M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay
Nəbz və onun ölçülməsi. Qanın sistolik dalğasının təsiri ilə arteriya divarının titrəməsidir. Çox vaxt nəbzi mil artyeriyasının periferiya ucunda, baş barmağın qaidəsində tuturlar, lakin onu başqa yerlərdə də tutmaq olar. Buralarda arteriya müayinə üçün kifayət edəcək qədər məsafədə dərinin altında, sümüyün üstündə yerləşir.
Hər hansı səbəb üzündən mil arteriyasında nəbzi tutmaq mümkün olmadıqda onu gicgah, yuxu, bud, dirsək arteriyalarında tutmaq olar.
Nəbzi yoxlamaq üçün 2, 3, 4 barmaqları saidin üzərinə elə qoyurlar ki, nəbzi yoxlanan şəxsin 2 barmağı bunun yanında dirsəyə tərəf 3 və 4 barmaqları olsun. Arteriyanı mil sümüyünə sıxırlar. Nəbzi yoxlanan adamın əli sərbəst və münasib şəkildə yarımqatlanmış vəziyyətdə olmalıdır. Nəbzi hər iki mil arteriyasında tutub yoxlamağa başlamalı, çünki arteriyalar həmişəki kimi yerləşmədikdə, yaxud onlara bir tərəfdən basdıqda nəbz eyni olmaya bilər. Bundan sonra nəbzin keyfiyyətini: onun tezliyini, ritmini, dolğunluğunu, gərginliyini və damar divarını öyrənirlər. Nəbzin keyfiyyəti ürəyin işindən, damarların tonusundan və onların divarlarının vəziyyətindən asılıdır.
Nəbzin tezliyi – bir dəqiqədə nəbz dalğalarının miqdarını saymaqla təyin edirlər. Alınan rəqəmləri temperatur əyrisində qırmızı xəttlə çəkib göstərirlər.
Fizioloji şəraitdə nəbzin tezliyi daim dəyişir. Fiziki iş, ruhi həyəcan keçirmək, xarici mühitin temperaturunun qalxması, yemək və içmək, xüsusən, spirtli içkilər, tünd qəhvə və çay nəbzi tezləşdirir. Nəfəsalma vaxtı nəbz nəfəsvermə zamanı olduğundan tez vurur, ayaqüstə duran adamın nəbzi uzanmış adamın nəbzindən tez vurur, ayıq vaxtı ( hərəkətsiz uzanmış vəziyyətdə) nəbz yuxuda olan adamın nəbzindən tez vurur.
Qadınlarda bir dəqiqədə nəbz vurğularının sayı kişilərdə olduğundan 6-8 vurğu çox olur. Yaşdan asılı olaraq nəbz vurğularının sayı da müxtəlif olur: yeni doğulmuş uşaqlarda nəbz dəqiqədə 130-140 dəfə, 3-5 yaşlı uşaqlarda 100 dəfəyə qədər, 7-10 yaşlı uşaqlarda 85-90 dəfə vurur. Uzanmış vəziyyətdə böyük yaşlı sağlam adamların nəbzi dəqiqədə 60-dan 80 dəfəyə qədər vurur. Məşq keçmiş idmançılarda və qoca adamlarda nəbz vurğularının sayı nisbətən az – dəqiqədə 60 olur. Nəbz vurğularının sayı dəqiqədə 60-dan 90-a qədər olarsa normal sayılır. Nəbz vurğularının sayı dəqiqədə 60-dan azolarsa, buna braxikardiya deyilir. 90-dan çox olarsa, buna taxikardiya deyilir.
Nəbzin ritmi – ürəyin fəaliyyətinə müvafiq olaraq düzgün ola bilər, bu zaman bütün nəbz dalğaları eyni böyüklükdə olur. Nəbzə görə ekstrasistolanı uzanmış fasilə müşayiət olunan növbədənkənar vaxtından əvvəl əmələ gələn kiçik ölçülü nəbz dalğası kimi müəyyən edirlər. Ekstrasistola periodik surətdə baş verir, bunlar tək-tək və qrup halında baş verir.
Səyrici aritmiyada heç bir qayda olmur. Müxtəlif böyüklükdə olan nəbz dalğaları bir-birinin ardınca və müxtəlif fasilələrlə gəlir. Bu zaman ürəyin bəzi sistolaları o qədər zəif, bunlara müvafiq baş verən nəbz dalğası o qədər kiçik olur kiŞ ucqarlara gedib çıxmır və bunları tutmaq olmur. Sistolaların sayı ilə nəbz dalğaları arasında fərq – nəbz kəsiri əmələ gəlir: bunu təyin etmək üçün 1-2 dəqiqə müddətində iki adamdan biri ürəyə qulaq asıb sistolaları, o biri isə nəbzi tutub nəbz dalğalarını sayır. Səyrici aritmiya miokardın aydın surətdə nəzərə çarpan zədələnmələrində: kardioskleroz, ürək qüsurları və s.zamanı baş verir. Nəbz kəsiri nə qədər çox olsa, proqnoz da bir o qədər pisdir. Nəbz kəsirinin azalması və itib getməsi ürəyin vəziyyətinin yaxşılaşdığını göstərir.
Fasiləli nəbz güclü və zəif nəbz dalğalarının bir-birini düzgün surətdə növbələnməsi – miokardın ağır zədələndiyini göstərir.
Nəbzin dolğunluğu – nəbz dalğasını əmələ gətirən qanın miqdarı ilə təyin edirlər və ürəyin sistolik həcmindən asılıdır; ürəyin sistolik həcmi normaldısa, yaxud böyümüşsə, nəbz dolğun olur. Həcm kiçik olduqda isə nəbz də az dolğun olur.