Mövzu: orqanogenez, ekto- və endoderma məNŞƏli orqanlarin inkişafi plan



Yüklə 28,09 Kb.
səhifə5/6
tarix31.12.2021
ölçüsü28,09 Kb.
#112061
1   2   3   4   5   6
Mövzu 5.

Həzm orqanlarının inkişafı

Filogenetik baxımdan həzm orqanı – həzm kanalı da qədim orqanlardan biridir. Hələ meduzalarda ağız, mərkəzi mədəcik və mədəcikdən çətirin kənarlarına doğru gedən radial kanallar müşahidə edilir. Radial kanallar çətirin kənarlarında dairəvi kanalla birləşir. Mədə və kanallar birlikdə bağırsaq-damar sistemini əmə\lə gətirir.

Yastı qurdlarda (məsələn; ağ planaridə, qaraciyər sorucusunda) həzm sistemi ağız, udlaq və ucu kor qurtaran şaxəli bağırsaqdan ibarətdir.

Həlqəvi qurdlarda həzm sistemi ağız, udlaq, qida borusu, çinədan, əzələvi mədə, bağırsaq və anal dəlikdən təşkil olunmuşdur.

Heyvanlar aləmi inkişaf etdikcə həzm kanalının da quruluşu mürəkkəbləşir. Bəzi heyvanlarda mədə iki, üç yaxud dörd kameradan ibarət olur. Məsələn; çay xərçəngində iki şöbəli: xitin dişcikli iri və tükcüklü, 2 lövhəcikli kiçik şöbələrdən ibarət mədə, quşlarda vəzili və əzələli şöbələrdən təşkil olunmuş mədə meydana çıxmışdır. Məməlilərdə 3 yaxud 4 şöbəli mədə müşahidə edilir. Mədənin divarında müxtəlif funksiyaları yerinə yetirən vəzi hüceyrələri inkişaf edir. Ali onurğalılarda həzm sisteminin daha da mürəkkəbləşmişdir.

Fərdi inkişaf zamanı qastrulyasiya nəticəsində entodermadan xorda və mezoderma ayrıldıqdan sonra, entodermanın qalan hissəsindən definitiv həzm kanalı formalaşır-ilk bağırsaq əmələ gəlir.

Meydana çıxan ilk bağırsağın bütün hissələri əvvəlcə eyni olur, sonra müxtəlif şöbəyə-ön və arxa şöbələrə diferensiasiya olunur. Ön hissə-ön bağırsaq genişlənir və divarı nazik olur. Arxa hissəsi-orta bağırsaq bir qədər dar olur, onun dorsal divarının entodermal hüceyrələr qatı ön bağırsaqdakı kimi nazikdir, lakin ventral divarı çox qalındır və sarılıq maddələri ilə zəngin çoxlu iri hüceyrələrdən təşkil olunmuşdur.

Onurğalılarda ön bağırsağın entodermal hüceyrələrindən udlaq, qida borusu, mədə, onikibarmaq bağırsağın ön hissəsi, ağciyərlər, qaraciyər və mədəaltı vəzin bir hissəsi inkişaf edir. Hörümçəkkimilərdə, amfibilərdə, sürünənlərdə, quşlarda və ibtidai məməlilərdə kloaka əmələ gəlir. Rüşeymin inkişafının ilk dövrlərində ilk bağırsaq hər iki ucu qapalı boru şəklində olur. Yalnız orta hissəsi yumurta sarısı – bağırsaq axacağı vasitəsilə yumurta sarısı kisəsilə rabitədə olur. Rüşeym böyüdükcə yumurta sarısı kisəsi və yumurta sarısı – bağırsaq axacağı reduksiya olunur.

Ağız ektoderma mənşəlidir. O, ön bağırsaqla təmasda olan dəri ektodermasından inkişaf edir. Ağız nisbətən gec meydana çıxır. Əvvəlcə ağız kiçik dəlik şəklində olur və ağız boşluğu bu mərhələdə ilk bağırsaq borusunun kranial ucundan udlaq zarı vasitəsi ilə ayrılır. Sonralar rüşeymin inkişafının müəyyən dövründə udlaq zarının dəlinməsi nəticəsində ağız boşluğu həzm kanalı ilə birləşir. İlk bağırsaq borusunun arxa ucu anus zarı ilə\ qapalı olur. Anus zarının dəlinməsindən sonra anus əmələ gəlir. Bu zaman ektodermadan çənə qövsü inkişaf edir. Çənə qövsü əng və çənə çıxıntılarına diferensiasiya edir. Əng sümüyü, damaq sümüyü, yuxarı dodaq əng çıxıntılarından əmələ gəlir. Çənə sümüyü və aşağı dodaq çənə çıxıntılarından inkişaf edir. Ağız boşluğu iki hissəyə diferensiasiya olunur: 1.ağız dəhlizi, 2. xüsisi ağız boşluğu.

Dişlər ektoderma və mezenximdən inkişaf edir (insanda rüşeymin inkişafının ikinci ayında əmələ gəlir). Ektodermadan diş minası, mezenximdən isə dentin, sement və diş özəyi inkişaf edir. Ektoderma mezenximlə təmasda olduqda diferensiasiya prosesi gedir və diş əmələ gəlir. Əgər ektoderma epitel mezenximdən ayrılarsa diferensiasiya getməz və epitel buynuzlaşıb məhv olar.

Diferensiasuya nəticəsində həzm kanalının divarında üç müxtəlif qat əmələ gəlir: 1) daxili selikli qat, 2) əzələ qatı, 3) sıx birləşdirici toxuma qatı. Əzələ qatı özüdə üç qatdan təşkil olunub.

İnsanda definitiv bağırsaq iki şöbəyə: nazik və yoğun bağırsağa bölünür. Bunların da hər biri üç şöbəyə diferensiasiya olunur. Nazik bağırsaqda onikibarmaq, açı və qalça bağırsaqlar, yoğun bağırsaqda – korbağırsaq, çənbər və düz bağırsaqlar əmələ gəlir.

Mədənin divarında – selikli qişasında sekretor şöbəsi üç cür: əsas, əlavə və ətraf (periferik) hüceyrələrdən təşkil olunmuş xarici sekresiya vəziləri meydana çıxır. Əsas hüceyrələrdən fermentlər (pepsin, ximozin, lipaza), əlavə hüceyrələrdə seliyə bənzər maddələr və ətraf hüceyrələrdə xlorid turşusu hazırlanır.

Pepsin ximozin zülalları, lipaza isə yağları parçalayır. Mədədə karbohidratları parçalayan ferment yoxdur. Selik qidanın sürüşməsini təmin edir, həmçinin mədənin selikli qişasını xlorod turşusunun və fermentin təsirindən qoruyur. Xlorid turşusu fermentləri fəallaşdırır və bakteriyaları məhv edir. Qara ciyər ilk dəfə molyuskalarda meydana çıxmışdır. Bu heyvanlarda qara ciyər həzm şirəsi hazırlayır və axacağı mədəyə açılır.

Xərçəngkimilərdə, məsələn çay xərçəngində qara ciyərin (həzm vəzisinin) dəlikləri (iki dəliyi olur) mədə ilə bağırsağın sərhəddinə açılır və o, biləvasitə bağırsaqla rabitədə olur. Qidanın çox hissəsi həzm vəzisində - qara ciyərdə həzm olunur. Onların qara ciyəri zülalları, yağları və karbohidratları parçalayan fermentlər ifraz edir. Amma bəzi xərçəngkimilərdə - sikloplarda qara ciyər olmur. Bu heyvanlarda qidanın həzmi yalnız ön bağırsaqda gedir, ona görə ön bağırsaq çox uzun olur.

Digər heyvanlarda qara ciyərin axarı ön bağırsağa, məməlilərdə onikibarmaq bağırsağa açılır. Onurğalılarda (kəlləlilərdə) qara ciyər öd hazırlayır. Qara ciyər bütün onurğalılarda ön bağırsağın qarın tərəfinin entodermal epitelindən inkişaf edir. Həmin nahiyədən öd kisəsi formalaşır.

Qara ciyər xarici sekresiya vəzisidir. Onun daxilində paycıqlar əmələ gəlir. Paycıqlar öd ifraz edən hüceyrələrdən təşkil olunur. Qara ciyərin daxilində iki cür kapilyarlar meydana çıxır: 1) öd kapilyarları, 2) qan kapilyarları. Normal halda qan kapilyarları qara ciyər hüceyrələrinin kənarlarında, öd kapilyarları isə qara ciyər hüceyrələrinin səthində yerləşir. Ona görə öd qana qarışmır. Qara ciyər hüceyrələrinin vəzifəsi pozulduqda öd qana keçir və bu zaman sarılıq əmələ gəlir.

Öd ifraz etməklə yanaşı qara ciyər bağırsaqlardan qana sorulmuş şəkərlərin artığını qlikogen şəklində özündə toplayır və bundan başqa bədəndə olan zəhərləri neytrallaşdıraraq qoruyucu funksiya yerinə yetirir. Onun daxilində faqoitlər və ferment sintez edən hüceyrələr inkişaf edir. Faqositlər zərərli hissəcikləri udur. Öd ifraz etməklə əlaqədar olaraq qara ciyər digər funksiyalarıda yerinə yetirir. Qara ciyərdə daim öd əmələ gəlir və yalnız həzm zamanı onikibarmaq bağırsağa tökülür. Qida qəbul olunmadıqda isə o, öd kisəsinə toplanır. Öd kisəsində öd qatılaşır.

Mədəaltı vəzi (Pancreas). Bu vəziyə başlanğıc halda dəyrimiağızlılarda təsadüf edilir. Məməlilərdə yüksək dərəcədə inkişaf etmişdir. Qara ciyərlə eyni vaxtda onikibarmaq bağırsağın qarın tərəfindən mədəaltı vəzi də inkişaf edir. Sonra isə xüsusi axacağı vasitəsilə onikibarmaq bağırsaqla rabitədə olur.

Mədəaltı vəzi quruluşca mürəkkəb alveollu vəzidir. Morfoloji və funksional xüsusiyyətlərinə görə qarışıq vəzilərə aiddir, yəni həm xarici, həm də daxili sekresiya vəzisi kimi fəaliyyət göstərir. Buna müvafiq olaraq onun daxilində iki şöbə: axacaqlı və axacaqsız şöbə əmələ gəlir. Axacağı olan şöbə ekzokrin vəzi funksiyanı yerinə yetirərək həzm şirəsi hazırlayır. Həmin şirənin tərkibində zülalları, yağları və karbohidratları parçalayan fermentlər – tripsin, lipaza, amilaza, maltaza, laktaza vardır.

Axacağı olmayan şöbə isə ayrı-ayrı yığınlar – adacıqlar (Langerhans adacıqları) əmələ gətirən epitel hüceyrələrindən təşkil olunur. Bu adacıqlar qan kapilyarları ilə tor kimi əhatə olunur. Langerhans adacıqları endokrin vəzilər kimi hormon – insulin və qlükoqon hormonları ifraz edir. Axacaq olmadığı üçün hormonlar biləvasitə qana keçərək şəkər mübadiləsinin tənzimində iştirak edirlər: insulin qanda şəkərin miqdarını azaldır, qlükoqon isə artırır.


Yüklə 28,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin