Mövzu Əkinçiliyin əsas məsələsi inkişaf tarixi və digər elmlərlə əlaqəsi


Mövzu 6. Torpağın strukturası və onun yaxşılaşdırılması



Yüklə 1,51 Mb.
səhifə5/14
tarix20.05.2018
ölçüsü1,51 Mb.
#50970
1   2   3   4   5   6   7   8   9   ...   14

Mövzu 6. Torpağın strukturası və onun yaxşılaşdırılması


Plan:

  1. Torpağın strukturu haqqında anlayış

  2. Torpaq strukturasının formaları.

  3. Torpağın strukturası onun münbitliyinin əsas göstəricisi kimi.

  4. Torpağın strukturunun yaxşılaşdırılması istiqamətində aparılan tədbirlər.

Ədəbiyyatlar:


  1. Məmmədov Q.Ş.- Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial- iqtisadi və ekoloji əsasları. Bakı, Elm, 2007.

  2. Məmmədov Q.Ş., Cəfərov A.B., Mustafayeva Z. - Əkinçilik və bitkiçiliyin əsasları, Bakı, “Elm” nəşr., 2008

  3. C.ƏHacıyev, A.Q. İbrahimov, E.R.Allahverdiyev – Suvarma əkinçiliyi, Bakı, MBM nəşr., 2012.

  4. M.M. Hüseynov, A.Q. İbrahimov, A.O. Həsənova- Aqronomiyanın əsasları, Bakı, Araz nəşr., 2015

  5. Ю.А.Овсянников-Теоретические основы эколого-биосферного земледелия, Екатеринбург Издательство Уральского Университета 2000

  6. В.Г. Ларешин, Н.Н. Бушуев, В.Т. Скориков, А.В. Шуравилин- Сохранение и повышение плодородия земель сельскохозяйственного назначения, Москва 2008

Strukturun keyfiyyətcə qiymətləndirilməsi onun ölçüləri, məsaməliyi, mexaniki davamlılığı və suyadavamlılığı ilə müəyyən edilir. Ölçüləri 0,25-10 mm arasında dəyişən, yüksək məsaməliyə (> 45%), mexaniki davamlığa və suyadavamlılığa malik makroaqreqatlar aqronomik baxımdan daha yüksək qiymətləndirilir. Tərkibində ölçüləri 0,25-10 mm arasında dəyişən aqreqatların miqdarı 55%-dən yüksək olan torpaqlar strukturlu hesab olunur.

Strukturun mexaniki təsirə davamlığı (rabitəliyi) və nəmlikdən dağılmamaq qabiliyyəti (suyadavamlılığı) torpağın dəfələrlə becərilməsi və nəmlənməsi şəraitində əlverişli halda saxlanmasını müəyyən edir. Bu keyfiyyətlər olmayanda becərilmədən və ya yağış və suvarmanın təsirindən struktur elementlər sürətlə parçalanır və torpaq struktursuz olur. Bu cür torpaq nəm halında əriyib axır, quruyanda isə qaysaq əmələ gətirir.

Nəzərə almaq lazımdır ki, hər cür suyadavamlı struktur aqronomik baxımdan dəyərli hesab olunmur. Suyadavamlı aqreqatların yumşaq yığılmasının, məsaməli olmasının və suyu asanlıqla mənimsəməsinin də əhəmiyyəti böyükdür. Suyadavamlı aqreqatların bu cür strukturunda kök saçaqları və mikroorqanizmlər asanlıqla daxil olaraq bioloji və mikrobioloji fəaliyyəti təmin edirlər. Suyadamlı aqreqatların sıx yığılması məsaməliyin aşağı düşməsinə (30-40%) gətirib çıxarır, kökcüklərin və mikroorqanizmlərin məsamələrə daxil olması imkanlarını aşağı salır. Bu cür strukturda məsamələrə suyun daxil olması da məhdudlaşmışdır. Bu cür struktur aqronomik baxımdan qiymətli hesab olunmur.



Aqronomik baxımdan strukturun dəyəri ondan ibarətdir ki, o, torpağın aşağıdakı xassə və rejimlərinə müsbət təsir göstərir: fiziki xassələrinə - məsaməliyə, sıxlığa; su, hava, isitlik, oksidləşmə-reduksiya, mikrobioloji və qida rejimlərinə; fiziki-mexaniki xassələrə - rabitəliyə, becərilmə zamanı torpağın xüsusi müqavimətinə, qaysaq əmələgəlməyə; torpağın eroziyaya qarşı davamlığına.

Struktursuz torpaqlarda mexaniki elementlər sıx yerləşdiyindən əsasən kapilyar məsamələr əmələ gətirirlər. Strukturlu və struktursuz torpaqların quruluşunda və məsaməliyindəki bu xüsusiyyətlər torpağın su-hava və qida rejimlərinə böyük təsir göstərirlər.

Struktur torpaqlar qeyri-kapilyar məsamələr sayəsində suyu özünə yaxşı hopdururlar. Bu su hərəkət etdikcə kəsəklər tərəfindən sorulur və kəsəklərarası boşluqlar hava ilə dolur. Hava kəsək daxilindəki aerasiya məsamələrində də olur. Bu cür torpaqda səth axınları səbəbindən su itkiləri az olur, o demək olar ki, tamamilə torpaq tərəfindən udulur. Qeyri-kapilyar məsamələrin olması isə torpaq səthindən buxarlanmanın qarşısını alır. Bununla da, struktur torpaqlarda bitkinin su və hava ilə təminatında eyni vaxtda əlverişli şərait yaranır. Bu cür torpaqlarda ən az su tutumu şəraitində belə yaxşı hava mübadiləsi saxlanıldığından oksidləşmə prosesləri hakimdir. Kifayət qədər aerasiya şəraitində suyun əlçatan formalarının kifayət qədər olması struktursuz torpaqlarla müqayisədə daha əlverişli qida rejimi şəraiti yaradır. Strukturlu torpaqlarda mikrobioloji proseslər daha fəal şəkildə təzahür edir, denitrifikasiya prosesləri və biryarım oksidlərin fəal qeyri-silikat formalarının yaranması və toplanması mövcud deyildir ki, bu da fosfatların çətin həllolan formalara keçməsinin qarşısını alır.

Struktursuz torpaqlarda su tədricən udulur, onun bir hissəsi səth axınları vasitəsilə itkiyə sərf olunur. Torpaq profilinin başdan-başa kapilyarlarla örtülməsi nəmliyin buxarlanma səbəbindən böyük itkisinə gətirib çıxarır. Bu cür torpaqlarda tez-tez nəmlənmənin iki kəskin həddi - izafi nəmlik və nəmlik qıtlığı müşahidə edilir. İzafi nəmlik zamanı boşluqlar su ilə dolduğundan hava kənarlaşdırılmış olur. Bu cür şəraitdə denitrifikasiya nəticəsində azotun itirilməsi ilə müşahidə edilən anaerob proseslər inkişaf edir. Anaerob şərait bitkilər üçün zərərli hesab olunan dəmir və manqanın iki valentli formalarının yaranmasına, biryarım oksidlərin mütəhərrik qeyri-silikat formalarının toplanmasına və fosforun çətin həllolan formada torpaqda bərkiməsinə gətirib çıxarır ki, bu cür şərait də qeyri-əlverişli qida rejimi yaradır. Nəmliyin çatışmadığı şəraitdə struktursuz torpaqda kifayət qədər hava olsa da, bitki su qıtlığından əziyyət çəkir.

Torpaq, müxtəlif irilikdə hissəciklərdən təşkil olunmaqla, səpələnən və ovxalanan xassəli maddədir.

Torpağın mexaniki elementləri və ya hissəcikləri öz iriliyinə görə qum (1-0,05 mm), toz (0,05-0,005 mm) gil (0,005-0,001 mm) lil (0,001 mm) və kolloid (0,0001 mm) fraksiyalarına bölünür. Bir qram torpaqda həmin hissəciklərin sayı 1,7-2,4 milyard olur.

Hər fraksiyanın özünəməxsus fiziki xassələri vardır. Bu hissəciklərin müxtəlif nisbətlərindən təşkil olunan torpaqların xassələri də eyni olmur.

Kvars və çöl şpatlarının üstün olduğu daş və qum hissəcikləri torpağın ilkin minerallarıdır. Narın hissəcikli torpaqlarda isə, bir sıra əlverişli xüsusiyyətlərə malik olan mantmorillonit, kaolinit, siderit və s. kimi ikinci minerallar olur.

İlkin minerallardan fərqli olaraq, ikinci minerallar yüksək udma tutumuna malikdirlər, özlərində daha çox qida maddələri saxlayırlar və xırda hissəcikləri humus maddələri ilə bir-birinə birləşdirərək müxtəlif ölçüdə aqreqatlar əmələ gətirirlər. Torpaq hissəcikləri aqreqat əmələ gətirmədən ayrılıqda da mövcud ola bilərlər.

Torpağın strukturu müxtəlif irilikdə və formada olan hissəciklərin birləşərək əmələ gətirdikləri aqreqatlara deyilir. Torpağın aqreqatlara parçalanması qabiliyyəti onun strukturalılığı, parçalandığı bu və ya digər irilikdə və formada aqreqatlar isə struktur adlanır.

Torpağın strukturu kubşəkilli, prizmaşəkilli və yastışəkilli formalarda olur. Struktur aqreqatlarının ölçüsündən, üzərinin və tillərinin aydınlığı dərəcəsindən asılı olaraq kubşəkilli strukturalar:- kəsəkli, kəltənli, qozvari və dənəvər; prizmaşəkilli strukturalar:- sütunvari və prizmatik; yastışəkilli struktura isə:- yastışəkilli, lövhəşəkilli və vərəqəli olurlar. Strukturun hər növü müəyyən torpaq tipi və ya torpaq profilinin müəyyən horizontu üçün xarakterikdir.

Aqreqatların ölçüsünə görə :-1. Meqastrukturalı və ya kəltənli (10 sm), 2. Makrostrukturalı və ya kəltəncikli-dənəvər (10-0,25 mm) və 3. Mikrostrukturalı (0,25 mm) torpaqlar olur. Öz növbəsində meqastruktura iri (10 sm) və xırda kəltənli (1-10 sm); makrostruktura iri (10-3 mm), orta (3-1 mm) və xırdakəltəncikli (1-0,25 mm); mikrostruktura isə gobud (0,25-0,01 mm) və narın (0,01 mm) kəltəncikli növlərinə bölünürlər.

Ölçüsü 0,25-10 mm olan aqreqatlardan təşkil olunmuş kəltəncikli dənəvər strukturalı torpaqlar aqronomiki cəhətdən daha qiymətli hesab olunur.

Kəltəncikli-dənəvər kütlənin, yəni ölçüləri 0,25-10 mm olan kəltənciklərin, yerdə qalan fraksiyaların kütləsinə nisbəti struktura əmsalı adlanır və strukturalılığın qiymət göstəricisi hesab edilir.

Münbitliyin artırılmasında torpağın strukturasının rolu uzun müddət öyrənilmişdir. Hələ 1740-cı ildə ingilis tədqiqatçısı Tul bitkilərin kökləri vasitəsilə qidalanmasını, eynilə heyvanların otlaması ilə müqayisə etmişdir. O, bitkilərin köklərinin torpaq kəltənləri arasında qida axtarmasını və bu zaman torpağın məsamələrinin rolunu göstərmişdir.

Volni torpaq strukturası haqqında tədqiqatları daha da dərinləşdirərək, topavari və kəltəncikli- dənəvər strukturanı daha yüksək qiymətləndirmişdir.

P.A. Kostıçev 1877-ci ildə torpağın quruluşu ilə onun strukturu arasında fərqi müəyyən edərək göstərmişdir ki, struktur, aralarında hava və toz hissəcikləri olan torpağın aqreqatlara ayrılmasıdır.

V.R. Vilyams torpaq strukturunun əhəmiyyətini daha çox şişirdərək, onu münbitliyin yeganə göstəricisi hesab etmişdir.

Əkin qatı xırda dənəvər aqreqatlardan ibarət olan torpaqlar strukturalı, toz hissələrdən və ya iri kəltənlərdən təşkil olunan torpaqlar isə strukturasız hesab olunur.

V.R. Vilyams tərkibində ümumi həcminin 25-45%-i və ya çəkisinin 35%-i qədər toz olan torpaqları strukturasız sayır və bu miqdarı tozun zərərlilik hüdudu adlandırır. Onun fikrincə torpağın struktur vəziyyəti tərkibində olan çürüntünün miqdarından asılıdır.

V.R. Vilyams struktur möhkəmliyini əmələ gətirən fiziki, kimyəvi və bioloji amilləri müəyyən etmiş, onu yaratmaq, saxlamaq və artırmaq yollarını göstərmiş və onun təsərrüfat əhəmiyyətini ön plana çəkmişdir.

Torpaq strukturunun keyfiyyəti, onun möhkəmliyi ilə, yəni su ilə yuyulmaya və mexaniki təsirlərə davamlılığı ilə müəyyən olunur.

Aqreqatların möhkəmliyi, strukturanın davamlılığını və onun uzun müddətli olmasını təmin edir.

Struktur davamlılığı həmçinin torpağın genetik tipindən, onun qranulometrik tərkibindən və tarlanın hansı növ bitki ilə örtülü olmasından asılıdır.

Torpaq, eyni vaxtda həm mexaniki təsirlərə və həm də suyun yuyuculuq təsirinə eyni dərəcədə davamlı olmaya bilər. Məsələn, adi yapışqanla bir- birinə birləşdirilmiş torpaq hissəcikləri mexaniki təsirə davamlı olsa da, suda asan həll olunur. Lakin parafindən istifadə etməklə bir- birinə yapışdırılan hissəciklər mexaniki təsirlə asan parçalanır, ancaq suda həll olunmur. Hər iki halda torpaq strukturu davamlı hesab edilə bilməz.

Torpağın struktur möhkəmliyi tərkibində olan humusun miqdarı ilə əlaqədardır.

Humusun əmələ gəlməsi və onun torpaq aqreqatlarına sementləşmə xüsusiyyəti verməsi müxtəlif dövrlərdə Slezinq, Volni, Lomonosov, Sosuyur, Bertsellius, Ber, Şprinqel, Kostıçev, Vilyams, Fadeyev və b. tərəfindən öyrənilmişdir.

V.R. Vilyams və A.A. Fadeyevə görə, çürüntü ancaq yeni əmələ gələn zaman torpaq hissəciklərinə hoparaq, ikivalentli kationlarla birləşdikdən sonra torpaq hissəciklərinə sementləşmə xüsusiyyəti verir.

Çürüntü pıxtalaşdıqda və birvalentli kationlarla birləşdikdə isə, hissəciklərə sementləşmə deyil, ancaq yapışqanlıq xüsusiyyəti verir. Ona görə, birinci halda çürüntü fəal, ikinci halda isə qeyri- fəal çürüntü adlanır. Yəni fəal çürüntünün əmələ gətirdiyi strukturluq suyun təsiri ilə dağılmadığı halda, qeyri- fəal çürüntünün yaratdığı aqreqatlar su dəyən kimi özlərinin tərkib hissələrinə- narın torpaq hissəciklərinə parçalanır.

M. Kononovaya görə torpaq mikroorqanizmlərinin ifraz etdikləri fermentlərin təsirindən humin maddələri sintez olunur və həmin maddələr torpaqda davamlı strukturluq yaradır.

K.İ. Rudakov hesab edir ki, torpaq strukturuna möhkəmlik verən yapışqanlı maddələr zülalların mikrobioloji parçalanmasından alınan uronoproteidlərdir. Onlar kalsiumla və ya bitkilərin cavan hüceyrələrinin divarlarındakı pektin maddələrinin parçalanmasından alınan uronoproteidlərlə birləşdikdən sonra möhkəm sementləşmə xüsusiyyəti əldə edirlər.

V. Qusev torpaq hissəciklərinin soxulcanların və digər torpaq heyvanat aləminin həzm orqanlarından keçərək, fermentləşməsi nəticəsində dənəvər struktur halına keçdiyini göstərir. Onun fikrincə, torpaqda yaşayan orqanizmlər tələf olduqdan sonra üzvi qalıq kimi parçalanmaya məruz qalır və torpaq strukturasına müsbət təsir edir.

Torpaqda humus maddələrinin əmələ gəlməsində bitki qalıqları ilə yanaşı, mikrob biosintezi məhsulu olan aromatik birləşmələrin:-liqnin, hemisellüloza və sellüloza birləşmələrinin böyük rolu vardır.

Verşinin və Savvinov torpağın struktur möhkəmliyinin artırılmasında liqnin və humin turşularının, bitumların və s. müsbət təsirini müəyyən etmişlər.

Torpaq hissəciklərinin bir-birinə yapışması nəticəsində əmələ gətirdikləri aqreqatların ölçülərindən asılı olaraq onların xassələri də dəyişir. Tamamilə ayrılıqda, ilkin hissəciklərdən ibarət olan torpaqlarda ancaq hissəciklərarası məsamələr olur. Mikroaqreqatlar şəklində olan torpaqlarda isə həm hissəciklərarası, həm də mikroaqreqatlararası məsamələr yaranır.

Torpaq məsamələrinin ümumi həcmi və ölçüsü, torpağın su- fiziki xassələrinin dəyişilməsinə təsir göstərir. Ölçüləri 10-4-10-5mm olan kiçik mikroməsamələrdə su səthi qüvvələr tərəfindən saxlanılaraq bitkilər tərəfindən istifadə oluna bilmir və bu zaman atmosfer çöküntüləri suyunun aşağı qatlara doğru hərəkəti çətinləşir.

Mikrostrukturalı torpaqlarda aqreqatdaxili məsamələrlə yanaşı həm də ölçüləri 10-2-10-3mm olan aqreqatlar arası məsamələr olur. Burada su daha mütəhərrik formada olmaqla bitkilər tərəfindən mənimsənilir və atmosfer çöküntüləri torpağa asan daxil olur.

Makro və mikroməsaməli torpaqlarda aqreqatlar daxili və aqreqatlararası məsamələr daha çox olur. Belə torpaqlarda, hissəciklərin ayrılıqda yerləşdiyi torpaqlarda müşahidə olunan su ilə hava arasındakı zidiyyət aradan qalxır. Yəni aqreqatlardaxili məsamələrdə su, aqreqatlararası məsamələrdə isə hava yerləşdiyinə görə torpağın su-hava rejimi yaxşılaşır, mikrobioloji proseslərin getməsi və qida maddələrinin mənimsənilən formaya keçməsi üçün əlverişli şərait yaranır. Makroaqreqatlardan təşkil olunmuş torpaqlar su və külək eroziyasına qarşı davamlı olur.

Amerika alimi V.S. Çepil və rus alimləri A.İ. Barayev, A.A. Zaytsev diametri 1 mm-dən kiçik olan hissəciklərin külək eroziyasına məruz qaldığını müəyyən etmişlər. Onlar ölçüləri 1 mm-dən iri olan aqreqatların miqdarının 50%-dən çox olan torpaqları külək eroziyasına davamlı hesab edirlər.

Su eroziyası, torpaq hissəciklərinin ayrılması və onların yerdəyişməsi nəticəsində baş verir ki, bu da kəltənlərin iriliyindən və bu halda daha çox əhəmiyyət kəsb edən davamlılıq xüsusiyyətindən asılıdır.

Əlverişli strukturaya malik olan torpaqlarda ilişkənlik az olur. Belə torpaqlar kiçik toxunma sahəsinə malik olduğuna görə, malekulyar qüvvələrin yapışdırma təsiri azalır, torpaq asan dağılır və becərmə zamanı eyni qranulometrik tərkibli strukturasız torpaqlara nisbətən az dartma qüvvəsi tələb edir.

Torpağın strukturası azalan və artan istiqamətlərdə dəyişə bilər. Birinci halda torpağın dispersiyalılığı artır və aqreqatlar daha xırda hissəciklərə parçalanır, ikinci halda isə kəltənlərin əmələ gəlməsi və onların möhkəmlənməsi baş verir.

İstehsalat şəraitində torpaq strukturunun pozulması fiziki, fiziki- kimyəvi və bioloji səbəblərdən baş verə bilər.

Torpağın strukturunun pozulmasının fiziki səbəblərinə tarla işlərinin yerinə yetirilməsində istifadə edilən traktor və maşınların hərəkəti, suvarmaların və atmosfer çöküntülərinin təsiri və s. aid edilir. Torpaq becərən alətlərin, tarlada hərəkət edən traktor və nəqliyyat vasitələrinin hərəkət hissələrinin mexaniki təsiri ilə torpaq aqreqatları əzilib dağılır və xırdalanır. Maşın və alətlərin ağırlığı, hərəkət sürəti, gedişlərin sayı, torpağın həddindən artıq quru və ya nəm olması və s. strukturun pozulmasını gücləndirir.

Suvarmalar düzgün aparılmadıqda, xüsusilə çox qurumuş torpaqlara yüksək normada su verdikdə narın hissələr yuyulur və torpağın strukturası pozulur.

Uzun müddət davam edən iri damcılı yağışlar torpaq səthində olan aqreqatları xırda hissəciklərə parçalayır. Yağıntıların intensivliyi, düşmə hündürlüyü və düşmə bucağı strukturun pozulmasına səbəb olan amillərdir. Güclü leysanlar suyun torpağa tez daxil olmasına və aqreqatların eyni vaxtda hər tərəfli islanmasına səbəb olur. Bu zaman aqreqatların məsamələrində yerləşən hava sıxılır və məsamələrin divarlarına onun təzyiqi yüksəlir. Bu təzyiq aqreqatlar və hissəciklər arasında ilişmə qüvvəsindən yüksək olduqda aqreqatlar dağılır.

Eyni qaydada, təsərrüfat şəraitində çox quru torpaqlar başdan-başa selləmə üsulu ilə suvarıldıqda, strukturanın şiddətli parçalanması baş verir. Ona görə həddindən artıq qurumuş torpaqlar tədricən nəmləndirilməklə suvarılmalıdır.

Fiziki- kimyəvi səbəblərdən torpaq strukturunun pozulmasına:- atmosfer çöküntüləri ilə ammonyakın və karbon qazının torpağa daxil olması, torpağın turşuluğunun və qələviliyinin artması, zəhərli kimyəvi maddələrlə çirklənmə və s. daxildir.

Ammonyak və karbon qazı atmosfer çöküntüləri ilə birlikdə torpağa daxil olaraq mübadilə reaksiyasına girir və uducu kompleksdən kalsiumu çıxarırlar. Uducu kompleksdə kalsiumun ammonyak və karbon qazı ilə əvəz olunması, mikroaqreqatların qismən dağılmasına və makroaqreqatların davamlılığının itməsinə səbəb olur. Bu proses ikivalentli kationlarla doymamış, torpaq məhlulunun qatılığı az olan çox nəmli torpaqlarda daha tez baş verir.

Torpaqda turşuluğun və qələviliyin artması, uducu kompleksində kalsium və maqneziumun hidrogen və natriumla əvəz olunması nəticəsində baş verir ki, bu da torpaqda humusun miqdarının azalmasına və aqreqatların parçalanmasına səbəb olur.

Sənaye tullantıları ilə torpağa daxil olan kükürd və xlorid turşuları, onların əmələ gətirdiyi duzlar mikrobioloji prosesləri zəfilədir və torpağın strukturunu pozur.

Bioloji səbəblərdən torpağın strukturunun pozulmasına üzvi maddələrin aerob şəraitdə intensiv parçalanması və bitkilərin fasiləsiz olaraq eyni tarlada uzun müddət becərilməsi aid edilir.

Aerob şəraitdə üzvi maddələrin parçalanması sürətlə getdiyinə görə torpaqda humusun itirilməsi artır və onun strukturu pozulur.

Bitkilər eyni sahədə uzun müddət fasiləsiz becərildikdə, torpaqda mikrobioloji proseslər zəifləyir, humusun miqdarı azalır və torpağın strukturası pozulur. Mikroorqanizmlər tərəfindən humusun parçalanması zamanı mikroaqreqatlar xırda hissəciklərə parçalanır və nəticədə torpağın strukturası pozulur.

Tarla şəraitində struktura yaradan və onu pozan amillərin hansının üstünlük təşkil etməsindən asılı olaraq strukturanın yaxşılaşması və ya pisləşməsi prosesləri baş verir. Məsələn, üzvi gübrələr verilmədən cərgəarası becərilən bitkilər əkilən sahələrdə strukturanın pozulması, üzvi gübrələr verilən sahələrdə isə torpaq strukturunun yaxşılaşması prosesləri gedir.

Torpağın strukturası təbii amillərin təsiri ilə bərpa oluna bilər.

Mikroaqreqatların səthində olan kolloid pərdələr şişərkən hissəciklər bir-birinə sıx toxunur və quruduqda bir-birini möhkəm tutub saxlayır. Əgər eyni zamanda torpaqda kipləşmə prosesi də baş verirsə, bu halda hissəciklərin səthlərinin daha çox hissəsi bir- birinə toxunur və daha möhkəm yapışırlar.

Torpağın kipləşməsi onun nəmliyindən asılıdır. Quru torpaqlar axıcılıq xüsusiyyətinə malik olduğuna görə hissəciklər bir- birinə yapışmır.

Tədricən nəmləndirilməklə qarışdırılan quru torpaqlar müəyyən rütubətlilik dərəcəsində kəltənciklər əmələ gətirir. Bu, torpağı isladarkən hissəciklər arasında yaranan menisk qüvvələrinin təsiri ilə baş verir. Çökən menisk onları dartır və təzyiq yaradır ki, onun qiyməti torpaq məhlulunun səthi gərginliyi ilə düz, menisk əyrisinin, yaxud hissəciklərin radiusu ilə tərs mütənasibdir.

Torpaq islanarkən menisk qüvvələrinin əmələ gəlməsi ilə yanaşı, su pərdələri ilə əhatə olunmuş hissəciklərin sürüşməsi baş verir ki, nəticədə hissəciklər yığcam yerləşərək sıxlaşır və ona görə də torpağın həcmi azalır. Bu proses torpağın müəyyən nəmlik həddində yaranır və çox quru, yaxud həddən artıq rütubətli torpaqlarda müşahidə olunmur. Bəzən, quru və çox nəmli torpaqlarda kolloid pərdələri şişir, lakin menisk və yapışdırıcı qüvvələrin fəaliyyəti dayandığına görə, hissəcikləri sıx birləşmiş vəziyyətdə saxlamaq qabiliyyətinə malik olmur, ancaq yenə də aqreqatlar dağılmır. Deməli, həmin amillər aqreqatların yaranmasının yeganə səbəbi deyil və onlara möhkəmlik vermir.

Torpaqda hissəciklərin aqreqatlaşması ilə yanaşı onların parçalanmasına səbəb olan amillər də fəaliyyət göstərir. Həmin amillərə torpaq rütubətinin və temperaturunun dəyişməsi, bitki kökləri, torpaq faunası, torpağın becərilməsi və s. aiddir.

Torpaq quruduqda onun həcmi kiçilir, çoxlu çatlar əmələ gəlir və torpağın kütləsi parçalanır. Torpağın parçalanması ilk növbədə onun qranulometrik tərkibindən asılıdır. Şiddətli şişən gilli və gillicəli torpaqlar, qumlu və qumsal torpaqlara nisbətən həcmcə çox kiçilirlər.

Üzvi maddələrlə zəngin olan torpaqlar nəmləndikdə və quruduqda həcmini çox dəyişir və az humuslu torpaqlara nisbətən çox çat əmələ gətirirlər.

Quru torpaqlarda aqreqatların parçalanma dərəcəsi və xarakteri udulmuş kationların tərkibindən, torpaq məhlulunda həll olan duzlardan və torpağın kipliyindən asılıdır.

Temperaturun kəsgin dəyişməsi eyni qaydada torpağın parçalanmasına səbəb olur. Torpaq müəyyən rütubətlilik dərəcəsində donarkən onun həcmi böyüyür, əridikdə isə çatların sərhəddi boyunca struktur elementləri yaranır. Az nəmli torpaqlar donarkən həcmini cüzi dəyişir, çox rütubətlənmiş torpaqlar donduqda isə başdan- başa buz əmələ gətirir və hər iki halda çatların yaranması müşahidə olunmur.

Torpaq strukturasının yaradılmasında bitkilərin böyük rolu vardır. Bitkilərin kökləri torpaqda bütün istiqamətlərdə hərəkət edərək onu nisbətən xırda aqreqatlara parçalayır, onları birləşdirir və yapışdırır. Bitkilər güclü kök sistemi əmələ gətirdikdə torpağı daha çox parçalayır və hissəcikləri yaxşı birləşdirir.

Makrostrukturanın yaranmasında torpaq orqanizmlərinin böyük rolu vardır. Onlar torpağı həzm orqanlarından keçirir, ifrazatları ilə torpaqda üzvi maddələrin miqdarını artırır və çoxsaylı gediş yolu açaraq incə, davamlı struktura yaradırlar.

Təbii proseslər nəticəsində bərpa olunan torpaq strukturasından istifadə olunmaqla yanaşı, davamlı strukturanın yaradılması üçün əkinçilikdə bir sıra aqrotexniki və meliorativ tədbirlər həyata keçirilir. Həmin tədbirlərə ərazinin torpaq- iqlim şəraitinə uyğun olaraq istifadə olunan bitkilərin növünün, nisbətinin və növbələşdirilməsinin düzgün həyata keçirilməsi, səmərəli torpaqbecərmə texnologiyalarının tətbiqi, siderat bitkilərindən istifadə olunması, üzvi-mineral gübrələrin və polimer birləşmələrin səpilməsi, kimyəvi və hidrotexniki meliorasiya və s. daxildir.

Ərazinin yerli şəraitinə uyğun bitki növlərinin seçilməsi, onların nisbətinin və növbələşdirilməsinin düzgün həyata keçirilməsi torpağın strukturasının get- gedə yaxşılaşdırılmasını təmin edir.

Birillik bitkilərin torpağın strukturasının yaxşılaşdırılmasına müsbət təsiri hələ XIX əsrin axırlarında aparılan bir çox tədqiqat işlərinin nəticələri ilə təsdiq edilmişdir. Lakin sonralar müəyyən edilmişdir ki, aqreqatların əmələ gəlməsinin, onlların parçalanması prosesinə nisbətən üstünlük təşkil etməsi, ancaq birillik bitkilərin vegetasiya müddətində baş verir. Tarlanın bitkisiz olduğu erkən yaz, payız və qış dövrlərində isə strukturun parçalanması onun əmələ gəlməsi prosesini üstələyir. Ona görə də birillik bitkilər il ərzində davamlı aqreqatların yaranmasını təmin edə bilmir.

Çoxillik paxlalı bitkilər, xüsusilə yonca və onun dənli bitkilərlə qarışığı, üç il müddətində başlanğıc vəziyyətə nisbətən torpaqda davamlı aqreqatları 35-40% artırır.

Çoxillik otlar şumlandıqdan sonra, onun torpaq strukturuna müsbət təsiri 2-3 il davam edir.

Növbəli əkinlərdə əsas bitki və ya bitki qrupları hər 2-3 ildən bir çoxillik paxlalı bitkilərlə əvəz olunmalıdır.

Bitkilərin məhsuldarlığı nə qədər çox olarsa, onların kök kütləsi də bir o qədər artıq toplanır və torpağın strukturası daha çox yaxşılaşır.

Səmərəli torpaqbecərmə texnologiyalarının tətbiqi, torpağın strukturunun yaxşılaşdırılmasında əsas tədbir hesab edilir.

Becərmələr aparmaqla torpaqlar yumşaldıldıqda struktur yaradan aqreqatlar artır, mikrobioloji proseslər güclənir və torpaq aerasiyası yaxşılaşır. Lakin çox yumşaq torpaqlarda üzvi maddələr tez parçalanır və torpaq eroziyası baş verir. Ona görə də həddindən artıq yumşaq torpaqlar vərdənələmə ilə kipləşdirilir.

Torpaq normal nəmlik həddində becərildikdə möhkəm və məsaməli aqreqatlar yaranır. Torpaq çox quru və ya nəm halda becərildikdə onun strukturu kəsgin pozulur.

Dərin şum zamanı torpağın alt strukturalı qatı yuxarı qaldırılır və onun ümumi struktur vəziyyəti yaxşılaşır.

Siderat bitkiləri becərilən sahələrdə, xüsusilə onların məhsulunun hamısı torpağa çevrildikdə, davamlı makroaqreqatların miqdarı artır. Siderat məqsədilə birillik paxlalı və dənli bitkilərin qarışığından istifadə olunmalıdır.

Üzvi gübrələr verildikdə torpaqda mikrobioloji proseslər güclənir, humusun miqdarı artır və torpağın stirukturu yaxşılaşır.

Torpağın strukturunun yaxılaşdırılmasında humin turşusu, torf kleyi, polimer birləşmələr və digər yapışdırıcı maddələr geniş istifadə olunur. Bu məqsədlə Amerikada krillium, Almaniyada roxaqit və polikrilat, Macarıstanda salakrol, Rusiyada PAA, PAN, K-1, K-4, K-6 preparatları tətbiq olunur.

Polimer maddələrin torpaq strukturasına təsir mexanizmi, polikationların koaqulyasiyaedici fəaliyyəti nəticəsində mənfi yüklü bulanlıq torpaq hissəciklərinin çökdürülməsindən, polimerlərin sapşəkilli molekullarının öz aralarında torpaq hissəciklərini və makroaqreqatları bir-birinə birləşdirməsindən, metakril turşusu monomerinin torpaqda polimerləşməsindən və s. ibarətdir.

Struktura yaradan polimerlərin təsiri, torpaq məhlulunun reaksiyasından və preparatın hazırlanmasından asılıdır. Əksər polimer birləşmələr neytral reaksiyalı torpaqlarda daha yaxşı struktura əmələ gətirirlər. Polimer birləşmələr aqreqatların optimal böyüklüyünə yaxın ölçüdə, qranul şəklində istifadə edildikdə torpaq daha yumşaq olur və onun su- hava rejimi yaxşılaşır.

Struktura əmələ gətirən polimer birləşmələr torpaqda mikrobioloji prosesləri fəallaşdırır, torpağın eroziyaya qarşı davamlılığını artırır və qaysaq əmələ gəlməsinin qarşısını alır.

Polimerlərin torpaq strukturasına müsbət təsiri 3-6 il davam edir. Əksər polimer birləşmələr baha başa gəlir və yüksək normada istifadə olunur. Ona görə də onların iqtisadi faydalılığı, ancaq torpağın meliorasiyası, eroziyaya qarşı mübarizə və qiymətli texniki və tərəvəz bitkilərinin becərilməsi məqsədilə tətbiq olunduğu hallarda özünü doğruldur.

Fənn: Əkinçilik və əkinçilik sistemləri Modul 1

Kafedra: Ümumi əkinçilik, genetika və seleksiya

Müəllim: dosent A.Q.İbrahimov



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin