşkil edir və çoxşaxəli, çox istiqamətlidirlər. Onlar bazar iqtisadi sistemində fəal bir qüvvə, onun səmərəli fəaliyyətinə və inkişafına səbəb olan amillərdir. Müasir inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində bazar infrastrukturlarının təsnifatını aşağıda göstərilən komponentlər təşkil edir və nümayiş etdirir:
- birjalar (əmtəə, əmək, fond, valyuta, resurs, opsion, fraxt, fyuçers, banklararası, universal birjalar ); - marketinq və marketinq elmi-tədqiqat mərkəzləri; - kredit sistemi və müvafiq banklar; - gömrük sistemi; - vergi sistemi və vergi müfəttişliyi; - yarmarkalar, hərraclar ( auksionlar ) - sığorta və sığorta kampaniyaları; - ticarət palataları; - kommersiya-sərgi kompleksləri; - informasiya texnologiyası və işgüzar kommunikasiya vasitələri - iqtisadi ali, orta və qismən hüquq ixtisas təhsil ocaqları; - auditor şirkətləri.
Makroiqtisadi səviyyədə istehsal və sosial infrastrukturlar bir-birlərindən fərqləndirilir. İstehsal infrastrukturuna olkənin maddi istehsalı ilə bilavasitə əlaqədar olan sahələr - elektroenergetika, rabitə, nəqliyyat, elmi-texniki informasiya və s. aid edilir. Yuxarıda deyilənlərlə yanaşı, iqtisadyönümlü ədəbiyyatlarda iqtisadiyyatın konkret sahələrini xarakterizə edən infrastruktur anlayışı da işlədilir.
İqtisadiyyatın ayrı-ayrı sahələrində istehsal infrastrukturlarının bölgüsünü aşağıdakı kimi qruplaşdırmaq mümkündür. Belə ki:
I. Mühüm maddi istehsal sahəsi sayılan sənaye infrastrukturlarına daxildir:
- sənayeyə xidmət göstərən yük nəqliyyatı; - rabitənin sənaye istehsalına xidmət edən bölməsi; - energetika təsərrüfatının sənaye istehsalına xidmət edən hissəsi; - kənd təsərrüfatı, meşə təsərrüfatının sənayeyə xidmət edən hissəsi; - balıqçılıq və ovçuluq təsərrüfatının sənayeyə xidmət göstərən hissəsi; - anbar təsərrüfatı; - müvafiq surətdə ümumi, peşə, orta və ali təhsil; - elmi xidmət.
II. Digər mühüm maddi istehsal sahəsi sayılan kənd təsərrüfatı infrastrukturlarına isə daxildir:
- kənd təsərrüfatına xidmət edən yük nəqliyyatı; - aqrar sahəyə xidmət edən rabitə; - sənayenin bilavasitə aqrar sahədə məhsul istehsalına xidmət edən maşın və müxtəlif texnika vasitələri, inşaat materialları, alət, gübrə və digər vasitələr istehsal edən sahələri; - su təchizatı şəbəkələri, su kanalları və s.
III. Yük nəqliyyatı sahəsinin infrastrukturları (buraya isə avtomobil, dəmiryolu, hava, su (çay və dəniz) nəqliyyatı, müxtəlif boru kəmərləri və yol tikintisi ilə məşğul olan yol təsərrüfatı obyektləri daxildir: - yük nəqliyyatı vasitələri hazırlayan sənaye sahələri; - dəmiryol stansiyaları, vağzallar; - depolar; - limanlar; - aerodromlar; - yük avtomaşın təsərrüfatı; - yol-istismar məntəqələri; - nəqliyyata xidmət edən tikinti sahələri; - müvafiq maşın-texnika növləri.
IV. Meşə təsərrüfatının infrastrukturu:
- meşə əkin yerləri; - meşə şitillikləri; - meşə təsərrüfatı üçün avadanlıqlar istehsal edən müəssisələr; - suvarma şəbəkələri və s.
V. İnşaat sahələrinin infrastrukturları: tikinti materialları hazırlayan maşınlar və texniki avadanlıqlar; - meşə təsərrüfatı avadanlığı; - daş, qum karxanaları;- müvafiq energetika strukturları; - müvafiq yük nəqliyyatı növləri və s.
VI. Maddi-texniki təchizat sahələri üzrə infrastrukturlar: - maddi-texniki təchizatın müvafiq resursları; - nəqliyyat-anbar təsərrüfatı; - energetika.
Yuxarıdakı təsnifatdan göründüyü kimi, istehsal infrastrukturunun əsas təyinatı – ictimai istehsal prosesinin fasiləsizliyini təmin etməkdir.
Başqa sözlə, maddi formada məhsul istehsal edən sahələrdən fərqli olaraq, istehsal infrastrukturunda çalışanların əməyi natural formada əşyalaşmasa da, yaradılan yeni məhsul və xidmətlərdə maddiləşir. Araşdırmalardan bəlli olur ki, bir çox tədqiqatçı və praktiklər infrastruktur növlərini qarışıq salır, onlara eyni prizmadan baxırlar. Qeyd edildiyi kimi, istehsal infrastrukturu dedikdə, sənayeyə, kənd təsərrüfatına, tikintiyə və istehsalla bağlı digər mühüm sahələrə xidmət göstərən təsərrüfat sahələrinin kompleksi başa düşülür. Bazar infrastrukturu isə, məhsul və xidmətlərin istehsalçıdan istehlakçıya sərbəst hərəkətini təmin edən və bir-biri ilə qarşılıqlı əlaqədə olan ayrı-ayrı sərbəstt bazarların və idarəetmə strukturlarının məcmusudur.
Bazar infrastrukturu maddi, texnoloji, təşkilati, informasiya, maliyyə və hüquqi xarakterdə olub, onların mexanizminin fəaliyyətinin məcmusudur. Bazar infrstrukturlarının funksiyası aşağıdakılarla xarakterizə oluna bilər:
1. Bazar münasibətləri iştirakçılarının mənafelərinin reallaşdırılmasının yüngülləşdirilməsi ilə. 2. İqtisadiyyatın ayrı-ayrı subyektlərinin və fəaliyyətlərinin növləri əsasında bazar subyektlərinin işlərinin operativliyinin və effektivliyinin yüksəldilməsi ilə. 3. Bazar münasibətlərinin təşkilati tərtibatına nail olunması ilə. 4. İşgüzarlıq praktikasının dövlət və ictimai tənzimlənməsi. Hüquqi və iqtisadi nəzarət formalarının yüngülləşdirilməsi ilə.
Müasir bazar infrastrukturu geniş təsnifata malikdir. XIX əsrin bazar infrastrukturuna nisbətən XX əsr və onun axırlarından fəaliyyət göstərən bazar infrastrukturu daha geniş və daha təkmilləşmiş formada fəaliyyət göstərir.
Bazar infrastrukturunun ən vacib tərkib hissələri kimi əmtəə, fond, valyuta və əmək birjaları, lizinq kompaniyaları, banklar, yarmarkalar və s. çıxış edirlər.
Dostları ilə paylaş: |